beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hereti

Hereti, Ereti və ya Şəki — Qafqaz Albaniyasının vilayətlərindən biri. Cənubi Qafqazda, indiki Azərbaycan Respublikası ərazisinin qərbində, indiki Gürcüstan Respublikası ərazisinin şərqində və indiki Dağıstan Respublikası (RF) ərazisinin cənubunda yerləşən əraziləri əhatə etmişdir. Ərəblərin Azərbaycana yürüşləri ərəfəsində, 787-ci ildə ərazidə Şəki knyazlığı adlı feodal qurumu formalaşmışdır. .

Adı
D.Musxeleşvili Şərqi Gürcüstanın tarixi coğrafiyasına dair kitabında ərazini "Hereti" adı ilə təqdim etsə də, qeyd edir ki, "Gürcü mənbələrində X əsrə qədər Hereti barədə heç bir məlumat yoxdur. D.Musxeleşviyə görə gürcülər bu dövləti ən yaxın qonşularının, qədim alban tayfalarından biri olan her tayfasının adı ilə, ərəblər onu paytaxtı Şəki şəhərinin adı ilə, ermənilər və bizanslılar isə onu bu yerdə daha əvvəl mövcud olmuş Albaniya çarlığının adı ilə tanıyırdılar. Hereti xoronimi Herov adlı alban qəbiləsinin adından götürülmüşdür və yalnız gürcü mənbələrində öz əksini tapmışdır.

Ərəbdilli mənbələrdə Hereti, vilayət mərkəzi olan Şəki şəhərinin adıyla təqdim edilir. D.Musxeleşvili hesab edir ki ərəb mənbələrində adı çəkilən "Şəki" əslində Hereti knyazlığıdır. Lakin həm də qeyd edir ki, nədənsə "Kartlis tsxovreba"da da bəzən "Hereti" adı əvəzinə "Şəki" adı işlədilir.

Ərazisi
Hereti əyaləti şərqdə Qafqaz dağlarına, qərbdə Kür çayına, şimalda Telebdən yuxarıdakı Tke-Tba yaxud Qulqula gölünə, cənubda isə Alazan və İori çaylarının hövzəsinə kimi uzanan bir ərazini əhatə edirdi. Heretinin şimal və şimal-şərq sərhədləri barədə yazılı mənbələrdə heç bir məlumat yoxdur.

Əhalisi
Hereti ərazisi əsasən herlər, suclar, çilblər və lpinlər tərəfindən məskunlaşmışdı. Bütün bu tayfalar alban tayfa ittifaqına daxil idi. Gürcü mənbələri herlər və gürcülərin ayrı xalqlar olduğunu bildirir və “kartvellər” və “herlər” arasındakı fərqləri göstərirlər. Zaqafqaziyada yaşayan əhalinin qan qruplarının öyrənilməsi sahəsində aparılan tədqiqatlar göstərir ki, Alazan-Əyriçay vahəsində, eləcə də Şamaxı zonasında yaşayan kexetlərin və azərbaycanlıların qan qruplarının gen sıxlığı bir-birinə son dərəcə yaxındır. Mütəxəssislər bunu onunla izah edirlər ki, Hereti əvvəllər alban ittifaqının ərazisi olmuş və bu da həmin zonada yaşayan əhalinin genetik fondunun formalaşmasında böyük rol oynamışdır.


Tarix: 30.01.2015 / 18:43 Müəllif: Feriska Baxılıb: 106 Bölmə: Qafqaz Albaniyası