beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Babək (rayon)

Babək – Azərbaycanda, Naxçıvan Muxtar Respublikasının tərkibində rayon.

Mündəricat
1 Sərhəd rayonlar, ölkələr və ərazilər
2 Ermənistanın işğalı nəticəsində dağıdılmış abidələr
3 Əhalisi
4 Ərazisi
5 Tarixi
6 Tarixi və memarliq abidələri
7 İqtisadiyyatı
8 Coğrafiyası
9 Yerli media
10 Görkəmli şəxsləri
11 Mənbə


Sərhəd rayonlar, ölkələr və ərazilər

Kəngərli, Şahbuz, Culfa rayonları, İran İslam Respublikası və Ermənistan.

Ermənistanın işğalı nəticəsində dağıdılmış abidələr

Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar erməni işğalçılarının 1990-1991-ci illərdə Babək rayonunun Yuxarı Buzqov və Gərməçataq kəndlərinə hücumu zamanı burada olan mədəniyyət müəssisələrinə xeyli ziyan dəymiş, onların binaları uçmuş, kitabxana fondları dağıdılmış və yanmışdır. Yuxarı Buzqovda kitabxana binası, Aşağı Buzqovda mədəniyyət evi, Gərməçataq kəndində klub və kitabxana binaları dağıdılmışdır.

Bununla yanaşı həmin kəndlərdə əhaliyə məxsus yaşayış evləri və ictimai binalar yandırılmış və top mərmiləri ilə dağıdılmışdır.

Əhalisi

Əhalisi haqqında daha geniş statistik məlumatƏhalinin ümumi sayı65040
Şəhər əhalisinin sayı, [%]4.5849
Kənd əhalisinin sayı, [%]95.4151
Əhalinin orta sıxlığı72.132020
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%]46.5867
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%]53.4133
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%]27.2909
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%]4.9354
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%]54.7048
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%]6.5575
Ali təhsilli əhalinin sayı, [%]4.9508
Orta təhsilli əhalinin sayı, [%]49.7448
Məskunlaşmış qaçqınların sayı255
Məskunlaşmış məcburi köçkünlərin sayı20


Ərazisi

Ərazisi haqqında daha geniş məlumatÜmumi ərazi, [kv.km]901.68[1]
Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km]114.10
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km]583.60
Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km]157.70
Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km]111.51
Meyvə bağlarının ümumi sahəsi, [kv.km]21.00
Şoran torpaqların ümumi sahəsi, [kv.km]92.78
#Bələdiyyələrin adıHər bələdiyyə üzrə əhalinin sayı
1Nehrəm kənd bələdiyyəsi12140
2Cəhri kənd bələdiyyəsi8283
3Babək qəsəbə bələdiyyəsi2965
4Şıxmahmud kənd bələdiyyəsi2795
5Sirab kənd bələdiyyəsi2661
6Zeynəddin kənd bələdiyyəsi2377
7Qaraçuq kənd bələdiyyəsi2638
8Qahab kənd bələdiyyəsi2612
9Qaraxanbəyli kənd bələdiyyəsi2353
10Kültəpə kənd bələdiyyəsi1859
11Tumbul kənd bələdiyyəsi1556
12Güznüt kənd bələdiyyəsi1529
13Kərimbəyli kənd bələdiyyəsi1462
14Yarımca kənd bələdiyyəsi1336
15Vayxır kənd bələdiyyəsi1290
16Didivar kənd bələdiyyəsi1288
17Qoşadizə kənd bələdiyyəsi1283
18Bulqan kənd bələdiyyəsi1127
19Payız kənd bələdiyyəsi1051
20Nəzərabad kənd bələdiyyəsi1036
21Aşağı Buzqov kənd bələdiyyəsi979
22Şəkərabad kənd bələdiyyəsi937
23Çeşməbasar kənd bələdiyyəsi896
24Məzrə kənd bələdiyyəsi825
25Hacıvar kənd bələdiyyəsi704
26Xəlilli kənd bələdiyyəsi615
27Qaraqala kənd bələdiyyəsi555
28Xalxal kənd bələdiyyəsi552
29Yuxarı Uzunoba kənd bələdiyyəsi541
30Naxışnərgiz kənd bələdiyyəsi502
31Gərməçataq kənd bələdiyyəsi498
32Kalbaoruc Dizə kənd bələdiyyəsi494
33Gülşənabad kənd bələdiyyəsi492
34Məmmədrza Dizə kənd bələdiyyəsi487
35Aşağı Uzunoba kənd bələdiyyəsi435
36Bədəşxan kənd bələdiyyəsi274
37Araz kənd bələdiyyəsi243
38Yuxarı Buzqov kənd bələdiyyəsi154
39Nəcəfəlidizə kənd bələdiyyəsi145
40Cəmi63969


Tarixi

Babək rayonu 1978-ci ildə təşkil olunmuşdur. Rayon mərkəzi Naxçıvan şəhərindən 6 km cənub-şərq istiqamətində yerləşən Təzəkəndə köçürülür və buraya Babək qəsəbəsi adı verilir. Babək qəsəbəsi şəhər tipli qəsəbədir.

Tarixi və memarliq abidələri

Babək rayonunun ərazisi tarixi arxeoloji abidələrlə zəngindir. Buranın təbii coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaratmışdır. I Kültəpə və II Kültəpə kimi dünya miqyaslı abidələr Babək rayonu ərazisindədir.
I Kültəpə abidəsi Babək rayon mərkəzindən 14 km şimalda, Kültəpə kəndi ərazisində, Naxçıvançayın sol sahilində yerləşir. Eneolit – ilk Dəmir dövrünə, e.ə. IV minillik – e.ə. I minilliyin əvvəlinə aid yaşayış yeridir. İlk dəfə 1904-cü ildə kəşfiyyat xarakteli tədqiqat işləri aparılmış, əldə olunmuş materialların bir qismi 1905-ci ildə Tiflis Qafqaz muzeyinə verilmişdir. Qazıntılar sonralar davam etdirilmiş 22,2 m qalınlığında 4 mədəni təbəqə öyrənilmişdir. Qalınlığı təqribən 9 m olan alt təbəqədən Eneolit dövrünə aid dairəvi planlı, bünövrəsi çay daşları və gil məhlulu, divarları möhrə palçıqla hörülmüş yaşayış binaları, təsərrüfat tikililəri, ocaq və qəbrlər aşkar edilmişdir. Burada tək, qoşa və kollektiv dəfn olunmuş qəbrlər aşkar edilmiş, qəbrlərdə məişət avadanlıqları, əmək alətləri, bəzək əşyaları tapılmışdır. Eyni zamanda Yaxın Şərq ölkələrindən gətirilmiş boyalı qablar tapılmış, 9,5 m qalınlığında olan 2-i təbəqədən Tunc dövrünə (e.ə. III minilik) aid yaşayış binaları, alət və avadanlıqlar, yarma naxışlı və cızma bəzəkli cilalanmış boz və qara saxsı qablar, heyvan fiqurları, kömürlənmiş arpa, buğda, darı əldə edilmişdir. Qalınlığı 2 m olan mədəni təbəqədən orta və son Tunc dövrünə aid materiallar əldə edilmiş, qalınlığı 1,5 m olan 4-cü təbəqədən isə ilk Dəmir dövrünə aid nümunələr tapılmışdır. Bütün bu tapıntılar Kür-Araz mədəniyyəti üçün səciyyəvidir. Burada tapılmış Polixram boyalı qablar bədii tərtibatına görə nəinki Azərbaycanın, eləcə də qədim dünyanın ən nadir incəsənət nümunələri sayıla bilər.

II Kültəpə abidəsi Babək rayon mərkəzindən 16 km şimalda, Didivar və Yuxarı Uzunbora kəndlərinin yaxınlığında, Cəhriçayla Naxçıvançayın birləşdiyi ərazidə yerləşir. Bura e.ə. IV-I minilliklərə aid yaşayış yeridir. Qalınlığı 14 m olan 4 mədəni təbəqə öyrənilmiş, Kür-Araz mədəniyyətinə aid edilmiş alt təbəqədən dairəvi yaşayış binaları, müdafiə divarı, təsərrüfat tikililəri, daş, tunc, sümükdən əmək alətləri, gil qablar, kömürləşmiş taxıl qalığı, heyvan sümükləri aşkar edilmişdir. 2-ci təbəqədən isə dulusçuluq emalatxanaları, dulus kürələri, metaləritmə sobasının qalıqları tapılmış, metal emalı ilə bağlı alətlər, təsərrüfat alətləri, tikililər üzə çıxarılmışdır. Buradan tapılmış maddi mədəniyyət nümunələri o dövrdə Yaxın Şərq ölkələri ilə iqtisadi, mədəni əlaqələrin olduğunu sübut edir.

Babək rayonu ərazisində, rayon mərkəzindən 28 km şimal-qərb istiqamətində, Payız kəndi yaxınlığında, Cəhriçayın sağ sahilində, təbii cəhətdən əlverişli mövqedə, tunc dövrünə aid Çalxanqala qala abidəsi yerləşir. Qala hündür dağ üstündədir. Çalxanqala abidəsi böyük daş divarlarla əhatə olunmuşdur. Buranın e.ə. II minillikdə təşəkkül tapmış iri tayfa ittifaqının əsas müdafiə qalası olduğu ehtimal olunur. Arxeoloji qazıntılar zamanı xeyli maddi mədəniyyət nümunələri tapılmışdır.

Rayon mərkəzindən 4 km cənub-qərbdə Araz çayı sahilində hərbi istehkam tipli Abbasabad qalası mövcul olmuş, qala 1809-1810-cu illərdə fransız hərbi mütəxəssislərinin layihəsi əsasında tikilmiş, beşbucaq şəklində olan qala bücləri müdafiə xarakteri daşımışdır. Qala su arxı ilə əhatə olunmuş, dəfələrlə döyüş meydanına çevrilmişdir. Araz su anbarı tikilən zaman qalanın qalıqları su altında qalmışdır.

Bundan başqa rayon ərazisində elmi əhəmiyyətə malik Eneolit, Tunc, Dəmir dövrünə və Antik dövrə aid arxeoloji abidələr, qədim duzdağ yatağı, orta əsrlərə aid yaşayış yerləri, nekropollar, maddi mədəniyyət qalıqları və onlarla digər arxeoloji, tarixi, memarlıq abidəsi, zəngin materiallar aşkara çıxarılmış və tədqiq edilmişdir. Son illər rayonun Çeşməbasar kəndində "Heydər" məscidi, Nehrəm, Qahab, Zeynəbbin, Cəhri, Sirab kəndlərində və Babək qəsəbəsində memarlıq baxımından gözəl məscidlər inşa edilmişdir.

Rayonun mərkəzində Babəkin heykəli, Şəhidlərin abidə kompleksi, Nehrəmdə şəhidlər abidə kompleksi, Çeşməbasarda Şəhid bulağı, Tumbulda İkinci Dünya müharibəsi iştirakçılarının xatirə abidəsi ucaldılmışdır.

İqtisadiyyatı

Babək rayonunda Elektrik şəbəkəsi, Yol Təmir istismar sahəsi, Rabitə idarəsi kimi dövlət müəssisələri, sutkada 25 min kərpic (tuğla) istehsal gücünə malik Kərpic zavodu, Sirab mineral sular zavodu, Uzlük plitələr zavodu, "Şərab-2" Üzüm Emalı Səhmdar Cəmiyyəti, Qoşadizə, Hacıvar və Cəhri dəyirmanları fəaliyyət göstərir. Dəyirmanlar şəxsi müəssisələrdir. Bundan başqa rayonda şəxsi qənd sexi, gəc sexləri, çörək sexi, mineral su sexləri fəaliyyət göstərir. Babək rayonunun iqtisadiyyatında emal və sənaye müəssisələri, xörək duzu, mineral su və tikinti materialları istehsalı, taxılçılıq, üzümçülük, meyvəçilik, bostançılıq, tərəvəzçilik, şəkər çuğunduru mühüm yer tutur. Burada özəl müəssisələr yaradılmışdır. Aqrar islahatlar həyata keçirilmiş, 10326,6 hektar torpaq sahəsi rayon əhalisinə paylanaraq əhali torpaq payları ilə təmin olunmuşdur. Rayonun əsas təsərrüfat fəaliyyətini kənd təsərrüfatı təşkil edir. [2]

Coğrafiyası

Babək rayonu qərbdə Kəngərli, şimal-şərqdə Şahbuz, şərqdə Culfa rayonları ilə cənubda İran İslam Respublikası, şimal-qərbdə Ermənistanla həmsərhəddir. Rayonun ərazisi 0,92 min kv.km., əhalisi 65040 nəfərdir. Rayonda bir şəhər tipli qəsəbə, 39 kənd vardır.

Rayonun relyefi şimalda Dərələyəz silsiləsinin cənub yamaclarından, cənub-şərqdə Zəngəzur silsiləsindən ayrılmış qollardan olan təpələrdən və yüksəkliklərdən, cənubda Naxçıvan düzənliyi adlanan maili düzənliklərdən, cənub-şərqdə Gülüstan düzənliyi adlanan düzənliklərdən ibarətdir. Ən yüksək zirvə Buzqov dağıdır (2475). Babək rayonunun ərazisi faydalı qazıntılarla – daş, duz, tikinti materialları ilə zəngindir. Burada Sirab, Vayxır, Cəhri, Qahab və sair mineral su bulaqları vardır.

Rayonun əsas çayları inzibati ərazini yarıya bölən Naxçıvançay və onun qolu Cəhriçaydır. Bu çaylar süvarmada mühüm rol oynayırlar. Rayon ərazisində Araz su qovşağının su anbarı, Uzunoba, Nehrəm, Sirab, Cəhri, Qahab kimi su anbarları və suvarma kanalları vardır.

Ərazidə bitki və heyvanat aləmi zəngindir. Araz su qovşağının su anbarında müxtəlif növ balıqlar vardır.

Babək rayonunun ərazisi tarixi arxeoloji abədələrlə də zəngindir. Buranın təbii coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaratmışdır. I Kültəpə və II Kültəpə kimi dünya miqyaslı abidələr Babək rayonu ərazisindədir.

Yerli media

Rayonda Babək rayon İcra Hakimiyyətinin orqanı olan "Şərqin səhəri" qəzeti 1979-cu ildən nəşr olunur. Azərbaycan Respublikasının rəsmi qəzetləri olan "Azərbaycan", "Xalq qəzeti", "Respublika", "Yeni Azərbaycan" qəzetləri və digər gündəlik dövri orqanlar, "İki sahil", "Eksperss", "Zaman" və sair qəzetlər, Naxçıvan Muxtar Respublikasında nəşr olunan "Şərq qapısı" qəzeti abunəçilərə çatdırılır və yayılır. Bundan əlavə, rayon ərazisində Azərbaycan Dövlət televiziya və radiosu, "ANS", "Lider", "Space" özəl televiziyası və radiosu, "Kanal-35" televiziyası, "Naxçıvanın səsi" radiosu, Türkiyə Respublikasının "TRT" kanalı və "TRT-FM" radiosu, Rusiya Federasiyasının "ORT" kanalı yayımlanır.

Görkəmli şəxsləri
Abbasov Qurban Abbasqulu oğlu (26.10.1926, Babək rayonunun Payız kəndi – 14.09.1994, Bakı) – neftçi, mühəndis, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikasının əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi, SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatları laureatları.
Abdullayev Abdulla Mehdi oğlu (01.1907, Babək rayonunun Nehrəm kəndi – 23.08.1979, Naxçıvan şəhəri) – həkim. Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikasının əməkdar həkimi.
Allahyarov Kamil Hüseyn oğlu (22.09.1950, Babək rayonunun Uzunoba kəndi) – ədəbiyyatşünas, filologiya elmləri doktoru. 100-ə yaxın elmi məqaləsi dərc olunmuşdur.
Babayev Abdulla Murtuz oğlu (01.04.1924, Babək rayonunun Tumbul kəndi) – xanəndə, Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Bağırov Mehdi Abbas oğlu (20.12.1915, Babək rayonunun Nehrəm kəndi – 27.03.2004, Naxçıvan) – həkim-cərrah. Səhiyyə əlaçısı, SSRİ xalq həkimi, Azərbaycan Respublikasının əməkdar həkimi, Lenin ordeni, Qırmızı Ulduz, Xalqlar dostluğu və sair ordenlərlə təltif edilmişdir.
Əkbərov Qəzənfər Qulam oğlu (1917, Babək rayonunun Cəhri kəndi – 03.08.1944, Belorusiya, Volojin şəhəri) – Sovet İttifaqı qəhrəmanı (ölümündən sonra, 26.10.1944). Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir.
Əlirzayev Əli Nağı oğlu (1932, Babək rayonunun Nehrəm kəndi – 22.05.1995, Nehrəm kəndi) – əmək qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, iki dəfə Lenin ordeni və Oktyabr İnqilabı ordeni ilə təltif edilib.
Əliyev Əsəd Cabbar oğlu (1918, Babək rayonunun Nehrəm kəndi) – maarif xadimi, Azərbaycan Respublikasının əməkdar müəllimi.
Əsgərova Roza Qasım qızı (15.08.1929, Babək rayonunun Qahab kəndi) – botanik, biologiya elmləri doktoru, "Azərbaycanın Qırmızı kitabı"nın müəlliflərindən biri.
Hacıyev Hümmət Ələkbər oğlu (10.10.1935, Babək rayonunun Nehrəm kəndi) – neftçi-geoloq, Geologiya -minerologiya elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar geoloqu, 30-a qədər elmi məqalənin, 3 ixtiranın müəllifidir.
Heydərov Fəttah Səməd oğlu (23.02.1938, Babək rayonunun Çeşməbasar kəndi) – ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Həmzəyeva Zəroş Mirzəbağır qızı (22.03.1925, Babək rayonunun Nehrəm kəndi – 2004, Bakı) – Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.
Hümbətov Həsən Həşim oğlu (20.05.1937, Babək rayonunun Uzunoba kəndi) – Texniki elmlər doktoru, Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar neft və qaz sənayesi işçisi. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub, haqqında sənədli filmlər çəkilib, kitablar yazılıb.
Kəlbəliyev Qüdrət İsfəndiyar oğlu (13.11.1946, Babək rayonunun Şəkərabad kəndi) – Kimya elmləri doktoru, professor. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü.
Qasımov Həsən Allahyar oğlu (14.01.1940, Babək rayonunun Qaraçuq kəndi) – İqtisad elmləri doktoru, professor, 200-dən çox elmi məqalənin müəllifi.
Qasımov Nemət Abbasəli oğlu (27.01.1940, Babək rayonunun Didivar kəndi) – Biologiya elmləri doktoru, professor, ABŞ-ın İllinoys Elmlər Akademiyasının həqiqi üzvüdür. "XX əsrin 2000 görkəmli adamı"nın diplomu və gümüş medalı, ABŞ-ın Bioqrafiya Mərkəzinin "Qızıl Ulduz" mükafatları ilə təltif olunmuşdur.
Quliyev Abbas Şahbaz oğlu (15.09.1916, Babə rayonunun Şəkərabad kəndi – 30.12.1998, Naxçıvan şəhəri) – Sovet İttifaqı Qəhrəmanı, qvardiya kapitanı, İkinci Dünya Müharibəsi iştirakçısı, Qırmızı bayraq, Aleksandr Nevski, I dərəcəli "Vətən müharibəsi" ordeni və medallarla təltif edilmişdir.
Quliyev Kamran Məmmədqulu oğlu (09.09.1958, Babək rayonunun Zeynəddin kəndi) – Azərbaycan Respublikasının xalq artisti.
Mehdiyev Əqil Səftər oğlu (20.07.1920, Babək rayonunun Nehrəm kəndi) – səhiyyə əlaçısı, Naxçıvan MR və Azərbaycan Respublikasının əməkdar həkimi. Naxçıvan MR Absaqqalar şurasının sədri, "İstiqlal", "Şöhrət" ordenləri və medallarla təltif olunub
Rzayev Həbib Allahverdi oğlu (26.12.1923, Babək rayonunun Nehrəm kəndi – 12.08.1997, Bakı) – Ədliyyə General-mayoru, İkinci Dünya müharibəsi iştirakçısı, Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində çalışmış, orden və medallarla təltif edilmişdir.
Rzayev Tofiq Heydər oğlu (1935, Babək rayonunun Nehrəm kəndi) – texnika elmləri doktoru, professor, bir monoqrafiya, 140-dan çox elmi məqalənin müəllifidir.
Seyidov Mirəsgər Mirabdulla oğlu (06.02.1970, Babək rayonunun Qaraxanbəyli kəndi – 17.05.1992, Yuxarı Buzqov) – Azərbaycanın Milli Qəhrəmanıdır (ölümündən sonra).
Səfərli İslam Əhməd oğlu (12.02.1923, Babək rayonunun Şəkərabad kəndi – 06.11.1974, Bakı) – şair, dramaturq, əməkdar İncəsənət xadimi, İkinci Dünya müharibəsinin iştirakçısı.


Tarix: 17.03.2013 / 13:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1092 Bölmə: Tariximiz ve rayonlarimiz