Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsənağa Salayev

Həsənağa Salayev – aktyor, film səsləndirən, arxiv kadrlarda iştirak edən.Mündəricat
1 Həyatı
2 Teatr səhnəsində rolları
3 Filmoqrafiya
4 Həmçinin bax


Həyatı

Romantik və realist aktyor məktəblərinin estetik prinsiplərini öz yaradıcılığında cazibəli ahəngdarlıqla ehtiva edən Həsənağa Dərya oğlu Salayev 5 dekabr 1921-ci ildə Bakıda qulluqçu ailəsində doğulub. Atası Dərya kişi oğlu yeddi yaşına çatanda onu Bakıdakı 6-cı Şura məktəbinə qoyub. Həsənağa 1937-ci ildə oranın doqquzuncu sinifini yüksək qiymətlərlə bitirib. Elə həmin il Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə təhsilini başa vurduğu günlərdə müharibəyə gedib və doğma teatra 1946-cı ildə qayıdıb. Qısa müddətdə Həsənağa Salayev teatrın repertuarında yer tutan və təzə hazırlanan tamaşalarında maraqlı rollar oynayıb. Müxtəlif illərdə Səməd Vurğunun "Xanlar" (Mamulya), "Fərhad və Şirin" (Fərhad), "Vaqif" (Eldar, Qacar və Vaqif), Zeynal Xəlilin "Qatır Məmməd" (Əziz), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Mustafa), Vilyam Şekspirin "Otello" (Montano), "Antoni və Kleopatra" (Sezar), "Qış nağılı" (Florizel və Leont), Nazim Hikmətin "Türkiyədə" (Hüseyn Həlim), Mirzə İbrahimovun "Həyat" (Abbas), Mehdi Hüseynin "Cavanşir" (Qartal və Söhrab), "Alov" (Əmin Bəxtiyarov), Lope de Veqanın "Sevilya ulduzu" (Tavera), Şıxəli Qurbanovun "Sənsiz" (Fərhad), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Vəli), Cəfər Cabbarlının "Solğun çiçəklər" (Bəhram), "Od gəlini" (Qorxmaz), "Almaz" (İbad), "Oqtay Eloğlu" (Oqtay), Pavel Malyarevskinin "Daş qartal" (Maksİm), Yuri Osnos və Vladimir Vinnikovun "Hind gözəli" (Çarudatta), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Heydər bəy), Bernard Şounun "Şeytanın şagirdi" (Riçard Daycen), Bəxtiyar Vahabzadənin "İkinci səs" (Rəşad), Nazim Hikmətin "Şöhrət və ya unudulan adam" (Doktor), Fridrix Şillerin "Orlean qızı" (Dünua), Hüseyn Cavidin "Səyavuş" (Keykavus) əsərlərinin tamaşalarında xarakterik səhnə surətləri yaradıb. Aktyor eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Fətəli xan", "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarını?", "Koroğlu", "İstintaq davam edir" bədii və "Aygün" televiziya filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Mayor Rüstəmov, Əmirxan rollarına çəkilib. Həsənağa Salayev aktyorluq sənətində qazandığı qələbələrə görə 10 iyun 1959-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1974-cü ildə isə xalq artisti fəxri adları ilə təltif edilib. Yaradıcılığının ən müdrik çağında, 54 yaşında Həsənağa Salayev qəfildən iflic xəstəliyinə düçar olub. Bir daha səhnəyə çıxmayan aktyor 2 oktyabr 1981-ci ildə dünyasını dəyişib. Həsənağa Salayev çılğın ehtirası, vüqarlı görünüşü, sərbəst səhnə davranışı, əzəmətli boybuxunu, tamaşada yöndaşlarına diqqəti ilə seçilirdi. Gurultulu və cingiltili səsini məharətlə tənzimləyən aktyor romantik rollarla realist personajları, mürəkkəb psixoloji dönüşlü dramatik obrazları eyni məharətlə oynaya bilirdi. O, klassik və tərcümə əsərlərində ifa etdiyi obrazları çağdaş dövrün ictimai-sosial, mənəviəxlaqi problemləri ilə ustalıqla əlaqələndirirdi. Həsənağa Salayev ruhən, emosiya coşğunluğu, səs diapazonu, ehtiraslarının çılğınlığı ilə romantik aktyor idi, ancaq lirik, dramatik və psixoloji rolları da məharətlə oynayıb.

Teatr səhnəsində rolları

Tavera (Sevilya ulduzu, Lope de Veqa)

Fərhad (Fərhad və Şirin, S.Vurğun)

Sezar (Antoni və Kleopatra, V.Şekspir)

Oqtay (Oqtay eloğlu, C.Cabbarlı)

Doktor (Unudulan adam, N.Hikmət)

Filmoqrafiya
Aygün (film, 1960)
Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
Doğma xalqıma (film, 1954)
Fətəli xan (film, 1947)
Görüş (film, 1955)
İstintaq davam edir (film, 1966)
Körpə (film, 1962)
Qara daşlar (film, 1956)
O olmasın, bu olsun (film, 1956)
Onu bağışlamaq olarmı? (film, 1959)
Onun böyük ürəyi (film, 1958)
Səhər (film, 1960)
Üzeyir ömrü (film, 1981)


Tarix: 02.02.2013 / 14:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 479 Bölmə: Aktyorlar
loading...