Sinəmdə yurd dağı var - “Araz” nəşriyyatında çap olunmuş kitab “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilmiş Məmmədov Bilal Əhliman oğlunun həyat və qəhrəmanlıqlarla dolu döyüş yollarından bəhs edir.
Qarabağ uğrunda müharibənin iştirakçısı, yazıçı–jurnalist Vüqar Əsgərovun “Sinəmdə yurd dağı var” adlı kitabının redaktoru Kamil İsmayılovdur. Kitab “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmiş Məmmədov Bilal Əhliman oğlunun həyat və qəhrəmanlıqlarla dolu döyüş yollarından bəhs edir.
Kitab ancaq bir igidin həyatından yox - Aran Qarabağla Dağ Qarabağın “sərhəddi” olan qədim Sırxavənd kəndinin düşmənə sinə gərən şəhid övladlarının qəhrəmanlıqlarından da söhbət açır.
Portret oçerklər silsiləsini xatırladan kitabın maraqla oxunmasının əsas səbəbi müəllifin həmin odlu–alovlu illərin içində səngər həyatı yaşamasından irəli gəlir. Başqa sözlə, müəllif ya özünün şəxsən iştirak etdiyi döyüşlər və onun iştirakçıları barədə yazmış, ya da regionda gedən başqa döyüşün iştirakçısı ilə üzbəüz oturub söhbət etdiklərini kağıza köçürmüşdür. Maraqlısı bir də odur ki, oçerklərdə adları çəkilən şəhər və kəndlərimizin əksəriyyəti haqqında yeri düşdükcə ya statistik, ya da tarixi faktlar xatırlanır.
Kitabda döyüş səhnələri real savaş ovqatı yaradır, hətta müəllif “könüllü” komandirlərin səriştəsizliyi ucbatından hərbi taktikada bəzən buraxılan səhvləri də yerindəcə elə təqdim edir ki, oxucu onların qəsdən edilmədiyinə inanır.
Kitabda kino–ssenari effekti hiss olunur. Hətta oradakı materiallar əsasında çox maraqlı bədii–sənədli film də çəkilə bilər. “Daşbaşı” əməliyyatı”, “Ağır və təhlükəli əməliyyat”, “Minalanmış ərazi” başlıqlı oçerklər bu xüsusiyyəti daha qabarıq nəzərə çarpdırır.
Vaxtilə müxtəlif mətbuat orqanlarında Sırxavənd ətrafındakı döyüşlərin gedişi və onun aslan oğulları barədə yazılar çap edilmişdir. Kitabın müəllifi Vüqar Əsgərov o yazıları yeni kitabının kompozisiyasına uyğun zövqlə seçərək “Mətbuatın dili ilə” rubrikası altında təqdim etmişdir
Tarix: 27.01.2015 / 13:28 Müəllif: Feriska Baxılıb: 78 Bölmə: Azərbaycanın müharibələri