Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseynağa Sadıqov (aktyor)

Hüseynağa Ələsgər oğlu Sadıqov — Azərbaycan aktyoru, film səsləndirən.

Həyatı

Bənzərsiz səsi və xarakterik sifət cizgiləri vardı. Bəstəboy idi və bu xüsusiyyət onun tipik Gənc Tamaşaçılar Teatrının aktyoru kimi formalaşmasında başlıca amillərdən olub.

Duzlu komizıni vardı və bu ifadə vasitəsindən xarakterik və tipik obrazlar yaratmaqda məharətlə istifadə edirdi. Uşaqların sevimli səhnə personajları ayı, tülkü, xoruz rolundan tutmuş, el qəhrəmanlarına qədər ən mürəkkəb obrazların ifasında uğurlar qazana bilib. Ancaq qroteskii satirik və karnaval estetikalı yumoristik obrazların ifasında aktyorluq imkanları daha bədiiliklə pardaxlanıb.

Əslən Cənubi Azərbaycanlı olan Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. İlk vaxtlardan ona məsul rollar tapşırılıb.

GTT-də əlli ildən çox aktyorluq etmiş sənətkarın əsas rolları bunlardır: Pitli ("Əfilər", Rabindranat Taqor), Xasay, El oğlu, Məlik ibn Səid ("Xasay", "E1 oğlu" və "Bir saat xəlifəlik", Abdulla Şaiq), Bobçinski, Jevakin ("Müfəttiş" və "Evlənmə", Nikolay Qoqol), Seryoja Streltsov ("Seryoca Streltsov", Valentina Lyubimova), Azad ("Azad", Əyyub Abbasov), Mirzə Qoşunəli ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Həsən ("Yaşar", Cəfər Cabbarlı), Trufadino ("İki ağanın bir nökəri", Karlo Haldoni), Rəcəb ("Şirinbala bal yığır", Salam Qədirzadə), Səlim ("Anacan", Yusif Əzimzadə), Spid ("İki veronalı", Uilyam Şekspir), Qey ("Qar Kraliçası", Yevgeni Şvarts), Hacı Murad ("Tamahkar", Süleyman Sani Axundov), Ceyms Berten ("Ovod", Etil Voyniç), Jiront ("Skapenin kələkləri", Jan Batist Molyer), Məşədi Cabbar, Tarverdi ("Molla İbrahimxəlil kimyagər" və "Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Cəbi, Əhməd ("Hacı Qəmbər" və "Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), kapitan ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı üzrə səhnələş-dirənləri Zəfər Nemətov və Əli İsmayılov), Mirpaşa ("Komsomol poeması", İsgəndər Coşqun), Şah Ələmgir ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), aptekçi ("Romeo və Cülyetta", Uilyam Şekspir), Şamdan bəy ("Şamdan bəy", Nəriman Nərimanov), Abbas ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli). "Komsomol poeması" tamaşasında oynadığı Mirpaşa roluna görə 1967-ci ildə Respublika Lenin komsomolu mükafatına layiq görülüb.

Teatr sənətinin inkişafında, xüsusən gənc tamaşaçıların, məktəb şagirdlərinin, yeniyetmələrin estetik zövqlərinin münbit zəminə düşməsində göstərdiyi səhnə xidmətlərinə görə 1 iyul 1956-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 9 fevral 1979-cu ildə xalq artisti fəxri adları ilə təltiflənib.

Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib.

Filmoqrafiya
Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: Əlinin atası
Alma almaya bənzər (film, 1975)
Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
Babamızın babasının babası (film, 1981)
Bəxtiyar (film, 1955)
Bir ailəlik bağ evi (film, 1978)
Bir nömrəli... (film, 1980)
Böyük dayaq (film, 1962)
Buyruq və quyruq (film, 1972)
Daha bir fənd (film, 1978)
Dəli Kür (film, 1969)
Dörd bazar günü (film, 1975)
Əhməd haradadır? (film, 1963)
Əlamət (film, 1982)
Ələddinin sehrli çırağı (1966)
Əmək və qızılgül (film, 1962)
Foto "Fantaziya" (film, 1970)
Hədiyyə (film, 1974)
İcazə (film, 1972)
"Kazbek" qutusu (film, 1958)
Kimdir Məmməd Məmmədov? (film, 1973)
Qara daşlar (film, 1956)
Qaraca qız (film, 1966)(film, kinoalmanax)
Qədəmlərin mübarək (film, 1976)
Müşavirə (film, 1971)
"Müstəntiq və məntiq" (film, 1971)
O qızı tapın (film, 1970)
Od içində (film, 1978)
Ömrün ilk saatı (film, 1973)
Sehrli xalat (film, 1964)
Səhər (film, 1960)
Şərikli çörək (film, 1969)
Telefonçu qız (film, 1962)
Tülkü həccə gedir (film, 1971)
Var olun, qızlar... (film, 1972)
Yeddi oğul istərəm... (film, 1970)
Yenilməz batalyon (film, 1965)


Tarix: 02.02.2013 / 14:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 608 Bölmə: Aktyorlar
loading...