Aqustun 30-da Neftçi səfərdə Kiprin Apoel klubunu 3-1 hesabıyla məğlub edərək Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bu münasibətlə başda Neftçi azarkeşləri olmaqla, ümumilikdə Azərbaycan futbolunun bütün azarkeşlərini, Neftçi demədən, Xəzər demədən bütün Azərbaycan klublarının beynəlxalq uğurlarına sevinən futbolsevərləri təbrik edirəm. Neftçi həqiqətən də buna layiq idi və bununla bir daha Azərbaycan futbolunun flaqmanı olduğunu sübuta yetirmiş oldu.
Təbrikimi etdim indi də keçim əsas məsələyə. Onsuz bu və bu kimi cümlələri onsuz hələ telakanallarda, saytlarda çox görəcəksiz. Məsələ sadədir əslində. Mənim Xəzər Lənkəran azarkeşi olmağımdadır məsələ. Daha dəqiq isə mənim Xəzər Lənkəran azarkeşi olub da Neftçinin qələbəsinə sevinməyim, sosial şəbəkələrdə Neftçini dəstəklədiyimi göstərən statuslar yazmağımdır məsələ. Məsələnin tam mahiyyəti isə mənim cənubdan ola-ola bunları etməyimdir. Mənə deyirlər ki, sən cənubdansansa, Neftçiyə nifrət etməlisən, o bizim düşmənimizdir.
Amma mən belə düşünmürəm. Əksinə Neftçinin uğuruna çox sevinirəm. Niyə belə düşünmədiyimin və bu uğura sevinməyimin isə səbəbləri var. Mən futbolu Neftçi ilə tanımışam. Mən topu da Neftçi ilə tanımışam. Yadıma gəlir, uşaq olanda qardaşımla gündə min dəfə atama “ata, bizə Neftçi topu al da” deyərdik. O vaxt ağ-qara toplar var idi ki biz onları “Neftçi topu” adlandırırdıq. Beləcə, mən Neftçinin sayəsində futbolu tanıdım. Sonra Neftçinin futbolçularını tanıdım, böyüklər bizə İsgəndər Cavadovdan, Anatoli Banişevskidən danışardılar. Mən bu futbolçuları da – ölkə futbolunun öndə gələn adlarını da Neftçi ilə birgə tanıdım. Sonra öyrəndim ki, Neftçi həm də Azərbaycanda yaranmış ən qədim klubdur, Azərbaycanın ilk futbol klubudur. Neftçiyə sevgim bir az da artdı. Sonra da mənə dedilər ki, Neftçi vaxtilə SSRİ birinciliyində 3-cü pillənin sahibi olub. Beləcə, mən Neftçinin böyük klub olduğunu gördüm, bir az da sevdim bu klubu. Ölkə daxilində başladım Neftçiyə azarkeşlik etməyə. İndi olduğu kimi o vaxtlar da klblarımız Avropada çıxış edirdilər. Onda mən Neftçi ilə yanaşı Kəpəz`ə də, Qarabağ`a da azarkeşlik edirdim. Sonra 2004-cü ildə “Xəzər Lənkəran Fk” milli çempionatda oynamağa başladı. Burda yerlilik amili önə çıxdı. Özümdən asılı olmayaraq, həmin mövsüm və ondan sonrakı mövsümlərdə Xəzər`ə azarkeşlik etməyə başladım. Ölkə çempionatında ölümünə Xəzər Lənkəran`lı idim. Yenə klublarımız Avropa klubları ilə qarşılaşırdılar və mən bu dəfə Xəzərlə yanaşı digər klublarımıza da azarkeşlik edirdim. Ölkə xaricində bir-birləri ilə oynamadıqları müddətdə mənim üçün hamısı bir idi. Əgər hansısa biri Xəzərə qarşı oynayacaqdısa, əlbəttə ki, Xəzərə azarkeşlik edəcəkdim.
Tanıyanlar, dostlar, tanışlar onsuz hər şeyi bilirlər. Bilirlər ki, mənim uduzmağına ən çox üzüldüyüm klub Xəzər Lənkəran`dı. Ən çox, istər futbolçularını, istərsə də rəhbərliyini tənqid etdiyim klub Xəzər Lənkərandı. Və uğurlarına ən çox sevindiyim klub da Xəzər Lənkərandı. Amma bu mənim Neftçinin uğurlarına sevinməməli olduğum anlamına gəlmir, məncə.
hemin an
Bu anı görüb də sevinməyə bilmirəm..
Mən Neftçinin uğurlarına sevinməsəm onda nifrət etdiyim klublar içərisində birinci olan Fənərbaxça`nın azarkeşlərindən bir fərqim qalmır ki. Fənərlilər də 2000-ci ildə Galatasaray UEFA kuboku`nu qazananda matəm içində idilər. Onda bizim futbolun da, bizim futbola azarkeşliyimiz də Türkiyədəki kimi olur. Onda başlayın Türkiyədəki kimi bir-birinizi söyməyə. Siz onların var-yoxunu tökün ortalığa, onlar da sizin. Artıq buna başlayanlar da az deyil, əslində. Xəzər fanatları əsasən milliyyətcə türk deyillər deyə, onları erməni adlandıran Neftçi azarkeşlərini az qala hər gün görürəm sosial şəbəkələrdə. Əslində bu yerdə “cənubdansansa, niyə Neftçiyə dəstək verirsən?!” deyənlərə haqq verməyə başlayıram. Milliyyətçilik edənə, milliyyətçilik etmək lazımdır deyə düşünə də bilərəm. Amma belə etmirəm. O qədər milliyyətcə türk olan dostlarım var ki… Həm də əksər dostlarım Neftçi`lidirlər. Amma milli mənsubiyyətinə görə, azarkeşlik etdikləri klublara görə nə mən onların var-yoxunu söyürəm, nə də onlar mənim… Həm də Azərbaycan futbolu bayaq adını çəkdiyim Türkiyə futbolu kimi deyil ki… İldə 2-3 Türkiyə klubu Avropa kuboklarında qruplarda oynayır, Türkiyə azarkeşləri üçün bu normal haldı. Amma Azərbayanda? Azərbaycanda ilk dəfədir ki, bir klub Avropada qruplara düşür. Buna hamılıqla sevinmək lazımdı. Xəzər azarkeşi də, Qarabağ, İnter, Simurq… azarkeşi də sevinməlidir. Həm də mən fəxr edirəm ki, Azərbaycanın Neftçi kimi klubu var. Təkcə ona görə yox ki, Neftçi Avropa Liqasının qruplarına düşdü, həm də ona görə ki, bizim çempionatdakı rqiblərimizdən biri Avropa Liqasının qruplarında oynayan klub olacaq. Xəzərin çempionatda Neftçi ilə qarşılaşacağı günü isə səbirsizliklə gözləyirəm. Xəzərdən qələbə gözləyirəm. Neftçi hansısa Apoeli uda bilər amma Xəzər Lənkəranı yox!
Belə götürəndə də ki: Xəzər qazanardı bu uğuru, indi ona sevinərdim… Niyə qazanmır? Neftçidən əskik klubdu ki? Yox, artıq olar ki, əskik olmaz. Pul da ki nə qədər istəsən varıdı. Mübariz Mənsimov Kasımpaşa`ya, Beşiktaşa milyonluq oyunçular ala bilir, niyə Xəzərə almır? Hə, bir də özünü Xəzər fanatı adlandıralar var. Özünü Xəzər fanatı adlandırıb Neftçini əbədi (!) və əzəli (!) rəqibi elan edənlər, niyə bütün bunlara səsinizi çıxarmırsız, niyə imkan verirsiz ki, Tuyqun Nadirov başınızı edilən transferlərlə bağlı yayılan dezinformasiyalarla qatsın, klub üçün heç bir işə yaramayan, qalmaqaldan başqa heç nə olmayan Kamran Ağayevin hələ də Xəzər Lənkəran`ın heyətində qalmasına niyə bir söz demirsiz? İldə iki dəfə dəyişilən heyətə niyə səsinizi çıxarmırsız? Baxın, Neftçi azarkeşlərinə, Gede Neftçiyə məşqçilk edəndə komandanı pis günə qoymuşdu, rəhbərlik isə Xəzər rəhbərliyi kimi qalmışdı bir qrağda, sonda azarkeşlərin protestoları nəticəsində o məşqçi istefaya göndərilmişdi. İndi baxın, öz fanatlığıvıza baxın, Neftçililərin fanatlığına baxın. Sonra baxın komandaların peşəkarlığına. Xəzər rəhbərliyi, məşqçiləri 2 ildi bir Kamran Ağayevin öhdəsindən gələ bilmir, Neftçi rəhbərləri isə Rail Məlikov haqqında bircə dəfə “gedir” dedilər və Rail getdi, hazırda Türkiyədə özünə klub da tapıb. Yoxsa, Kamran gedir, Kamran gəlir, Xəzər rəhbərləri heyətdən qovduqları oyunçunun üzərinə elə bir qiymət qoyurlar ki, heç bir klub yaxın belə durmaq istəmir. Xəzər yaxşı oyunçu almır, aldığı yaxşı oyunçuları da oynatmır, heyətində saxlamır. Baxın, Wobay`a. Xəzərdə əksər oyunlara buraxmırdılar onu, getdi Neftçiyə Avrokuboklarda komandanın ən yaxşı oyunçularındandı.
Bütün bunları Xəzəri sevdiyimdən deyirəm, Xəzərə ürəyim yandığı üçün deyirəm, Xəzərə ürəkdən bağlı olduğum üçün deyirəm..
Tarix: 04.12.2014 / 17:09 Müəllif: Aziza Baxılıb: 250 Bölmə: Futbol