Yaşar Nuri (tam adı: Yaşar Məmmədsadıq oğlu Nuriyev; d. 3 sentyabr 1951, Bakı, Azərbaycan SSR, SSRİ - ö. 22 noyabr 2012, Bakı, Azərbaycan) — azərbaycanlı aktyor, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı; Azərbaycanın xalq artisti.Mündəricat
1 Həyatı
2 Səhnədə ilk addımları
3 Ailəsi
4 Məşhur kino ustası
5 Yubileyləri
6 Teatrda
7 Səhnə fəaliyyəti
7.1 Ümumi və fərdi aktyor priyomları
8 Kino fəaliyyəti
9 Aldığı adlar və mükafatlar
10 Filmoqrafiya
11 Teatr səhnəsindəki rolları
12 Sitatlar
12.1 Şəxsi
12.2 Filmlərdən
12.3 Tamaşalardan
13 İstinadlar
14 Həmçinin bax
15 Xarici keçid
15.1 Video
15.1.1 Filmoqrafiya
Həyatı
Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdir.
Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat etmişdir.
Səhnədə ilk addımları
Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxmışdır. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olmuşdur. Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına məddəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış etmişdir.
Şagird Yaşar gözəgörünən fitri istedada malik idi. O, cəld idi, çevik idi, sıxılmırdı, improvizə edə bilirdi. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi. Uşaq Yaşar rol apararkən gözləri gülürdü. O, özü də öz oyunundan zövq (bəlkə də ləzzət daha dəqiq olardı) alırdı[1].
Yaşar Nuri uşaqlıqda
10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənmişdir.
...İnstitutda, fakültədə, kursda Yaşar qeyri-formal lider idi. Tələbəlik çağlarında hamı ondan çox şey gözləyirdi, hamı onu "hazır aktyor" sayırdı. Yaşarın istedadı yaşından yaşlı idi. İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız Müqəssirlər"də Neznamov və s. obrazları yaratmışdır[1].
1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət etmiş və institutun tədris teatrında aktyor işləmişdir. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.
Ailəsi
Yaşar Nuri 1975-ci il noyabr ayının 28-də Rəhimə xanımla ailə həyatı qurmuşdur. Rəhimə xanım müəllimədir. Onların iki qız övladı var: Ülviyyə və Ülkər.
Məşhur kino ustası
Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur.[2]Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə...", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.
"Yol Əhvalatı" filmindən kadr. Yaşar Nuri Makintoş rolunda
Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olmuşdur. "Azərbaycanfilm" kinostudiyasında isə saysız hesabsız yerli filmləri səsləndirmiş, əcnəbi filmləri dublyaj etmişdir.
Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilmişdir. Səhnədə həmişə canlıdır, təravətlidir, dadlı-tamlıdır, ürəklərə yol tapandır.[3]
Yubileyləri
Aktyorun yubileyləri hər dəfə təntənəli şəkildə keçirilmişdir. 1981-ci ildə 30 illik yubileyində o, ilk fəxri adını - əməkdar artist adını almışdır. 1991-ci ildə 40 illik yubileyində ona "Yaramaz" filmindəki roluna görə Dövlət Mükafatı verilmişdi. 1996-cı ildə 45 illiyinə həsr olunmuş "Səhnəmizin Yaşarı", 2001-ci ildə isə 50 illiyi ilə əlaqədar "Yaşar Olduğu kimi" sənədli filmləri çəkilmişdir. 2011-ci ildə Yaşar Nurinin 60 illik yubileyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təntənəli şəkildə qeyd olunmuşdur.
Teatrda
Aktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi sınamışdır. Teatrda İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" əsərinə quruluş vermiş, kinoda isə "Spasibo" filmini çəkmişdir.
2008-ci ildə aktyor hamını sarsıdaraq, taleyinin ən çətin filmində aldığı baş rolu da adlayıb ötüşdürdü. Bu qorxulu rolda Yaşarı yaşadan və yaşamaq eşqini artıran yenə xalq məhəbbəti, tamaşaçı sevgisi oldu. Çətin və ağır əməliyyatdan sonra ilk dəfə böyük sənət yoldaşı, unudulmaz Həsənağa Turabovun 70 illik yubileyində səhnəyə çıxan Yaşar Nuri yenə də uzun-uzadı alqışlarla qarşılandı. Akademik Milli Dram Teatrının tamaşaçı zalına H.Turabov sənətini sevənlər və mədəni ictimaiyyətin elitası toplanmışdı. Xalqın öz sənətkarına verdiyi qiymətə heç kəsin şübhəsi yoxdur, amma əksər hissəsi sənətkarlardan, incəsənətimizin elitasını təşkil edənlərdən ibarət bu auditoriya da Yaşarın qorxunc xəstəliyə qalib gəlib yenidən səhnədə görünməsinə böyük səmimiyyətlə sevindiyini göstərdi. Bəzi məqamlarda elitanın içində yaşayan eqoizm də sənətkarın ayaq üstə dura bilməsindən doğan sevincə güc gələ bilmədi[4]
Səhnə fəaliyyəti
Akademik Milli Dram Teatrında fəaliyyətə başladığı ilk illərdən Yaşara bir qayda olaraq xarakter rollar tapşırılırdı. Səhnədə ilk rolu Aleksandr Vampilovun "Övlad" ("Böyük oğul")(28 dekabr, 1974) komediyasının tamaşasında Silva rolu olub. Bundan başqa o İlyas Əfəndiyevin "Bağlardan gələn səs" dramında Pərviz (1 oktyabr, 1975), Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı "Bəşərin komediyası və yaxud Don Juan"da Sqanarel(6 mart, 1977), Əkrəm Əylislinin "Quşu uçan budaqlar" pyesində Qasım (29 oktyabr, 1978), Mehdi Məmmədovun təfsirindəki "Dəli yığıncağı" faciəsində Sərsəm Salman (6 may, 1978), Fuad və Zəminə Hacıyevlərin hazırladığı "Sevil"də Əbdüləli bəy(18 noyabr, 1978) obrazlarını yaratmışdır.[5]Bu rollardan bəzilərinə aşağıda daha geniş nəzər salınacaq.
"Səndən xəbərsiz" film-tamaşasından kadr. Yaşar Nuri Elçin rolunda
Yaşarın istər teatrda, istərsə də kino və telekrandakı rolları həcmindən asılı olmayaraq tamaşanın "ağırlıq nöqtəsi"nə dönür. Həmin tamaşalarda aktyorun yanında layiqli yöndaşı olmayanda səhnə əsəri müvazinətini itirir.
İlk tamaşası 1988-ci il sentyabr ayının 24-də göstərilən "Qanlı Nigar" tamaşasında sözün əsl mənasında iki qütb var: birisi Abdi, digəri Nigar. Məhz bu iki personajin ətrafında gedən mürəkkəb, çalpaşıq, təzadlı, yumorlu hadisələr-ümumbəşər məna kəsb edir, düşündürür, güldürür, həyəcanlandırır, ağladır.
Vaqif İbrahimoğlunun yüksək məharətlə, milli teatr poetikası əsasında orijinal quruluş verdiyi bu folklor mənşəli pyes Yaşar Nuri (Abdi) və Amaliya Pənahovanın (Qanlı Nigar) benefisinə, sənət bayramına çevrildi.
Rejissor Vaqif İbrahimoğlu sürət-ritmi yüksək olan "Qanlı Nigar"ın kompozisiyasını bütovlükdə Abdinin üzərində qurmuşdur. Abdi tamaşa ilə tamaşaçılar, Qanlı Nigarla əleyhdarları, reallıqla şərtilik, hətta hər bir obrazın zahiri ilə əsl mahiyyəti arasında əlaqəçidir. Onsuz heç bir əhvalat mövcud deyildir. Aktyor epizoda azacıq yubansa tamaşanın poetikasına, ideyasına, etik-estetik təsirinə xələl gələr. Ana xəttin inkişafı, ali məqsədin "təntənəsi" məhz Y. Nurinin aktyorluq istedadından, peşəkarlıq səviyyəsindən, lap elə şəxsi ovqatından asılıdır. Aktyor tamaşadakı "vəzifəsinin", məsuliyyətini gözəl anlayır, bütün imkanlarını səfərbərliyə alaraq, rolun öhdəsindən məharətlə gəlir. Hər epizodda gülüşlə qarşılanır, alqışlarla yola salınır.[6]
"Bəyin oğurlanması" filmindən kadr. Yaşar Nuri İsrafil rolunda
Cəmil Əlibəyovun "Gülüstanda qətl" pyesi əssında Azərbaycanın əməkdar incəsənət xadimi Ağakişi Kazımovun hazırladığı eyni adlı tamaşada mənfidən də mənfi personaj, son dərəcə qılaflı, mafiya başçılarından biri Şahməmməd İsmiyeviçdir. O zaman belə bir rolun Yaşara tapşırılmasının düzgün olub olmadığı barədə uzun mübahisələr düşmüşdü. Lakin müəllif Cəmil Əlibəyov teatrla birgə işin başlanğıcından çox mübahisə etdi, dəlillər gətirdi. Budəfəki müəllif "inadkarlığı" özünü tam doğrultdu. Tamaşa gözəl aktyor rolu ilə zənginləşdi, bədii publisistikamızda yeni bir baxım bucağı həyat hüququnu tapdı.[7]
Oynadığı bir çox rolların təbiətində ampluanın sərt çərçivələrini pozmaq meyli Yaşar Nuridə aşkar görünür. Bəzən rejissorun quruluşu ilə razılaşmayan aktyor tamaşa zamanı öz improvizəsi ilə gedişatı tamam darmadağın etmiş olur və bu da tamaşaya daha da bəzək və kolorit gətirir. Ona görə demək olar ki, bir çox teatr və kino rejissorlarımız Yaşar Nuriyə sərbəstlik verməli olurlar və aktyorun peşəkarlığı, fitri istedadı burada öz sözünü demiş olur.
Ümumi və fərdi aktyor priyomları
1. Səhnəyə gəlişini əvvəlcədən-səhnə arxasından tamaşaçılara xəbər vermək.
Bu, milli dramaturgiyamızda ən məşhur fənddir. Azərbaycan milli teatrı peşəkarlaşandan sonra aktyor teatrı olub. Seyrçi teatra ilk növbədə aktyora baxmağa gəlir. Bunu yaxşı bilən, bütün hüceyrələri ilə hiss edən aktyor da oynadığı epizodun səhnəyə çıxma vaxtı yetişəndə qabaqcadan seyrçilərini xəbərdar eləyir ki, bəs, arxayın olun, bu gün mən sizinləyəm. Aktyor tam əmin olmalıdır ki, tamaşaçı səsini eşitcək məhz onu-sevimli və istəkli sənətçisini anların intizarıyla gözləyir.
"Hər şey yaxşılığa doğru" filmindən kadr. Yaşar Nuri Əbdülqəni rolunda
Və ona olan sevgisini, rəğbətini sürəkli alqışlarla izhar edəcək. Əks təqdirdə... Yox, hər özündən məmnun və müştəbeh artist cəsarət edib bu fəndə əl atmaz.
Yaşar Nuri bu fənddən 25 ildən çoxdur ki, istifadə edir. Epizodun vaxtı yetişəndə aktyor həməncə səhnəyə çıxmır, bir-iki saniyə ləngiyir (pauza verir). Elə həmin məqamda isə səhnə arxasından həssaslıqla salonu dinləyir. Yalnız özünə bəlli olan hüdudacan gözləyir. Sonra ilk replikasını(sözünü) uca deyir və yenə bir neçə saniyə salonu dinləyir. Həm də salonun psixoloji reaksiyasını bütün oynaqları il duyur. Tamaşaçılar arasındakı canlanma qulağına, hisslərinə çatar-çatmaz sözün əsl mənasında səhnəyə şığıyıb yerində "donur". Sürəkli alqışlar! Seyrçilər rəğbətlə, sevimli aktyorunu salamlayır. O isə "obrazdan çıxmadan" donmağıyla pərəstişkarlarının salamlarını alır.[8]
2. Alqış "qoparıb" sonra səhnədən getmək.
Açığını desək, bu, ən çətin fəndlərdən biridir. İlkin səbəbinə varaq. Bir çox pyeslərdə, ələlxüsus çağdaş komediya və dramlarda müəlliflər daha çox ansamblın hərəkət quruluşuna fikir yönəldirlər. Səhnədən gediş üçün öncədən personaja vurğulu, nidalı, mənalı, partlayıcı qüvvəyə malik kəlmə(yaxud ifadə, cümlə) vermirlər. Daha doğrusu, heç bu təmənnada olmurlar da. Yaşar bu "əngəl"i asanlıqla aşır, bu "maneə"ni ustalıqla adlayır. Həmin işdə onun dadına parlaq improvizə qabiliyyəti yetişir.
Yaşarın rol üzərindəki iş prosesi məşqlərdə bitmir. Bəzi "bombalar" tamaşa zamanı bədahətən partlayır, bəziləri isə vəziyyətə cavab olaraq[9].
3. Pauzanı saxlamaq.
İlk baxışdan bu fənd son dərəcə asan görünə bilər. Axı susmaqdan rahat nə ola bilər?
Yaşar pauzadan(mənalı gərgin sükutdan) bir tamaşada çox istifadə etmir, onun dəyərini qoruyur. Çünki bir dəfə, özü də obrazın hadisələrlə bağlı ən gərgin epizod yerində istifadə edilən sükut tamaşaçıya uzun-uzadı monoloqlardan daha çox şey "deyir". Yaşarın ustadı Tofiq Kazımov tamaşalarını(illah da ki, İlyas Əfəndiyevin lirik-psixoloji dramları əsasında qoyulanları...) bu cür "çoxdanışan sükutlarla" özünəməxsus ifadəliklə zənginləşdirirdi. Məncə Yaşar da ustadının həmin fəndini məharətlə mənimsəyib, bundan səmərəlicəsinə faydalanıb və ona öz şəxsi "rəngini" verib.
Seyrçilərlə ünsiyyətə arxalanaraq Yaşar Nuri bu fəndi ("mənalı sükutu") qarşılıqlı dialoqun əməli vasitəsinə çevirir. Bu, vasitəyə xüsusi ilıqlıq, istilik verən həmsöhbətlərinin zövqünə inam və birgə yaradıcılığına çağırışdır.
Tamaşanın ilk anlarından qəhrəmanını birmənalı təqdim eləyən Yaşar xüsusi dəqiqliklə onun (personajının) xasiyyətnaməsini səhnəyə hər yeni gəlişində təsdiqləyir, rəngarəngləşdirir və tamaşanın təxminən ortasında obrazı seyrçilərin "köhnə tanışına" çevirir.
"Nə Gözəldir Bu Dünya..." filmindən kadr. Yaşar Nuri Asim Əliyeviç rolunda
Bildiyimiz kimi, hər bir səhnə əsərində həmin tamaşanın, həm də ayrı-ayrı personajın kulminasiya (ən yüksək gərginlik) nöqtəsi olur. Yaşar personajın seyrçiyə tanış(doğma, yaxın, anlamlı...) etdikdən sonra bir növ onu da, özünü də tamaşanın "əsas sualına", kulminasiya sualına hazırlaşdırmağa başlayır. Onun məqamı yetişəndə isə pauzaya, gərgin mənalı sükuta əl atır.
Hər hansı tamaşanın hər hansı epizodunda səhnədə Yaşarın oynadığı obraza sual veriləndə Yaşar bir anlığa donur. İlkin məqsədi budur ki, qoy seyrçi də sualı tam dərk eləsin... Sonra sanki özünə varır, susur. Bununla seyrçiyə cavabı "proqnozlaşdırmağa" imkan verir. Cavabı "tapır"(hərçənd bir aktyor kimi onu öncədən rolunun mətnində bilirdi!..), yöndaşına cavab verməyə hazırlaşır. Hətta deməyə də başlayır, amma... Amma birdən sözünü kəsir. Bu yerdə salona dönür, sanki camaatı özünə şahid tutur. Nəfəsini saxlayan seyrçinin "səbri tükənməyə" bir an qalanda xüsusi vurğuyla cavabını deyir.
Bundan sonra bir neçə dəqiqə səhnədə heç nə baş vermir, yöndaşları yerlərindəcə donub gülüş(və ya alqış) tufanının səngiməsini gözləyirlər. Yaşarın özü isə bu zaman ifadəli pozada "donub" bic-bic nəzərlərlə seyrçisinə baxır ki, bəs, gördünüz də, biz sizinlə eyni "dalğada" düşünüb eyni qənaətə gəlirik. "Pauzanı saxlamaq" fəndinin konkret zaman ölçüsünü bir kimsə təyin edə bilməz. Yalnız və yalnız aktyorun özü fitri duyğusuna arxalanıb sükutun uzunluğunu təyin, təmin və davam etdirə bilir.[10]
Kino fəaliyyəti
Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı "Dörd Bazar Günü" filmində yaratdığı Seyran obrazı Yaşarın kinoda ilk işi oldu. Bunun ardınca isə o, irili-xırdalı onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, nakəslərin, yaramazların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşatdı. Yaşarın maraqlı rollarından biri də "Əzablı Yollar" nağıl-filmindəki kiçik div obrazıdır. Müasirləşdirilmiş və bir qədər də sosiallaşdırılmış filmdə mifik obraz yaradan aktyor oynadığı divin faciəsini, onun gücünün tükənməsini, insan ağlı qarşısındakı acizliyini son dərəcə məharətlə və maraqlı yarada bilib. Bu film ekranlarda az-az göstərilməsinə baxmayaraq, Yaşar Nurini bu mifik amplualı obrazda görən tamaşaçı, yəqin ki, onu heç vaxt unutmaz.
Aktyorun maraqlı və yaddaqalan obrazlarından biri də "Yol Əhvalatı" filmindəki Makintoş roludur. Bu film tamaşaçılar tərəfindən o qədər sevilib ki, ekranda hər nümayişi böyük rəğbətlə qarşılanır. Filmdəki maraqlı aktyor ansamblını tamamlayan Makintoş obrazının yaradıcısı Yaşar Nuri hər bir hərəkəti, mimikası, yalnız onun özünəməxsus danışıq tərzi, ciddiliklə qeyri-ciddiliyin arasında olan anlaşılmaz xarakteri ilə 30 ilə yaxın bir zaman kəsiyində hər kəsin sevimli obrazlarından birinə çevrilib.
"Yoxlama" serialından kadr. Yaşar Nuri zavod direktoru rolunda
Yaşar Nuri müxtəlif kinorejissorlarla işləyib və təbii ki, bu təcrübə ilə də onun yaradıcılığında böyük sənət məktəbinin bütün çalarları cəmləşib. Lakin, aktyorun son illər ərzində (son illərin də artıq iyirmi yaşı var), yəni 1988-ci ildən üzübəri kinorejissor Vaqif Mustafayevlə birgə işlədiyi rollar xüsusilə diqqəti çəkir. Bu filmlər və Yaşarın yaratdığı obrazlar ayrı-ayrılıqda dünya sürrealist kinosunun ən dəyərli nümunələrindəndir. Əsasən tragikomik janrda işlənən filmlərdə aktyor bir-birindən fərqli, lakin daxili pafosu ilə sanki bir-birini tamamlayan xarakterləri, özü də milli xarakterləri yaratmaqla özünün aktyorluq imkanlarını, peşəkarlığını və təbii ki, Allah tərəfindən verilən istedadını ortaya qoya bilib.
Vaqif Mustafayevin müştərək işlərindən olan "Musiqili Xaş" və "Bəyin Oğurlanması"(rəhmətlik Ceyhun Mirzəyevlə birlikdə) filmlərində də Yaşar tipik obrazlarla yadda qalır və bunların arasında İsrafil ("Bəyin Oğurlanması") obrazının xüsusi yeri var. Evə girərkən hər dəfə təkrarlanan ayaqqabının kənara atılması, özünəməxsus yeriş və davranış, ölümünə fərman verilmiş sevginin əzabları və bir çox başqa çalarlar İsrafil obrazının əsl dəyərini açır və Yaşar Nuri bu maraqlı obrazı yenə də baxımlı edə bilir.
Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun "Yaramaz"dakı Maşallahını, "Lətifə"dəki Məmmədini, "Qətl Günü"ndəki Mahmud doktorunu, "Nə Gözəldir Bu Dünya..."dakı Asim Əliyeviçi, "Hər Şey Yaxşılığa doğru", "Nakəs", ""Fransız"", "Yoxlama" filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi sonsuz zəhmətdir.
Aldığı adlar və mükafatlar
1) 1981-ci ildə:
Azərbaycan SSR-in Əməkdar Artisti fəxri adı.
2) 1984-cü ildə:
Azərbaycan Lenin Komsomolu Mükafatı.
3) 1989-cu ildə (1 mart):
Azərbaycan SSR Xalq Artisti fəxri adı.
4) 1991-ci ildə:
"Yaramaz" filmindəki Maşallah roluna görə Azərbaycan Respublikasının Dövlət Mükafatı.
5) 1992-ci ildə:
"Qızıl dərviş" Mükafatı.
6) 1996-cı ildə:
"Qızıl dərviş" Mükafatı.
7) 2005-ci ildə:
Azərbaycan Respublikası Prezidentinin I dərəcəli mükafatı[11].
8) 2005-ci ildə:
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü[12].
9) 2011-ci ildə:
"Şöhrət" ordeni[13].
10) 2012-ci ildə:
Şəxsi
Mən istər teatrda, istər televiziyada, istərsə də kinoda demək olar ki, bütün rejissorlarla işləmişəm.
Sənətə gəlməyimdə aktyor olmağımda atamın rolu şübhəsiz ki, böyükdür. Çox güman ki, o, aktyor olmasa idi, mən bu sənətə bağlanmazdım...[15]
Televiziyada, kinoda çəkiləndə yoruluram. Amma səhnədə heç vaxt yorulmuram. Daha doğrusu bu yorğunluqdan ləzzət alıram.[16]
Filmlərdən
Makintoj: Eybi yox mən onun əyri ayaqlarından raqatka düzəltməsəm atamın oğlu deyiləm (Yol Əhvalatı)
Kiçik div: Mən elə bildim ki, onlar qorxub qaçarlar, tərsinə oldu (Əzablı Yollar)
İsrafil: Sənə əjdaha lazımdı? (Bəyin Oğurlanması)
Sərxoş: Əmi, ehtiyyatlı ol! (Kömək)
Məmməd: Davay ala çayıvı iç ala davay. (Lətifə)
Nəsib: Əgər o fərli arvad olsaydı indiyə qədər onu bir kişi alardı. (Pəncərə)
Əbdülqəni: V eta vremya vzorvalas Azerbaydjanskaya bomba. İzvinite sestra zdes u nas pavorot. (Hər Şey Yaxşılığa doğru)
Əkrəm: Bu sənin gəlişivin jurnalı, indi kinonu göstər görək. Murad mənə stol üçün girişdi, gördü stol-mustol yoxdu, sürüşdü. Necədi? (Nekroloq)
Əkbər: Eşidirsən, eşitməzsən biabırçılıq ola haa(Dəvətnamə)
Direktor: Siz bu qədər pulu harada görmüsüz? Deyəsən çox varlısız.(Yoxlama)
Tamaşalardan
Dadaşov: Hansı padşahın vəzirisən? Fatı, qalx, Fatı, otur. Fatı, sroçnu bizim məclisi tərk elə(Qatarda)
Elçin: Sən beləysənmiş, Gülnar. Mən səni tanımamışam, tanımamışam.(Bağışla)
Göyüş: Səməndər, sənin bığlarını qırxaram, ağzını da cıraram.(Kişilər)
Həsənağa: Papirosum yana-yana. Od düşüb şirin cana. Mən yarımla görüşdüm Əmir əmioğlu. İndi qal yana-yana(Göz Həkimi)
"Ac həriflər" film-tamaşasından kadr. Yaşar Nuri Həsən dayı rolunda
Əlibəy: Nə var əə, sür də.. Arvad zad görməmisən?! (Ordan-Burdan)
Kazım: Telefonun qabağında ölün, olun. (Yaşıl Eynəkli Adam)
Sərsəm: Hə, bayaq da üç dənə kişi gəlmişdi anamı axtarırdılar kastüm tikdirməyə.. İncidim e mən, ə verərdin mən oxuyaydım daa. Qışqırma əə bilirsən, qışqırma ə ey. (Qonşu Qonşu Olsa...)
Çəkməçi: Molla Nəsrəddin adin qəzet pişil orda, basmatri ayyay. Mojeş şto xoçeş ni davay... vot yesli ne budit dumoy eta qalmaqala arabatay, sən də mənə vot makraşka davay. Yes adin xaroşi müsəlqanski misal. Qavarit ki, eşşey, eşşey, atkuda znayet zəfəran şto. Haaa. Vot eşşey, vot tavar. Tavar ne xoçeş, eşşey davay. (Ac həriflər)
Muxtar: Əşi atova öküz deyən oldu?! Deyirəm siqareti atan kimi? Qulaq as Saman bala, sən öz şeyinlə zad eləmə. Mənə bax faşist ee xaşist. (Yarımştat)
Tarix: 05.02.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 2066 Bölmə: Aktyorlar