Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbrahim (a.s.)-ın Kəbəni inşa edərkən duası

Qurani Kərimdə varid olan qısa və lakin geniş məna ifadə edən dualardan biri də, Allah təalanın nəbisi, xəlili İbrahim və oğlu İsmaildən -aleyhiməssəlam- zikr etdiyi bu ayədir: "Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “ (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!" – deyə dua etdilər. (İbrahim və İsmail dedilər: ) “Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!" (Onlar yenə dedilər: ) “Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən".» (əl-Bəqərə-127, 129) .

Bu ayələr İbrahim və oğlu İsmailin –aleyhiməssəlam- özləri üçün, zürriyyətləri üçün etdiyi duanı bir cümlədə qısa və lakin geniş mənada ifadə edir.
Birinci dua: "Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!» Bu mübarək duanı onlar Kəbəni inşa edərkən deyirdilər. İbn Abbasdan -radiyallahu anhu- gələn rəvayətdə o belə buyurur: "Kəbənin bünövrəsini ucaltmaq üçün qalxıb, deyirdilər: “Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) Eşidənsən, Bilənsən!". Onlar, uca saleh əməl edərək Rəbblərindən bu əməli onlardan qəbul etməsi üçün dua edirdilər, onlar əzəmətli bir itaət və tərifə layiq bir səy üzərə idilər.»
Düşünün! Həniflərin imamı və muvahhidlərin nümunəsi İbrahim əleyhissəlam Allah subhanahu və təalanın əmri ilə Allahın evi Kəbəni inşa edir, bununla belə qəbul olunmamasından qorxur və təlaş içindədir!!!
Rəvayət olunur ki, Vuheyb ibn Vərdd, "Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et,..." ayəsini oxudu, sonra ağladı və dedi:“Ey Rəhmanın Xəlili!" Rəhmanın evinin bünövrəsini qaldırırsan və duanın qəbul olunmamasındn qorxu içərisindəsən» . Hafiz ibn Kəsir -rahiməhullah- təfsirində belə deyir: “Bu hal Allah təalanın möminlərin və muxlislərin halından xəbər verdiyi bu ayədə vəsf olunduğu kimidir: "... o kəslər ki, verməli olduqlarını (zəkatı, sədəqəni) verirlər» (Möminin, 60). Yəni, onlara verilən sədəqə, nəfəqə və qurbandan Allah yolunda xərcləyərlər. "Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşür». Yəni, onlardan bu əməlin qəbul olunmamasından qorxurlar. İmam Əhməd Müsnədində Möminlərin anası Aişənin -radiyallahu anhə- belə dediyini rəvayət edir: "Dedim: Ey Allahın rəsulu! "Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər» ayəsi zina edən, içki içən kəslərə aiddir?" Dedi:“Xeyir! Ey Əbu Bəkirin qızı-və ya Xeyir! Siddiqin qızı!, O oruc tutan, namaz qılan və sədəqə verən lakin ondan bu əməlinin qəbul olunmasından qorxan kəsdir"». (İmam Əhməd, 6/205; Tirmizi, 3175; İbn Macə, 4198; Şeyx Albani “Səhih"əsəri ( 162)
Ikinci dua: "Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman) et». Yəni, bizləri sənin dininə təslim olanlardan, itaətinə boyun əyənlərdən, hökmünə boyun əyənlərdən et. Burada Allah təaladan itaətdə sabit olmaq və İslam üzrə davam etmək üçün dua edilir. Bu ayə açıq-aydın dəlalət edir ki, qulun daima İslam üzrə davam etməsi və İslamda sabit olması üçün Rəbbi tərəfindən müvəffəqiyyətə və sabitliyə ehtiyacı vardır. Ona görə də, möminlərin anası Ümmi Sələmə -radiyallahu anhə- rəvayət edir ki, "Rəsulullahın -sallallahu aleyhi və səlləm- ən çox etdiyi dua “Ey qəlbləri çevirən! Qəlbimi dinin üzrə sabit et!" duası idi. Dedim: “Ey Allahın rəsulu! Sənin ən çox etdiyin dua “Ey qəlbləri çevirən! Qəlbimi dinin üzrə sabit et!" duasıdır?" Rəsulullah -sallallahu aleyhi və səlləm- ded:i:“Ey Ümmi Sələmə! Elə bir insan yoxdur ki, onun qəlbi Allahın barmaqlarından iki barmağının arasında olmasın. Kimi istəyir düzəldər, kimi də istəyir azdırar». (Tirmizi, 3522; Şeyx Albani “Səhih" (2091) əsərində səhihləşdirmişdir)
Üçüncü dua: "...nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et» . Yəni, zürriyyətimizdən Sənə təslim olan ümmət et. Hafiz ibn Kəsir -rahiməhullah- deyir: “İbrahim və İsmailin -aleyhiməssəlam- etdikləri bu du Allah təalanın müttəqi və mömin qullarından xəbər verdiyi bu duadır: " Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər» . (Furqan, 74). Bu şəriətdə təşviq olunan duadır. Həqiqətən də qulun Allah subhanahu və təalaya olan ibadətində, onun zürriyyətinin Allaha ibadət etmələri və Ona heç bir şeyi şərik qoşmamalarını istəməsi Allaha qarşı olan məhəbbətin kamilliyindəndir. Ona görə də Allah təala İbrahimə -aleyhissəlam- deyir: "...“Səni insanlara imam təyin edəcəyəm", -dedi. (İbrahim isə: ) “Nəslimdən necə?" – deyə soruşdu. (Allah onun cavabında: ) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə nail olmazlar", -buyurdu» . (Bəqərə, 124). (İbn Kəsir, Təfsir 1/267)
Dördüncü dua: "...bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər,» . Yəni, Bizə həcc əməllərimizi öyrət və bildir, dinimizin qaydalarını və həccimizin əhkamlarını.
Beşinci dua: "Tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!» . Bu Allahdan günahlar üçün tövbə edilən duadır. Tövbə günahlardan çəkinmək ilə Allaha dönmək, peşmançılıq hiss etmək və bir daha həmin günaha dönməməyə əzm etməkdir.
Allamə Sadi -rahiməhullah- deyir: “Qul hansı halda olursa olsun, şübhəsiz ki, “Tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!" deyərək təqsirini etiraf etməyə və tövbəyə ehtiyacı vardır." (İbn Sə`di təfsir səh. 60)
Altıncı dua: "Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən». Bu dua haqqında deyilmişdir: “İbrahim və İsmail -aleyhiməssəlam- bu duanı onların zürriyyətindən olan müsəlman ümməti üçün, həmçinin Allah Təalanın Məkkə əhli üçün onlara özlərindən rəsul göndərməsi üçün etmişdir". Yəni: “Onların cinsindən, bariz, bəlağətli dillərindən onlara dünya və din nemətlərini tamamlamaq üçün rəsul göndər". İkinci bu sözə əsasən onların bu duası nəbimiz Muhəmmədə -sallallahu aleyhi və səlləm- xüsusilə aiddir. Belə ki, Allah təala Məkkə əhlinə nəbimiz Muhəmməddən -sallallahu aleyhi və səlləm- qeyrisini göndərməmişdir. (Təbəri, Təfsir 2/572)
Bu duada nəzərdə tutulanın ikincisi olması həqiqətində ixtilaf yoxdur. Çünki Rəsulullah sallallahu aleyhi və səlləm İsmail övladlarından, İsmail -aleyhissəlam- isə İbrahimin -aleyhissəlam- zürriyyətindəndir. Ona görə də, Muhəmməd -sallallahu aleyhi və səlləm- belə deyərdi: "Mən atam İbrahimin dəvətçisiyəm» . (Əhməd 4/127-128; Həkim,Urbad İbn Səriyyə əs-Suləmiyyi radiyallahu anhudan, 2/418; İmam Əhməd, 5/262, Əbu Uməmə Bəhiliyyə radiyallahu anhudan; Hakim, 2/600, Rəsulullahın -sallallahu aleyhi və səlləm- səhabələrindən; Şeyx Albani rahiməhullah "Səhih» əsərində (1045-1046) səhihləşdirmişdir.
"Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin,» ayəsində Kitabdan məqsəd elm əhlinin də qeyd etdiyi kimi Qurani Kərim, "Hikmətdən» məqsəd isə sünnədir. "...onları (günahlardan) təmizləsin!» ayəsi isə, ixlasla, Allaha itaətlə və boyun əyməklə Allaha ibadət etsinlər mənasını ifadə edir.
Sonsuz qüdrət sahibi olan Allahdan bizə iman ləzzətini, həqiqətini və kamilliyini bəxş etməsini, beləcə bizi peyğəmbərlərlə, şəhidlərlə və salehlərlə həşr etməsini diləyirik. Onlar necə gözəl dostdurlar. Şübhəsiz ki, Allah çox Cəvvad və Kərimdir.


Tarix: 07.05.2013 / 21:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 956 Bölmə: Dualar
loading...