Film üzərində işləyənlər
Ssenari müəllifi : Boris Laskin, Nikolay Rojkov
Quruluşçu rejissor : Lətif Səfərov
Operator : Arif Nərimanbəyov
Rəssam : Cəbrayıl Əzimov, Elbəy Rzaquliyev
Bəstəkar : Tofiq Quliyev
Səs operatoru : Ağahüseyn Kərimov
Rejissor : İsmayıl Əfəndiyev, Əjdər İbrahimov
Mahnıların Mətninin Müəllifi : Rəsul Rza(Azəri v.), Ənvər Əlibəyli(Azəri v.), Nikolay Dorizo(Rus v.), Pyotr Simonov(Rus v.)
Qrim rəssamı : Georgi Parisaşvili
Quraşdırılmış səhnələrin operatoru : Əsgər İsmayılov
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Rejissor assistenti : Məmməd Əlili, Əlisəttar Məlikov, Y. Fomina
Çalır Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor : Tofiq Quliyev
Filmin direktoru : Bəşir Quliyev
Filmdə Mahnı İfa Edən : Şövkət Ələkbərova, Rəşid Behbudov (titrlərdə yoxdur)
Mahnısından İstifadə edilən Bəstəkar : Üzeyir Hacıbəyov("Sevgili Canan" mahnısı)(titrlərdə yoxdur)
RollardaAdRol
Rəşid BehbudovBəxtiyar Muradov
Tamara ÇernovaSaşa Verxovskaya
Faiq_MustafayevYusif
Ağasadıq GəraybəyliAğabala Hüseynov
Məmmədrza ŞeyxzamanovProfessor Teymur Rəcəbov
Konstantin MyakişevDmitri Verxovski
Tatyana PeltserNataliya Alekseyevna
Lütfi Məmmədbəyli(Lütfi Məmmədbəyov kimi)Həbib
Müxlis CənizadəKərim
İsay QurovPetya
Sona HacıyevaZəhra Hüseynova
Münəvvər KələntərliGülzar Hüseynova
Məmməd SadıqovMir Həmid
Ağahüseyn CavadovRza
Oqtay ƏfəndiyevBəxtiyar Muradov (uşaq)
Lyudmila BelıxSaşa Verxovskaya (uşaq)
Nazim YüzbaşovYusif (uşaq)
Əli QurbanovQurban
Mərziyyə DavudovaGülbadam Muradova
Fateh FətullayevƏdil
Süleyman Ələsgərov (II)Klub müdiri
V. Otradinski
K. Reşanski
İsmayıl OsmanlıSəbət daşıyan (titrlərdə yoxdur)
Yusif VəliyevKomissiya üzvü(titrlərdə yoxdur)
Sofa BəsirzadəKomissiya üzvü(titrlərdə yoxdur)
Xeyri ƏmirzadəKonsertə baxan(titrlərdə yoxdur)
Filmi səsləndirənlər (titrlərdə yoxdur)AdRolAktyor
Hüseynağa SadıqovYusif (uşaq)Nazim Yüzbaşov
Əli ZeynalovBəxtiyar MuradovRəşid Behbudov
Sofa BəsirzadəSaşa VerxovskayaTamara Çernova
İsmayıl OsmanlıPoçtalyon və rəqqas Anton Raspopov
[[Şəkil:|center|25px]]Mustafa MərdanovRus müdir
Süsən MəcidovaGülbadam MuradovaMərziyyə Davudova
Məzmunu
Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.
1. Film üç dostun Bəxtiyar (Oqtay Əfəndiyev), Saşa (Lyuba Belıx)və Yusifin (Nazim Yüzbaşov) hələ uşaq ikən professor Rəcəbovun (Məmmədrza Şeyxzamanov) bağına alma oğurluğuna girmək planları ilə başlayır. Uşaqlar qərara gəlir ki, Bəxtiyar yaxşı səsi olduğundan daş hasarın üstünə çıxıb oxusun və professor Rəcəbovun başını qatsın. Onlar isə fürsətdən istifadə edib almaları yığsınlar. Bəxtiyar hasarın üstündə başlayır oxumağa. Bunu eşidən professor cəld bayıra çıxıb Bəxtiyarı tutur və evinə gətirir. Onun səsinə valeh olan professor "Xanəndə olmaq istəyirsən" deyə soruşur? "Heç məndən xanəndə olar" deyə Bəxtiyar suala sualla cavab verir. Beləliklə professorla Bəxtiyarın tanışlığı belə baş verir. Professor biləndə ki, uşaqlar almaları yaralı əsgərlər üçün yığırlarmış səxavət göstərib özü onlara çoxlu alma verir.
Bəxtiyar Rza İsmayılovla (İsmayıl Əfəndiyev) hospitalda əsgərlərə mahnı oxuyarkən tanış olur. Müharibədə yaralanan İsmayılov Bəxtiyara yaxınlaşır və bildirir ki, onun atası ilə bir yerdə vuruşmuşdur. Sonra isə xatirə olsun deyə hər üç dostun şəkillərini çəkir.
İllər sürətlə ötür uşaqlıq dostları məktəbi bitirirlər. Və onların yolları ayrılır. Bəxtiyar (Rəşid Behbudov) atasının yolu ilə gedərək neftçi olur. Saşa (Tamara Çernova) ilə Yusif (Faiq Mustafayev) isə Moskvaya oxumağa getməyə hazırlaşırlar. "Neft çıxdı" replikası ilə ilk dəfə ekranda Rəşid Behbudov görünür. Yusif və Saşanı isə biz "Gənclik Bal"ında görürük. Burada Yusifin mənfi xarakteri özünü biruzə verir. Lakin artıq sabahısı gün Yusiflə Saşa Moskvaya yola düşməlidirlər. Bəxtiyarın isə bundan xəbəri yoxdur. Yalnız vağzalda Saşanı yola salmağa gələn Bəxtiyar bilir ki, Yusiflə Saşa birlikdə gedirlər. Qısqanclıqdan Bəxtiyarın kefi pozulur. İncik halda bir-birindən ayrılan sevgililərin hicranı bir neçə il çəkir.
Bu illər ərzində Bəxtiyar neftçi peşəsini davam etdirir. Günlərin bir günündə Mir Həmid (Məmməd Sadıqov) əlində afişa neftçilərin yeməkxanasına daxil olub elan edir ki, "Yoldaşlar! Əziz və möhtərəm yoldaşlar! Əgər içərinizdə oxuyan, oynayan və yaxud bir şeyi çalmağı bacaran varsa təcili surətdə Sahil küçəsindəki kluba gəlsin. Rica olunur. Əziz yoldaşlar!". Bəxtiyar bu xəbərə də əhəmiyyət vermir. Lakin Ağabalanın (Ağasadıq Gəraybəyli) xalası Gülzar (Münəvvər Kələntərli) Bəxtiyarın anasından (Mərziyyə Davudova) xahiş edir ki, heç olmasa gəlib bir mahnı oxuyub getsin. Hamı da görsün ki, o dərnək üzvüdür. Beləcə Bəxtiyar son məqamda gəlib oxuyaraq Ağabalanı belə desək yoxlamanın əlindən xilas edir. Və Ağabala ilə Bəxtiyar belə tanış olurlar. Komissiya ilə problemini həll edən Ağabala görür ki, Bəxtiyardan istifadə edərək varlana bilər. Uzun danışıqlardan sonra Bəxtiyar konsert verməyə razı olur. Ağabalanın tilovuna düşən Bəxtiyar gün keçdikcə professor Rəcəbovun dediyi kimi uçuruma gedir. Nəhayət Bəxtiyarı uşaqlıqdan tanıyan Rza İsmayılov təsadüfən onun bir konsertində iştirak edir. Məhz bu konsertdə Bəxtiyar mahnını axıracan oxuya bilmir. Səsi tutulur. Bu vəziyyətə əsəbiləşən Bəxtiyar qəti qərara gəlir ki, daha oxumasın. Elə belə vəziyyət Ağabalanın da iç üzünü açır və o məşhur replikasını Bəxtiyarın üzünə deyir: "Bəs nə bilirdin? Mejdunarodnu vaqon, qəstinlərdə lüks numra, taksi. Bəs konsertlərdə aldığın dəstə-dəstə güllər nə idi? Onları camaat göndərirdi?! Həə?!." Bundan sonra Rza İsmayılov otağa daxil olur və Bəxtiyarı özü ilə düzgün yola doğru aparır.
Bu müddət ərzində Bəxtiyar bir neçə dəfə Saşa ilə rastlaşır. Lakin maneələr, anlaşılmazlıqlar onları birləşdirə bilmir. Ən böyük maneələrdən biri də Yusif olur. Saşa isə Bəxtiyarın konsertində elə başa düşür ki, şöhrət onun aşiq olduğu saf Bəxtiyarın gözlərini bağlayıb. Ona görə də elə həmin gecə onun ucbatından konserti yarımçıq qalan Bəxtiyarla bərk dava edir. Sabahısı gün isə onunla danışmağa gələndə artıq Bəxtiyarın qastrola getdiyini öyrənir. Taleyin belə qəribə oyunları onların bir-birinə məhəbbətini azaltmır. Sonda dostların fəndi ilə Bəxtiyarla Saşa bir-birinə qovuşur. Və film "Əziz Dost" mahnısı ilə sona yetir.
Filmdə sədaqətli dostluq bağları, hicran, vüsal, saf duyğular öz əksini tapmışdır.
2. Film gözəl və bənzərsiz səsə malik neftçi Bəxtiyar Muradovun (Rəşid Behbudov) taleyindən bəhs edir. Gənc Bəxtiyar öz məlahətli səsilə konservatoriyanın professoru Rəcəbovun (Məmmədrza Şeyxzamanov) diqqətini cəlb edir. Lakin Bəxtiyar valideynlərinin yolu ilə gedib neftçi olur. İş elə gətirir ki, o, hər şeydə mənfəət axtaran fırıldaqçı, əsl incəsənətdən uzaq olan klub müdiri Ağabala (Ağasadıq Gəraybəyli) ilə rastlaşır. Ağabala Bəxtiyarı estrada müğənnisi etmək məqsədilə onun çixişlarını təşkil edir, bu yolla çoxlu pul qazanır. Nəhayət Bəxtiyar müğənniliyin böyük sənət olduğunu başa düşüb, bu işlə ciddi məşğul olmağa başlayır.[1]
3. "Bəxtiyar" filmi-gözəl səsə malik olan gəncin həyatından bəhs edir. Hələ uşaq ikən, Bəxtiyar konservatoriyanın professorunun diqqətini cəlb edir. Qəflətən Bəxtiyarın yolunda klubun direktoru Ağabala peyda olur. Ağabala incəsənətdən uzaq insan olub, Bəxtiyarın cıxışlarından pul qazanmaq istəyir. Ağabala Bəxtiyar üçün konsertlər təşkil edir, onu asan yola çəkir. Pul dalınca düşən Ağabala çoxlu konsertlər düzəldir və Bəxtiyarın səsi tutulur. Dostları Bəxtiyara kömək edib onu doğru yola çəkirlər və Saşa ilə barışmağa kömək edirər.[2]
4. Gözəl səsə malik gənc neftçi xüsusi musiqi təhsili almaq haqda ona verilən məsləhətlərə məhəl qoymur. Lakin müğənni olmaq arzusu və dostlarının təsiri onun sənətə münasibətinin dəyişməsinə kömək edir.[3]
Xəbərdarlığın sonu.
Film haqqında
1955-ci ildə Lətif Səfərova "Sevimli mahnı" ("Bəxtiyar") filmini çəkmək həvalə olundu. Bu lentlə o, böyük kinoda ilk filmini yaratdı. Azərbaycanı, onun incəsənətini çox sevirdi Lətif. Ssenarini ruslar yazmışdı (Boris Laskin və Nikolay Rojkov). Amma ssenari nə qədər beynəlmiləl ruhlu idisə, film bir o qədər milli alınmışdı. O, baş rola Rəşid Behbudovu dəvət etmişdi. Çünki filmin bəstəkarı Tofiq Quliyevin lirik mahnıları məhz belə bir müğənninin rola dəvət olunmasını tələb edirdi. Rəşid Behbudovun "Arşın mal alan" filmindəki uğuru onun özünü də kinoya bağlamışdı. Beləliklə, Rəşid Behbudov bu filmilə özünün yeni bir ekran triumfunu etmiş oldu.
"Bəxtiyar" filmi Azərbaycan kinosunda musiqili bədii filmin ən layiqli nümunəsi oldu. Tofiq Quliyevin ürək oxşayan musiqisi bizim kinomuzda bir növ yeni ovqat yaratdı. Filmdəki "Zibeydə", "Qızıl üzük", "Bakı" mahnıları dillər əzbəri oldu. Rejissor bu filmdə həm də çox maraqlı bir aktyor ansamblı yarada bilmişdi. Rəşid Behbudovla yanaşı milli aktyor sənətimizin nəhəng simalarından olan Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Münəvvər Kələntərli və digərlərinin oyunu filmin ümumi ahənginə xüsusi təsir göstərmişdi.[4]
1955-ci ilin ilk günlərindən sənətkar kinostudiyada çəkilməyə başlanılan yeni bir filmdə – "Bəxtiyar" filmində baş qəhrəman rolunda çəkilməyə dəvət olunur. Daha doğrusu bu musiqili film bütünlüklə Rəşid Behbudovun sənəti üzərində qurulmuş bir filmdir. Filmin bəstəkarı sevimli sənətkarımız Tofiq Quliyev Rəşidin istedadının tam açılması üçün bir-birindən gözəl mahnılar yazır. Bu mahnılar – "Qızıl üzük", "Zibeydə", "İlk məhəbbət mahnısı", "Sevgi mahnısı", "Dostluq mahnısı" Azərbaycan mahnı janrının ən parlaq nümunələri olaraq bugün də tamaşaçılar tərəfindən həvəslə qarşılanır.
Qeyd etmək lazımdır ki, bu yaxınlarda ilkin olaraq "Bəxtiyar" filmi üçün nəzərdə tutulan, lakin sonradan filmə daxil edilməyən Rəşidin ifasında daha bir neçə əsərin lent yazısı əldə edilmişdir. Bu əsərlər də böyük ustalıqla və yüksək peşəkarlıqla ifa olunub. Pyotr İliç Çaykovskinin "Yevgeni Onegin" operasından Lenskinin ariozası və T. Quliyevin bəstələdiyi unikal vokalizlər dinləyicini valeh etməyə bilmir.[5]
"Bəxtiyar" bədii filmi quruluşçu rejissor Lətif Səfərovun kinoda ilk böyük müstəqil işi idi. Lakin qəribə də olsa Lətif bu filmi çəkməyə hazırlaşanda ona bədii ilmlər rejissoru adı hələ də verilməmişdi.
Filmin çəkilişi prosesində qrupun üzvlərinə hədə-qorxu gəlirdilər ki, işi yarımçıq qoysunlar. Bu barədə filmin ssenari müəliflərindən biri, yazıçı Nikolay Rojkovun Azərbaycan Mədəniyyət nazirinə göndərdiyi məktubda ətraflı bəhs olunur: "Azərbaycan kinematoqrafiyası tarixində ilk dəfə Dövlət Kinematoqrafiya İnstitutunun məzunları olan azərbaycanlılardan ibarət çəkiliş qrupu yaradılmışdır. Bunlar rejisor Lətif Səfərov, oprator Arif Nərimanbəyov, ikinci rejissorlar Əjdər İbrahimov və Tofiq Tağızadə, rəssamlar Cəbrayıl Əzimov və Elbəy Rzaquliyevdir. Gözləmək olardı ki, qrupun ətrafında etibarlı və xeyirxah ab-hava şəraiti yaradılacaq. Lakin bu Bakı kinostudiyasında baş vermədi. Qrupun üzvlərini qorxudur, filmin müvəffəqiyyətsizliyə uğrayacağını qabaqcadan xəbər verirdilər. Bəzən qrupun əməyini açıq-açığına heçə endirirdilər. Aktyor sınaq çəkilişləri üçün lazım olan Əsgərin (sonradan Bəxtiyarın) otağının adi dekorasiyası 28 günə tikilmişdir. Qrupdan olan yoldaşlar müdiriyyəti xəbərdar etmişdilər ki, dekorasiya pis və qeyri-peşəkarlıqla tikilir. Lakin keç kim xəbərdarlıqlara əhəmiyyət vermədiyi üçün nəticədə yaramaz bir qurğu hazırlanmışdır. Onun döşəməsi tərpəndiyinə görə üstünə kinokameranı qoymaq belə mümkün deyil... Əgər siz rejissor L. Səfərovun qrupuna bu dəfə normal şəraitdə işləmək üçün tədbir görməsəniz "Mahnı ilə Eldən-Elə" kinofilmi ("Bəxtiyar" filminin əvvəlki adı) olmayacaqdır. 18 İyun, 1954".[6]
Yaradılan bütün bu süni maneələrə baxmayaraq L. Səfərov ruhdan düşmür, həvəslə işləyir, nəhayət filmi çəkib başa çatdırır. "Bəxtiyar" musiqili filmi Sovet İttifaqının ekranlarında uğurla nümayiş etdirilir. Yazıçı Hüseyn Abbaszadə "Sevimli Mahnı" məqaləsində yazır: "Əsasən ssenaridən gələn ayrı-ayrı nöqsanlarına baxmayaraq film bütövlükdə uğurludur və artıq tamaşaçıların rəğbətini qazanmışdır.[7]
Film rejissor Lətif Səfərovun kinoda ilk müstəqil işidir.
Film operator Arif Nərimanbəyov, rəssam Cəbrayıl Əzimov, ikinci rejissor Əjdər İbrahimov, aktyor Lütfi Məmmədbəyli, aktyor Süleyman Ələsgərov (II), aktyor Yusif Vəliyev, aktyor Oqtay Əfəndiyev və aktyor Nazim Yüzbaşovun kinoda ilk işləridir.
Film Azərbaycan Televiziyasında nümayiş etdirilən ilk film olmuşdur. (1956)
Bəstəkar filmə 10 mahnı və 11 musiqi bəstələmişdir.
Film iki dildə çəkilmişdir. Mahnıların hamısı iki dildə yazılmışdır.
Titrlərdə rus hərfləri olan "я" və "й" hərflərindən istifadə edilmişdir. Çünki 60-cı illərin əvvəllərinədək Azərbaycan əlifbasında kirilcə "y" hərfi yox idi.
Yusif divarı aşa bilmədiyindən ona Bəxtiyar kömək edir. Amma sonradan Bəxtiyar ələ keçərkən görürük ki, Saşa və Yusif eyni anda divarı aşıb qaçırlar. Əgər Yusif birinci, Saşa isə ikinci divarı aşsaydı, onda fikirləşmək olardı ki, Yusifə Saşa kömək edib. Amma filmin bu səhnəsində Yusifin özü divarı aşır. Divarı aşa bilməyən Yusifə bu cəldlik haradan vaqe olur çox qəribədir.
Bəxtiyar uşaqkən oxuduğu bütün mahnıları Şövkət Ələkbərova səsləndirir. Bəxtiyarı səsləndirən oğlanın səsi isə çox qalındır. Adətən belə incə səsi olan uşaqlar incə səslə də danışırlar.
Musiqisi Tofiq Quliyevə məxsus "Rusiya" mahnısı sovet ab-havasında yazılmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra mahnının sözləri və adı xalq artisti Azər Zeynalov tərəfindən dəyişdirilmiş "Azərbaycan" olmuş və Azərbaycana həsr edilmişdir. Mahnını müğənni Azər Zeynalov yeni sözlərlə yenidən ifa etmişdir.
Bəxtiyar məktəbdə olanda Rza İsmayılova məktub yazdığı səhnədə tamaşaçılar Bəxtiyarın əlində tutduğu şəkli görsünlər deyə müəlliflər kameranı deyil, stolun özünü yerində fırladırlar.
Dörd dostun neft buruqlarında "Dostluq Mahnı"sı oxuyaraq getməsi səhnəsində Bəxtiyar rolunun ifaçısı Rəşid Behbudovla Həbib rolunun ifaçısı Lütfi Məmmədbəylinin boyları təxminən eyni, amma digər dostların boyları uzun olduğundan müəlliflər uyğunluq olsun deyə Bəxtiyarla Həbibi yan-yana ortada, Petya ilə Kərimi isə solda və sağda yerləşdirmişdir.
Bəxtiyar "Qızıl Üzük" mahnısını ifa edəndə aktyor Yusif Vəliyevin cibindən çıxardığı papiros qutusu "Kazbek"dir. Həmçinin filmin sonuna doğru Rza İsmayılov da Bəxtiyarın ifasını dinlərkən "Kazbek" çəkir.
Musiqili film vəya myuzikl janrı 50-ci illərdə ən çox gəlir gətirən film janrlarından biri idi. Müharibədən sonra "Arşın Mal Alan" musiqili filminin uğurundan sonra kinomuzda 10 il durğunluq oldu. Bu on il ərzində Azərbaycanda yalnız iki bədii film çəkildi. Onlar da ekranlara vaxtından çox gec buraxıldı. 50-ci illərin ortalarında isə Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirən bir neçə professional kinematoqrafçılar vətənlərinə geri döndülər. Belə olan halda durğunluğu aradan qaldırmaq üçün elə bir film çəkilməli idi ki, tamaşaçılarda bədii filmə maraq yenidən oyansın. Ona görə də müəlliflər yaxın keçmişdəki uğuru nəzərə alaraq musiqili və komediya janrına üstünlük verdilər. Məhz 1955-ci ildə çəkilən iki bədii filmin biri musiqili komediya (Bəxtiyar), ikincisi isə komediyadır (Görüş).
Azərbaycanda çəkilən musiqili film çox azdır. Onların heç də hamısı uğur əldə etməmişdir. "Bəxtiyar" ən uğurlu musiqili filmlərimizdən sayılır. Bunun da ən böyük səbəbkarları filmin bəstəkarı Tofiq Quliyev və baş rol ifaçısı dahi Rəşid Behbudovdur.
Pianoçunun konservatoriyada ifa etdiyi pianonun markası "Estonia"dır.
Rejissor Bəxtiyar konservatoriyada təhsil alarkən vaxtın keçməsini, fəsillərin dəyişməsini ağaclar vasitəsilə göstərməyə çalışmışdır. Rəngsiz kinoda bunu etmək nə qədər çətin olsa da yarpaqlı ağacların yarpaqsız ağaclarla əvəzə olunmasını görmək olur. Amma bu həmçinin illərin keçməsi anlamına gəlir. Çünki dörd ilin keçməsini Saşanın 23 yaşının qeyd olunması üçün hazırlanan tortdan bilmək olur.
Bəxtiyarın dostları Saşanı konservatoriyanın qabağına gətirəndə uzaqdan Bəxtiyarın səsi eşidilir. O cür məsafədən heç bir müğənninin səsi mikrofonsuz eşidilə bilməz.
Bəxtiyar Saşa ilə eyni boydadır. Filmin ən son kadrında Bəxtiyar Saşadan bir az uzun görünsün deyə daşın üzərinə çıxır.
Bəxtiyarın filmin sonunda konservatoriyada oxuduğu əsər "La Boheme"dəki Rudolfonun ariyasıdır.
Professor Rəcəbovun əlindəki çəliyi başa düşmək olmur. Əgər rejissor professorun çəlik gəzdirməklə qocaldığını göstərmək istəmişsə, bəs niyə konservatoriya dərslərində biz həmin çəliyi görmürük? Hətta professorun cəld hərəkətləri onun çəliyə ehiyacı olmadığını göstərir.
Janr
Musiqili film vəya myuzikl janrı 50-ci illərdə ən çox gəlir gətirən film janrlarından biri idi. Müharibədən sonra "Arşın Mal Alan" musiqili filminin uğurundan sonra kinomuzda 10 il durğunluq oldu. Bu on il ərzində Azərbaycanda yalnız iki bədii film çəkildi. Onlar da ekranlara vaxtından çox gec buraxıldı. 50-ci illərin ortalarında isə Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirən bir neçə professional kinematoqrafçılar vətənlərinə geri döndülər. Belə olan halda durğunluğu aradan qaldırmaq üçün elə bir film çəkilməli idi ki, tamaşaçılarda bədii filmə maraq yenidən oyansın. Ona görə də müəlliflər yaxın keçmişdəki uğuru nəzərə alaraq musiqili və komediya janrına üstünlük verdilər. Məhz 1955-ci ildə çəkilən iki bədii filmin biri musiqili komediya (Bəxtiyar), ikincisi isə komediyadır (Görüş).
Azərbaycanda çəkilən musiqili film çox azdır. Onların heç də hamısı uğur əldə etməmişdir. "Bəxtiyar" ən uğurlu musiqili filmlərimizdən sayılır. Bunun da ən böyük səbəbkarları filmin bəstəkarı Tofiq Quliyev və baş rol ifaçısı dahi Rəşid Behbudovdur.
Səhvlər
Professor Bəxtiyarı evinə gətirəndə əvvəl "do" notuna basır və deyir ki, "Bu hansı notadır". Bəxtiyar bilməyəndə o "sol" notuna basır və deyir ki, "bunu oxu". Qəribəsi isə bundadır ki, professor eyni nota iki dəfə basdığı halda ikinci dəfə professorun "qeyri-adi" pianosu "sol" səsini çıxarır. Halbuki iki not arasında 3 barmaq (not) fərq var. Həmçinin professor "do" notunu çalanda barmağını qəti pianodan götürmür və eyni nota ikinci dəfə vurur.
Professorun evinə diqqət yetirsək o Bəxtiyarın mahnısına qulaq asanda qapının sağ tərəfində olan asılqandakı papaq sağ tərəfdə divara yaxın durmuşdur. Bəxtiyarla evə girəndə isə artıq papağın yerini dəyişib ortada durduğunu görürük. Həmçinin asılqandan asılan ağ paltara də diqqət yetirmək lazımdır. O də bir neçə saniyə sonra yer dəyişir. Bir neçə saniyə sonra professor Bəxtiyardan "Neçə yaşın var" soruşanda arxada asılqanın əvvəlki vəziyyətə qayıtdığını görürük.
Bəxtiyarın çıxdığı daş hasarın yanında şam ağacını görürük. Ağac daş hasardan da uzundur və kölgəsi daş hasara düşür. Bu ağac bağın qapısının yanında yerləşir. Lakin Saşa "Biz onu qurtarmalıyıq" deyib qapını açanda sol tərəfdə ağacı görmürük. Ağac yoxa çıxmışdır. Heç bir kölgə hasara düşmür.
Professor Rəcəbov Bəxtiyarla evdən bayıra çıxanda Saşa ilə Yusif onlara doğru qaçırlar. Saşa qaçmağa başlayanda alma ilə dolu səbət onun sol əlindədir. Bir kadr sonra onlar Rəcəbova yaxınlaşanda artıq səbət onun sağ əlindədir.
Bəxtiyar hospitalda "Rusiya" mahnısını ifa edərkən kadrda Rza İsmayılovun çarpayıda oturaraq Bəxtiyarı dinləməsi göstərilir. Çarpayının düz qabağında isə üstündə şahmat olan oturacaq vardır. Lakin bir kadr sonra İsmayılov ayağa duranda artıq oturacaq çarpayıdan çox uzaqda yerləşmişdir.
Rəşid Behbudovun ifa etdiyi Bəxtiyar obrazı neft buruqlarında, otaqda telefonla danışdıqdan sonra Petya əlində tutduğu papağı başına qoyur və dostlar bayıra çıxırlar. Bir kadr sonra bayıra çıxdıqları anda isə Petyanın papağı yenə əlindədir. Mahnı oxumağa başlayanda isə papaq tamamilə yox olur.
Dostlar "Gənclik Bal"ına daxil olanda və Yusiflə Saşanı uzaqdan görəndə Həbibin pencəyinin qabağı açıqdır. Saşa ilə Yusif onlara yaxınlaşanda isə bağlıdır. Sonrakı səhnələrdə isə yenidən açıqdır.
Saşa ilə Yusif dostlara yaxınlaşanda Bəxtiyarın da pencəyinin qabağı bağlıdır. Amma Saşa ilə oynayanda açıqdır.
Yusif qızın ayağını tapdalayanda qalstuğu ondan sola doğru əyilmişdir. Bir kadr sonra isə dümdüzdür.
Saşa ilə Bəxtiyar bayırda söhbət edəndə Saşanın hörüklərinin ikisi də Saşanın arxasındadır. Lakin iki kadr sonra görürük ki, Saşanın ondan sağdakı hörüyü Saşanın qabağındadır.
Bəxtiyar qatarın yanına yaxınlaşanda və Saşa ilə danışanda onlar dayanan yerdə qatarın üzərində heç bir yazı yoxdur. Sonra Saşa ilə dialoqu bitdikdən sonra Saşa qatara minir Bəxtiyar isə yerindən tərpənmir. Bir kadr sonra yerindən tərpənməyən Bəxtiyarı göstərirlər və qatarın üzərində rusca "Baku-Moskva" yazısı peyda olur.
Bəxtiyar maşının arxasında buruqlarda gedərək "Dostluq Mahnısı"nı ifa edir. Papağı başından çıxarır və mahnı bitənə qədər əlində tutur. Mahnı bitəndə maşından yerə hoppanır və artıq papaq yenə onun başındadır.
Mir Həmid Bəxtiyar və dostları ilə yemək yediyi yeməkxanaya daxil olanda Kərim ayaq üstədir. Digər dostlar isə stol ətrafında oturmuşlar. Bir kadr sonra görürük ki, Kərim öz yerində oturmuşdur. Mir Həmid gedəndən sonra Kərim yenə də əvvəlki yerində və ayaq üstədir.
Ağabalanın otağında Gülzar əlində bir əşya tutmuşdur. Stulunu Ağabalanın stoluna yaxın çəkərkən həmin əşya onun sağ əlindədir, bir də onu göstərəndə artıq əşya sol əlinə keçmişdir.
Klubda səhnə arxasında kontrabas çalanın ilk replikasında stolun üstündə qrafin və böyük bir stəkan vardır. Lakin bir kadr sonra Ağabala səhnə arxasına keçəndə stolun üstündəki stəkan yoxa çıxmışdır. Həmçinin diqqət yetirsək stolun üstündəki başqa əşyalar da yoxa çıxmışdır. Təkcə qrafindən başqa.
Ağabala səhnə arxasında kontrabas çalanın kəpənək qalstuğunu çıxarıb stolun üstünə qoyur. Bir kadr sonra qalstuk stolun üstündən yox olur.
Ağabala səhnə arxasında kontrabas çalanın papağını da çıxarıb stolun üstünə qoyur. Bir kadr sonra papaq da stolun üstündən yox olur.
Səhnə arxasında Zəhra böyük stəkanla su içəndə qrafin stolun ortasında, qazan qapağının sağındadır. Ağabala ilə dialoqunda isə qrafin Zəhradan sağa çəkilmiş və qazan qapağının arxasındadır.
Ağabala Zəhranı stula itələyəndə Zəhra oturur. Oturduğu stul Ağabala ilə və pilləkənlə düz mütənasibdir. Bir kadr sonra görürük ki, Zəhra yenə stulda oturub və onun oturduğu stul pilləkənə deyil, pilləkəndən sağda yerləşən əşyalara baxır.
Səhnə arxasındakı sol məhəccərə diqqət yetirsək orada ağ dəsmal asılmışdır. Bir müddət sonra həmin dəsmalda yerdəyişmə baş verir. İkinci dəfə dəsmal daha uzun görsənir. Əsasən kontrabas çalanla səhnələrdə dəsmal uzun, digər səhnələrdə isə qısadır.
Zəhra ilə Gülzar "Babam Evlənir" mahnısını ifa edəndə komissiya sədrinin bloknotu birinci kadrda əlində olur, ikinci kadrda isə sağ böyründə olur və onu götürür.
Bəxtiyar "Qızıl Üzük" mahnısını ifa edəndə komissiya üzvləri yavaş-yavaş Bəxtiyara doğru yaxınlaşırlar. Ağabala komissiya sədri ilə Sofa Bəsirzadənin ifa etdiyi komissiya üzvü arasındadır. Amma kamera onları arxadan çəkəndə Ağabala ən sol tərəfdə dayanmışdır.
Bəxtiyar "Qızıl Üzük" mahnısını oxumağa başlayanda komissiya sədrini kamera arxadan çəkir və o bloknotu sağ əlinə alıb, sol əlini isə cibinə qoyub Bəxtiyara qulaq asmağa başlayır. Bir kadr sonra isə kamera onları öndən çəkəndə o artıq bloknotunu iki əli ilə tutmuşdur.
Bəxtiyar "Qızıl Üzük" mahnısını bitirənə yaxın kamera Ağabalanı arxadan çəkir. Onun sol əlində təsbeh vardır. Bir kadr sonra təsbeh yoxa çıxır və Ağabala əl çalmağa başlayır.
Bəxtiyar "Qızıl Üzük" mahnısını ifa edəndə mahnının əvvəlində Ağabalanın sol (ondan soldakı) döş cibindəki qələm mahnının sonunda onun cibində ondan sağa yer dəyişir.
Ağabalanın Bəxtiyargilə gəlib onunla söhbət etməsi səhnəsində Bəxtiyar stolun arxasında oturmuşdur. Bir kadr sonra onu ayaq üstə görürük.
Ağabala Gülzarla Bəxtiyargilin evini papaqsız tərk edir. Bir kadr sonra isə onu evin bayırında papaqla görürük.
Gülzar Ağabala ilə Bəxtiyargilin evini tərk edəndə onun yaylığı başını örtəcək şəkildə bağlıdır. Bir kadr sonra evin bayırına çıxanda isə yaylıq üzünü örtəcək şəkildə bağlıdır.
Ağabala Bəxtiyargildə oturanda onun sol döş cibindəki qələm cibin sağındadır. Lakin Bəxtiyargilin evini tərk edib bayıra çıxanda, yəni, Gülzarla olan dialoqunda qələmin onun cibində sola doğru yer dəyişdiyini görürük.
Ağabala Bəxtiyargildə oturanda onun boynunun arxasında heç bir şey yoxdur. Amma Gülzarla evin bayırına çıxanda boynunun arxasında yaxalıq vardır.
Ağabala Bəxtiyarı səhnəyə hazırlayanda sol döş cibindəki qələm cibində ondan soldadır. Bir az sonra isə qələm cibin tən ortasındadır.
Bəxtiyar "Bakı Nəğməsi" mahnısını oxuduqdan sonra səhnə arxasına keçir və burada Ağabala ilə dialoq başlayır. Ağabala ilə danışanda arxada stolun arxasında klub müdiri oturmuşdur. Onun yanında isə heç kəs yoxdur. Lakin bir kadr sonra isə qəflətən onun yanında yanğınsöndürən peyda olur və oranı tərk edir.
Saşa öz evlərində güzgüyə baxır və bibisinə doğru dönəndə işıqçı əlavə işıq yandırır. İşığın həmin an yandırılması və Saşanın üzünün aydınlanması bariz görsənir.
Saşa güzgüyə baxanda onun şalvarı ondan soldakı stulun üzərindədir. O yerində dönüb bibisinə baxanda isə özündən soldakı stuldan şalvarı götürür. Halbuki daha öncə həmin yerdə heç bir şey yox idi.
Saşanın ad günü məclisində Yusif qədəhini Saşanın qədəhi ilə toqquşduranda onun yaxasında ağ dəsmal vardır. Bir kadr sonra Yusif tost deməyə başlayanda o dəsmal yoxa çıxmışdır.
Professor Rəcəbov Bəxtiyarın konsertində ona qulaq asanda çəliyinin baş tərəfi düz, Bəxtiyarın evinə gələndə və Ağabala ilə danışanda isə əyridir. İki çəlik arasında fərq vardır. Tamamilə başqa çəliklərdir.
Bəxtiyar evində Ağabala ilə danışanda ətrafda stol və stullar vardır. Ağabala professor Rəcəbovu yola salıb geriyə-evə qayıdanda stulların birinin üzərində ağ plaş peyda olur.
Bəxtiyar Saşagilə gələndə pencəkdə olur. Qapıdan qayıdıb küçədə görünəndə plaş artıq onun əynindədir.
Rza İsmayılov Bəxtiyarı dinləyəndə irəliyə doğru hərəkət etməyə başlayır. Eyni anda kamera da arxaya doğru gedir. Lakin bu anda kamera soldakı gülə toxunur və gül hərəkət edir.
Bəxtiyarın səsi tutulanda soyunma otağına gəlir və əynindəki frakın pencəyini çıxarıb ondan soldakı stulların birinin üzərinə atır. Bir kadr sonra pencək və stul yoxa çıxır.
Rza İsmayılov Bəxtiyarın otağına daxil olanda onun sağ əlində "Kirpi" jurnalı vardır. Bəxtiyarla iki əlli görüşəndə jurnal yoxa çıxır. Ağabala ilə dialoqunun sonunda isə jurnal onun sol əlində yenidən peyda olur.
Bəxtiyar Ağabalanı itələyəndə Ağabala arxasındakı qrafin və stəkan olan masaya dəyir və onu aşırır. Qrafinlə stəkanın qırıqları yerdə görünür. Lakin bir müddət sonra Rza İsmayılovla Bəxtiyar otağı tərk edəndə yer tərtəmizdir. Orada nə aşmış masa, nə də sınıq şüşə vardır. Bir kadr sonra Ağabala pişiyin üstünə oturub qalxanda həmin masa və sınıq şüşələr yenə yerdə peyda olur.
Bəxtiyar Rza İsmayılovla otağı tərk edəndə onun boğazında ağ bant qalstuk var. Bant qalstuk "Bu nə deməkdir? O nə danışır?" replikasında bariz görsənir. Lakin bayırda Rza İsmayılovla söhbət edəndə onun boğazında normal qalstuk.
Bəxtiyar parkda Rza İsmayılovla söhbət edəndə onun əlində heç bir şey yoxdur. Lakin solundakı ağacın budağını sığallayır ancaq qoparmır. Onlar birgə yeriyəndə kamera onları arxadan çəkir və Bəxtiyarın sağ əlində həmin budaq vardır.
Bəxtiyar konservatoriyada oxuyanda professor Rəcəbov onu dinləyə-dinləyə gəlib masanın solundakı kresloda oturur. Bəxtiyar ifasını bitirəndə kreslo masanın daha da arxasına keçmişdir-yerdəyişmişdir.
Nataliya Alekseyevna tortu bəzəyəndə pəncərənin yanındakı qara kreslo pəncərənin sağındadır. Səbət daşıyan səbəti pəncərənin qırağına qoyanda kreslo pəncərənin sol tərəfinə çəkilmişdir. Və filmin sonunda bir də bu evi göstərənddə diqqətlə baxsaq kreslo yenə də əvvəlki yerinə çəkilib, yəni, səbətin düz qabağına.
Yusif maşınla Saşagilin binasının qabağında saxlayır və səbətdaşıyanla üzü onlara baxan pilləkənlə qalxır və binaya girir. Amma filmin ortasında Saşa küçədə Bəxtiyarla dava edəndə Bəxtiyar Saşagilə gəlmək üçün binanın həyətinə daxil olur, amma, həmin pilləkəni ötüb keçir. Sonra Saşagilin zəngini basır. Artıq o binanın içərisindədir. Görəsən Saşagilin binasına başqa yerdən giriş varmı?
Filmdə Saşanın ad gününün hansı fəsildə olduğu bəlli deyil. 19 yaşı olanda hamı gah pencəkdə, hətta Bəxtiyar plaşda olur. 23 yaşı olanda isə əksəriyyət pencəkdə, şəhər əhalisi isə köynəkdə olur.
Yusif Saşagilə səbət gətirəndə evdə, solda pianonun yanında heç nə yoxdur. Lakin filmin sonunda bir də həmin evi göstərəndə pianonun yanında stul peyda olur.
Obrazlar
Rəşid Behbudov-Bəxtiyar Muradov
"Bəxtiyar" bədii filmi ənənəvi sxem üzrə yaradılsa da onun müasir materialda olması, tamaşaçıların çox sevdikləri süjet üzərində qurulması, filmə mahnıların bəstəkar T. Quliyev tərəfindən yazılması, ən başlıcası əsas rolda güclü və təmiz səsə malik müğənninin-R. Behbudovun çəkilməsi kinolentin müvəffəqiyyətini təmin etmişdir.
Film gənç neftçi, istedadlı müğənni Bəxtiyar Muradovun həyat və yaradıcılıq yolundan bəhs edir. Bəxtiyar obrazını yaratmış R. Behbudovun çoxcəhətli istedadı bu filmdə yeni qüvvə ilə özünü göstərmişdir. Düzdür, ssenaridə baş qəhrəmanın daxili aləminin göstərilməsinə az yer ayrılsa da R. Behbudov Bəxtiyarın hiss və həyəcanlarını, düşdüyü çətin anlarda keçirdiyi sarsıntıları, mənəvi aləmini bütöv və parlaq şəkildə açmağa çalışmışdır. Əsasən ssenaridən gələn ayrı-ayrı nöqsanlara baxmayaraq, yaradıcı qrup şən və məzmunlu musiqili film yaratmağa müvəffəq olmuşdur.[8]
Bəxtiyar rolunu oynayan Rəşid Behbudovun aktyor olmadığını göz önünə alarsaq onun rolun öhdəsindən gəldiyi qənaətinə gəlmək olar. Film boyu obrazın replikaları çox olmasa da aktyor-müğənni bəzi kritik məqamların öhdəsindən gələ bilmişdir. Buna misal olaraq Bəxtiyarın Saşanı vağzalda yola salarkən üzündəki kədər və filmin sonunda Ağabalanın üzünə hirslə baxaraq "Bu nə deməkdir? O nə danışır?" deməsi və Ağabalanın yaxasından tutaraq yerə yıxması səhnələri tamamilə alınan səhnələrdir. Ancaq onu da qeyd etmək lazımdır ki, alınmayan səhnələr də az deyil. Misal olaraq Saşa fit çalandan sonra Bəxtiyarın səhnədən ona acıqlı baxaraq dönüb səhnəni tərk etməsi ən alınmayan səhnələrdən biridir. Ama hər halda müğənninin ecazkar səslə oxuduğu mahnılar və əlbəttə rolu səsləndirən Əli Zeynalovun məlahətli səsi filmin uğurlu alınmasına və bu gün də maraqla izlənməsinə səbəb olmuşdur
Tamara Çernova-Saşa Verxovskaya
Filmi beynəlmiləl xarakterli etmək üçün başqa ölkədən dəvət olunan baş rol ifaçılarından biri də Tamara Çernovadır. Tamara Çernova artıq ittifaqda tanınmış aktrisa idi. Onu bu filmdə çəkərək filmin daha çox gəlir gətirəcəyi düşünülürdü.
Saşa Bəxtiyarın uşaqlıqdan bir yerdə böyüdüyü qonşu qızıdır. Lakin bu uşaqlıq dostluğu məhəbbətə çevrilir. Bəxtiyar kimi neftçilər azərbaycanlı qız sevə bilməzdi. O mütləq rus qızına aşiq olmalıydı ki, film beynəlmiləl xarakterli olsun. Saşa uşaqlıqdan oğlan paltarları geyən, oğlanlarla dostluq edən, dəcəl bir qızdır. Lakin Bəxtiyara olan məhəbbəti onu tamamilə dəyişdirir. Bəxtiyardan ayrı düşüb Moskvada təhsil almasına baxmayaraq o, Bəxtiyarı unuda bilmir. Və taleyin qisməti onları yenidən birləşdirir.
Faiq Mustafayev-Yusif
Yusif obrazı həyatda nə istədiyini bilən, ədəbaz, özündən razı və paxıl obrazdır. Bəxtiyarla uşaqlıqdan birlikdə böyümələrinə baxmayaraq əslində ona uşaqlıqdan paxıllıq edir. Böyüyəndən sonra Saşanın Bəxtiyarı seçməsi onlar arasında olan bütün körpüləri dağıdır və Yusif Bəxtiyara düşmən gözü ilə baxır. Yusifin paxıllığı Bəxtiyar səhnədə alqışlanarkən daha biruzə çıxır.
Moskvada ticarət məktəbini bitirdikdən sonra o həyatda öz yerini tapır, hər şeyi əldə edir, təkcə Saşanın qəlbindən başqa. Aktyor Faiq Mustafayev bu rolun öhdəsindən gələ bilmişdir. Ona görə də aktyorun ifasını bəyənən Lətif Səfərov onu digər filmində də çəkmişdir (Qızmar Günəş Altında).
Ağasadıq Gəraybəyli-Ağabala
Ağabala obrazı olmasaydı bəlkə də bu film bu qədər sevilməzdi. Ağabala obrazı fırıldaqçı, fitnəkar və yaltaq obrazdır. Filmin möhtəşəmliyi ondadır ki, hətta mənfi obrazları belə tamaşaçıya sevdirməyi bacarmışdır. Bu da aktyor Ağasadıq Gəraybəylinin yüksək peşəkarlığından xəbər verir. O bu rola o qədər damğasını vurmuşdur ki, bu rola başqa aktyoru təsəvvür etmək olmur.
Ağabalanı ilk dəfə tamaşaçı təşviş içində görür. O qohumlarını başına yığıb danlayır ki, neçə illərdir sizə çörək verirəm. Sayəmdə pul qazanırsınız. İndi isə yoxlama gəlir. Məni bu vəziyyətdən qurtarın. Yoxlama fırıldaqçı Ağabalanı ifşa etməyə gəlir. Ağabala isə uzun illərdir dövlət büdcəsi ilə maliyyələşən özfəaliyyət dərnəyi başçısıdır. Lakin əslində belə bir dərnək yoxdur. Ona görə də o artistlərə pul verir ki, dərnək üzvü adı ilə gəlib çıxış etsinlər və komissiyanın gözündən pərdə assınlar. Lakin komissiya bu özfəaliyyət fırıldağının üstünü açmaq üzrəykən Bəxtiyar gəlib əsl sənət nümayiş etdirir və Ağabalanın bəxti bu dəfə də gətirir. Sonra isə Ağabala Bəxtiyardan istifadə edərək pul qazanmaq qərarına gəlir. Saf və xeyirxah Bəxtiyar isə hiyləgər Ağabalanın tilovuna çox asanlıqla düşür. Film boyu Ağabala Bəxtiyarı aldadır. Lakin filmin sonunda Ağabalanın fırıldağının üstü açılır.
Filmdə Ağabalanın işlətdiyi bütün replikalar dillər əzbəridir. Hətta ən son replikası ilə damğasını vurur: "Atova nəhlət, kirpi!."
Məmmədrza Şeyxzamanov-Professor Teymur Rəcəbov
Məmmədrza Şeyxzmanovun canlandırdığı professor Rəcəbov obrazı xeyirxah müəllim obrazıdır. O musiqi mütəxəssisidir. Konservatoriyada müəllimdir. Bəxtiyarın səsini hələ o uşaqkən eşidir və ona xanəndə olmağı tövsiyə edir. Lakin Bəxtiyar atasının yolu ilə gedib neftçi olur. Ağabalanın caynağına düşəndə isə onu qurtarmağa çalışır.
Üç dost uşaq ikən məhz Rəcəbovun bağından alma oğurlamaq qərarına gəlirlər. Bəxtiyar oxuyanda onun səsi professoru valeh edir və ona deyir ki, səndən yaxşı xanəndə olar. Sonra biz bu obrazı bir neçə dəfə Saşanın ad günündə, Bəxtiyarın konsertində görürük. Bəxtiyarı izləyicilər alqışlayarkən o ən məşhur replikasını deyir: "Axı, mən xahiş etmişdim onu mənim yanıma gətirəsiniz. Bu müvəffəqiyyəti onu uçuruma aparır". Professor haqlı çıxır. Nə qədər cəhd etsə də Bəxtiyarla görüşə bilmir. Lakin filmin sonuna doğru hər şey qaydasına düşəndə biz görürük ki, Bəxtiyar konservatoriyada məhz professor Rəcəbovdan dərs alır.
Bu obraz həmişə gənc istedad axtarışındadır. Musiqimizin inkişafında gənclərin rolunun əhəmiyətini hamıdan yaxşı dərk edir.
İsmayıl Əfəndiyev-Rza İsmayılov
Rza İsmayılov müharibə iştirakçısı, ziyalıdır. Müharibədən sonra isə deputat olmuşdur. İlk dəfə filmdə biz onu hospitalda yaralı halda görürük. Müharibənin ağır günləridir. O da vuruşmada ağır yaralanmış və hospitala gətirilmişdir. O burada Bəxtiyarın məlahətli səsini eşidir və ona yaxınlaşıb atasıyla birgə vuruşduğunu deyir. Sonra isə hər üç uşaqlıq dostunun xatirə şəkillərini çəkir. Filmdə bu obraz iki dəfə görünür. Bir yuxarıda qeyd edildiyi kimi filmin əvvəlində, bir də filmin sonuna doğru hadisələrin kuliminasiya nöqtəsinə çatdığı məqamda.
Bəxtiyar növbəti konsertini vermək üçün tamaşaçılar qarşısına çıxır və həmişə olduğu kimi başlayır oxumağa. Təsadüfən onu dinləməyə gələn Rza İsmayılov da oradadır. Lakin qəflətən Bəxtiyarın səsi tutulur və səhnəni tərk edir. Səhnə arxasında hər şeyin iç üzü açıldıqdan sonra Rza İsmayılov qapını döyüb içəri girir. "Kirpi" jurnalını Ağabalaya təqdim edib Bəxtiyarı özü ilə aparır. Burada rejissor İsmayılovun Bəxtiyarı özü ilə aparması və sonra da parkda uzun bir yolla birgə yerimələri kadrları ilə nəhayət ki Bəxtiyarın doğru yola düşməsini göstərməyə çalışmışdır.
Rolu canlandıran İsmayıl Əfəndiyev nadir səs tembrinə malik olan aktyorlardan biri idi. Onun səsindən filmlərin səsləndirilmələrində istifadə edilmişdir. Ona görə də aktyor öz rolunu yüksək səviyyədə səsləndirmişdir.
Konstantin Myakişev-Dmitri Verxovski
Verxovski Saşanın atasıdır. Bu obraz məhəbbətə hörmətlə yanaşır və qızının xoşbəxtliyini hər şeydən üstün tutur.
Verxovski işgüzar, həlim bir insandır. Bütün ömrünü qızına bağlamış və nədənsə Saşanın anası öldükdən sonra evlənməmişdir. Göründüyü hər bir səhnədə onun müasir bir ata olduğu qənaətinə gəlmək olur. Hətta biləndə ki, Saşa Bəxtiyarı sevir, özü Saşanı Bəxtiyargilə gətirir ki, sevgililər barışsınlar.
Aktyor Konstantin Myakişev zəhmətkeş ata obrazını yarada bilmişdir.
Tatyana Peltser-Nataliya Alekseyevna
Nataliya Alekseyevna Saşanın bibisidir. Yeganə məqsədi Saşanı ərə verməkdir. Lakin Verxovskidən fərqli olaraq o, Yusifi Saşaya ən yaxşı ər namizədi kimi görür.
Biz bu obrazı filmdə bir neçə dəfə görürük. Filmin əvvəlində hələ Saşa uşaqkən onun hərəkətlərinə əsəbiləşir və atasına şikayət edir. Sonralar onu əsasən Saşanın ad günlərində və filmin sonunda dostların fəndi səhnəsində görürük. Ən məşhur replikası filmin sonunda "Başıma xeyir. Deyəsən Yusif partladı." sözləridir.
Nağıl filmlərindən tanıdığımız aktrisa Tatyana Peltser bu rolun da öhdəsindən gələ bilmişdir. Rolu səsləndirən də çox uğurla öz işini görmüşdür. Sanki aktrisanın özü danışır.
Lütfi Məmmədbəyli-Həbib
Həbib Bəxtiyarın dostlarından biridir. Digər dostlardan fərqlənən ən üstün cəhəti Həbibin çox ağıllı və tədbirli olmasıdır. O istənilən situasiyadan uğurla çıxmağı bacaran sadiq bir dostdur.
Həbib də dostu Bəxtiyar kimi neftçidir. Biz onu ilk dəfə neft buruqlarında görürük. Sonra isə dostlarla birlikdə "Gənclik Bal"ında görünür və Yusifə gözdağı verirlər.
Filmin sonuna doğru Həbibin ağlına bir fənd gəlir. Onlar qərara gəlirlər ki, Nataliya Alekseyevnanı Saşanın yerinə bir stansiya əvvəl qatara mindirsinlər. Saşanı isə Bəxtiyarın yanına gətirsinlər. Ona görə o dostlarına müraciət edir ki, "Kimin cibində nə var çıxartsın". Məhz Həbibin bu replikası belə bir atalar sözünü insana xatırladır: "Dost yolunda boran olar, qar olar".
Müxlis Cənizadə-Kərim
Kərim şən və şaqraq bir obrazdır. O da dost yolunda canından keçər.
Kərimi biz ilk dəfə neft buruqlarında görürük. Digər dostlar kimi bir neçə dəfə filmdə görünür. Amma gülərüzlülüyü və hazırcavablılığı ilə fərqlənir.
Azərbaycan kinosunda əsasən epizod rollar oynayan Müxlis Cənizadə öz rolunu məharətlə səsləndirən və xüsusi səs tembrinə malik nadir istedadlardandır
İsay Qurov-Petya
Petya Bəxtiyarın dostlarından biridir. Obrazın fərqli cəhəti isə fiziki cəhətdən ən güclü olmasıdır. Qəpiyi iki barmağı ilə əyməsi tamaşaçıda maraq doğurur.
Bəxtiyarın dostlarından biri mütləq rus olmalıydı. Çünki imperiyaya beynəlmiləlçilik ruhunda çəkilən filmlər lazım idi. Ssenarini rus müəlliflərin yazmağı bunu təsdiq edir.
Petya əsasən kütləvi səhnələrdə iştirak etdiyi üçün rolu canlandıran İsay Qurovun bu rolun öhdəsindən gələ bilməsi vəya bilməməsini müəyyənləşdirmək bir az müşkül məsələdir.
Sona Hacıyeva-Zəhra Hüseynova
Zəhra Ağabalanın xalasıdır. Mənfi obrazdır. Bacısı oğlu kimi fitnəkardır. Lakin bu obrazın düşdüyü gülünc vəziyyətlər tamaşaçıda gülüş doğurur.
Münəvvər Kələntərli-Gülzar Hüseynova
Zəhra üçün deyilənlər Gülzar üçün də xarakterikdir. O da Ağabalanın xalasıdır. Uzun illər Ağabalanın sayəsində pul qazandığı üçün özünü ona borclu bilir. "Biz nə eləyə bilərik ki, Ağabala!" sözləri dillər əzbəri olmuşdur. Kök olmasına baxmayaraq səhnədəki cəld hərəkətləri aktrisanın nə qədər istedadlı olduğunu göstərir.
Məmməd Sadıqov-Mir Həmid
Mir Həmid Ağabalanın qohumudur. Var gücüylə Ağabalanı düşdüyü vəziyyətdən çıxarmağa çalışır.
Ağahüseyn Cavadov-Rza
Rza heç nəyi vecinə almayan, sakit, piano çalmağı bacaran obrazdır. Rzanın baxışları filmə gözəllik verir. Misal olaraq rəqqasə soyunarkən ona altdan-altdan baxmağı filmin ən gülməli fraqmentlərindəndir.
Bu obraz filmdə ən az replikası olan obrazlardandır. Lakin aktyor mükəmməl ifası ilə rolun böyüyü, kiçiyi olmaz ifadəsini bir daha təsdiq edir. Hətta replikasız səhnnələri də tamaşaçını güldürür. Məsələn cəsarətlə piano çalmağa başlaması, sakitcə arxadan yaxınlaşıb Ağabalanın pencəyinin materialını yoxlaması səhnələri çox maraqlı, komik və seçiləndir.
Oqtay Əfəndiyev-Bəxtiyar Muradov (uşaq)
Oqtay Əfəndiyev Bəxtiyarın uşaqlığını oynayır. Qəribəsi ondadır ki, Saşa Yusifin köklüyünə lağ edir, amma, Bəxtiyar heç də Yusifdən arıq deyil. Hər halda rejissor bu faktoru unutmuşdur.
Ən alınmayan səhnə isə Rza İsmayılovla xəstəxanadakı dialoqudur. Rza İsmayılov Bəxtiyarın atasını xatırladanda böyük ehtimalla rolun ifaçısı O. Əfəndiyev ağlaya bilmədiyi üçün operator onu arxadan çəkir. Və İsmayıl Əfəndiyev ağlama deməsə onun ağladığını başa düşmək olmur.
Lyudmila Belıx-Saşa Verxovskaya (uşaq)
Saşa oğlanlarla dostluq etdiyi üçün oğlan kimi böyümüş, dəcəl bir qızdır. Hətta Nataşa bibisi də onun əynindən oğlan paltarlarını çıxara bilmir. Rəcəbovun bağına oğurluğa girmə planını da o qurur. Lakin biləndə ki, Bəxtiyarı professor tutub onu tək qoyub qaçmır. Cəsarətlə dostunu qurtarmaq istəyir.
Nazim Yüzbaşov-Yusif (uşaq)
Yusif obrazı qorxaq və xain obrazdır. Filmin müəllifləri Yusifin mənfi obraz olacağını hələ uşaqkən etdiyi hərəkətlərlə göstərməyə çalışmışlar. Bəxtiyar ələ keçəndə onu qoyub qaçması və "hərçənd ki mənə Bəxtiyardan az əl çalmadılar" deməsi onun Bəxtiyarla arasının olmamasını göstərir. Rolu aktyor Hüseynağa Sadıqov məharətlə səsləndirmişdir.
Əli Qurbanov-Qurban
Əli Qurbanovun yaratdığı Qurban obrazı Saşanın qohumudur. Onu ilk olaraq Saşanın ad günündə görürük. Sonra isə Bəxtiyarın konsertində çırtma çalaraq Bəxtiyara qulaq asır. Bu obraz sənətə düzgün qiymət verməyi bacaran əsl sovet tipajıdır.
Vur tut bir replikası var filmdə. Amma rejissor Lətif Səfərov qocaman aktyorlarımızı bu filmə əbəs yerə çəkməmişdir. Çünki o uzaqgörən rejissor idi. Müasir tamaşaçılar Əli Qurbanovu məhz Lətifin filmlərindən tanıyır. Ömrünü teatra həsr edən aktyor qeyri-adi səs tembri ilə digər həmkarlarından seçilirdi. Filmdə "Doğrudur. Gedək. Hə?" deməsi belə yadda qalır.
Mərziyyə Davudova-Gülbadam Muradova
Aktrisa Mərziyyə Davudovanın oynadığı Gülbadam obrazı Bəxtiyarın anasıdır. Müharibə onun ərini əlindən almış və Bəxtiyarı atasız böyütmüşdür. Geyimindən köhnə Bakı qadınıdır. Onu filmdə iki dəfə görürük bir Ağabala ilə Gülzar Bəxtiyargilə gələndə, bir də Saşa Bəxtiyarı axtaranda. Replikaları çox deyil.
Aktrisa Mərziyyə Davudova ilk azərbaycanlı qadın kino və teatr aktrisalarımızdandır.
Fateh Fətullayev-Adil
Adil Ağabalanın qohumudur. O da digər qohumlar kimi Ağabalanın sayəsində saxta yolla pul qazanan harın, işəyaramaz, tənbəl bir obrazdır. Obrazı canlandıran Fateh Fətullayevi tamaşaçılar "Ögey Ana" filmindəki Arif rolundan tanıyırlar. Lakin bu iki obrazı müqayisə etməyinə dəyməz. Tamamilə bir-birinə ziddirlər.
Seçilmiş sitatlarVikiSitatda Bəxtiyar (film, 1955) ilə əlaqədar sitatlar var.
Ağabala: ...... işimiz əngəldir. Başa düşürsüz ki, işimiz əngəldir?
Zəhra: Nə olub, Ağabala? Niyə məni çağırmısan?
Ağabala: Bunu bilin ki, Zəhra xala. Mən bu klubun direktoruyam. Siz isə burada kassirşasız.
Zəhra: Yaxşı, qışqırma, qışqırma.
Ağabala: Xala, əgər sən bir də mənim sözümü kəsib intizamı pozsan, sənə töhmət elan edərəm.
Zəhra: Sən bu sözləri Gülzar xalana da demisən.
Ağabala: Klubda xala çoxdur. Bacıoğlu isə bir dənədir.
Gülzar: Bir dənədir? Bəs Rza?
Ağabala: Mir Həmid, bircə onu yuxudan oyat, yoxsa deyilənləri eşitməz.
Mir Həmid: Rza, Rza...!
Rza: Hə, hə?!
Ağabala: Sizə bildirməliyəm ki, sabah klubumuza xüsusi bir komissiya gəlir. Özfəaliyyət dərnəklərimizin işlərini kökündən yoxlayacaqlar. Nə isə, işlərimizə baxacaqlar. Budur.
Adil: İşləri, gücləri qurtarıb. Niyə baxacaqlar?
Zəhra: Niyə baxacaqlar yox, nəyə baxacaqlar. Bəli. Yaman yerdə axşamladıq.
Rza: Bu gün axşam?
Mir Həmid: Bu gün yox, a kişi. Sabah ey, sabah.
Rza: Nə vaxt?
Mir Həmid: Nə vaxt.
Gülzar: Vallah heç başa düşə bilmirəm ki, niyə bizim klubumuz camaatın xoşuna gəlmir. Biz nə eləyə bilərik, Ağabala?!
Ağabala: Heç utanırsınız? Dedim qohum-əqrabadır, bəd ayaqda dadıma çatarlar. Buna görə də mən sizi öz klubuma işə götürdüm.
Rza: Kimi işdən götürürlər?
Mir Həmid: Səni
Rza: Məni? Bəs səni?
Ağabala: Səsinizi kəsin. Təcili tədbir görməliyik ki, sabah klubda özfəaliyyət dərnəkləri olsun. Fikirləşin, hamınız fikirləşin....... Tapmışam. Rza!
Rza: Həə?
Ağabala: Rza, yaxşı bir oxuyan tapa bilərsən?
Rza: İtirmişəm ki, tapım?!
Gülzar: Oxuyanı mən taparam. Bizim qonşu arvadın...
Ağabala: Səsi var?
Gülzar: Yox oğlunun səsi var. Mən anasına deyərəm, anası da oğluna deyər. O da elə oxuyar ki, komissiya lap mat qalar.
Ağabala: O xanəndədir?
Gülzar: Yox. Dəniz buruqlarında işləyir. Adı gərək ki.. Bəxtiyar Muradovdur.
Ağabala: Xala!
Gülzar: Hə?
Ağabala: Neftçi...
Gülzar: Həə.
Ağabala: Oxuyan...
Gülzar: Həə.
Ağabala: Bu lap yerinə düşər ki.. (Ağabala masanın arxasına keçir). Hamınız qulaq asın! Sizin hər biriniz məvacib aldığı sahənin işinə cavabdehdir... Ədil, gör nə deyirəm....
MahnılarNoMahnının adıSözləri və musiqisinin müəllifləri, ifa edənlərMahnının mətniMahnı haqqında
1.Ağacda leyləkMusiqi : Tofiq Quliyev
Sözləri : Ənvər Əlibəyli
İfa edən : Şövkət Ələkbərova"Ağacda leylək"[göstər]
Ənvər Əlibəylinin sözlərinə bəstələnmiş "Ağacda leylək" mahnısı nəqəratsız mahnılara aiddir (bu mahnı həmçinin "Bəxtiyar" kinofilmi üçün yazılmışdır). Mahnının mətn əsasını 11 hecalı şeir bəndləri təşkil edir. Bu bəndlər bir-biri ilə iki-iki qafiyələnir.
Üç hissəli formada bəstələnmiş bu mahnıda mətnin beş bəndinin hamısından istifadə olunur. Mahnının melodik cümlələrinin əksəriyyəti iki dəfə təkrarlanır. Bu, ilk növbədə, mahnının birinci və sonuncu hissələrinə aiddir. Həmin hissələrdə melodik ibarələr aşağı istiqamətdə hərəkət edir.
Mahnının orta bölməsində ibarələr təkrarlanmır, melodik inkişafda isə aşağı istiqamətli hərəkət yuxarıya doğru hərəkətlə növbələşir.[9]
2.RusiyaMusiqi : Tofiq Quliyev
Sözləri : ?
İfa edən : Şövkət Ələkbərova"Rusiya"[göstər]
3.Dostluq mahnısıMusiqi : Tofiq Quliyev
Sözləri : ?
İfa edən : Rəşid Behbudov, ?, ?, ?"Dostluq mahnısı"[göstər]
4.Sevgi valsıMusiqi : Tofiq Quliyev
Sözləri : Ənvər Əlibəyli
İfa edən : Rəşid Behbudov"Sevgi valsı"[göstər]
Kupletdə daha uzun, nəqarətda isə qısa melodik cümlələrin səslənməsi ilə T. Quliyevin "Bəxtiyar" filmi üçün bəstələdiyi digər mahnısı – Ə. Əlibəylinin sözlərinə yazılmış "Sevgi Valsı"nda da rastlaşırıq. Bu mahnının kupletində 11 və 13, nəqarətındə isə 3, 4, 7, 9 hecalı misralar növbələşir.
Adından da bəlli olduğu kimi, mahnı vals ritmində yazılmışdır. Burada yarım not – çərək not ritmik ardıcıllaşması, demək olar ki, bütün kuplet boyu dəyişməz qalır. Nəqarətdə hecaların sayı kimi, bu ritm də dəyişir, beləliklə də həmin bölüm istər ritmika baxımından, istərsədə mətn baxımından kupletdən fərqlənir.[10]
5.Babam evlənirMusiqi : Tofiq Quliyev
Sözləri : ?
İfa edən : Münəvvər Kələntərli, Sona Hacıyeva"Babam evlənir"[göstər]
6.Qızıl üzükMusiqi : Tofiq Quliyev
Sözləri : Rəsul Rza
İfa edən : Rəşid Behbudov"Qızıl üzük"[göstər]
T. Quliyevin yaradıcılığı haqqında danışarkən onun əksər mahnılarının uğurlu taleyini, uzunömürlülüyünü qeyd etmək vacibdir. Lakin onların arasında elələri də var ki, Azərbaycan musiqi xəzinəsinə həmişəlik daxil olmuşdur. Rəsul Rzanın sözlərinə yazılmış "Qızıl Üzük" mahnısı belə klassik nümunələrdəndir. "Bəxtiyar" kinofilmində unudulmaz Rəşid Behbudov tərəfindən ifa edilmiş bu mahnı tez bir zamanda böyük şöhrət qazanmışdır (onu da qeyd edək ki, istər "Bəxtiyar" kinofilmi, istərsə də bəstəkarı olduğu başqa filmlər üçün T. Quliyev bir çox gözəl mahnılar yaratmışdır). "Qızıl üzük" mahnısı nəqəratsız kuplet formasındadır. Mahnıda üç 11 hecalı şeir bəndindən istifadə olunur. Onlar bir-birilə AABA prinsipi əsasında qafiyələnir.
Melodik xəttinin inkişafında maraqlı cəhətlərdən biri ondan ibarətdir ki, burada mətnin həmqafiyə A misraları aşağı hərəkətli melodik ibarələr, bəndin fərqli qafiyəyə malik üçüncü misrası isə yuxarı istiqamətli, kuliminasiya xarakterli ibarələrlə səslənir.
Melodik ibarələr şeir misralarının sətirdaxili bölgüsünə (burada 11 hecalı misra 6+5 kimi qruplaşır) uyğun olaraq bölünür. Bu da şeirin quruluş xüsusiyyətlərinin mahnının melodiyasında dolğun şəkildə tərənnüm olunmasını göstərir.[11]
7.Bakı nəğməsiMusiqi : Tofiq Quliyev
Sözləri : Ənvər Əlibəyli
İfa edən : Rəşid Behbudov"Bakı nəğməsi"[göstər]
"Bəxtiyar" kinofilmi üçün yazılmış "Bakı nəğməsi"ndə (sözləri Ə. Əlibəylinindir) mətn ilə musiqi oxşar şəkildə uzlaşır. Nəqarətlı formada yazılmış bu mahnıda kupletdə 11 hecalı misralar, nəqəratda isə 6 və 8 hecalı misralar səslənir.
Mətnə nəzər saldıqda görürük ki, kuplet ənənəvi olaraq dörd deyil, üç misradan ibarətdir. Kupletdəki melodik cümlələr mətnə uyğun olaraq, daha uzundur. Nəqarət bölümü isə qısa-qısa ibarələrin səslənməsinə əsaslanır.[12]
8.Sevgilim"Sevgilim"[göstər]
9.Zibeydə"Zibeydə"[göstər]
10.Nazlı gözəl"Nazlı gözəl"[göstər]
Digər dillərdə
Rusca: Бахтияр, Любимая Песня
İngiliscə: Bakhtiyar, Favourite Song, My Favourite Song
Türkcə: Bahtiyar, Sevimli Şarkı
Tarix: 11.02.2013 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 2120 Bölmə: Filimler