beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uti

Uti, Utik (yunan mənbələrində Otena) — Qafqaz Albaniyasında tarixi vilayət. Antik və orta əsr mənbələrinə görə indiki düzənlik Qarabağdan Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini əhatə edirdi.

Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti şərqdən Paytakaran, cənubdan Artsak, şimaldan Kür çayı arasındaydı; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Albaniyanın ikinci və sonuncu paytaxtı olan Bərdə (Partav) şəhəri bu vilayətdə yerləşirdi. 551-ci ildən Bərdə Albaniya katolikosunun (patriarxının), 630-cu ildən isə Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. Uti əyaləti - qavarı öz növbəsində inzibati vahidlərə bölünürdü; onlardan ən mühümü Sakasena (Şakaşen) və Qardman (Girdiman) idi.

Utidə məskunlaşmış utilər, qarqarlar, savdeylər ənənəyə görə albanların əfsanəvi əcdadı Aranın nəslindən hesab olunurdular. Bu, onların alban ittifaqı tərkibindəki ən qədim yerli tayfalardan olduğunu söyləməyə əsas verir. Avtoxton (yerli) əhali ilə yanaşı, Sakasenada saklar, Girdimanda İran mənşəli Mihranilər məskunlaşmışdılar. Bu tayfaların adları öz əksini toponimlərdə tapır. Qarqarların adları isə Qarqar düzündə (indiki Mil düzü) qalır. Mənbələr V-VI əsrlərdə burada yaşayan kəngərlilər və sabirlər haqqında da məlumat verir.

Antik şəhərlərdən Ayniyana, Xani, Anariaka, Xalxal (lala), Soqarn bu vilayətdə yerləşirdi.


Tarix: 30.01.2015 / 18:50 Müəllif: Feriska Baxılıb: 106 Bölmə: Qafqaz Albaniyası