Həyatı
9 oktyabr 1961-ci ildə Laçın rayonunun Yuxarı Cicimli kəndində doğulmuşdur[1]. 1979-cu ildə Cicimli kənd orta məktəbini, 1980-ci ildə isə Sumqayıt şəhərində Texniki Peşə Məktəbini bitirmişdir. 1980-1982-ci illərdə SSRİ daxili qoşunlarında xidmət etmişdir. 1990-cı ildə Laçın rayon Daxili İşlər Şöbəsinin nəzdində yaradılan könüllü bölüyə polis serjantı kimi üzv yazılmışdır. Doğma torpaqlarımız uğrunda mərdliklə döyüşmüş, Laçın rayonunun Fərəcan, Suarası, Pircahan, Cicimli, Səfiyan, Hoçaz kəndləri uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirmişdir. Laçınla yanaşı Kəlbəcər, Qubadlı, Cəbrayıl, Füzuli rayonları uğrunda gedən döyüşlərdə əvəzsiz xidmətləri olmuşdur. 1994-cü il aprelin 21-də Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
Sumqayıt şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi. İki övladı - Sədi və Sahilə yadigar qalmışdır.
Təltifi
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında öz xidməti vəzifəsini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusilə fərqlənmiş starşina İsmayılov Məzahir Sədi oğlu (ölümündən sonra) “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.
Laçın rayonunun Cicimli kənd tam orta məktəbinə Məzahir Sədi oğlu İsmayılovun adı verilmişdir.
Tarix: 26.01.2015 / 19:17 Müəllif: Feriska Baxılıb: 56 Bölmə: Azərbaycanın müharibələri