beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Portativ cihaz quş qripinə 30 dəqiqəyə diaqnoz qoyur

Sinqapur alimləri quş qripinin sürətli diaqnostikası üçün ucuz bir cihaz hazırlamışlar. Nature Medicine jurnalının verdiyi məlumata görə, yeni cihaz insan üçün təhlükəli olan H5N1 ştammını 30 dəqiqə ərzində təyin etməyə imkan verir.
Quş qripinin diaqnostikasında indiyə qədər tətbiq olunan üsulda isə bu prosesə 4 saatdan daha çox vaxt və laboratoriya şəraiti lazım idi.


Biomühəndislik və Nanotexnologiya İnstitutu alimlərinin hazırladığı bu yeni cihaz olduqca sürətlidir və ucqar kənd regionlarında meydana çıxan quş qripi infeksiyası hallarının əməli surətdə aşkarlanması üçün tətbiq oluna bilər. Cihaz öz-özlüyündə əsnəkdən götürülmüş nümunəni analiz edən mini-laboratoriyadır. O, eyni zamanda virusu ayırır, təmizləyir və virus RNT-si kopyalarının miqdarını diaqnostik testin aparılması üçün lazım olan miqdara qədər artırır.
Diaqnostika aparmaq üçün əsnəkdən götürülmüş nümunə, tərkibində supermaqnit hissəcikləri olan damcıya yerləşdirilir. Maqnit sahəsinin köməyi ilə virus RNT-sini ayırmaq mümkün olur. Qalıq aşqarları təmizləmək üçün nümunə yuyulur, sonra isə polimeraz zəncir reaksiyası (PZR) ilə irsi material kopyalanır.
H5N1 ştammı standart test vasitəsilə müəyyən edilir. Alimlərin dediyinə görə, bütün diaqnostika prosesi 28 dəqiqə ərzində başa çatır.
Tədqiqatın rəhbəri Yurgen Pipperin dediyinə görə, yeni cihazın ağırlığı 200 qramdır və bir ekspress-testin aparılması üçün təxminən 20-50 sent miqdarında vəsait sərf olunur ki, bu, mövcud metodlardan 10 dəfə ucuz başa gəlir. Bundan əlavə, yeni cihazın həssaslığı əvvəlkilərdən geri qalmır.
İndiki dövrdə insanların quş qripi ilə yoluxması xəstə quşlarla təmas zamanı baş verir. Lakin alimlər ehtiyat edir ki, H5N1 virusu mutasiyaya uğraya bilər və bu zaman insandan insana yoluxaraq pandemiyaya səbəb olar. Məhz elə buna görə, bu ştammın diaqnostikası üçün ucuz, kiçik ölçülü və dəqiq yoxlama apara bilən cihaza böyük ehtiyac olduğunu bildirən Pipper, hazırladıqları cihazın əhəmiyyətini bir daha vurğulamışdır.


Tarix: 07.01.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 320 Bölmə: Umumi Xestelikler