Mirzə Əli Abbasov – Tiflisli olmuş, Tiflis teatrımızın müqtədir aktyoru, rejissor, dramaturq kimi məşhurlaşmışdı.
M. Ə. Abbasov səhnədə böyük həvəslə çalışmışdı. O, Tiflis teatrımızın ən öndər qüvvələrindən biri, Otello, Nadir şah rollarının təkrarsız ifaçısı sayılmış, Hacı Qara, Gavə, Hacı Qəmbər, Əlmənsur, Fon Moor, Ağa Məhəmməd Şah rollarında da gözəl oyun göstərmişdi. Onun repertuar palitrasında "Otello", "Qaçaqlar", "Hacı Qara", "Nadir Şah", "Ölülər", "Arşın mal alan", "Şeyx Sənan", "Dağılan tifaq", "Dəmirçi Gavə", "Qaçaq Kərəm" əsərlərinə verdiyi quruluşlar mühüm yer tutur. M. Ə. Abbasov "Sultan Mahmud Qəznəli", "Fəxrəddin kişi", "Dövre-yi səltənət-i Ənuşirəvan-Adil, yaxud Taq-i Kəsra", "Yusif və Züleyxa" adlı səhnə əsərləri də yazmışdır. Onun tarixi mövzulardakı dramları daha çox qiymətlidir. 1915-ci ildə səhnəyə ayaq açmış "Sultan Mahmud Qəznəli" faciəsi dörd pərdə, beş təsvirdən ibarətdir . Adından da göründüyü kimi, əsər Türk mənşəli Qəznəlilər dövlətinin banisi Sultan Mahmuda həsr olunmuşdur. Burada Sultan Mahmud yenilməz fateh, mahir siyasətçi, elm və mədəniyyətin tərəqqisinə çalışan hökmdar surətidir. Əsərdə Sultan Mahmud hüzurunda olan şairlər Firdövsi, Xaqani, Ünsüri, Əscüdi, Ənbərinin obrazları da yaradılmışdır. Xaqani sultan hüzurunda öz şeirlərini oxuyur, şahənşahı ədalətə, ibadətə çağırır. Firdövsi ölməz "Şahnamə"sini Mahmud Qəznəliyə təqdim edir, sultan dastandakı İran–Turan motivlərindən, zülmə qarşı çağırış ruhundan inciyir, ancaq sonra o, dahi şairə beytlərinin sayı qədər qızıl verilməsini əmr edir. Sultanın xələti şairin vətəninə çatanda Firdövsinin cənazəsi şəhərin darvazasından çıxarılır... Bəhram Gur sultan elçisinə deyir: "Bu, Firdövsinin cənazəsidir. İndi buradan gedərsən Qəznəyə və o pulları da apararsan şahın hüzuruna və deyərsən ki, Firdövsiyi Qəznə ilanı çalmışdır". Əsər belə ibrətamiz məzmuna malikdir. Milli ədəbiyyatımızda tarixi mövzulu dramın ilk örnəkləri kimi "Nadir Şah", "Ağa Məhəmməd Şah Qacar" əsərləri bəllidir. Maraqlıdır ki, tarixi mövzulu dram əsərlərinin hamısı faciə janrındadır.
Sələflərinin məramını davam etdirən M. Ə. Abbasov da tarixlə müasir dövr arasında bənzərlik yaratmaqla, tarixdən ibrət dərsi götürməklə ədalətli, səriştəli rəhbər ideyalarını irəli sürmüşdür. Mirzə Əli Abbasovun ikinci dram əsəri "Dövrey-i səltənət-i Ənuşirəvan-Adil, yaxud Taq-i Kəsra" (Ənuşirəvan Adilin səltənət dövrü, yaxud Kəsra sarayı) adlanır və bu da tarixi mövzuda faciədir. Xatırladaq ki, Ənuşirəvana Kəsrəvilər xanədanına mənsub olduğuna görə həm də Kəsra, onun tikdirdiyi binaya Kəsra sarayı (Taq-i Kəsra) deyilmişdir; Xosrov (Keyxosrov) da Kəsra sözüylə bağlıdır. 1916-cı ilin mayından səhnəyə qoyulmasına icazə verilmiş dörd məclisli və beş şəkilli bu faciədə Sasanilər sülaləsinin məşhur nümayəndəsi Birinci Xosrov Ənuşirəvanın – Kəsranın hökmdarlıq fəaliyyətindən bəhs edilir [50-ç], hadisələrin çox hissəsi Kəsra sarayında vaqe olur, əsas obrazlar Dara, Ənuşirəvanın atası Şah Qubad, Məzdək, Ənuşirəvan (Kəsra), Ənuşirəvanın böyük oğlu vəliəhd Hörmüz və başqalarıdır. Əlbəttə, dramaturq heç də tarixi faktları sadəcə əyaniləşdirməmiş, bu olaylardan öz maarifçilik baxışlarını, ədalətli dövlət başçısı fikirlərini ifadə etməkdən ötrü yararlanmışdır. Əsərdə saray və ədalət problemi önə çəkilir. Şikayətçilər şaha üz tutaraq deyirlər: "Zülmət basıb dünyanı, çıx gör bu tufanı". Faciənin qət hissəsində (sonunda) elçilər şaha peyğəmbərin məktubunu gətirirlər. Ənuşirəvan oğulları Əbuzərin, Hörmüzün qolları üstündə canını tapşırır. Ümumiyyətlə, bütövlükdə Şərq xalqlarının klassik ədəbiyyatlarında olduğu kimi, M. Ə. Abbasovun dramında da Ənuşirəvan adil hökmdar kimi təqdimlənir. M. Ə. Abbasovun yaradıcılığında üstün yeri tarixi dramlar tutması təsadüfi deyildi. O vaxtlar Tiflis teatrımızda "Nadir Şah" (N. Nərimanov), "Ağa Məhəmməd Şah Qacar" (Ə. Haqverdiyev), "Sultan Əbdül Əziz" (M. Hacınski), "Məhəmməd Mirzə Qacar" (M. R. Ehrabi), "Sultan Osman" (F. M. Volter) kimi populyar tarixi dram əsərləri vaxtaşırı səhnələşdirilmiş və bu tamaşaların çoxunda M. Ə. Abbasov baş rolları ifa etmiş, bəzilərinin rejissoru da olmuşdu. Tarixi dram tamaşalarının uğurla qarşılandığının şahidi olmuş aktyor-dramaturq özü də tarixi mövzulara müraciət etmişdi. Bu baxımdan o, milli ədəbiyyatda tarixi dramın baniləri Nəriman Nərimanovun, Əbdürrəhim Bəy Haqverdiyevin davamçısıdır. Borçalıda yaşamış dramaturq Kərim Bəy Şəriflinin "Məhəmmədəli Şah, yaxud Səttarxan" tarixi faciəsi (əsərin başqa adı "Aldatma"dır) mühitdə yeni ədəbi hadisə olaraq dəyərləndirilməlidir. N. Nərimanovun "Nadir Şah", Ə. Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar", Tiflisli M. Ə. Abbasovun "Sultan Mahmud Qəznəli", "Ənuşirəvan-Adilin səltənət dövrü, yaxud Taq-i Kəsra" əsərləri kimi, "Məhəmmədəli Şah, yaxud Səttarxan" əsəri də tarixi, ictimai mündəricəli faciədir.
Tarix: 02.02.2013 / 14:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 543 Bölmə: Aktyorlar