beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çola

Çola — Arranın mühüm orta əsr şəhərlərindən biri. Xarabalıqları, Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisindədir. Qafqaz Albaniyasının vilayətlərindən biri. Çola şəhəri Alban Katolkiosluğunun ilk mərkəzi olmuşdur.

Çola vilayəti Dərbənd keçidindən cənuba doğru, təxminən Beşbarmaq dağınadək Xəzər sahili zolağı əhatə edirdi. Vilayətin iri şəhərləri Çola (məsqət (massaget, maskut) Arşakilərinin paytaxtı) və Dərbənd idi. V əsrin birinci yarısında Sasani şahı II Yezdəgirdin hakimiyyəti dövründə Çolada güclü müdafiə qurğuları, məşhur Dərbənd səddi ucaldılmışdı. Moisey Kalankatlı Çolanın strateji əhəmiyyətindən başqa, bütün Qafqazda ilk xristianlıq ocaqlarından biri kimi ideoloji cəhətdən mühüm əhəmiyyəti barədə də məlumat verir.

Tarixi
Çola şəhəri Qafqaz Albaniyasının Çola əyalətinə daxil idi. Mütəxəssislərin dediyinə görə, bu "indi Dağıstanda məlum olan bu cür abidələrin ən böyüyüdür. Onun sahəsi 100 hektardır". Qədim şəhər xərabələrinin ətrafında bürc və darvazaları olan qala hasarının qalıqları görünür, onun hündürlüyü 2 m, eni isə 12-15 metrdir. Şəhərin ətrafında enli (20-25 m) və dərin (4-6 m) xəndək var idi və mühasirə zamanı buraya su buraxılırdı. Çola o zaman Arranın ən böyük siyasi və mədəni mərkəzlərindən biri olmuş, ölkənin patriarx taxtı da burada yerləşmişdir.

Tanınmış alman əsilli Sovet alimi, tarixçi V.V.Bartold (1930) yazısında qeyd etmişdir ki, oğuz tayfalarından olan çollar Qafqaz Albaniyasında eramızdan əvvəl yaşamışdır.

Çola adının İran mənşəli sözdən yarandığı söylənilir. Çola 698-ci ildə ərəblərin hücumuna məruz qalır və VIII əsrin 30-cu illərində onların ixtiyarına keçir. Çolanın əhalisini tabasaranlar, Qafqaz albanları, çilblər (silvlər), leqlər, xeçmataklar, maskutlar, xəzərlər, hunlar təşkil edirdilər. Sasanilərin köçürmə siyasəti ilə əlaqədar burada irandilli tayfalar məskunlaşmağa başlayır.


Tarix: 30.01.2015 / 18:50 Müəllif: Feriska Baxılıb: 131 Bölmə: Qafqaz Albaniyası