Hüseyn Əli oğlu Seyidzadə — Azərbaycan kino rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi (1970).Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Xarici keçidlər
5 Həmçinin bax
Həyatı
Hüseyn Seyidzadə 1910-cu il[1][2] oktyabr ayının 19-da İrəvanda doğulub. Atası tanınmış tacir idi. Tale minlərlə azərbaycanlı kimi bu ailənin də başına min bir müsibət gətirib. Ermənilərin tənələrindən cana doymuş Seyidzadələr ailəsi əvvəl Tbilisiyə, sonra isə Bakıya köçməli olub. Rejissorun bacısı Zəhra Seyidova söhbətlərdə deyirdi ki, "biz Bakıya köçəndə Hüseyn üçüncü sinifdə oxuyurdu. Dərsi buraxırdı, kinoya qaçırdı, pulu olmayanda, seansdan sonra stullar arasında gizlənib, o biri seansa da baxırdı. O elə uşaqlıqdan kinoya bağlanmışdı. Tale də onu kinoya gətirdi. Hətta, anam Ruqiyyə ilə məni də kinofabrikə aparıb, "Əlsizlər" filminə çəkdirmişdi". Zəhra xanım deyirdi ki, Hüseynlə bağlı bütün ağrıları mən də yaşamışam. Hüseyn başqaları kimi xoşbəxt yaşamaq istəyirdi. Ancaq haqsızlığı bağışlamazdı. Bütün qəlbi, mənəviyyatı ilə, bir də öz sənəti ilə bu xalqa bağlı idi".
Hüseyn Seyidzadə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdi. Görkəmli sənət korifeylərindən, Sergey Eyzenşteyndən, Mixail Rommdan, Lev Kulicanovdan sənətin sirlərini öyrənmişdi. Sonra yenidən Bakı həyatı, yaradıcılıq ziqzaqları başlandı.
Müharibənin qızğın dövrü olsa da, Bakı kinostudiyasında filmlərin çəkilişi davam etdirilirdi. Hüseyn Seyidzadə müharibədən əvvəl rejissor Niyazi Bədəlovla "Ayna" adlı filmin çəkilişlərinə başlamışdı. Müsahibələrindən birində Hüseyn müəllim bu filmlə bağlı suala belə cavab vermişdi: "Yaman yaralı yerimə toxundunuz. Bu filmin başına elə oyun açmadılar ki, bu film olsun. Allah mərdiməzara lənət eləsin. Yaxşı deyiblər ki, qonşu qonşu olsa, bağ çəpəri neyləyər. Bundan sonra Niyazi ilə belə qərara gəldik ki, "Ayna"nın materiallarından istifadə edib müharibə mövzusunda yeni bir film çəkək. Ssenarini İmran Qasımov yazdı. Baş rola Leyla Bədirbəylini dəvət etdik. "Ayna"da əsas rola onu çəkməli idik. Hətta çəkirdik də. Sonradan filmi "Sovqat" adlandırdıq və 1943-cü ildə çəkib qurtardıq".
Bu filmdə müharibəyə sovqat göndərən insanların böyük vətənpərvərlik duyğularından söhbət açılır. Nə qədər çətin olsa da, rejissorlar bütün səylərini birləşdirib film yaratmışdılar və bu lent dəfələrlə cəbhə bölgələrində nümayiş etdirilmişdi.
1956-cı ildə Bakının kinoteatrlarında ekrana "O olmasın, bu olsun" filmi çıxarıldı. Kinoteatrlara ayaq basmaq olmurdu. Növbələr düzülmüşdü. Bu film böyük Üzeyirin geniş tamaşaçı auditoriyasına təqdim olunan ikinci böyük əsəri idi. "O olmasın, bu olsun" Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. Bu filmin yaranma tarixi haqqında çox yazılıb. Onu əlavə etmək olar ki, film ekranlara çıxarılanda ona qarşı müəyyən tənqidi münasibətlər olsa da, onun müvəffəqiyyətinə kölgə sala bilmədi. Məsələn, bazarda qoçuların davası, Rüstəm bəyin evindəki qalmaqal, hamam səhnəsi və s. nöqsan kimi göstərilirdi.
Ancaq bu film sevildi və öz rejissoruna böyük şöhrət gətirdi. Azərbaycanda elə bir kino əsəri yoxdur ki, "O olmasın, bu olsun" qədər məşhur aktyor ansamblı toplaya bilsin. Bu, Azərbaycan aktyorlarının "kino qalereyası" idi. Təxminən ekrana çıxdığı iki-üç il ərzində artıq dünyanın 40-dan çox ölkəsində göstərilən bu film Azərbaycan kinosunun şöhrətini dünyaya yaydı. İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, Amerika Birləşmiş Ştatları, İsveçrə, Macarıstan və sair ölkələrin tamaşaçıları filmə böyük maraqla baxırdılar. Və elə bu gün də "O olmasın, bu olsun" dünyanı dolaşmaqdadır.
60-cı illərdə studiyada çox qəribə bir qalmaqal yarandı. Mahiyyət bundan ibarət idi ki, şair Novruz Gəncəli Alla Axundova və Hüseyn Seyidzadənin birgə yazdığı "Yaşayın, Qızlar" ssenarisinin ona məxsus olduğunu iddia edirdi. O, məhkəməyə müraciət edərək, bu ssenarinin onun 1961-ci ildə "Azərbaycan" jurnalında dərc edilmiş "Bizim Sahildə" adlı əsərindən oğurlandığını bildirir və ssenarinin çəkilişinin saxlanılmasını tələb edirdi.
Uzun məhkəmə çəkişmələrindən sonra Alla Axundova ssenarinin müəllifi kimi təsdiq olundu, elə Hüseyn Seyidzadənin iştirakı ilə. Filmi isə rejissor Eldar Quliyev çəkdi. Bu çəkişmələr Hüseyn Seyidzadəni xeyli sarsıtdı. Buna baxmayaraq, o yenə də öz sənəti uğrunda mübarizəsini davam etdirdi. Sonrakı mübarizə isə "Dəli Kür" filmi ilə bağlı oldu.
Bu filmin də taleyi Hüseyn Seyidzadənin öz taleyi kimi ağrılı olub. 1969-cu ildə İsmayıl Şıxlının eyniadlı romanı əsasında yazdığı ssenari ekranlaşdırıldı və 1970-ci ildə film ekranlara çıxarıldı.Film Moskvada senzuranın qəzəbinə tuş oldu. Aşağıda filmdən çıxarılan epizodları diqqətə çatdırırıq.Qubernator Cahandar ağaya deyir ki, canişin onun torpağında ov etmək istəyir. Ya torpağı satın, ya da bağışlayın. O isə cavab verir ki, torpağı nə satarlar, nə də bağışlayarlar. Cavabında qubernator deyir: "Baxarıq!" Sonra kazaklar Cahandar ağanın üstünə göndərilir.
Bundan başqa, digər bir epizod da filmdən kənar edilib. Nökərlər gəlib Cahandar ağaya deyirlər ki, kazaklar mal-qaranı aparıb, özümüzü də döydülər. Cahandar ağa isə kazaklara deyir ki, bu sizin ata-baba torpağınızdır? Onlar isə: "Deyəsən, könlündən Sibir keçir" — deyirlər. Cahandar ağa kazakların başçısını qamçı ilə döyür. Sonra atışma başlayır. O, kazakların beşini öldürür. Onu vururlar. Cahandar ağa özünü suya atır, bununla da film qurtarırdı. Və "Ana Kür" mahnısı oxunurdu. Bütün bunlar filmdən çıxarılmışdı. Rejissor çox səy göstərmişdisə də, filmi tam şəkildə xilas edə bilməmişdi. Çünki imperiya öz qan – içən xislətini göstərməyə imkan verə bilməzdi. Film uzun zaman bu epizodlarsız ekranlarda göstərildi. Lakin xalq yazıçısı İsa Hüseynovun ciddi səyi nəticəsində 90-cı illərin ortalarında televiziya vasitəsilə həmin epizodlar ekranda canlandırıldı və filmin ilkin nüsxəsi tamaşaçılara təqdim olundu.
Ümumiyyətlə, Hüseyn Seyidzadə mübariz sənətkar idi. O, sözünü açıq deməyi xoşlayırdı. Çoxları isə bunu sevmirdilər. "Qatır Məmməd" filmini ilk dəfə çəkməyə başlayanda açıqca demişdi ki, niyə ssenarini ruslar yazmalıdır. Sonra isə filmi yarımçıq qoymuşdu. Bütün filmlərində milli xüsusiyyətləri qorumağa çalışırdı. İstəyirdi ki, filmlərimizdə xalqın mənəvi ruhu olsun, onun taleyinin ağrıları əks etdirilsin.
"Yenilməz Batalyon"da da, "Koroğlu"da da, "Qayınana"da da bunlar çox aydın görünür. Son vaxtlar Natəvan haqqında film çəkmək istəyirdi. Ancaq amansız ölüm buna imkan vermədi. 1979-cu il iyunun 2-də bu böyük sənətkar dünyasını dəyişdi.
Aktrisa Zəhra Seyidzadənin qardaşıdır.
Aktrisa Ruqiyyə Seyidzadənin oğludur.
Filmoqrafiya
Bakılılar (film, 1938)
Bir ailə (film, 1943)
Bütün qadağaların fövqündə (film, 2002)
Dəli Kür (film, 1969)
Doğma xalqıma (film, 1954)
Əbədi odlar ölkəsi (film, 1945)
Əlsiz adamlar (film, 1932)
Fəallıq (film, 1975)
İlk komsomol buruğu (film, 1930)
İşgüzar adamlar (film, 1977)
Koroğlu (film, 1960)
Qayınana (film, 1978)
Qədəmlərin mübarək (film, 1976)
O olmasın, bu olsun (film, 1956)
Sovqat (film, 1942)
Var olun, qızlar... (film, 1972)
Yenilməz batalyon (film, 1965)
Tarix: 01.02.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 558 Bölmə: Aktyorlar