beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sünik sülaləsinin bölünməsi

VIII əsrin əvvəllərində Qafqazda Ərəb Xilafətinin təsirinin zəifləməsi dövründə Sünik sülaləsi bir neçə qola bölündü. 821-ci ildə ərəb qüvvələri Sünikin böyük bir hissəsini idarə edən Vasak Süniyə qarşı yürüş təşkil etdilər. Lakin, Xürrəmilər hərəkatının rəhbəri Babəkin köməkliyi ilə süniklilər öz torpaqlarını ərəblərdən azad edə bildilər. Lakin bu dəfə də Sünik hakimi Babəkdən asılı vəziyyətə düşdü. Babəkə qarşı müharibənin aparıldığı dövrdə o, yürüş edərək Göyçə gölü sahilində yerləşən Balk və Qeqrqunik havarlarını taladı. Vasak Süninin ölümündən sonra, onun böyük oğlu Filipe mərkəzi Süniki, kiçik oğlu Saak Süni isə Göyçə gölü ətrafındakı əraziləri idarə edərək Sünik sülaləsinin Qeqarqunik haykazunları (hakimləri) olan qolunun əsasını qoymuşdur.
IX əsrdə Sünik sülaləsi beş qola bölünmüşdü. 831-832-ci illərdə ilk Qeqarqunik hakimi Saak Süni ərəb vostikanı Xola qarşı üsyanda öldükdən sonra onun hakimiyyətə gəlmiş oğlu I Qriqordan sonrakı Qeqarqunik hakimləri Ermənistanda hakimiyyətə gəlmiş Baqratuni sülaləsinə meylli siyasət yürütməyə başladılar və qohumluq əlaqələri yaratdılar. Sünik sülaləsindən olan Qeqarqunik hakimi Vasak Qaburun arvadı Məryəm Baqratilər sülaləsindən olan Ermənistan kralı I Böyük Aşotun qızı, Ermənistan kralı I Qaqikin arvadı isə Sünik çarı Vasakın (998-1040) qızı Kətramid olmuşdur.

853-cü ildə Vayots-Zor (Sünikin qərbində, Naxçıvanın şimalında yerləşən ərazi) və Sünik vilayətləri ərəb sərkərdəsi Buğanın hücumuna məruz qaldı. Həbs edilmiş hakimlər Aşot Süni və Vasak İşxanik əvvəlcə Dəbilə, daha sonra isə Samirəyə göndərildi. Lakin onlar tezliklə azad edildilər və Samirədən Sünikə qayıdaraq onun bərpası ilə məşğul oldular. Vasak İşxanikin əsirlikdə olduğu müddətdə Aşot Baqratuninin təyinatı ilə taxtda onu əvəz etmiş Vasak Qabur isə hakimiyyətin qanuni sahibi gəldikdə taxtı ona təhvil verdi.

X əsrin əvvəllərində Sünikdə ikihakimiyyətlilik yaranır. Knyaz Smbat qərbi Sünik ərazisini - Vayots-Zor və Şaaponk əyalətlərini, qardaşı isə Balk havarı və Əkəri çayı sahilindəki əraziləri idarə etməyə başlayır. 909-910-cu illərdə Sacilər sülaləsindən olan Azərbaycan əmiri Yusif ibn Əbu-Sac Əlincə havarını tutaraq Sünikdən ayırır. X əsrdə Baqratuni sülaləsindən olan Ani kralı II Dəmir Aşot yürüş edərək Göyçə gölü sahilindəki Qeqarqunik əyalətini tutdu və Sünik sülaləsinin həmin əyalətdə hakim olan qolu Qeqarqunik haykazunlarının (hakimlərinin) hakimiyyətinə son qoyuldu. Ərazi isə Ani çarlığının tərkibinə qatılır.

IX-X əsrlərdə Sünik sülaləsinin nümayəndələri geniş quruculuq-inşaat işləri ilə məşğul olmuşlar. Bu zaman Aermon, Sisəvəng, Sivəng, Makenis, Kotavəng kilsələri, Oxçu qalası, Şəki qalası kimi tarixi-memarlıq abidələri inşa edilmişdir. 906-cı ildə isə Sünik hakimi Aşot Süni (892-909) və onun arvadı Şuşan tərəfindən Tatev monastırının əsası qoyulmuşdur. Monastırın tikintisinə həmçinin Sünik sülaləsindən olan Qeqarqunik hakimi II Qriqor Supan (859-913) və Caqik də yardım etmişdir.

X əsrin ortalarında Vayots-Zor hakimi Vasak Süni Dvin şəhərini Şəddadilər sülaləsindən almağa cəhd göstərmiş, lakin döyüşdə məğlub olmuşdu. Bu hadisədən sonra Sünik sülaləsinin Vayots-Zor əyalətində hakimiyyəti daha da zəifləyir. Artıq 970-980-ci illərdə əyalət Balk (Cənubi Sünik – Qafan ərazisi) hakimi I Smbata tabe olur. I Smbat isə 987-ci ildə Sünik knyazlığının müstəqilliyini elan etsə də, 988-ci ildə Ani çarlığından vassal asılılığını qəbul etməli olur.


Tarix: 02.02.2015 / 14:40 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Qafqaz Albaniyası