Xalqın vəziyyəti I Şah Təhmasibin hakimiyyətinin son illərində xüsusilə ağırlaşmışdı. Alessandrinin şəhadətinə əsasən, son 8 il ərzində quldurların əli ilə 10 min nəfərdən artıq adam öldürülmüşdü. Yollar təhlükəli idi, tacir anbarlarına hücumlar adi hal almışdı. Həsən bəy Rumlunun qeydlərinə görə, I Şah Təhmasibin ölümü əyanlar arasında böyük təlaşa və çaxnaşmaya səbəb oldu. Seyidlər, qazılar və üləmalar öz həyatları üçün narahat olur, "pozğun ünsürlərin və qara camaatın" (ronud və ovbaş)62 üsyanından qorxurdular. Belə bir təhlükənin heç də xəyali deyil, gerçək olduğunu şahın ölümündən sonra, on gün ərzində Qəzvində qarışıqlıq hökmsürdüyünü xəbər verən İskəndər bəy Münşinin məlumatlarından da görmək olar. İskəndər bəy Münşi yazırdı: "Məhəllələrin qara camaatı (acəmirə) və pozğun ünsürləri (ovbaş) qiyam və iğtişaş üçün başlarını qaldırdılar". Əlbəttə ki, hücumlara ilk növbədə varlı şəhərlilərin özləri məruz qaldı. Həmin günlərdə heç kəs "öz evindən başını çıxarmağa" cəsarət etmirdi. Bu vəziyyət hakimiyyət orqanlarının hadisələrin təhlükəli gedişinin qarşısını almaq qərarına gəldikləri günədək – 1526-cı il mayın 24-dək davam etdi. Həmin gün carçılar şəhərdə belə bir əmri elan etdilər ki, küçələr maneələrdən təmizlənməli və bundan sonra "başqasına əl qaldıran edam ediləcəkdir". Tacqoyma günlərində öz işlərinin baxılmasını tələb edən xalq kütlələri şahın sarayına gəlirdilər. Onların arasında "türklər, taciklər, hərbçilər və rəiyyət" var idi. İsmayıl kəndlilərin və şəhərlilərin partlayışına yol verməmək üçün xalqın vergilər haqqında və inzibati işçilərinə dair şikayətlərinə baxmaq işini dayısı oğlu İbrahim Mirzəyə həvalə etdi64. Məhəmmədi xan Toxmaq Ustaclı, Mirzə Əli Qacar və vəzir Mirzə Şükrulla onunla birgə ədalət divanında iclas etməli idilər. Onların "ən ali divanının" möhürü ilə imzalanan sənədlər qüvvədə olan qanun hüquqlarına malik idi. İsmayılın hakimiyyətinin bir-iki ayı ərzində bütün mülki və dövlət işləri ədalət divanında həll edilirdi. Lakin şahın özünün həll etməli olduğu vilayət hakimlərinin təyin olunması kimi daha mühüm işlər təxirə salınırdı. II İsmayıl itirilmiş vaxtın əvəzini çıxmaq üçün hakimiyyətdən istifadə edir, kef-işrətlə məşğul olurdu. Bir müddətdən sonra şah narazı qaldığı vəzir Mirzə Şükrulla İsfahanini öz vəzifəsindən kənar etdi. Onun yerinə Mirzə Salman təyin edildi. İskəndər bəy Münşi göstərir ki, o, dövlət işlərinin həllində böyük müstəqilliyə malik olduğu halda İsmayıl idarəçilik işlərinə qarışmırdı. Mirzə Salman İsmayıldan dövlət işlərinə kənar adamların müdaxiləsinə yol verməmək və qızılbaş əmirlərinin qarşısında təslim olmamaq barədə göstəriş almışdı65 II İsmayılın dövründə saray vəzifələrinin və vilayət hakimlərinin heyətində bəzi dəyişikliklər həyata keçirildi. Təbiidir ki, bu vəzifələrə əvvəlki kimi azərbaycanlı qızılbaş əyanlarının nümayəndələri təyin edilirdi. Farsların (taciklərin) rolu yalnız mülki işlərlə məhdudlaşırdı. Saray vəzifəsi eşikağasıbaşı (saray təşrifçisi) Hüseynqulu xan Şamlıya həvalə edildi. Mirşah Qazi mustoufi əl-məmalik (baş xəzinədar) oldu. Müseyib xan Şərəfəddin oğlu Təkəli, xan rütbəsi alaraq Rey hakimi təyin edildi. Kürdüstanda Ələşkərt bölgəsinin idarəsi Sulaq Hüseyn Təkəliyə bağışlanıldı. Biz artıq qeyd etmişik ki, Əliqulu xan Şamlı Herat hakimi və Xorasan əmir əl-ümərası təyin olunmuşdu. Murtuzaqulu xan Pornaka Məşhədin idarə olunması etibar edildi. Qarabağın əmir əl-ümərası və Gəncə vilayətinin hakimi Yusif Xəlifə Ziyad oğlu, qacar tayfasından olan Peykər Sultan tərəfindən öldürülmüşdü. Bu vəzifəyə İmamqulu xan Qacar təyin edildi. Kirman hakimi Allahqulu bəy Əfşar, şahın xüsusi hərbi dəstəsinin başçısı (qorçibaşı) vəzifəsinə irəli çəkildi. Mahmud Sultan Əfşar isə Kirman hakimi təyin edildi. Şiraz vilayətinə hakim təyin edilən Vəli xan Qalxançıoğlu Zülqədər az sonra II İsmayılın təzəcə dünyaya gəlmiş oğlu Şahşücanın tərbiyəçisi oldu. "Şərəfnamə"nin müəllifi Şərəf xan Bitlisi Kürdüstanın "əmirlər əmiri" vəzifəsinə keçdi".
Tarix: 21.01.2015 / 13:43 Müəllif: Feriska Baxılıb: 198 Bölmə: Azərbaycanlı sülalələr