Bu mənim bu saytda ilk yazımdı. Yəni ilkiminci dəfədir. Nə isə çox fikirləşdim, nə yazım nə yazmayım deyə. Dedim birdən yazdığımı bəyənməzlər. İlk təəssürat yaxşı qalmaz insanların beynində. Ona görə əvvəlcədən deyim ki, yazı xoşunuza gəlməsə qınamayın məni. Sadəcə aşağıda rəy, təklif və iradlarınızı bildirsəz pis olmaz. Amma bunu edərkən unutmayın ki, bu ilkimincidir. Ya da əgər xoşunuza gəlsə, onda yenə orda dəstək olduğunuzu qeyd etsəz sevinərəm..
“Dəstək” demişkən BDU-da bir müəllim var, adı Yaşardı. Bu adamın dəstək sözündən heç xoşu gəlmir. Deyir, a bala dəstək təhlükəli şeydir, qaçın ondan. Birdən biri dəstəyi alar əlinə, sonra da başlayar ondan yaxşı olmayan məqsədlər üçün istifadə eləməyə.
Amma bəzən dəstək lazım olur. Məsələn, azarkeşlərin futbola dəstəyi kimi. Açığı son vaxtlar beynimə futboldan başqa heç nə gəlmir. Gələnlər də düzəməlli bir şey olmur. Olur, həlləm, ya da uzağı qəlləm. Bəlkə də bu ona görədir ki, yazı AÇ-2012 davam edən dövrdə yazılıb. M’n bu yaznı burda yerləşdirdiyi vaxt artıq AÇ-2012 tarixə qovuşub. Yeri gəlmişkən, İspaniyanı da təbrik edirəm.
Hə nə isə AÇ qədər kifayət qədər danışdım, zənnimcə. O AÇ barədə ki, heç vaxt Azərbaycan futbolu orada təmsil olunmayıb və belə davam etsə yaxın illər, bəlkə də onilliklərdə təmsil olunmayacaq da heç. Belə davam etsə, yəni bu futbolçularla, bu azarkeşlərlə. Hələlik futbolçuları qoyaq bir qırağa. Axı mən sizə dəstəkdən danışırdım – azakeşlərimizin futbolumuza dəstəyindən..
Deyirdim ki, bizim azarkeşlər azarkeş deyil. Əslində azarkeşdirlər. Amma azarkeş deyillər. Yəni dildə azarkeşdirlər. Deyəcəksiz ki, azarkeş necə olmalıdır ki?! dildə azarkeş olmalıdır da! Azarkeşin işi meydançaya gedib var gücü ilə qışqırmaqdan, bu yolla istədiyi klubu, komandanı dəstəkləməkdən ibarətdir, bu da bilavasitə dilnən bağlıdır. Amma belə deyənlər yanıldılar. Çünki bizim azarkeşlərin dildə azarkeş olduğunu deyəndə oların yalnız məhlədə, məktəbdə, işdə… futbol barədə danışmaqlarını nəzərdə tutdum. Əslində onların əksəriyyəti ömürlərində bircə dəfə də futbol meydançasında olmayıblar. Yəni əməli iş yoxdur. Bu lap bizim müxalifətçilərimizə oxşadı, dildə müxalifət olanlara..
Nə isə mövzudan çox uzaqlaşmayıb onu deyim ki, yuxarıda dediyim tip azarkeşlərdən biri elə mən özüməm. Guya Xəzər Lənkəran azarkeşiyəm də mən. Danışanda elə danışıram ki, məni dinləyən elə bilir, hər şeyimlə Xəzər Lənkran futbol klubuna bağlıyam, bir oyununu belə qaçırmıram. Əslində isə Xəzərin heç bircə oynunu belə stadiondan izləməmişm. Bunu ona görə dedim ki, sonra bu yazını oxuyan tanışlarım aşağıda şərh yazmaq üçün olan yerdən “ayə özün də beləsən də, cammatdan nə istəyirsən?” deyə bar-bar bağırmasınlar. Bunu deyəndən sonra bağırmayacaqlar da..
İndi isə bayaqkı söhbətimə qayıdıb, bir məsələni də qeyd etmək istəyirəm. O məsələ də bilavasitə azarkeşlərlə bağlıdır. Həm də futbol klublarımızla. Daha doğrusu klublarımızın maddi texniki bazasıyla. Düzəməlli futbol stadionu olan klublarımızın sayı barmaqla sayılacaq qədərdir. Neynəməli pul yoxdur da. Özlərini öldürməyəcəklər ki..
Amma heç olmasa cəhd eləmək olmazmı? Nə vaxta qədər futbol klublarımız Avropa klublarının məşq etmək üçün belə yararlı saymadığı “stadion”larda oyuna çıxacaqlar? O stadionlarda ki heç düzəməlli ot örtükləri yoxdur. O stadionlarda ki azarkeş oturacağı bir yana, heç məşqçi və ehtiyyat oyunçuların oturması üçün skamyalar da yoxdur. Və həm də o stadionlarda ki onlarda milli çempionatımız keçirilir. Əksər futbol klublarımızın məşq etdiyi, oyuna hazırlaşdığı “bazalar” it damından fərqlənmir. Hələ heç soyunub-geyinmə otaqlarından danışmıram. Futbol formalarının içində siçanlar gəzişən soyunub-geyinmə otaqları..
Hə, nə isə, mən azarkeşləri qınayırdım axı. Amma yazıya başlayanda bu istiqamətdə inkişafı gözləmirdim əslində. Yəni birdən-birə azarkeşləri yaddan çıxarıb futbol klublarımıza keçəcəyimi gözləmirdim. Belə alındı da, neyləməli. Olmayan şeydən nə qədər yaza bilərdim ki? Əslində azarkeşi də qınamaq olmur. Olmayan azarkeşləri. “Düzəməlli oturacaqları olmayan stadiona getməkdənsə, gedib qeyri-peşəkar futbolçuların qeyri-peşəkar oyununa baxıb əsəbiləşməkdənsə, evdə divanın üstündə oturub televizorda baxmaq” daha yaxşı səslənir, əlbəttə. Amma onu da qeyd edim ki, “ümummilli liderin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə idmana, xüsusən də futbola maraq günü-gündən artmaqdadır”. Bəli, doğrudan da artıq Azərbaycan azarkeşi ölkə sərhədlərini aşaraq Ronaldo, Messi kimi futbol ulduzlarına, Çelsi, Bayern Münxen kimi dünyaca məhşur futbol klublarına azarkeşlik edir. Bu, analoqu olmayan inkişafdır. Artıq azarkeş kimi ölkə xaricində də təmsil olunuruq, yalız ölkədaxili futbol yarışları ilə kifayətlənmirik..
Əslində isə, ölkədaxili yarışlar maraqlı olsa, bəlkə də bizim marağımız olsa, onda ölkədən qıraqda hansısa İspaniya, İngiltərə, lap elə uzağa getməyək, Türkiyə klublarına azarkeşlik etmərik bəlkə. Amma nə edəsən, olanımız budu. Əslində heç bundan artıq olmağa çalışmırıq da. İstəsək də ola bilmərik. Boyumuzdan hündürə necə tullanaq axı?! Əvvəlcə futbolçularımız tullansalar yaxşıdı. Ya da biz bunu etməkdə onlara kömək edək, bəlkə. Bəlkə bir gün yığışaq, elə qarşıdan gələn avrokubok mövsümündə, Xəzər, Neftçi, Bakı və ya İnterə azarkeşlik etməyimizdən asılı olmayaraq klublarımızın bütün ev oyunlarına gedək. Bəlkə onda futbolçu adına meydana çıxanlar da bir az daha artıq çalışıb boylarından hündürə tullanalar. Bircə çarəmiz budur. Yoxsa nə bilime, bu azarkeşlərlə, bu futbolçularla işimiz qalıb heç özüm də bilmirəm kimə..
Tarix: 04.12.2014 / 17:09 Müəllif: Aziza Baxılıb: 191 Bölmə: Futbol