17. Müsəlman kişi və qadınlar üçün bağışlanma diləmək
Allah-təala Məhəmməd Peyğəmbərə (sallallahu aleyhi va əlihi va səlləm) əmr edərək belə buyurmuşdur:
فَاعْلَمْ أَنَّهُ لَا إِلَهَ إِلَّا اللَّهُ وَاسْتَغْفِرْ لِذَنبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَاللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَاكُمْ?
“(Ya Rəsulum!) Bil ki, Allahdan başqa heç bir haqq ilah yoxdur. (Ondan) həm öz günahlarının, həm də mömin kişilərin və qadınların bağışlanmasını dilə. Allah gəzib-dolandığınız yeri də, dayanıb-duracağınız yeri də bilir! ” [1]
Nuh Peyğəmbərin (aleyhi-s-səlləm) belə dediyini buyurmuşdur:
رَبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَن دَخَلَ بَيْتِيَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا تَبَارًا?
“Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (Qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!” [2]
Həmçinin, səhabələrdən sonra gələn möminləri öyərək belə buyurmuşdur:
وَالَّذِينَ جَاؤُوا مِن بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِّلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَؤُوفٌ رَّحِيمٌ?
“Onlardan (Mühacirlərdən və Ənsarlardan) sonra gələnlər (tabiin) belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən! ”” [3]
Ubadə ibn əs-Samitdən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Kim mömin kişi və qadınlar üçün bağışlanma diləyərsə, ona hər bir mömin kişi və qadının sayı qədər savab yazılar”[4]
Hədisdən aydın olur ki, müsəlmanlar üçün bağışlanma diləməyin nəinki bağışlanma dilənənlərə, hətta, diləyənə belə böyük savabı vardır. Şübhəsiz ki, keçmiş və gələcək mömin kişi və qadınların sayının çoxluğu bizə məlumdur və onların dəqiq sayını Allahdan başqa heç kəs bilməz. Bu duanın əcrinin həddindən artıq böyük olduğuna görə keçən ayələrdə gördüyümüz kimi Peyğəmbərlər və saleh insanlar belə dua etməyi heç vaxt tərk etməmişlər.
Əhməd ibn Dahhəkin belə dediyi rəvayət edilmişdir:
“Yuxumda Şureyh ibn Yunisi gördüm və ona dedim: “Rəbbin sənə nə etdi, ey Əbu Haris?” Dedi: “Məni bağışladı və qəsrimi Məhəmməd ibn Bəşirin qəsrinin yanında etdi.” Dedim: “Ey Əbu Haris, sən Məhəmməd ibn Bəşirdən çox üstünsən axı?” Dedi: “Elə demə! Həqiqətən, Allah-təala Məhəmməd ibn Bəşir üçün hər bir mömin kişi və qadının əməlindən pay hazırlamışdır. Çünki o, dua etdiyi zaman Allahım, mömin və müsəlman kişi və qadınları bağışla” deyərdi.” [5]
Allah-təaladan bütün müsəlmanların günahlarının bağışlamasını diləyirəm.
18. Möminlərə tənə və lənət etməkdən uzaq olmaq
Artıq bizə keçən ayə və hədislərdən möminlər üçün bağışlanma, rəhmət, qüvvət, əmin-amanlıq və s. diləməyin həm diləyənə həm də dilənənə dünyada və axirətdə nail olacağı fəzilətin, savabın və başqaları üçün dua etməklə öz duasının qəbul olacağına səbəb olması aydın oldu. Şübhəsiz ki, belə bir saleh əməlin müsəlmanlar arasında yayılması onların bir-birinə olan sevgisinə, yaxınlığına, bağlılığına və s. dəlildir. Həqiqətən də müsəlman daima müsəlman qardaş və bacıları üçün xoşbəxtlik, hidayət və xeyir istəməli, onlara qarşı rəhmli və mərhəmətli olmalıdır. Əgər kim bu sifətlərə nail olarsa, şübhəsiz ki, o, Qiyamət günü insanlara şahid və şəfaətçi olmağa layiq olar.
Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Tənəçi və lənətcil insanlar Qiyamət günü şahid və şəfaətçi olmazlar.” [6]
Hədisdən aydın olur ki, müsəlman həmişə müsəlmanlara xeyir-dua etməli, onları söyməkdən tənə və lənət etməkdən uzaq olmalıdır.
Abdullah ibn Ömərdən (radiyallahu anhumə) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Möminə lənətcil olmaq yaraşmaz”.[7]
Abdullah ibn Məsuddan (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Mömin tənə edən, lənət oxuyan, kobud və əxlaqsız olmaz”.[8]
Həmçinin, Abdullah ibn Amrdan (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Müsəlman o kəsdir ki, müsəlmanlar onun dilindən və əlindən salamat qalar.”[9]
Əgər müsəlman müsəlmanlara dua etməzsə, xeyir verməzsə, onların ehtiyacını ödəməyə çalışmazsa, heç olmasa şər və əziyyət verməkdən uzaq olmalıdır.
Əbu Musa əl-Əşaridən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Hər bir müsəlmana sədəqə vermək vacibdir. Dedilər: - Ey Allahın Peyğəmbəri, əgər tapmazsa? Dedi: - Əli ilə çalışsın, özünə mənfəət qazansın və sonra sədəqə versin. Dedilər: - Əgər bacarmazsa? Dedi: - Çətinlikdə olana kömək etsin. Dedilər: - Əgər bacarmazsa? Dedi: - Yaxşı işləri əmr etsin. Dedilər: - Əgər bacarmazsa? Dedi: - Şər verməkdən çəkinsin. Çünki bu onun üçün sədəqədir.” [10]
Onu da bilmək lazımdır ki, müsəlmanlara tən və lənət etməyin şərinin dərəcələri vardır. Bu dərəcələrin ən şərlisi və qorxulusu müsəlmanların ən xeyirlilərini - səhabələri və onlara həqiqi tabe olan elm və iman əhlini tən və lənət etməkdir. Şübhə yoxdur ki, bu çirkin işlərə yalnız qəlbləri xəstə olan və yolunu azmış bidət əhlində rast gəlmək olar. Halbuki, Allah-təala “Qurani-Kərim” də səhabələri bir neçə yerdə tərifləmiş, onların həqiqi iman sahibi, əməli-saleh olduqlarını təsdiqləmiş, Cənnət əhli olduqlarını bəyan etmiş və hətta, onlara tabe olmağı əmr etmişdir.
Allah-təala buyurur:
وَالسَّابِقُونَ الأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالأَنصَارِ وَالَّذِينَ اتَّبَعُوهُم بِإِحْسَانٍ رَّضِيَ اللّهُ عَنْهُمْ وَرَضُواْ عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ?
“(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, Həmçinin, yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!” [11]
Həmçinin, buyurmuşdur:
وَمَا لَكُمْ أَلَّا تُنفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ لَا يَسْتَوِي مِنكُم مَّنْ أَنفَقَ مِن قَبْلِ الْفَتْحِ وَقَاتَلَ أُوْلَئِكَ أَعْظَمُ دَرَجَةً مِّنَ الَّذِينَ أَنفَقُوا مِن بَعْدُ وَقَاتَلُوا وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَى وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ?
“(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki, göylərin və yerin mirası (bütün sərvəti, eləcə də, siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı), ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!” [12]
Həmçinin, buyurmuşdur:
مُّحَمَّدٌ رَّسُولُ اللَّهِ وَالَّذِينَ مَعَهُ أَشِدَّاء عَلَى الْكُفَّارِ رُحَمَاء بَيْنَهُمْ تَرَاهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلًا مِّنَ اللَّهِ وَرِضْوَانًا سِيمَاهُمْ فِي وُجُوهِهِم مِّنْ أَثَرِ السُّجُودِ ذَلِكَ مَثَلُهُمْ فِي التَّوْرَاةِ وَمَثَلُهُمْ فِي الْإِنجِيلِ كَزَرْعٍ أَخْرَجَ شَطْأَهُ فَآزَرَهُ فَاسْتَغْلَظَ فَاسْتَوَى عَلَى سُوقِهِ يُعْجِبُ الزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ الْكُفَّارَ وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًا?
“Muhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar [möminlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər. Sən onları [namaz vaxtı] rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti [axirətdə] üzlərində olan səcdə izidir [nurudur]. Bu onların “Tövrat”dakı vəsfidir. “İncil” də isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da [o cücərti də] möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. [Allahın bu təşbihi] kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət [günahlardan bağışlanma] və böyük mükafat [Cənnət] vəd buyurmuşdur!” [13]
Başqa bir ayədə buyurmuşdur:
لِلْفُقَرَاء الْمُهَاجِرِينَ الَّذِينَ أُخْرِجُوا مِن دِيارِهِمْ وَأَمْوَالِهِمْ يَبْتَغُونَ فَضْلًا مِّنَ اللَّهِ وَرِضْوَانًا وَيَنصُرُونَ اللَّهَ وَرَسُولَهُ أُوْلَئِكَ هُمُ الصَّادِقُون? وَالَّذِينَ تَبَوَّؤُوا الدَّارَ وَالْإِيمَانَ مِن قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِّمَّا أُوتُوا وَيُؤْثِرُونَ عَلَى أَنفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ وَمَن يُوقَ شُحَّ نَفْسِهِ فَأُوْلَئِكَ هُمُ الْمُفْلِحُونَ?
“(Bu qənimət) yurdlarından qovulub çıxardılmış, Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar (imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir!
Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Peyğəmbərə (sallallahu aleyhi va əlihi va səlləm) qəlbən) iman gətirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!” [14]
Həmçinin, buyurmuşdur:
لَقَدْ رَضِيَ اللَّهُ عَنِ الْمُؤْمِنِينَ إِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمْ فَأَنزَلَ السَّكِينَةَ عَلَيْهِمْ وَأَثَابَهُمْ فَتْحًا قَرِيبًا?
“(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbr, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı.” [15]
Əbu Səid əl-Xudridən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) səhabələri söyməkdən onları tən və lənət etməkdən çəkindirərək buyurmuşdur:
“Mənim əshabələrimdən heç bir kəsi söyməyin! Əgər sizin biriniz Uhud dağı qədər qızıl sədəqə verərsə, onların verdiyi bir ovuc sədəqəyə hətta, yarısına belə çatmaz.”[16]
Həmçinin, müsəlmanların ölülərini də söymək və lənət etmək olmaz.
Şeyxu-l-İslam ibn Teymiyyə (rahiməhullah) demişdir: “Ölülərə lənət etmək dirilərə lənət etməkdən pisdir. Çünki Peyğəmbərdən (sallallahu aleyhi va əlihi va səlləm) rəvayət olunur ki:
“Ölüləri söyməyin! Artıq onlar etdikləri əməllərinə qovuşmuşlar.”[17]
Həmçinin, digər bir hədisdə demişdir:
“Ölülərimizi söyərək, dirilərimizə əziyyət verməyin.”[18]
Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) bu hədisi bəzilərinin kafirlərdən olan Əbu Cəhli və qeyrilərini söyərək onların İslamı qəbul etmiş qohumlarına əziyyət verdiklərini görərək söyləmişdir. [19]
Müsəlmanlardan olan fasiqləri lənət etməyin hökmü
İslam dini bizə müəyyən bir müsəlman olan fasiqi lənət etməyi əmr etməmişdir. Lakin Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) ümumi olaraq fasiq müsəlmanı təyin etmədən lənət etmişdir.
Əbu Hureyrədən rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Allah oğruya lənət etsin...!”[20]
Həmçinin, Əli ibn Əbu Talibdən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Allahdan qeyrisinə qurban kəsənə Allah lənət etsin! Cinayətkara sığınacaq verənə Allah lənət etsin! Valideyninə lənət edənə Allah lənət etsin! (Yerin) nişanələrini dəyişənə[21] Allah lənət etsin!”[22]
Həmçinin, digər bir hədisdə isə belə buyurmuşdur:
“Allah şəraba, onu çəkənə, çəkdirənə, daşıyana, daşıtdırana, süzənə, içənə və qiymətini yeyənə lənət etsin.”[23]
Alimlər müəyyən bir fasiq müsəlmana lənət etməyin (yəni Allah filankəsə şərab içdiyinə görə, lənət etsin və s.) hökmündə ixtilaf etmişlər. Bəziləri icazəli olduğunu, bəziləri isə icazəli olmadığını söyləmişlər. İmam Əhməd onun məkruh olduğunu söyləmişdir. Lakin ümumi olaraq Allah-təala “Qurani-Kərim”də buyurduğu kimi:
... أَلاَ لَعْنَةُ اللّهِ عَلَى الظَّالِمِينَ?
“... Zalimlərə Allahın lənəti olsun!” [24] demək olar
Ömər ibn əl-Xəttabdan (radiyallahu anhu) rəvayət olunur ki:
“Peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) dövründə Abdullah adlı bir kişi var idi. Ləqəbi Himar idi. Artıq Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) onu şərab içdiyinə görə şallaqlamışdı. Bir gün (yenə də şərab içdiyinə görə) gətirildi və Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) onun şallaqlanmasını əmr etdi və əmr yerinə yetirildi. Orada olan bir kişi dedi: - Allah ona lənət etsin! Bu nə çox [şərab içdiyinə görə Peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) yanına] gətirilir?! Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: - Ona lənət etməyin! Allaha and olsun ki, həqiqətən o, Allahı və Rəsulunu sevir.” [25]
İbn Teymiyyə (rahiməhullah) demişdir: “Artıq Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) çoxlu şərab içən bu kişinin, Allahı və Rəsulunu sevdiyini bəyan edərək, onu lənət etməkdən çəkindirdi. Halbuki, keçən hədislərdən aydın oldu ki, Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) şərab içəni lənətləmişdir. Bu ona dəlildir ki, ümumi olaraq (fasiq müsəlmana) lənət etmək olar. Lakin müəyyən edərək Allahı və Rəsulunu sevən (fasiq müsəlmana) lənət etmək olmaz.” [26]
19. Ata - ana və qohum əqrəba üçün dua etmək
Artıq bizə müsəlmanlar üçün dua etməyin, xeyir, rəhmət və məğfirət diləməyin nə qədər böyük bir əcri olduğu məlum oldu. Əgər ümumi olaraq müsəlmanlar üçün dua etmək tələb olunan üstün bir işdirsə, qohum-əqrəba üçün, xüsusi ilə də ata-ana üçün dua etmək daha da üstün və qat-qat gözəldir. Çünki qohumlar, xüsusi ilə də ata-ana yaxşılıq edilməkdə qeyrilərinə nisbətən daha da üstün və layiqdirlər.
Necə ki, Allah-təala buyurmuşdur:
وَالَّذِينَ آمَنُواْ مِن بَعْدُ وَهَاجَرُواْ وَجَاهَدُواْ مَعَكُمْ فَأُوْلَـئِكَ مِنكُمْ وَأُوْلُواْ الأَرْحَامِ بَعْضُهُمْ أَوْلَى بِبَعْضٍ فِي كِتَابِ اللّهِ إِنَّ اللّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ?
“Sonradan (Hüdeybiyyə sazişindən sonra, Məkkənin fəthindən əvvəl) iman gətirib hicrət edənlər və sizinlə bərabər döyüşənlər (cihad edənlər) də sizdəndirlər. Qohumlar Allahın Kitabında bir-birinə daha yaxındırlar. Həqiqətən, Allah hər şeyi biləndir!” [27]
Bəhz ibn Həkim atasından, o da babasından rəvayət edir:
“Dedim: - Ey Allahın Rəsulu, kimə yaxşılıq edim? Dedi: - Anana. Dedim: - [Sonra] Kimə yaxşılıq edim? Dedi: - Anana. Dedim: - [Bəs sonra] Kimə yaxşılıq edim? Dedi: - Atana sonra da yaxınlarına. (Yaxın qohumlarına).”[28]
Ən üstün yaxşılıqlardan biri də duadır.
Allah - təala buyurmuşdur:
وَقَضَى رَبُّكَ أَلاَّ تَعْبُدُواْ إِلاَّ إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا إِمَّا يَبْلُغَنَّ عِندَكَ الْكِبَرَ أَحَدُهُمَا أَوْ كِلاَهُمَا فَلاَ تَقُل لَّهُمَآ أُفٍّ وَلاَ تَنْهَرْهُمَا وَقُل لَّهُمَا قَوْلاً كَرِيمًا. وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُل رَّبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا?
“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi [onlara yaxşı baxıb gözəl davranmağı] buyurmuşdur. Əgər, onların biri və ya hər ikisi, sənin yanında [yaşayıb] qocalığın ən düşkün çağına yetərsə, onlara “Uf!” – belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!
Onların hər ikisinə acıyaraq, mərhəmət qanadının altına alıb ”Ey Rəbbim! Onlar məni körpəliyimdən [nəvazişlə] tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et! ”- de.” [29]
Ayədən məlum olur ki, Allah-təala valideynlərə yaxşılığın bütün növləri ilə - sözlə və fellə - yaxşılıq etməyi, xüsusi ilə də onlar üçün rəhmət oxumağı və dua etməyi əmr etmişdir. Çünki onlar insanın var olmasına səbəbdirlər.
Əgər valideynlər müsəlmandırlarsa onlara rəhmət və məğfirət diləmək olar. Lakin kafir və ya müşrikdirlərsə, onlar üçün rəhmət və məğfirət diləmək olmaz.
Allah-təala buyurmuşdur:
مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُواْ أَن يَسْتَغْفِرُواْ لِلْمُشْرِكِينَ وَلَوْ كَانُواْ أُوْلِي قُرْبَى مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَابُ الْجَحِيمِ?
“Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz!” [30]
Lakin onlara hidayət və haqqı qəbul etmələri üçün dua etmək bəyənilir.
Əbu Hureyrənin belə dediyi rəvayət olunur:
“Anam müşrik idi və mən onu İslama dəvət edirdim. Bir gün onu (İslama) dəvət etdiyim zaman mənə Rəsulullah barədə sevmədiyim bir şey eşitdirdi. Mən ağlayaraq Peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) yanına getdim və dedim: - Ya Rəsulullah, mən anamı İslama dəvət edirdim, lakin o məndən üz çevirirdi. Bu gün [yenə] dəvət etdim. Mənə Sənin barəndə sevmədiyim bir şey eşitdirdi. Allaha dua et, Əbu Hureyrənin anasına hidayət versin. Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: - Allahım, Əbu Hureyrənin anasına hidayət ver. Mən Peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) duasına sevinərək çıxdım. O vaxt ki, gəlib qapıya çatdım, qapının bağlı olduğunu gördüm. Anam ayaqlarımın səsini eşidərək dedi: - Yerində dur, ey Əbu Hureyrə! Və mən suyun səsini eşitdim. [Anam] qusul edərək paltarını geyinib şalını örtmədən qapını açdı. Sonra dedi: - Ey Əbu Hureyrə, şəhadət verirəm ki, Allahdan başqa [ibadət olunmağa haqqı olan məbud] ilah yoxdur və şəhadət verirəm ki, Məhəmməd onun qulu və elçisidir. Mən sevincimdən ağlaya-ağlaya Peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) yanına gəldim və dedim: - Ey Allahın elçisi, gözün aydın! Artıq Allah-təala Sənin duanı qəbul edərək Əbu Hureyrənin anasına hidayət verdi...”[31]
Əgər valideynlər müşrikdirlərsə, onlar üçün Allah-təaladan hidayət istəyərək dua etmənin icazəli, hətta, müstəhəb olduğu hədisdən aydındır. Lakin lazımdır ki, dua ilə yanaşı dəvət də yaddan çıxarılmasın. Necə ki, Əbu Hureyrə (radiyallahu anhu) həm anasını İslama dəvət edərdi, həm də Allahdan onun üçün hidayət diləyərdi.
Saleh övladın müsəlman valideynləri üçün etdiyi duasının onlar həyatda ikən faydası olduğu kimi eləcə də vəfat etdikdən sonra da faydası vardır.
Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“İnsan öldükdən sonra [savab qazanmaq üçün etdiyi] əməli kəsilər. Yalnız üç şeydən – qoyub getdiyi daimi sədəqədən (tikdiyi məscid, məktəb, bulaq, əkdiyi ağac və s.) yaxud mənfəət qazanılan elmindən, yaxud saleh övladının (onun üçün) etdiyi duasından başqa.”[32]
Həmçinin, Əbu Hureyrənin (radiyallahu anhu) belə dediyi rəvayət olunur:
“İnsan öldükdən sonra dərəcəsi qaldırılar və (təəcüblənərək) deyər: - Ya Rəbb, bu nədir? Ona deyilər: - Övladın sənin üçün bağışlanma diləmişdir.”[33]
Valideynlər üçün dua edərək rəhmət oxumaq, onlar üçün bağışlanma diləmək onlara olan ən böyük yaxşılıqlardan biridirsə, Həmçinin, bilmək lazımdır ki, onları söymək və lənət etmək ən böyük günahlardan sayılır. Fərqi yoxdur ki, insan valideynlərini özü söyə (bu daha da şiddətlidir), yaxud da onların söyülməsinə səbəb ola.
Abdullah ibn Amrdan (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Həqiqətən, böyük günahların ən böyüyü kişinin valideynlərini lənət etməsidir. Deyildi: - Ey Allahın Rəsulu, kişi valideynini necə lənət edə bilər? Dedi: - Bir kişi başqa bir kişini söyər, [oda qayıdıb] onun atasını və anasını söyər.”[34]
Abdullah ibn Amr əl-Asın (radiyallahu anhu) belə dediyi rəvayət olunur:
“Allah dərgahında olan böyük günahlardan biri də kişinin valideyninin söyülməsinə səbəb olmasıdır.”[35]
Həmçinin, Əli ibn Əbi Talib (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) belə dediyini rəvayət etmişdir:
“Allah valideynlərinə lənət edənə lənət etsin.” [36]
Allahdan bizim, valideynlərimizin və bütün müsəlmanların günahlarının bağışlanmasını istəyirəm. Həqiqətən də, O, bağışlayan və rəhimlidir.
20. Allahdan saleh həyat yoldaşı və saleh övladlar istəmək
Hər bir kəsə kişinin istər dünya işlərində istərsə də axirət işlərində ən gözəl yardımçısı onun saleh həyat yoldaşının olduğu bəllidir. Necə ki, Peyğəmbərimiz (sallallahu aleyhi va əlihi va səlləm) bizə ən qiymətli şeyləri nəsihət edərək buyurmuşdur:
“Hər biriniz şükr edən qəlb, zikr edən dil və axirət işlərinə kömək edən möminə zövcə seçin.”[37]
Ona görə də hər bir müsəlman evlənməyə qədəm qoymamışdan öncə saleh, əxlaqlı, itaətkar və s. zövcə və ovladlara nail olması üçün onun ən ilk atacağı addım Allaha əl açaraq uzun- uzadı dua etməsi olmalıdır. Belə etmək gələcək ömür-gün yoldaşını və övladları tərbiyə etməyin ən ilk metodudur. Allah təala Öz sevimli qullarından bəhs edərək buyurmuşdur:
وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَاماً ?
“Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət etməkdə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olanlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!” –deyərlər”.[38]
Həmçinin İbrahim peyğəmbərin (aleyhissələm) belə dediyini buyurmuşdur:
? رَبِّ اجْعَلْنِي مُقِيمَ الصَّلاَةِ وَمِن ذُرِّيَّتِي رَبَّنَا وَتَقَبَّلْ دُعَاء
“Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!”[39]
Həmçinin Zəkəriyyə peyğəmbərin belə dediyini buyurmuşdur:
هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ قَالَ رَبِّ هَبْ لِي مِن لَّدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاء ?
(O zaman) Zəkəriyyə Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən yaxşı övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!”.[40]
Allah – təaladan hər birimizə saleh həyat yoldaşı və saleh övladlar nəsib etməsini diləyirəm.
------------------------------------------------------------------------------
[1] -47)- “Məhəmməd” - 19
[2] -71)- “Nuh” - 28
[3] -59)- “Həşr surəsi” - 10
[4] - Albani həsənləşdirmişdir, “Sahihu-l-cəmi”, 6026-cı hədis.
[5] - əbu Nueym, “Hilyətu-l-övliyə”, 15/113.
[6] - Müslim, 2598-ci hədis.
[7] - Tirmizi, 2019- cu hədis.
[8] - Tirmizi, 1977-ci hədis, Albani səhihləşdirmişdir, “əs-Sahihə”, 320-ci hədis.
[9] - Buxari, 10-cu hədis; Müslim, 41-ci hədis.
[10] - Buxari, 1445-ci hədis; Müslim, 1008-ci hədis.
[11] - 9)- “ət- Tövbə” - 100.
[12] -57)- “əl-Hədid” - 10.
[13] - 48) - “əl- Fəth” - 29
[14] - 59) “əl- Həşr” - 8-9
[15] - 48) “əl-Fəth” - 18
[16] - Buxari, 3673-cü hədis; Müslim, 2540-cı hədis.
[17] - Buxari, 1393-cü hədis.
[18] - Tirmizi, 1982-ci hədis, Albani səhihləşdirmişdir, “Sahih-l-cəmi”, 7312-ci hədis.
[19] - “Minhəcu-s-sunnə”, 4/572-573.
[20] - Buxari, 6783-cü hədis; Müslim, 1687-ci hədis.
[21]- Qonşunun və ya qonşu ölkənin torpağını mənimsəyən.
[22] - Müslim, 5097-ci hədis.
[23] - əbu Davud, 3673-cü hədis, Albani səhihləşdirmişdir. “əl-İrvau-l-ğalil”, 2385-ci hədis.
[24] - 11) "Hud" - 18
[25] - Buxari, 6780.
[26] - “Minhəcu-s-sunnə”, 4/567-574
[27] - 8) “əl-Ənfəl” - 75.
[28] - Tirmizi, 1897-ci hədis, Albani həsənləşdirmişdir. “Sahihu-l-ədəbi-l-Mufrad” 3-cü hədis.
[29] - 17) “əl- İsra” - 23-24.
[30] - 9) “ət-Tövbə” - 113.
[31] - Müslim, 2491-ci hədis.
[32] - Müslim 1631; əbu Davud 2880; Nəsai 6/151
[33] - Albani həsənləşdirmişdir. “Sahihu-l-ədəbi-l-mufrad”, 27,
[34] - Buxari, 5937; Müslim, 90.
[35] - “Sahihu-l-ədəbi-l-mufrad”, 22. Albani həsənləşdirmişdir.
[36] - Müslim, 1978.
[37]- ibn Macə, 1856.
[38] -25) “əl- Furqan”- 74.
[39]- 14) “İbrahim” -40.
[40] - 3) “Əli İmran”- 38
Tarix: 07.05.2013 / 21:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 841 Bölmə: Dualar