beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması

1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin sonuncu iclası keçirildi. İclasda çıxış edən Sereteli Gürcüstanın federasiyadan çıxdığını bəyan etdi və Seym özünün buraxılması haqqında qərar qəbul etdi.
Mayın 26-da Gürcü milli şurası tərəfındən Gürcüstanın müstəqilliyi elan edildi və Ramişvili başda olmaqla hökumət kabinəsi yaradıldı. Yeni hökumətin ilk xarici siyasi addımı mayın 28-də Almaniya ilə saziş bağlamaq oldu.
Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirdi. Yaranmış vəziyyətin çətinliyini nəzərə alaraq yekdilliklə Azərbaycanın idarə olunmasını öz öhdəsinə götürməyi qərara aldı və özünü müvəqqəti Milli Şura elan etdi. M.Ə. Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri təyin olundu. H.Ağayev, M. Seyidov onun müavinləri seçildilər. Sonra Milli Şuranın 9 nəfərdən ibarət İcraiyyə orqanı yaradıldı ki, onun da sədrliyinə F.X.Xoyski seçildi.
Mayın 28-də Milli Şuranın 26 nəfərin iştirakı ilə keçirilən birinci iclasında Seymin buraxılması və Gürcüstanın istiqlaliyyətinin elan edilməsi ilə əlaqədar Azərbaycandakı vəziyyət müzakirə edildi. Şuranın üzvi X.Xasməmmədov məruzə edərək təxirə salınmadan Azərbaycanın müstəqil respublika elan edilməsinin zəruriliyini əsaslandırdı. Şuranın üzvlərindən Yusifbəyli, Şeyxülislamov, Seyidov və b. bu fıkrə tərəfdar çıxdılar. Milli Şura 24 səslə Azərbaycanın istiqlaliyyətinin elan edilməsi haqqında qərar qəbul edərək (S.MQəniyev və C.Axundov bitərəf qalmışdı), 6 bənddən ibarət İstiqlal Bəyannaməsini bəyan etdi.

Azərbaycan tam hüquqlu və müstəqil dövlətdir. Cənubi Qafqazın cənub və şərq hissələrindən ibarətdir. Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur.
Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir.
Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin bütün üzvləri ilə, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə qonşuluq əlaqələri yaradacaq.
Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində milliyətindən, dinindən, cinsindən, içtimai vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verir.
Azərbaycan Xalq Cümhuriyyəti onun ərazisində yaşayan bütün xalqların sərbəst inkişafına şərait yaradacaq.
Məclisi - Müəssisan çağrılana qədər Azərbaycanda ali hakimiyyət xalqın səsvermə yolu ilə seçdiyi Milli Şura və Milli Şuranın qarşısında cavabdeh olan Müvəqqəti Hökumət sayılır.
Bundan sonra Milli Şura F.X.Xoyskiyə hökumətin yaradılmasını tapşırdı. Azərbaycanın ilk müvəqqəti hökuməti belə tərkibdə təqdim edildi: l)F.X.Xoyski - Nazirlər Şurasının sədri, Daxili işlər naziri; 2) Xosrovpaşa bəy Sultanov - Hərbi nazir; 3) N.Yusifbəyli - Xalq maarifı və Maliyyə naziri; 4) M.H.Hacinski - Xarici işlər naziri; 5) X.B.Məlikaslanov - poçt, teleqraf və yollar naziri; 6) Ə.Şeyxülislamov - Əkinçilik və əmək naziri; 7) X.Xasməmmədov - Ədliyyə naziri; 8) M.Y.Cəfərov - Ticarət və sənaye naziri; 9) Camo Hacinski Dövlət nəzarəti naziri.
AXC-nin yaradılması bütün türk - müsəlman dünyasında çox mühüm tarixi hadisə idi. Azərbaycan Respublikası dünyəvi təməl üzərində qurulan ilk türk dövləti idi. AXC-nin yaradılması ilə XIX əsrin əvvəllərində itirilmiş dövlətçilik ənənələri bərpa edildi.
İstiqlaliyyət elan edildikdən sonra yaranmış dövlətin sərhədlərini müəyyən etmək lazım idi. Ən çətin vəziyyətə Ermənistan düşmüşdü. Ermənistan nümayəndələri Azərbaycan hökumətinə müraciət etmişdilər. Mayın 29-da erməni Milli Şurası ilə danışıqlar barədə F.X.Xoyski Milli Şuraya məlumat verir. Qeyd edir ki, Aleksandropol türklər tərəfındən tutulduqdan sonra ermənilərə dövlət yaratmaq üçün siyasi mərkəz lazımdır. Ona görə də Dağlıq Qarabağa olan iddialarından imtina etmək şərti ilə İrəvan şəhəri onlara güzəştə edilə bilər. Milli şuranın iclası İrəvanın ermənilərə güzəştə edilməsi barədə öz razılığını bildirdi. İrəvan Milli Şurasının üzvləri M.Seyidov, B.Rzayev, N.Nərimanbəyov buna özlərinin qəti etirazlarını bildirdilər. Lakin Milli Şura etirazı qəbul etmədi.
Gürcüstan ilə sərhəd məsələsi müzakirə edildi. Zaqatala dairəsi məsələsinin həlli əhalinin ixtiyarına verildi. Yerli əhalinin rəyi ilə bu məsələ Azərbaycanın xeyrinə həll olundu.
Azərbaycan hökumətinin ilk diplomatik addımlarından biri «Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq» müqaviləsinin imzalanması idı. Müqaviləni Türkiyə tərəfındən Ədliyyə naziri Xəlil Menteşə, Qafqaz cəbhəsinin baş komandanı Vahib paşa, Azərbaycan tərəfdən Xarici işlər naziri M.H.Hacinski və Milli Şuranın sədri M.Ə.Rəsulzadə imzaladılar. Bu, Azərbaycan Cümhuriyyətinin xarici dövlətlə bağladığı ilk müqavilə idi.
Müqavilədə Osmanlı imperiyası ilə Azərbaycan Respublikası arasında daima sülh və möhkəm dostluğun bərqərar olması, göstərilən hüdudlara əsasən Azərbaycanla Türkiyənin geniş sərhədləri olan dövlət olması, dinclik və asayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyini təmin etmək üçün əgər ehtiyac olarsa Osmanlı hökumətinin Azərbaycan respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürməsi, dəmiryol yüklərinin daşınmasında tərəflərin öhdəlikləri, azad gediş-gəliş və başqa maddələr irəli sürülürdü. Müqavilə Brest Litovsk müqaviləsinin tərəflər arasında qüvvədə olmasından da bəhs edirdi.
İyunun 4-də imzalanmış müqaviləyə əlavə olaraq iki saziş də bağlandı.
1) Bakı-Batum neft kəmərinə aid olub Azərbaycan, Gür- cüstan, Türkiyə arasında imzalandı. Tərəflər razılığa gəldilər ki, öz ərazilərində neft kəmərinin fəaliyyətini təmin etsinlər. Bu sazişin imzalanması Azərbaycan Neft sənayesinin işinə müsbət təsir göstərib onun xarici bazara çıxışını təmin edirdi; 2) dəmir yollarına aid idi və 4 dövlət: Osmanlı imperiyası, Ermənistan, Azərbaycan, Gürcüstan Respublikaları arasında imzalanmışdı.
Sazişdə deyilirdi: Keçmiş Rus dövlətinin mülkiyyəti olan dəmir yol nəqliyyat vasitələri müqavilə imzalayan tərəflərin ərazi hüdudlarına uyğun olaraq onlar arasında bölüşdürüləcək. Gürcüstana məxsus dəmir yolları Türkiyə ilə bərabər 28 may müqaviləsinə görə almanların da istifadəsinə verilirdi. Bununla Almaniya Bakı neftinə doğru əhəmiyyətli addım atmış oldu.
Milli hökumət və Milli Şura iyunun 16-da Tiflisdən Gəncəyə köçür. Milli Şura ölkədə yaranmış real vəziyyəti nəzərə alaraq iyunun 17-də keçirdiyi iclasda 2 mühüm qətnamə qəbul etmişdi.

Müvəqqəti Hökumətin səlahiyyətləri haqqında.
Qeyd olunur ki, Müvəqqəti Hökumət dövlət müstəqilliyini, mövcud siyasi azadlıqları ləğv etmək, aqrar və b. mühüm məsələlərə dair inqilabi qanunları dəyişdirmək hüququna malik deyil. O, 6 aydan gec olmayaraq milli məclisi çağırmalıdır. Digər məsələlərdə tam bütün hüquqlara malikdir.

Milli Şuranın buraxılması, hakimiyyəti F.X.Xoyski kabinəsinə təhvil vermək haqqında.
Gəncədə təşkil edilən ikinci hökumətin tərkibinə F.X.Xoyski, M.Hacinski, B.Cavanşir, X.Məlikaslanov, Ə.Əmircanov, X.Sultanov, N.Yusifbəyli, A.Aşurov, X.Rəfıbəyli, Ə.Topçubaşov, X.Xasməmmədov, M.Rəfıyev daxil idi.
Bu hökumətdə Müsəlman Sosialist bloku və Hümmət iştirak etmirdi.
Azərbaycan Milli Şurası müvəqqəti olaraq öz işini dayandırdı və bütün səlahiyyətləri Müvəqqəti Hökumətə verdi, bir şərtlə ki, o, 6 aydan gec olmayaraq Müəssisələr Məclisini çağıracaq.
İyunun 27-də Azərbaycan dili dövlət dili elan edildi. Dövlət idarələrində rus dilinin işlənməsinə də hələlik icazə verilirdi.
Türk hərbi dəstələrinin Gəncə istiqamətində hərəkəti BXKS-nin böyük narahatçılığına səbəb olmuşdu. 1918-ci il iyunun əvvəllərində Bakı Kommunası Gəncə üzərinə yürüşə hazırlaşırdı. Məqsəd türk hərbi dəstələri toplanana qədər istiqlaliyyətin beşiyi olan Gəncəni dağıtmaq idi. Hərbi əməliyyatların aparıldığı ərazilərdə müsəlman əhalisi yeni talanlara məruz qalmağa başladı. İyunun 23-də Azərbaycan hökuməti hərbi vəziyyət elan etdi. İyunun 27-si ilə 1-i arasındakı dörd günlük gərgin vuruşma döyüşün taleyini həll etdi. Göyçay ətrafındakı döyüşlərdə Sovetin qoşunlarının Gəncəyə yürüşünün qarşısı alındı və İslam ordusu Bakı istiqamətində hərəkətə başladı. Bakı Sovetinin qoşunları darmadağın edilərək geri çəkilmək məcburiyyətində qaldılar.
BXKS-nin həyata keçirdiyi antiazərbaycan siyasəti bolşeviklərin tamamiilə nüfuzdan düşməsinə və 1918-ci il iyulun 31-də onların istefasına gətirib çıxartdı. Bundan istifadə edən eser-menşeviklər «Sentrokaspi diktaturası» orqanını yaratdılar. Bununla hakimiyyət həmin orqanın və Sovetin müvəqqəti icraiyyə komitəsinin reyasət heyətinin əlinə keçdi. Bu orqan da ilk gündən bolşeviklərə divan tutmaq və ingilisləri Bakıya dəvət etmək mövqeyi tutdu. Yeni hökumət eyni zamanda Bakı Sovetinin antiazərbaycan siyasətini davam etdirməyə başladı. Lakin nə bu yeni hökumət, nə də onların müttəfıqi olan ingilislər Bakının milli qüvvələr tərəfındən azad edilməsinə mane ola bilmədilər.
Azərbaycan hökumətinin əsas vəzifəsi AXC-nin hakimiyyətini ölkənin bütün ərazisinə yaymaq və Bakını Azərbaycan xalqının düşmənlərindən azad etmək idi. Sentyabrın 15-də ağır döyüşlərdən sonra, Qafqaz İslam ordusu könüllü dəstələrinin köməyi ilə Bakı azad edildi. «Sentrokaspi diktaturası» süqut etdi. Sentyabrın 17-də Milli hökumət Bakıya koçürüldü. Bakı Respublikanın paytaxtı elan edildi. Noyabrın 9-da AXC-nin dövlət bayrağı üç rəngli bayraqla əvəz edildi.


Tarix: 26.11.2014 / 16:54 Müəllif: Aziza Baxılıb: 150 Bölmə: Tariximiz ve rayonlarimiz