Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yumurtalıqların xərçəngi

Xərçəng xəstəliyi nədir? Bizim bu kitabın müxtəlif səhifələrində bu xəstəlik haqqında dəfələrlə qeydlər edilmişdir. Buna görə də yumurtalıqların xərçəngi barədə danışmazdan əvvəl, ümumiyyətlə, xərçəng xəstəliyi barədə ümumi məlumatlar vermək yerinə düşmüş olardı. Çünki insanların bir çoxu bu xəstəlik haqqında düzgün məlumata malik deyillər.

İnsan bədəni milyonlarla sayda hüceyrələrdən ibarətdir ki, onların hər bir qrupu orqanizmdə müəyyən vəzifələri yerinə yetirirlər. Məsələn, qandakı eritrositlər (qırmızı qan cisimcikləri) orqanizmin bütün hüceyrələrinə oksigen daşıyır, dəri hüceyrələri insan bədənini örtərək onu müxtəlif zərərli faktorların təsirindən qoruyur və s. Normal hüceyrələr inkişaf edir, bölünərək artır və müəyyən müddətdən sonra ölürlər. Bütün bu proseslər, mütləq olaraq, müəyyən qaydalar çərçivəsində baş verir ki, buna da orqanizm tərəfindən dəqiq nəzarət olunur. Ancaq bəzən hər hansı bir səbəbdən, hər hansı bir orqanın müəyyən qrup hüceyrələrində (mədə, qara ciyər, yumurtalıq, uşaqlıq, dəri və s.) “pozğunluq” baş verir ki, bunun da nəticəsində həmin hüceyrələr birdən-birə çox sürətlə və nəzarətsiz şəkildə bölünməyə başlayaraq orqanizmdə onlar üçün ayrılan vəzifəni yerinə yetirmirlər. Beləliklə, xərçəng şişi formalaşır.

Xərçəng şişi inkişaf edərək sağlam toxumalara da yayılır, onları da öz toxuma hüceyrələri ilə əvəz edərək bu və ya digər orqanların öz funksiyalarını yerinə yetirməsinə mane olur. Xərçəng hüceyrələri qan və limfa damarları vasitəsi ilə bədənin daha uzaq yerlərinə də yayılırlar (metastaz verirlər). Bundan başqa, xərçəng hüceyrələri adətən, insan orqanizminə zərərli təsir göstərən toksik maddələr də ifraz edirlər. Bu maddələrin təsiri nəticəsində insan orqanizminin ümumi vəziyyətinin pisləşməsi (ümumi zəiflik, iştahanın itməsi, kəskin arıqlama və s.) də baş verir.

Beləliklə, xərçəng – bədxassəli bir şişdir! Onun bir çox növlərinin səbəbi tibb elminə bu günə qədər də məlum deyil.

Yuxarıda xərçəng xəstəliyi barədə ümumi məlumat verdikdən sonra, indi də yumurtalıqların xərçəngi barədə danışaq. Bu da bədxassəli şiş olub qadın yumurtalığının hüceyrələrindən inkişaf edir. Əlbəttə ki, yumurtalıq şişlərinin heç də hamısı bədxassəli olmur. Onların bir çoxu xoşxassəli də ola bilir. Metastaz verməyən xoşxassəli bu şişlər cərrahi üsulla xaric olunmaqla müvəffəqiyyətlə müalicə olunurlar.

Yumurtalıqların xərçənginin dəqiq yaranma səbəbləri indiyə qədər də məlum deyil. Həkimlər bu xəstəliyin əmələ gəlməsində bir sıra təhlükə (risk) faktorlarının rolunu qeyd edirlər:
yaş faktoru (yumurtalıqların xərçəngi əksər hallarda qadınlarda aybaşı tsikli qurtardıqdan – 55 yaşından sonra baş verir);
mayalanmaya kömək edə biləcək dərmanların uzun bir müddət ərzində nəticəsiz olaraq tətbiq edilməsi;
sonsuzluq (hətta yuxarıda göstərilən dərmanlardan istifadə edilmədikdə belə);
irsi faktor (yumurtalıqların xərçəngi olan yaxın qohumların olması);
keçmişdə süd vəzi xərçənginin keçirilməsi;
menopauzadan sonra uzun müddət (10 il və daha çox) ərzində əvəzedici müalicə məqsədi ilə estrogenlərin dərman şəklində qəbul edilməsi.

Yumurtalıq xərçənginin gedişi prosesində əsas narahatedici faktor, ilkin dövrlərdə onun praktik olaraq əlamətsiz keçməsidir! Məhz buna görə də onun ilkin dövrlərdə aşkar edilməsi çox nadir hallarda baş verir. Xəstəliyin ilkin dövrlərdə aşkar edilməsi, istənilən onkoloji xəstəliyin ilkin dövrlərdə aşkar edilməsi kimi, uğurlu müalicə aparılması ehtimalını xeyli dərəcədə artırmış olur! Bu xəstəliyin ilkin dövrlərdə diaqnostikası üçün, mütəmadi olaraq ginekoloq tərəfindən aparılan profilaktik müayinələrin əvəzedilməz böyük rolu vardır! Bundan başqa, qadınlar öz orqanizmlərinə çox diqqətlə yanaşmağı öyrənməli və öz bədənlərində hər hansı bir şübhəli əlamətlər yarandığı hallarda (məsələn, qarının ölçüsünün artması, tezləşmiş sidik ifrazı, qəbizlik, uşaqlıq yolundan qan qarışıqlı ifrazatın olması, çanaq nahiyəsində hər hansı bir təzyiq hissiyyatının olması, beldə və ya qarında ağrıların olması, döl yaratma qabiliyyəti olan qadınlarda qeyri-mütəmadi aybaşının olması və s.) təcili olaraq həkimə müraciət etməlidirlər. Əlbəttə ki, sadalanan bütün bu əlamətlər heç də qadında məhz yumurtalığın xərçənginin olmasına dəlalət (subut) etmir və nəticə etibarı ilə hər hansı bir digər, daha az təhlükəli hesab edilən xəstəliyin əlamətləri də ola bilər. Ancaq bu halda qadının hər ehtimala qarşı, həkimə müraciət etməklə, özünü daha ağır xəstəliklərin olmasından sığortalaması daha vacib hesab edilir.

Yumurtalığın xərçənginin qadınlarda, əsasən menopauzadan sonrakı (aybaşı tsiklinin tam kəsilməsi) dövr üçün xarakterik olması barədə biz məlumat vermişdik. Əfsuslar olsun ki, bir çox qadınlar bu dövrdə təhlükədən uzaq olduqlarını düşünərək, profılaktik məqsədlə vaxtaşırı olaraq həkim-ginekoloq tərəfindən müayinədən keçmələrini vacib hesab etmirlər. Bu isə tam səhv fikir olub çox təhlükəlidir! Yumurtalığın xərçəngi və həmçinin digər təhlükəli xəstəliklər məhz bu yaşda olan qadınlar üçün xarakterikdir. Beləliklə, yalnız xərçəng xəstəliyi deyil, cinsi sistemin digər xəstəliklərinin vaxtında diaqnostikası üçün qadınlar bütün həyatları boyu (!!) mütəmadi olaraq ginekoloqun müayinəsindən keçməlidirlər.

Adi ginekoloji müayinə zamanı qadında xərçəng xəstəliyinə şübhə yarandığı halda həkim onu ilk növbədə ultrasəs müayinəsinə (USM) göndərir. USM zamanı şiş aşkar olduğu halda, onun xoşxassəli və ya bədxassəli (xərçəng) olmasını müəyyən etmək məqsədi ilə şiş toxumasından götürülən materialın (biopsiya) laborator müayinəsi aparılır. Bundan daha dəqiq müayinə üsulu isə hələ ki, mövcud deyil. Şiş toxumasından nümunənin götürülməsi (biopsiya) isə ya uşaqlıqdan daxil olmaqla, ya da laparoskopik yolla qarın divarını deşməklə alına bilər.

Yumurtalığın xərçənginə şübhə olan qadınlarda, digər orqanlara metastazların olmasını istisna etmək üçün, əlavə olaraq mədə-bağırsaq sisteminin kontrast rentgen müayinəsi, həmçinin süd vəzilərinin lazımi müayinələri də aparılır. Bəzi tələb olunan hallarda isə həkim tərəfindən qarın boşluğunun kompüter və ya nüvə-maqnit-rezonans tomoqrafiyası müayinəsi də təyin edilə bilər. Yumurtalığın xərçənginin əsas müalicəsi onun cərrahi yolla xaric edilməsidir. Proses qonşu orqanlara da keçmiş olduğu halda, əməliyyat zamanı bəzən həkimlər hər iki yumurtalığı, uşaqlıq borularını da xaric etməli olurlar. Yumurtalıqların xərçəngi zamanı, həmçinin şiş əleyhinə xüsusi kimyəvi dərman preparatlarından istifadə edilməklə, kimyəvi terapiya və şüa terapiyası da tətbiq edilə bilər.

Yumurtalığın xərçəngi – çox təhlükəli xəstəlikdir. Onun müalicəsi nə qədər tez başlanmış olarsa, o qədər də effektli olar!


Tarix: 19.11.2013 / 02:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 425 Bölmə: Cinsel Xestelikler
loading...