Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Neftçi"nin yaranması

1936-37-ci illər müxtəlif sənaye təşkilatlarının nəzdində idman, futbol komandalarının yaranması ilə əlamətdar oldu. Bakıda futbol komandası olmayan zavod, fabrik tapmaq çətin idi.

Belə bir vaxtda ölkədə xüsusi çəkiyə malik olan neft sənayesini yalnız ayrı-ayrı idarələrin komandaları təmsil edirdilər. Buna görə SSRİ Neft Sənayesi Nazirliyi Neftçilərin Həmkarlar İttifaqının nəzdində könüllü idman cəmiyyəti və futbol komandası yaratmaq haqda qərar çıxardı. Neft Sənayesi Nazirliyi Moskvada yerləşdiyindən bütün sənədləşmə işləri rusca aparılmış və buna görə də cəmiyyətin adı rusca «Neftyanik» adlandı. Beləcə, «Neftyanik» Könüllü İdman Cəmiyyətini Bakıda ayrı-ayrılıqda fəaliyyət göstərən neftçıxarma idarələrinin əsasında yaratmaq qərara alındı. Bu iki səbəblə bağlıydı. Birincisi, SSRİ-də ilk dəfə olaraq Neftçilərin Həmkarlar İttifaqı 1906-cı ildə Bakıda yaranmışdı. İndi də Ümumrusiya Neftçilərinin Həmkarlar İttifaqının tarixi həmin ildən hesablanır və bütün sənədlərdə bu təşkilatın Bakıda yarandığı qeyd olunur: «Neft sənayesində və onun istehsalında çalışan geniş Bakı fəhlələri təbəqəsinin qarşısında ittifaq yaradılması məsələsi qaldırılmışdır. Bakı şəhər rəisinin imzası ilə, Bakı şəhəri və onun rayonlarının Neft sənayesi fəhlələri ittifaqının yaradılması günü 7 noyabr 1906-cı il hesab olunur. Həmin vaxt 7 noyabr 1906-cı il tarixində Bakı quberniyasının cəmiyyətlər üzrə idarəsi ittifaqın nizamnaməsini təsdiq etdi. Neft sənayeçiləri çar mütləqiyyəti ilə mübarizə aparmaq məcburiyyətində qalırdılar. İttifaq bir neçə il ərzində Bakıda bilavasitə fəhlə hərakatına rəhbərlik edərək inkişaf etmiş, qüdrətli və möhkəm təşkilata çevrilmişdi».

Elə buna görə də, Neftçilərin Həmkarlar İttifaqının Könüllü İdman Cəmiyyətinin Bakıda yaranması heç kimdə qısqanclıq yaratmadı. Digər tərəfdən, neftçilərə məxsus ən güclü idman qrupları və futbol komandaları da təbii ki, Bakıda fəaliyyət göstərirdi. Bu iki səbəb rəsmi adı SSRİ Neft Sənayesi İşçilərinin Həmkarlar İttifaqının «Neftyanik» Könüllü İdman Cəmiyyəti olan təşkilatın 1937-ci ildə Bakıda fəaliyyətə başlamasına səbəb oldu. Həmin illərdə ittifaqda futbol daha populyar olduğundan əsas diqqət məhz bu sahəyə yönəldi. Digər idman növlərindən fərqli olaraq, futbol komandasını yaratmaq üzərində çox baş sındırmaq lazım olmadı. Əvvəllər «Balaxanı Futbolçular Dərnəyi» və «Proqress» adları ilə fəaliyyət göstərmiş Lenin (indiki Sabunçu) rayonunun «Leninneft» neftçıxarma idarəsinin komandası neftçilərə məxsus ən güclü komanda olduğundan bu komanda baza seçildi. Əslində «Neftyanik»in yaranma tarixi sələflərinin yaranma tarixindən hesablanmalı və daha əvvəldən götürülməli idi. Amma Leninneftin futbol komandası «Neftyanik»ə verilsə də, sonradan bu təşkilat artıq gəncləri toplayaraq öz komandasını bərpa etdi. Başqa sözlə, «Leninneft»in fəaliyyətini davam etdirməsi onların adının «Neftyanik»ə dəyişməsi faktını sanki yarımçıq qoydu və «Neftyanik» sadəcə «Leninneft»də oynamış futbolçulardan yeni təşkil olunmuş komanda kimi qeydə alındı. «Neftyanik» cəmiyyətinin ilk komandası Bakıda yarandıqdan sonra Qroznıda, Krasnodarda və başqa şəhərlərdə «Neftyanik» adlı komandalar meydana gəlsə də, SSRİ neft sənayesinin əsas komandası Bakı təmsilçisi idi.

Komandamız haqda ilk məlumat «Azərbaycan Bədən tərbiyəçisi» qəzetinin 21 mart 1937-ci il tarixli nömrəsində verildi. Həmin nömrədə komandanın ilk heyətinin üzvlərinin soyadları verilmişdi: Cəfərov, İsmayılov, Rıjov, Vıbornov, Nexoroşev, Nifontov, Abramov, N.Kuznetsov, Liskunov, Mironov, Ştırlin, V.Kuznetsov, Makaqonov, Krasilnikov, Sidorenko. Bunların əksəriyyəti vaxtilə «Leninneft»də oynamış futbolçular idi. Elə həmin nömrədə komandanın ilk kapitanı Məmmədəli İsmayılovun futbol mövsümü haqda fikirləri də dərc olunmuşdu: «Bizim komanda Lenin mədən sənayeçiləri bədən tərbiyəsi kollektivi nəzdində, əsasən gənclərdən təşkil olunub. Bir neçə təcrübəli oyunçuyla gücləndirildikdən sonra biz çıxış etməli olduğumuz Ümumittifaq yarışlarında yaxşı nəticələr əldə edə bilərik. „Tərəqqi“ komandasının şanlı ənənəsi olan kollektiv oyun bizim gənclər tərəfindən yaxşı mənimsənilib ki, bunun da bizə çox xeyri dəyə bilər». Kapitanın bu sözləri də «Neftyanik»in Leninneftin bazasında yaranması faktını təsdiqləyir. Onu da qeyd edək ki, respublika daxilindəki yarışlarda «Neftyanik»in Lenin rayonuna məxsus olduğunu göstərən qeydlərə rast gəlinir.

Komanda futbol mövsümünə səylə hazırlaşırdı. 1937-ci ildə SSRİ çempionatı A, B, V, Q qruplarında keçirilirdi. Respublikamızı B qrupunda «Temp», sonuncu — «Q» qrupunda isə «Dinamo» və «Neftyanik» təmsil edirdi.

«Neftyanik» Ümumittifaq yarışlarına SSRİ kubokundan qoşuldu. Komandamızı yarışlara oynayan məşqçi A.Qnezdov hazırlaşdırırdı. Onlar mayın 24-də Bakıda Yerevan «Dinamo»çularını SSRİ kuboku çərçivəsində 1/64 final mərhələsində qəbul etdilər. Prinsipial keçən oyunda «Neftyanik» Pavel Ştırlinin son dəqiqələrdə vurduğu qolun sayəsində növbəti mərhələyə adladı. Bu, bakılıların rəsmi yarışlarda SSRİ məkanında vurduğu ilk qolu oldu. Komanda növbəti səddi də uğurla keçdi. «Neftyanik» Batumidə yerli dinamoçuları məğlub edə bildi. Bununla da iki «Dinamo» komandasını yarışdan kənarlaşdıran «Neftyanik» 1/16 finalda növbəti «Dinamo»da «ilişdi». Bakılılar Tbilisidə yerli dinamoçulardan ilk məğlubiyyətlərini almaqla kubok yarışlarına son qoymalı oldular.

Kubokda yaxşı təsir bağışlayan «Neftyanik» çempionata çox pis başladı. İyulun 18-də Stalinqradda ilk görüşünə çıxan komanda ardıcıl dörd səfər oyununda məğlub oldu. İlk üç görüşdə rəqib qapısına yol tapa bilməyən bakılılar yalnız Konstantinovka şəhərində baş tutan dördüncü oyunda Qnezdovun qolu sayəsində bunu bacardı. Bu, «Neftyanik»in SSRİ çempionatlarında ilk qolu idi. Komanda 4 səfər qarşılaşmasından sonra ardıcıl üç oyunu doğma azarkeşlər arasında keçirdi. İlk oyunda mübariz heç-heçə edən bakılılar ardıcıl iki məğlubiyyətlə üzləşdilər, ilk qələbələrini isə yalnız sentyabrın 1-də Yerevanda qazana bildilər. Bu qələbəyə baxmayaraq, komandanın debütü uğursuz sayılırdı. Son oyununda ilk Azərbaycan derbisinə çıxan «Neftyanik» bu mücadilədən də məğlub ayrıldı. Bakılılar öz zonasında yalnız Yerevan «Spartak»ını qabaqlayaraq 11-ci yerlə kifayətlənməli oldular.


Tarix: 04.12.2014 / 17:11 Müəllif: Aziza Baxılıb: 149 Bölmə: Futbol
loading...