Bəşir Səfəroğlu — Aktyor. Filmlərdə iştirak edən. Arxiv kadrlarda iştirak edən.Mündəricat
1 Həyatı
2 Şəkilləri
3 Filmoqrafiya
4 Həmçinin bax
5 Xarici keçidlər
5.1 Aktyorun videosu
5.1.1 Fraqment
Həyatı
Səfəroğlu (Səfərov) Bəşir Səfər oğlu - 11 mart 1925-ci ildə Bakıda doğulub. Yeddi illik təhsilini Bakıda alıb və ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. On dörd yaşlarından şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb.
1941-ci ilin axırlarında faşistlərlə müharibəyə yollanan Bəşir 1942-ci ildə hərbdən kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. O, tamaşalara baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər. Yaradıcılıq ehtirası ilə çırpınan Səfəroğlu həyəcanlanır, daxili iztirablar keçirirdi. Ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanıb və bununla da dili açılıb. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.
Bəşir Səfəroğlu Üzeyir və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib.
Aktyor yaradıcılığında xüsusi yer tutan əsas rolları: Möhsün ("Beş manatlıq gəlin", dramaturq Məmməd Səid Ordubadi və bəstəkar Səid Rüstəmov), Qaradavoy və Çiko ("Keto və Kote", Vladimir Dolidze), Usta Məhərrəm, Qoçu Əsgər və Məşədi İbad ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Uzun və Nəcəf ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Səlyanski və Qəhrəman ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Ohan yüzbaşı və Hacı Qara ("Xəsis", Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi. Bəstəkarlar Vasif Adıgözəlov və Ramiz Mustafayev), Kazbek ("Kəndimizin mahnısı", dramaturq Kərim Kərimov, şeirlərin müəllifi Ənvər Əlibəyli və bəstəkar Zakir Bağırov), Şulu, Muxtar bəy ("Əlli yaşında cavan" və "Evliykən subay", Zülfüqar bəy Hacıbəyov), Mir İsmayıl ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Baləmi ("Rəisin arvadı", Məhərrəm Əlizadə və Səid Rüstəmov), Qiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava), Əli Dinməzov ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Hacı Kərim ("Hacı Kərimin Aya səyahəti", dramaturqlar Qulamrza Cəmşidi ilə Əbülfəz Hüseyni və bəstəkar Azər Rzayev), Qoçu ("Keçmişin məişət səhnələri", Soltan Dadaşov və Vasif Adıgözəlov), Nadir və Azay ("Qızılgül", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov), Murtuzov, Dayandur, Polis rəisi ("Özümüz bilərik", "Olmadı elə, oldu belə" və "Milyonçunun dilənçi oğlu", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Darçmov ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov), Firuzbala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov), Səbrəli ("Bizə bircə xal lazımdır", Qulamrza Cəmşidi ilə Bəşir Səfəroğlu və Telman Hacıyev), Qasiyane ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava. Tərcümə edəni Adil Babayev), Əsgər Nəcəfoviç ("Ləpələr", Əliağa Kürçaylı və Arif Məlikov).
Bəşir Səfəroğlu "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?" və "Ulduz" filmlərində Sərxoş və Gülümsərov, "Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində Xacə Nəsrəddin rollarını ifa edib.
Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında "Gəlməli, görməli, gülməli" miniatür teatrı təşkil olunub. Onun üzvləri xalq artisti Əliağa Ağayev, əməkdar artist Müxlis Cənizadə, aktrisa Ofeliya Abbasova (Məmmədzadə) və Bəşir Səfəroğlu idilər. Bu kollektivdə Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.
Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyni adlı bədii-sənədli televiziya filmi çəkib.
Sənət uğurlarına görə 29 iyun 1964-cü ildə Bəşir Səfəroğluna Azərbaycan Respublikasının əməkdar artisti, 25 iyun 1968-ci ildə xalq artisti fəxri adları verilib.
Şöhrətli sənətkar Bəşir Səfəroğlu Bakıda, 44 yaşına yenicə qədəm basanda, 23 mart 1969-cu ildə vəfat edib. Məzarı Bakıdakı Fəxri Xiyabandadır.
Xalq artisti Afaq Bəşirqızının atasıdır.
Şəkilləri
Filmdən fraqment
Filmoqrafiya
Aygün (film, 1960)
Qəribə əhvalat (film, 1960)
Əhməd haradadır? (film, 1963) - sərxoş Əhməd
Ulduz (film, 1964) - Gülümsərov
Yun şal (film, 1965)
Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
Bəşir Səfəroğlu (film, 1969)
Aktrisanın təbəssümü (film, 1974)
Tarix: 31.01.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 632 Bölmə: Aktyorlar