Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aleksandr Demyanenko

Aleksandr Sergeyeviç Demyanenko (rus. Александр Сергеевич Демьяненко) — rus aktyoru, RSFSR-in xalq artisti (1991).

Həyatı

Aleksandr Sergeyeviç Demyanenko 30 may 1937-ci ildə anadan olmuşdur. O, ən tanınmış rus aktyorlarından biri idi. Onun ifa etdiyi Şurik rolu ötən əsrin 60-cı illərində komediya aləmində ən məşhur obraz sayılırdı.

Sverdlovskda 37 saylı məktəbi uğurla bitirdikdən sonra Demyanenko aktyorluq sənətinə yiyələnmək qərarına gəlir. Bu sahə üzrə təhsil aldıqdan sonra o, Mayakovski adına teatrın səhnəsində bir neçə rol ifa edir. Bundan sonra Aleksandr paytaxtı tərk edir və ömrünün sonuna qədər yaşayacağı Leninqrada gedir.

О 1984-cü ildən Akimov adına komediya teatrının aktyoru kimi çalışmağa başlayır. A. Demyanenko bu teatrın səhnəsində bir sıra parlaq obrazlar canlandırır. "Don Pedro" tamaşasındakı rolu Demyanenkonun son işlərindən biri olmuşdu.

Kino fəaliyyəti

A. Demyanenkonun kino fəaliyyəti Aleksandr Alov və Vladimir Naumovun "Külək" filmindəki rolu ilə başlayır. Bu film 1958-ci ildə ekranlara çıxmışdı. Daha sonra elə həmin rejissorların daha bir filmində çəkilən Demyanenko yenə uğur qazanır. Hətta iş o yerə çatır ki, həmin ekran əsəri Venesiya festivalında iştirak edir. Elə həmin ildə aktyor daha 2 filmə – "Dima Qorinin karyerası" və "Böyük uşaqlar"a çəkilir. Tezliklə Aleksandr Demyanenko Mayakovski adına teatrı tərk edib "Lenfilm" kinostudiyasında fəaliyyətə başlayır.

""I" əməliyyatı və Şurikin başqa macəraları" filmindən sonra Demyanenko komediya aktyoruna çevrilir. Leonid Qaydayın hər üç filmi – ""I" əməliyyatı", "Qafqaz əsiri" və "İvan Vasilyeviç peşəsini dəyişir" hələ o zaman sovet komediya kinosunun "qızıl fond"una daxil olmuşdu.

Çox keçmədən rejissorlar maraqlı rolları Demyanenkodan əsirgəməyə başladılar. Lakin aktyor həmin dövrdə televiziyada ən gözlənilməz obrazlar və hətta monotamaşalarla çıxış etməyə başladı.

Aleksandr Demyanenko ən məşhur dublyaj aktyorlarından biri idi. Belə ki, onun səsilə ekranlarda Ömər Şərif, Jan-Pol Belmondo, Uqo Tonyassi, Robert de Niro, Stiv Buşemi, Con Voyt və b. aktyorlar danışırdılar.

1968-ci ildə A. Demyanenko Leninqrad televiziyasında qısametrajlı "Müqəddəs yalan" qısametrajlı filminə quruluş verir. A. Demyanenko eləcə də uğurla "Çiyələk" serialında çəkilmişdi. 1991-ci ildə ona Rusiyanın xalq artisti fəxri adı verilmişdir.

Aleksandr Sergeyeviç Demyanenko 22 avqust 1999-cu ildə ürək çatışmazlığından vəfat etmiş və Sankt-Peterburqda dəfn olunmuşdur.

Filmoqrafiya
Külək (1958)
Hər şey yoldan başlayır (1959)
Yaşıdlar (1959)
Böyük uşaqlar (1961)
Dima Qorinin karyerası (1961)
Beş gün, beş gecə (1961)
Birinci trolleybus (1963)
"I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965)
Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966)
Sabah, 3 aprel (1969)
Mənim əziz atam (1970)
Köhnə həyatın dramı (1971)
Bağda (1971)
Salam və sağ ol (1972)
Musiqi müəllimi (1972)
İvan Vasilyeviç peşəsini dəyişir (film, 1973)
Açıq kitab (1973)
Yad varis (1974)
Qışın son günü (1974)
Yeganə (1975)
Səmada durna (1977)
Kirpi (1978)
Qışın sonunda görüş (1979)
Yarasa (1979)
Yoldaş İnnokenti (1981)
Yaşıl furqon (1983)
Səni heç vaxt unutmayacağam (1983)
Qoca sehrbazın nağılları (1983)
Köhnə silah haqqında ballada (1986)
Emma (1988)
Reket (1992)
Ev (1995) (kiçik serial)
Çiyələk (1996) (serial)


Tarix: 07.02.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 411 Bölmə: Aktyorlar
loading...