Rəhimov Təbriz Kamal oğlu (Təbriz Vəfalı) (d:13.4.1976, Seydimli kəndi) - jurnalist, publisist, yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü.Mündəricat
1 Həyatı
1.1 Jurnalistika fəaliyyəti barədə
1.2 Bədii yaradıcılığı barədə
1.3 Siyasi və təşkilati fəaliyyəti barədə
1.4 Aktyorluq fəaliyyəti barədə
2 Əsərləri
3 Aldıgı mükafatlar
4 Filmoqrafiya
Həyatı
Təbriz Vəfalı 13 aprel 1976-cı ildə Tərtər rayonunun Seydimli kəndində, ziyalı ailəsində dünyaya göz açıb. 1983-cü ildə Tərtər rayonunun Seydimli Kənd orta məktəbinin 1-ci sinfinə gedib. 1993-cü ildə Bakı şəhərində yerləşən 1 saylı fizika-riyaziyyat və informatika təmayüllü litseyi, 1997-ci ildə isə Azərbaycan Dövlət Neft Akademiyasının Beynəlxalq İqtisadi Münasibətlər və Menecment fakültəsinin Yanacaq-enerji kompleksi sahələrində biznes üzrə menecment ixtisasını bitirib. İxtisasca iqtisadçı-menecerdir.
Jurnalistika fəaliyyəti barədə
Jurnalistika fəaliyyətinə 1988-ci ildən - 12 yaşından etibarən başlayıb. İlk məqaləsi keçmiş Mirbəşir, indiki Tərtər rayonunda dərc olunan "Qızıl Bayraq", indiki "Yeni Tərtər" qəzetində nəşr edilib. 1988-ci ildən 1996-cı ilədək "Qızıl Bayraq", "Tərtər", "Boz Qurd", "Alyans", "Amin", "Hürriyyət", "Press Fakt" və digər qəzetlərdə məqalələri işıq üzü görüb. 1997-ci ildə "Günün səsi" qəzetində tərcüməçi-müxbir, 1997-1999-cu illərdə "Hər gün" və "Avrasiya" qəzetlərində müxbir, 1999-cu ildə "Cocuq" qəzetində redaktor müavini, 2001-ci ildə "Cümhuriyyət" qəzetində müxbir, 2002-ci ildə "Hərbi And" qəzetində müxbir, 2002-ci ildə "Proses" qəzetində məsul redaktor, 2002-ci ildə "Qafqazın Səsi" qəzetində baş redaktorun 1-ci müavini, 2003-2004-cü illərdə "Hürriyyət" qəzetində müxbir, 2004-cü "Həftə içi" qəzetində müxbir, 2005-ci ildə "Press-Post" qəzetində redaktor, 2005-2006-cı illərdə "Hürriyyət" qəzetində redaktor işləyib. 2006-cı ildən "Həftə içi" qəzetində müxbir, 2007-ci ildən "Aydın Fikir" qəzetində baş redaktorun 1-ci müavini, 2008-ci ildən isə "Cinayət və Hakimiyyət" qəzetində baş redaktorun müavini işləyir. Paralel olaraq "Qlobal Xəbərlər" və onun xüsusi buraxılışı olan "İmperator" qəzetlərinin baş redaktorudur. 08.10.2011-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Bədii yaradıcılığı barədə
11 yaşından bədii yaradıcılıqla məşğuldur. Yüzlərlə şeirin, 10-dan artıq hekayənin, 3 povestin, çoxsaylı lətifənin, bir neçə qəzəlin müəllifidir. İlk dəfə "Sən mənim nəyimi sevirsən, axı?!" adlı şeiri 1998-ci ildə "Hər gün" qəzetində çap olunub. Bu günədək bir neçə qəzetdə şeirləri işıq üzü görüb. "Şahzadə Səbinə" adlı şeirinə tanınmış bəstəkar Eldar Mansurov, ingilis dilində yazdıgı "İ love you" şeirinə bəstəkar-reper Anar Nağılbaz, "Sevirəm səni" və "Gözləyirəm" adlı şeirlərinə isə gənc müğənni Kənan Murad musiqilər bəstələyiblər. Sözləri Təbriz Vəfalıya, musiqisi Anar Nağılbaza məxsus olan "İ love you" mahnısı həmçinin "Bakı oğrusu" filmində səsləndirilib. 15 yanvar 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib.
Kitabları barədə "Həftə içi", "Aydın Fikir", "Təzadlar", "Ayna-Zerkalo", "Yeni Xəbər", "Rəsmi Bakı", "Cinayət və Hakimiyyət", "Oskar" və digər qəzetlərdə məqalələr dərc olunub, informasiya agentliklərində və digər saytlarda məlumatlar yayılıb. Bədii yaradıcılıgı ilə bağlı "Qərbin Qərbi", "Cinayət və Hakimiyyət", "Aydın Fikir", "Yeni Xəbər", "Hürriyyət", "Həmkarlar" və digər qəzetlərdə müsahibələri və açıqlamaları verilib.
Oruc Qəmlinin "Ömrümün tale payı" adlı şeirlər, Svetlana Xəyalənin "Mənim dünyam" adlı mənsur şeirlər və miniatürlər, Sevinc Atakişiyavanın "Sevgi pıçıltıları" adlı düşüncələr və şeirlər kitablarının bədii redaktoru və ön sözün müəllifi, Vüsal Tağıbəylinin "Qana boyanmış çiçəklər" adlı hekayələr kitabının bədii redaktoru olub.
Hazırda "İmperator" adlı dedektiv bir povestin üzərində işləyir və həmin əsər "İmperator" qəzetində hissə-hissə çap olunmaqdadır.
Siyasi və təşkilati fəaliyyəti barədə
1995-1997-ci illərdə Azərbaycan Demokrat Sahibkarlar Partiyasının Gənclər Təşkilatının sədr müavini, həmin partiyanın Nəsimi rayon Gənclər Təşkilatının və Azərbaycan Dövlət Neft Akademiyası üzrə özək təşkilatının sədri, 2001-ci ildə Ədalət Partiyasının Gənclər Təşkilatının sədr müavini, həmin partiyanın Nəsimi rayon Təşkilatının sədr müavini və Gənclər Təşkilatının sədri işləyib. 1995-ci ildə keçirilmiş parlament seçkilərində Azərbaycan Demokrat Sahibkarlar Partiyasının Nəsimi rayon Təşkilatında Açıq Səslərin Toplanması üzrə Nümayəndələr Qrupunun rəhbəri kimi 27 saylı İkinci Nəsimi Seçki Dairəsində 7-ci və 8-ci məntəqələrdə müşahidəçi qismində iştirak edib. 1999-2001-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət dövrü keçib. Hazırda ehtiyatda olan baş leytenantdır. 2001-ci ildə Ehtiyatda Olan Zabitlər Konfederasiyasının üzvü, 2002-2006-cı illərdə Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin Nəsimi rayon Təşkilatının sədri olub. Hazırda heç bir siyasi və ictimai təşkilatın üzvü deyil.
Aktyorluq fəaliyyəti barədə
Hələ orta məktəb illərindən incəsənətə böyük maraq göstərib. 6-cı sinifdə oxuyarkən Səməd Vurgunun "Vaqif" dramı əsasında səhnələşdirilmiş səhnəcik nəinki oxudugu Seydimli kənd orta məktəbində, hətta Tərtər rayon Mədəniyyət Evində keçirilən teatr festivalının baxış mərhələsində 1-ci yeri tutub. Vaqif rolunun aparıcısı kimi Təbriz Vəfalı daha çox alqışlara layiq görülüb. Lakin geyim və qrim problemləri üzündən səhnəciyin sözügedən festivalda təqdimatı mümkünləşməyib. Təbriz Vəfalı 1993-1997-ci illərdə tanınımış rep ustası Anar Nağılbazın rəhbərlik etdiyi "Canlı Klip" şou-teatrının aktyoru olub. Aktyor kimi Anar Nağılbazın bir neçə klipində narkoman, barıqa, əcnəbi və digər rollara, eləcə də 1997-ci ildə "Bakı oğrusu" filmində narkoman roluna çəkilib. 1995-ci ildə aktyoru oldugu "Canlı Klip" şou-teatrı "Ümid-95" müsabiqəsinin qalibi olaraq fəxri diploma layiq görülüb.
Əsərləri
Son nəğmə (seçilmiş şeirlər). Bakı: Şaşıqoğlu, 2006, 50 səh.
Lotu Səfərin lətifələri (lətifələr). Bakı: Şaşıqoğlu, 2006, 56 səh.
Məhəbbət şahzadəsi (povest). Bakı: Şaşıqoğlu, 2006, 78 səh.
Sınmış bəxt üzüyü (seçilmiş əsərlər). Bakı: Şaşıqoğlu, 2006, 44 səh.
Mafiya. Zor və aglı özündə birləşdirən məxfi qurum (nəzəri məlumatlar toplusu). Bakı: "MBM", 2007, 96 səh.
Aldıgı mükafatlar
1994-cü ildə Azərbaycan Dövlət Neft Akademiyası Xarici Dillər kafedrasının keçirdiyi "Ən yaxşı tərcümə müsabiqəsi"ndə 1-ci yeri tutmasına görə rektor P.Məmmədov tərəfindən verilmiş 1-ci dərəcəli diploma, 16 iyun 2003-cü ildə "Sahibkarlıq və bizneslə məşgul olmaq istəyən ordudan tərxis olunan gənclər üçün treninq kursu"nda iştirakına görə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm naziri Əbülfəs Qarayev tərəfindən verilmiş adiçəkilən nazirliyin şəhadətnaməsinə, 29.07.2007-ci ildə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) "Özəl sektorun İnkişafı" proqramı çərçivəsində jurnalistlər üçün təşkil olunmuş təlimdə iştirakına görə GTZ-in Proqram rəhbəri Doktor Mixael Gerlix tərəfindən verilmiş sertifikata layiq görülüb. 30 mart 2009-cu ildə Ekoloq Jurnalistlər Birliyinin təşkilatçılıgı və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə "Ətraf mühit problemlərinin həllində KİV-in səfərbər edilməsi" adlı layihə üzrə keçirilmiş monitorinqlər əsasında hazırlanmış məqalələrə görə fərqlənərək mükafat və diplom alıb. 16-18 avqust 2009-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İsmayıllı şəhərində təşkil edilən "Ünvanlı sosial yardım və sosial rebilitasiya" mövzusunda treninq-seminarda iştirakına görə nazir müavini İlqar Rəhimov tərəfindən "Sertifikat"la mükafatlandırırlıb. Avropa Nəşr Mətbu Evi tərəfindən keçirilən sorgunun nəticələrinə görə qalib elan edilərək "2010-cu ilin ən yaxşıvətənpərvər jurnalisti" nominasiyası üzrə qızıl medala və diploma layiq görülüb.
Filmoqrafiya
Bakı oğrusu (film, 1997)-Təbriz
Tarix: 04.02.2013 / 21:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 545 Bölmə: Aktyorlar