Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz Albaniyası və Ermənistan Krallığının sərhəddləri

VII – VIII əsrlərin sinxron mənbələrinin yazdıqlarına görə eramızın I əsrində Albaniyanın Cənub sərhəddi Araz çayı boyunca keçirdi. Moisey Kalankatlı qeyd edir ki, Albaniyanın hüdudları eramızın VII – VIII əsrinə kimi dəyişməmişdir.

Məlum olduğu kimi elmdə belə bir mülahizə mövcuddur ki, guya 387-ci ilə qədər Albaniyanın Cənub sərhəddləri Kür çayı boyunca keçirdi, başqa sözlə desək Kürün sağ sahilindəki Artsak, Uti və Paytakaran əyalətləri Ermənistana məxsus olub və yalnız 387-ci ildən sonra Albaniyaya qatılıb. Bu ideya mxitarist M.Çamçyana məxsusdur və o həmin mülahizəni hələ 1787-ci ildə irəli sürmüşdü. Sonralar həmin mülahizəni əsaslandırmaq üçün daha bir neçə cəhd edilmişdir. Bir mülahizəyə görə üç alban vilayətindən (Uti, Artsak, Paytakaran) yalnız Paytakaran e.ə.II əsrdə erməni (ərmən) çarı I Artaşes tərəfindən işğal edilmiş və 388-ci ilə qədər Ermənistanın tərkibində olmuş, yalnız bundan sonra Albaniyaya qaytarılmışdır. Kürün sağ sahilindəki Artsak və Uti vilayətləri isə yalnız 387-ci ildən sonra erməni işğalından azad olunaraq Albaniyaya qaytarılmışdır. Bu mülahizə 1963-cü ildə irəli sürülmüşdür və onun müəllifi S.T.Yeremyan 1951-1952-ci illərdə "Erməni xalqının tarixi" kitabının atlasında bizim eradan əvvəl II əsrdə Kürün həm sağ, həm də sol sahilinin Albaniyaya məxsus olduğunu göstərir. Bu atlasa görə sağ sahildə Sakasena, Otena (Uti), Kaspiana (Paytakaran) və Orxistena (Artsak) Albaniya torpaqları olmuşdur. Atlasda göstərilir ki, e.ə. I əsrdə II Tiqran Kürün bütün sağ sahilini zəbt etmiş və II Tiqranla Pompey arasında e.ə. 66-cı ildə bağlanmış müqviləyə əsasən həmin ərazilər Ermənistanın tərkibindəqalmışdır. Digər mülahizəyə görə Artsak və Uti vilayətləri hələ e.ə. I əsrdə II Tiqran tərəfindən işğal olunub Ermənistana qatılmış, 387-ci il müqaviləsinə görə isə Sasanilər və Bizans arasında bölüşdürülərək onların hakimiyyəti altına keçmişdir. Burada Paytakaran haqqında bir kəlmə də danışılmır. Üçüncü mülahizəyə görə (K.V.Trever tərəfindən irəli sürülüb) Artsak, Uti, Paytakaran və Sakaşena vilayətləri e.ə.II əsrdə erməni (Ərmən) çarı I Artaşes tərəfindən zəbt olunmuş və 387-ci ilə qədər Ermənistanın tərkibində qalmış və yalnız 387-ci ldən sonra Albaniyaya qaytarılmışdır. Deməli bu torpaqlar hətta erməni çarları tərəfindən işğal edilmiş olsa belə lap əvvəllər Albaniyaya məxsus olmuşdur.

Hər üç konsepsiyanın müəllifləri başlıca olaraq Strabonun "Coğafiya"sına, erməni müəllifi Favstos Buzanda və "VII əsr erməni coğrafiyası"na əsaslanmışlar. Fəridə Məmmədova qeyd edir ki, Strabona görə I Artaşes tərəfindən alban torpaqlarından yalnız Paytakaran işğal olunmuşdur.

Strabon yazır:

"...əvvəlcə Ermənistan kiçik idi,lakin o sonralar Artaksi (Artaşes) və Zariadrın müharibələri nəticəsində genişləndirildi. Onlar öz səltənətinin hüdudlarını qonşu xalqlardan qopardıqları torpaqlar – Midiyanın Kaspiana, Favnitida, Basoropeda vilayətləri, İberiyanın Pariadra dağ yamacları, Xorzena, Kürün o biri tərəfində yerləşən Qoqarena vilayətləri hesabına genişləndirdilər..."
— Strabon, 71, f.14, 5, c.528
Strabonun qeydlərinə əsaslanan K.V.Trever bir az da irəli gedərək yazır:

"E.ə. II əsrdə erməni çarı I Artaşes (189 – 170) bir sıra qonşu vilayətləri, o cümlədən Şəki, Uti və Qarqar adlı alban tayfalarının yaşadığı Kürün sağ sahilini Ermənistana birləşdirdi... Elə o vaxtdan antik müəlliflər Kürü Albaniya ilə Ermənistan arasında sərhədd kimi tanıdılar."
— Тревер К. В. Очерки по истории и культуре Кавказской Албании. — М.—Л.. 1959.
Fəridə Məmmədova isə Strabonun "Coğrafiya" əsərində Albaniya haqqında verilən məlumatları tədqiq etdikdən sonra belə nəticəyə gəlmişdir:

"Strabonun məlumatlarında heç bir ardıcıllıq yoxdur. O Kaspiananı gah Midiya ilə bağlayır. Onu Midiyadan ayrılmış vilayət hesab edir, gah da Albaniya ilə əlaqələndirib yazır ki, "albanların ölkəsində Kaspiana vilayəti var və həmin vilayət vaxtilə orada yaşamış, indi isə yox olmuş kaspi xalqının adı ilə adlandırılmışdır."
— Fəridə Məmmədova – Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası, Bakı, 1993, səh. 83
Bəzi tədqiqatçılar Uti və Artsak vilayətlərini II Tiqranın işğal sahələri sayırlar. Yunan və Roma mənbələri isə sübut edir ki, II Tiqran alban torpaqlarını işğal etməmişdir. II Tiqran Ermənistanın Şərq və Qərb hissələrini birləşdirib, vaxtilə Ermənistanın olan 70 vahəni parfiyalılardan almışdır. C.Markvarta görə isə həmin vahələr I Artaşesin işğal etdiyi Atropatenanın Şimal – Qərb torpaqları idi. II Tiqran Lukull və Pompey tərəfindən məğlub ediləndən sonra onun dövləti dağıldı. E.ə. 66 – cı ildə bağlanmış müqaviləyə görə, II Tiqran vaxtilə ələ keçirdiyi torpaqlardan imtina elədi. Yalnız Şimali Mesopotomiya və Korduena Ermənistanın hakimiyyəti altında qaldı. Əgər Artsak və Utinin vaxtilə II Tiqran tərəfindən işğal olunduğunu fərz edilsə belə, məğlubiyyətdən sonra başqa torpaqlar kimi, həmin yerlər də Ermənistandan ayrılmışdır. Bununla da Arsaq və Utinin II Tiqran tərəfindən zəbt olunması mülahizəsinin əsassızlığ üzə çıxır. Albaniyanın Cənub sərhədlərinin Kür çayından keçməsi barədə ehtimallar başlıca olaraq yunan – Roma və V-VII əsr erməni müəlliflərinin məlumatlarına, doğruluğu müəyyən edilməyən, yalnız kortəbii inama görə etibarlı sayılan mənbələrə, o cümlədən VII-VIII əsr alban tarixçisi Moisey Kalankatlının məlumatlarını təkzib edən erməni tarixçilərinin ənənəvi xronologiyasına əsaslanır. Qeyd etmək lazımdır ki, Strabonun Sakaşenanı Ermənistna aid etməsi onun digər fikirləri ilə, məsələn, Kürün Albaniyanın ortasından axdığını bildirən qeydi ilə ziddiyyət təşkil edir. Çünki, bu hər iki sahilin Albaniya torpağı olduğunu təsdiq etməkdir. Belə ziddiyyətlər isə Strabonda çoxdur.

Bu isə onunla əlaqədardır ki, Strabon bir-birinə zidd olan müxtəlif mənbələrdən istifadə etmiş, Albaniyada çox az olduqlarına görə məlumatları kasad olan şəxslərin qeydlərinə qeyri-tənqidi yanaşmışdır. Strabonun mənbələri isə əsasən Feofan Mitilenski, Delli və başqalarıdır. Plininin, Appianın, Dion Kassinin, Plutarxın qeydlərinin müəyyən hissəsinə, yəni Albaniyanın Cənub sərhəddinin Kür çayındam keçməsi barədə məlumatlara gəlidikdə isə, nəzərə almaq lazımdır ki, bu antik müəlliflərin özləri də Qafqazı çox az tanıyan Patrokla və Erotosfenə, eləcə də Qafqaza bu yerləri öyrənmək üçün gəlməyən, sadəcə olaraq Roma imperiyasının yürüçlərinin iştirakçısı kimi Pontiya çarı Mitridatı təqib edə-edə Kür boyuna gəlib çıxmış şəxslərə istinad etmişlər. Özü də bu qeydlər e.ə. I əsrə və yeni eranın II əsrinə aiddir. Haqqında bəhs edilən dövr isə e.ə. II və yeni eranın IV əsrlərini əhatə edir.

V.V.Bartold antik ədəbiyyat mənbələrinə qiymət verərək yazır:

"Bədbəxtlik ondadır ki, yunan orijinalları bizə çox gec, işləndikdən, əl gəzdirildikdən sonra gəlib çatıb; bunlar çox vaxt müqayisə edilən edilən məlumatları heç bir tənqidə məruz qalmayan sadəcə kompilyasiya şəklindədir və buna görə də bu mənbələrə son dərəcə ehtiyyatla yanaşmaq lazımdır."



Bu da şübhə doğurmur ki, Moisey Kalankatlı öz ölkəsinin tarixini və coğrafiyasını, Pontiya çarı üzərinə qısa yürüşlərdə iştirak etmiş romalı müəlliflərdən daha yaxşı bilirdi. Moisey Kalankatlı eramızın I əsrində Albaniyanın Cənub sərhəddi haqqında belə məlumat verir:

"...Sisakan nəslindən olan İafetin xələflərindən olan bir nəfərə (Arana) Erasx (Araz) çayından Xunan qalasınadək Alban dağları və çölləri miras qalmışdı."
— Kalankatlı, I, 4
Alban müəllifi ilə sinxron olan erməni müəllifi Movses Xorenlı də eramızın I əsri haqqında qeydlərində "Erasx çayından Xnarakert (Xunan qalası) qalasınadək dağlı – dərəli alban torpağına sahib olan Sisakan nəsli..." haqqında məlumat verir.

E. ə. III əsrdə Albaniyanın Şimal sərhəddləri Böyük Qafqaza, Samur sıra dağlarının Şimal ətəklərinə qədər, Şimal-Qərbdə İori və Alazan çaylarının yuxarı axarına, Şimal – Şərqdə isə müasir Dərbəndə qədər gedib çatırdı. Ayrı-ayrı vaxtlarda isə bu sərhəddlər Sulak çayına və bir azda uzaqlara çatırdı.

Siyasi tarixi
Ehtimal edilir ki, Albaniyanın siyasi konsolidasiya artıq Əhəməni imperiyasının son illərində və Makedoniyalı İsgəndərin işğalları dövründə başa çatmış, eramızadan əvvəl IV əsrin sonlarında isə Qafqaz Albaniyası vahid mərkəzləşmiş dövlətə çevrilmişdir.

Aranilər sülaləsi
Mənbələr Alban dövlətinin antik dövrdə yerli sülalənin nümayəndələri tərəfindən idarə olunduğu haqqında məlumat verir. Moisey Kalankatlı bu sülaləni Yafəsin şəcərəsinə bağlayıraq sülalənin ilk nümayəndəsinin Aran (Arran) adlı hökmdar olduğunu bildirir və Aranı Sisakan (Sünik) nəslinə aid edir. İlk hökmdarının adı ilə bu sülalə tarixi ədəbiyyatda Aranilər (Arranilər) adlandırılır. Lakin bu sülalə haqında məlumatlar çox azdır. Aranın davamçılarının fəaliyyəti haqqında məlumatlar yox səviyyəsindədir. Kalankatlı yalnız onların adını sadalamaqla kifayətlənir. Lakin o bəllidir ki, Aranilər müxtəlif dövrlərdə güclü Parfiya dövlətinin təsiri altına düşmüş və yarımasılı vəziyyətdə ölkəni idarə etmişlər. Parfiya Arşakiləri hakimiyyətləri altında olan Qafqaz ölkələri barəsində siyasətlərində sabit və eyni olmamışlar. Tabeliklərində olan məmləkətlərin Parfiyanın mərkəzi hökümətindən asılılığı ayrı – ayrı dövrlərdə müxtəlif məmləkətlərdə müxtəlif səviyyədə olmuşdur.

Aranilər sülaləsinin hakimiyyəti dövründə Albaniyaya erməni krallarının yürüşləri baş vermiş və Albaniyanın üç vilayəti – Artsak, utik və Paytakaran işğal edilmişdir. Lakin bu işğal uzun sürməmiş e.ə. 66 – cı ildə II Tiqran Roma ordusu tərəfindən məğlub edildikdən sonra bütün işğal etdiyi əraziləri, o cümlədən Albaniya torpaqlarını tərk etməli olmuşdur. Lakin bu hadisədən bir neçə ay sonra Albaniya ərazisinə Roma imperiyasının ordusu soxulmuşdur. Pompeyin rəhbərlik etdiyi Roma ordusu ilə Aruzun (yunan-roma mənbələrində Oroys) rəhbərlik etdiyi Albaniya ordusu arasında e.ə. 66 – cı ildə döyüş olmuşdur. Daha sonra İberiyaya doğru irəliləyən Roma ordusu ikinci dəfə e.ə. 65-ci ildə Alazan çayı sahilində Aruzun qardaşı Sebərin (yunan-roma mənbələrində Kosis) rəhbərlik etdiyi Albaniya ordusu ilə toqquşmuş və böyük itki verərək İberiya ərazisinə keçmişdir.

Roma ordusunun Xəzər sahillərinə irəliləməsi haqqında mənbələrdə heç bir məlumat yoxdur. Lakin qobustanda üstündə latın dilində yazı yazılmış XII legiona aid kitabənin tapılması Roma ordusunun xəzər sahillərinə də gəlib çıxdığını syləməyə əsas verir. Bundan başqa Azərbaycanın müxtəlif regionlarında, xüsusilə Qəbələ və Şəki ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan pul dəfinələrindən Roma imperatorlarına məxsus xeyli sikkə əldə edilmişdir.


Tarix: 02.02.2015 / 13:59 Müəllif: Feriska Baxılıb: 105 Bölmə: Qafqaz Albaniyası
loading...