Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Miribrahim Həmzəyev

Həmzəyev Miribrahim Tağı oğlu - aktyor, rejissor.Mündəricat
1 Həyatı
2 Teatr səhnəsində oynadığı rollar
3 Səhnələşdirdiyi əsərlər
4 Həmçinin bax


Həyatı

Miribrahim Həmzəyev 1908-ci il dekabrın 25-də Gəncə şəhərində doğulub. Səhnə sənətinə məhəbbəti yeniyetmə yaşlarından başlayıb. Əvvəlcə Gəncə İşçi klubunda, sonralar Qadınlar klubunda, bir müddət paralel olaraq Dəmiryolçular klubunda dram dərnəklərinin rəhbəri olub. Əksəriyyətini özü və həmçinin Ədil İsgəndərovun hazırladıqları tamaşalarda baş rolları ifa edib. Dram dərnəyinin repertuarının əsasını İbrahim Həmzəyevin səhnə təfsiri verdiyi "Aydın", "Solğun çiçəklər" (Cəfər Cabbarlı), Bəxtsiz cavan" (Əbdürrəhim bəy Haqverdiyev), "Hacı Qara" (Mirzə Fətəli Axundzadə) tamaşaları təşkil edib.

İbrahim Həmzəyev 1930-cu illərin əvvəllərində Bakı Teatr Məktəbində təhsil alıb. Tələbəlik illərində Türk İşçi Teatrında yardım heyətinin üzvü olub. Teatr təhsilini başa vurandan sonra Gəncəyə qayıdıb. TİT Gəncəyə köçəndə kollektivə üzv olub.

Son dərəcə yaraşıqlı səhnə görkəmi, ifa məlahəti, ehtiraslı və emosional daxili aləmi, səhnədəki yöndaşları ilə münasibətlərində psixoloji dürüstlüyü olan İbrahim Həmzəyev bu kollektivdə çoxlu sayda rol oynayıb.

İbrahinı Həmzəyev 1937-ci ildə Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin sərəncamı ilə sənət yardımı üçün Naxçıvan teatrına göndərilib. Əvvəlcə bu teatrda quruluşçu rejissor və aktyor işləyib. Yüksək təşkilatçılıq bacarığına və kollektivlə işləmək səriştəsinə görə bu teatrda direktor və aktyor (1941-1945), direktor və baş rejissor (1943-1961. Qısa fasilələrlə), direktor (1964) işləyib. Arada yardım üçün Qaryagin (indiki Füzuli) Dövlət Dram Teatrına göndərilib (1947-1948-ci il teatr mövsümündə). Burada həyat yoldaşı Zəroş Həmzəyeva ilə birlikdə aktyor və rejissor kimi çahşıb. Qısa müddətdə teatrın yaradıcılığındakı durğunluğu aradan qaldırmağa nail olub.

Bütün bu illərdə aktyorluq fəaliyyətindən ayrılmayıb. Onun aktyorluq yaradıcılığının zəngin rollar qalereyasında 150-dən artıq səhnə obrazı var.

Naxçıvan teatrının aparıcı aktyorları 1940-1980-ci illərdə özlərinin möhtəşəm rollarının, teatrın tarixində hadisəyə çevrilən səhnə obrazlarının əksəriyyətini İbrahim Həmzəyevin quruluş verdiyi tamaşalarda ifa ediblər. Rejissor teatrın səhnəsində həm milli, həm də dünya dramaturqlarının klassik və çağdaş mövzulu əsərlərini tamaşaya hazırlayıb.

Rejissor musiqili komediya janrında Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan", "Ər və arvad", "Məşədi İbad", Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay", "Əlli yaşında cavan", Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna", Sabit Rəhman və Süleyman Ələsgərovun "Ulduz" əsərlərinə quruluş verib.

İbrahim Həmzəyev tərcümə əsərlərinin teatrın repertuarında müəyyən yer tutınasma xüsusi diqqət yetirib. O, tərcümə pyeslərinin seçilməsində teatrın fundamental yaradıcılıq konsepsiyasını əsas götürüb, janr əlvanlığına, mövzu müxtəlifliyinə çalışıb. Bu baxımdan onun quruluşunda oynanılan "Otello" (Vilyam Şekspir), "Sevilya ulduzu" (Lope de Veqa), "İki ağanın bir nökəri" (Karlo Haldoni) tamaşaları teatrın repertuarında möhkəm yer tutan, forma və məzmun cazibədarlığı ilə seçilən, parlaq aktyor ifalarına görə əlvan olan səhnə əsərlərindəndir.

İbrahim Həmzəyevin yaradıcılığının aktyorluq qolu əlvan idi və çoxçalarlı mahiyyət daşıyırdı. İfa etdiyi rollarda romantik və realist aktyor məktəblərinin estetik prinsiplərini ayrılıqda və vəhdət halında təcəssüm etdirə bilirdi. Məlahətli və dramatik xarakterli səsi, coşğun daxili temperamenti ilə mürəkkəb və psixoloji rollara əzəmətli monumentalizm verə bilirdi.

Məhəbbət qəhrəmanlarının rollarında aktyor emosional və lirik-psixoloji ifadə vasitələrinə üstünlük verir və bununla da obraza ülviyyət aşılamağı bacarırdı. Bu dəyişmə prosesində səsinin çalarlarından dəqiqliklə və ifadəli tərzdə istifadə edirdi.

Yaradıcılığının özünəməxsus cəhətlərindən biri də o idi ki, hadisələrin yüksək psixolojidramatik məqamlarında daxili ehtirasını səfərbər edir, obrazın mənəvi gərginliyini sifət cizgilərində qabarıq canlandırır, mürəkkəb vəziyyətləri mənalı pauzalarla oynamağa üstünlük verirdi. İbrahim Həmzəyevin rejissurası daha çox monumentalğı ilə xarakterik idi. Məzmunun fəlsəfi-psixoloji mahiyyətinə uyğun, tamaşanın janrı ilə həmahəng səsləşən forma qurmağı ustalıqla bacarırdı. Naxçıvan teatrında bədii və musiqi tərtibatlarının romantik xarakterdə səhnə təcəssümü tapmasını ilk dəfə özünün quruluş verdiyi tamaşalarda reallaşdıran rejissor İbrahim Həmzəyevdir.

Naxçıvan teatrında mövcud olan romantik və realist aktyor məktəblərini nəzəri prinsiplər üzərində estetik ölçülərə salıb. Bu kollektivdə lirik-psixoloji üslubun yaradıcısı olub və həmin janrda maraqlı tamaşalar hazırlamaqla yeni məktəbin ənənələrini yaradıb.

Aktyorluq və rejissorluq fəaliyyətinə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 15 oktyabr 1965-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. İbrahim Həmzəyev Naxçıvanda vəfat edib.
Aktrisa Zəroş Həmzəyevanın həyat yoldaşıdır.

Teatr səhnəsində oynadığı rollar

Faciəvi-psixoloji sevgili və dramatik qəhrəman rolları
Arif, Şeyx Sənan ("İblis" və "Şeyx Sənan", Hüseyn Cavid)
Qaçaq Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm)
Babək ("Babək", Osman Sarıvəlli)
Çingiz ("Eşq və intiqam", Süleyman Sani Axundov)
Yaşar, Elxan, Oqtay, Balaş, Aydın, Bəhram ("Yaşar", "Od gəlini", "Oqtay *Eloğlu", "Sevil", "Aydın" və "Solğun çiçəklər", Cəfər Cabbarlı)
Nadir şah ("Nadir şah", Nəriman Nərimanov)
Məlik Məmməd ("Məlik Məmməd", Əyyub Abbasov)
Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə)
Qatır Məmməd ("Qatır Məmməd", Zeynal Xəlil)
Fərhad, Vaqif ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun)
İsgəndər ("Ölülər", Cəlil Məmmədquluzadə)
Fərhad ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev)
Fəxrəddin ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov)
Tərlan ("Sənsiz" Şıxəli Qurbanov)
Nizami ("Nizami", Mehdi Hüseyn)
Otello, Rodriqo ("Otello", Vilyam Şekspir)
Karl Moor ("Qaçaqlar", Fridrix Şiller)
Bersenyev ("Hücum", Boris Lavrenyov)
Pekievanov ("Zirehli qatar 14-69", Vyaçeslav İvanov)
Neznamov ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski)
Sanço ("Sevilya ulduzu", Lope de Veqa)
Gavə ("Dəmirçi Gavə", Şəmsəddin Sami)
Seyran ("Namus", Aleksandr Şirvanzadə)
Aleksandr ("İki qardaş", Mixail Lermontov).

İctimai-sosial mənşəli tipik və xarakterik rollar
Qacar ("Ağa Məhəmməd şah Qacar", Əbdürrəhim bəy Haqverdiyev)
Həsən bəy ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyov)
Camal ("Nişanlı qız", Sabit Rəhman)
İbad ("Almaz", Cəfər Cabbarlı)
Şahmar ("Aslan yatağı", Məmmədhüseyn Təhmasib)
Adil bəy ("Laçın yuvası", Süleyman Sani Axundov)
Cavad kişi ("Qız atası", Əfqan Əsgərov)
Polis ("Toros canavarı", Əziz Nesin)
Hacı Həsən ağa, Fazil ("Ölülər" və "Dəli yığıncağı", Cəlil Məmmədquluzadə)
İbişli ("Adamın adamı", Anar)
Abbas ("Həyat", Mirzə İbrahimov)
Oqtay Çingizov ("Sahil əməliyyatı", Cəmşid Əmirov)
Nadir ("Vətən namusu", Georgi Mdivani)
Surxay ("Toy", Sabit Rəhman).

Səhnələşdirdiyi əsərlər

Naxçıvan teatrında səhnəyə qoyduğu tamaşalar
"Od gəlini", "Oqtay Eloğlu", "Nəsrəddin şah", "Solğun çiçəklər", "Yaşar" (Cəfər Cabbarlı)
"Hacı Qəmbər" Nəcəf bəy Vəzirov
"Ölülər" Cəlil Məmmədquluzadə
"Səyavuş" Hüseyn Cavid
"Nadir şah" Nəriman Nərimanov
"Pəri cadu" Əbdürrəhim bəy Haqverdiyev
"Fərhad və Şirin", "Vaqif" Səməd Vurğun
"Toy", "Xoşbəxtlər", "Əliqulu evlənir", "Nişanlı qız" Sabit Rəhman
"Bahar suları", "Atayevlər ailəsi" İlyas Əfəndiyev
"Vicdan əzabı" Əlyar Yusifli
"Komsomol poeması" İsgəndər Coşqun
"Vətən" Abdulla Şaiq
"Aqil və Sərvinaz" Əyyub Abbasov
"İldırım" Cabbar Məcnunbəyov
"Qatır Məmməd" Zeynal Xəlil
"Od içində" Ənvər Məmmədxanlı
"Ana ürəyi" İslam Səfərli
"Odlu diyar" Hüseyn Razi
"Qaçaq Nəbi" Süleyman Rüstəm
"Otello" Vilyam Şekspir
"Sevilya ulduzu" Lope de Veqa


Tarix: 02.02.2013 / 14:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 740 Bölmə: Aktyorlar
loading...