Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Polikistoz yumurtalıqlar sindromu

Polikistoz yumurtalıqlar sindromu zamanı hormonal tarazlığın pozulması nəticəsində qadında ovulyasiya prosesi baş vermir. Yumurta hüceyrələri lazımi ölçüyə qədər yetişdikdən sonra yumurtalığı tərk etməyərək, çoxsaylı kiçik kistalar şəklində, onun daxilində qalırlar. Xəstəliyin adı da buradan götürülmüşdür (poliçox, çox kistalar). Kistaların olması səbəbindən yumurtalığın qişası bərkimiş, onun ölçüləri isə xeyli artmış olur. Polikistoz xəstəliyi qadınların sonsuz olmasının ən çox təsadüf edilən əsas səbəblərindən biridir. Bundan başqa, polikistoz xəstəliyi müalicə olunmadığı hallarda, ağır uşaqlıq qanaxmalarına, piylənməyə, yumurtalığın (və ya ölçüsü böyük olduğu halda kistanın) dağılmasına və bəzi hallarda isə hətta onkoloji xəstəliklərə də (uşaqlığın xərçəngi, süd vəzisinin xərçəngi) səbəb ola bilər.

Polikistoz xəstəliyin əsas əlamətləri aşağıdakılardır:
aybaşı tsiklinin pozulması;
bəzi hallarda qanaxma;
bədəndə (sinədə, belin aşağı hissəsində) və üzdə kişi tipinə xas olan şəkildə tük örtüyünün artması;
sızanaqlı səpgilər, dəri və saçların yağlı olması;
50% xəstələrdə səbəbi olmadan çəkinin kəskin şəkildə artması;
USM zamanı yumurtalığın bütün ölçülərinin artması.

Polikistoz xəstəliyi əksər hallarda cinsi yetkinlik dövründə başlayır. Tibbdə bu xəstəliyin hansı səbəbdən inkişaf etməsi barədə hələ ki, dəqiq fikirlər yoxdur. Yalnız o məlumdur ki, hansısa səbəbdən orqanizmdə estrogen hormonlarla (qadın cinsi hormonları) androgen (kişi cinsi hormonları) hormonlar arasında nisbət tarazlığı pozulur (kişi cinsi hormonların hazırlanması artır, qadın cinsi hormonların hazırlanması isə əksinə olaraq azalır) ki, bu da polikistozun yaranmasına səbəb olur. Belə bir fikir də vardır ki, aktiv cinsi yetkinlik dövründə (10-12 yaş) qız uşaqlarının keçirmiş olduqları çoxsaylı kəskin respirator virus infeksiyaları, anginalar, streslər, irsiyyət, ilkin və erkən abortlar (uşaqsalmalar) və s. buna bənzər hallar bu xəstəliyin yaranmasına təkan verə bilərlər.

Müayinə olunduqdan sonra (USM, qanın hormonlara görə müayinəsi, sidikdə androgenlərin təyini) polikistoz diaqnozu təsdiq olunarsa, hormonal dərman preparatları ilə müalicə kursu təyin edilir. Təəssüflə qeyd etmək lazımdır ki, hazırki dövrdə qadınları polikistoz xəstəliyindən tamamilə xilas edə biləcək müalicə üsulları məlum deyil. Bu zaman qarşıya qoyulan əsas məqsəd qadını narahat edən əlamətlərin (aybaşı tsiklinin pozulması, tüklənmə və s.) aradan götürülməsidir. Polikistoz xəstəliyi zamanı xüsusi hormonal dərman preparatları da təyin edilir. Onlardan istifadə edilməsi nəticəsində aybaşı tsiklinin bərpa olunması, kişi cinsi hormonlarının səviyyəsinin azaldılması, qadının artmış olan tüklənmədən, dəridəki səpgilərdən və s. bu kimi əlamətlərdən də xilas olunması əldə olunur. Bu preparatları qadın mütləq olaraq menopauza dövrünə qədər qəbul etməlidir. Əks halda aybaşı tsikli yenə də pozulmuş olacaq.

Polikistozu olan qadın uşaq olmasını arzu etmiş olarsa, bu halda həkimlər ona ovulyasiyanı stimullaşdıran xüsusi hormonal müalicə kursu təyin edirlər.

Əwəllər belə hesab edirdilər ki, qız uşaqlarında polikistozun müalicəsi yalnız onlar ərə getdikdən sonra aparıla bilər. Hal-hazırda bu fikir səhv hesab edilir! Belə ki, orqanizmin hormonal fonu, praktiki olaraq, onun bütün həyat əhəmiyyətli funksiyalarının yerinə yetirilməsinə cavabdehlik daşıyır. Məhz buna görə, polikistozun, həmçinin hormonal sahənin bütün digər xəstəliklərinin müalicəsi mümkün qədər tez başlanmalıdır. Digər bir tərəfdən, uşaq olmasını istəməyən qadınlarda polikistozun müalicəsinin “vacib olmadığı” fikri də səhv hesab edilir. Çünki xəstəliyin müalicənin aparılmadığı təqdirdə, onlarda hansı ağır fəsadların ola biləcəyindən qadınlar çox zaman xəbərsiz olurlar.


Tarix: 19.11.2013 / 02:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 347 Bölmə: Cinsel Xestelikler
loading...