Uşaqlıq boynunun eroziyası qadın cinsiyyət üzvlərində, ən çox təsadüf edilən ginekoloji xəstəliklərdən biridir. Hərfi mənada ifadə etsək, eroziya – uşaqlıq boynunun selikli qişasının xoşxassəli dəyişikliyindən ibarətdir. Ancaq ilkin olaraq xoşxassəli olmasına baxmayaraq, uzun müddət mövcud olduğu halda və müalicə olunmadığı təqdirdə, eroziya çox təhlükəli xəstəlik olan uşaqlıq boynunun xərçənginə çevrilə bilər! Məhz buna görə də uşaqlıq boynunun eroziasını vaxtında müalicə etmək lazımdır!
Uşaqlıq boynunun eroziyası əksər hallarda özünü heç bir əlamətlə büruzə vermir və yalnız ginekoloq tərəfindən profilaktik tibbi müayinə zamanı aşkar edilir. Bəzi hallarda eroziyası olan qadınlarda cinsi əlaqə zamanı və ondan sonra qan qarışıqlı ifrazatın və ağrının olması, cinsi yollardan ifrazatın artması və s. əlamətlər müşahidə edilə bilər. Bu əlamətlərdən hər hansı birinin olduğu halda isə, ginekoloqa müraciət etmək vacib hesab edilir!
Uşaqlıq boynunun eroziyasının inkişaf etməsinə müxtəlif infeksiyalar səbəb olur. Bu infeksiyaların bəziləri qadın cinsi yollarında daimi olaraq yaşayır (stafilo-koklar, streptokoklar və s.), bəziləri buraya bağırsaqdan keçir (bağırsaq çöpləri), digərləri isə qadın cinsi əlaqə zamanı (ureaplazma, mikoplazma, xlamidiyalar və s.) yoluxa bilir. Bütün bu infeksiyalar və mikroblar üçün müvafiq münbit şərait yarandıqda (qadının immunitetinin zəifləməsi, hormonal patologiyalar nəticəsində uşaqlıq boynu seliyinin tərkibinin pozulması, uşaqlıq yolunun disbakteriozu, qadın cinsi orqanlarının iltihabi xəstəlikləri və s.), onlar sürətli şəkildə artaraq sözün əsl mənasında uşaqlıq boynunun selikli qişasını “yeyirlər”. Digər halda, abortdan (süni uşaqsalma), doğuşdan, kobud cinsi əlaqələrdən sonra uşaqlıq boynu zədələnir, onun selikli qişasında çatlar, zədələnmə sahələri əmələ gəlir ki, bu da sonradan həmin yerdə eroziyanın yaranmasına səbəb olur.
Qadında uşaqlıq boynunun eroziyası müəyyən edildikdən sonra həkim ona daha bir neçə müayinə (infeksiyalara görə müayinə, uşaqlıq yolu ifrazatının disbakterioza görə əkilməsi və s.) təyin edərək eroziyanın inkişaf etməsinin səbəbi müəyyən edir. Eroziyanın səbəbi müəyyən edilərək aradan götürülməzsə, aparılan müalicədən sonra o yenidən yarana bilər.
Eroziyanın müalicə üsulunun seçilməsi xəstənin yaşından, eroziyanın ölçüsü və formasından, eroziyanın yaranma səbəblərindən, yanaşı gedən xəstəliklərdən və s. asılı olaraq müəyyən edilir. Cavan doğmamış qadınlarda eroziyanı xüsusi dərman preparatları ilə müalicə edirlər. Bu ən sadə, ən ağrısız və ən qoruyucu müalicə üsulu olub, ancaq kiçik ölçülü eroziyaların müalicəsində effektiv olur.
Bu üsuldan savayı, eroziya sahəsinin xüsusi aparatlar vasitəsi ilə maye azotla dondurulması, lazerlə və ya elektriklə yandırılması (lazerokoaqulyasiya və elektro-koaqulyasiya) üsullarından da istifadə edilir. Eroziyanın elektrokoaqulyasiya üsulu ilə müalicə olunması üsulunun, gələcəkdə uşaq olmasını arzulayan qadınlarda tətbiq edilməsi məsləhət görülmür. Çünki bu üsulla müalicədən sonra uşaqlıq boynunun selikli qişası daha dərin şəkildə zədələnir və uşaqlıq boynunun özü isə deformasiyaya uğrayır. Bu isə gələcəkdə hamiləliyin daşınması zamanı müxtəlif problemlərə səbəb ola bilər.
Gecikmiş hallarda, eroziya fonunda xərçəng xəstəliyinin ilkin əlamətləri meydana çıxarsa, cərrahi müalicə üsulundan istifadə edilir.
Tarix: 19.11.2013 / 02:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 340 Bölmə: Cinsel Xestelikler