beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alban xaç daşları.

Azərbaycan Respublikası və Ermənistan Respublikasının müxtəlif bölgələrində toplu və tək halda yayılmış xatirə daşları və stellalar olan alban xaç daşlarının memarlıq-kompozisiya, konstruktiv və dekorativ-plastik həlli onların məna və simvolik özümlülüyündən ayrılmazdır. Qafqaz Albaniyasının erkən və yetkin orta əsr xatirə plastikasında xristianlıqdan əvvəlki müəyyən dünya görüşü və simvolik təsəvvürlər əks olunmuşdur. Alban xaç daşlarnın obrazları bir çox əsrlər ərzində, əvvəlcə dini simvolika stellalarının obrazlarında üzvi şəkildə çarpazlaşmış iki, sonra üç dinin təsiri altında təşəkül etmişdi. Xaç daşlarının bütün özümlülüyü, orijinallığı və erməni xaçkarlarından əsaslı fərqi də bundan irəli gəlir. Alban qəbir, xatirə və sərhəd stellalarının, xaç daşlarının yaranmasında, göstərildiyi kimi, üzərində dünyanın quruluşu haqqında təsəvvürlər və bütpərəstlik simvolikasının təsvirləri qalmış xristianlıqdan əvvəlki stellalar müəyyən rol oynamışdır. Əvvəllər günəş, məhsuldarlıq, həyat ağacı simvolu olan xaç onların yeni xristian dininə aid olduğunu təsdiq edir.

Alban xaç daşları plastikliyi, fikir dərinliyi və əsrlər ərzində formalaşmış xalq etiqadı və ənənələri əsasında yaranmış memarlıq, inəsənət və dini simvolikanın üzvi sintezi nəticəsində meydana çıxan memarlıq-bədii məsələlərin həllindəki cəsarətliliyi ilə heyrət doğurur.

Araşdırmalar göstərir ki, xaçların yaranmasında hələ xristianlıqdan çox-çox qabaq qədim türk tayfalarının böyük rolu olmuşdur. O zamankı insanların günəş obrazını yerdə, torpaq üzərində yaradaraq, ağac, daş üzərində yüksəyə qaldıraraq yenidən göylərə qovuşdurmaq istəyi xaçların indiki formasının meydana gəlməsinə səbəb olmuşdur.

Məhz bu səbəbdəndir ki, alban xaçları özünün daha çox klassik ənənələrinə uyğunlaşdırılırdı. Belə ki, alban xaçları xristianlığaqədərki elementlər və dini ayinlərlə birbaşa bağlıdır.

Xaç obrazı, alban xaç daşlarında sanki müxtəlif bir-birinə aidiyyatı olmayan dekorativ tərtibatları qovuşdurur. Alban xaçı dünyada yeganə xaçdır ki, xristianlığaqədərki inamların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur. Mütəxəssislər Cənubi Qafqaz ərazisinə səpələnmiş alban xaç daşlarını əsasən dörd qrupda cəmləşdirirlər ki, onlar da Xaçın, Artsak, Cuğa və Yenivəng xaç daşlarıdır. Xaçın xaç daşları Xaçın alban knyazlığı dövründən yadigar qalmış xaç daşları əsasən Kəlbəcər rayonu ərazisində tədqiq edilmişdir. Bu tədqiqatı ilk dəfə memarlıq elmləri doktoru D. A. Axundov və fəlsəfə elmləri namizədi M. D. Axundov aparmışdır. Xaçın xaç daşlarının ən maraqlı nümunəsi Xudavəng monastır kompleksində yanaşı olan iki xaç daşıdır.

Artsak xaç daşları tarixi Artsak vilayəti ərazisində yerləşən xaç daşlarıdır. Onlardan ən məşhuru və elmi ədəbiyyatda böyük marağa səbəb olanı xaçvari Artsak xaçdaşıdır. Xaçvari şəkilli Artsak xaçdaşı (1633-cü il) olduqca maraqlı və orijinaldır, o Qafqaz Albaniyasının hər yerində qəbul olunmuş kanonlar çərçivəsində həll olunmuşdur (haqqında danışılan xaçdaş hələ SSRİ dövründə Eçmiədzinə aparılmış və bu gün də dünyaya erməni təfəkkürünün bədii nümunəsi kimi təqdim edilməkdədir). Onun forması daş xaç şəkilli olmasına baxmayaraq, stelanın obrazında əsas bədii və simvolik dominantı xaçın ortasındakı üç dairədən ibarət böyük xonça təşkil edir. Orta dairə səkkiz bərabər hissəyə bölünmüş həndəsi hörmə şəklində həll olunmuşdur.

Cuğa xaç daşları əsasən Güney Azərbaycanla sərhəddə, Araz çayı sahilindədir. Maraqlı və özümlülü həllə malik Cuğa xaçdaşlarının əksəriyyətində eyni bir təsvir olunur: qarşı-qarşıya durmuş iki qanadlı əjdahanın bədəni buynuz zirehlə örtülmüşdür, onların adətən açıq ağızları yana çevrilmişdir. İki əjdaha arasında qanadlı halə, yaxud da haləyəbənzər saçı olan kişi başı təsvir olunmuşdur. İkonaqrafik əlamətlərinə görə o, İsanın başına oxşayır. D.A.Axundov qeyd edir ki, bu mürəkkəb təsvirdə bir neçə din və etiqadın (zərdüştlük, mitraizm, xristianlıq, islam) birləşməsindən yaranan simvolik qrup alban sənətkarları tərəfindən təsvir edilmişdir. Təsvirlər xristian qəbir daşlarında – xaçdaşlarda yerləşdirilib – bir xaç və ya xaçlar bunu təsdiq edir. Bu təsvirdə İsanı əvvəlki dinlərin qalığı olan əjdahalar mühafizə edirlər. Dişlərini qıcamadan ağızlarını bir qədər açmış əjdaha başlarının İsanın başına tərəf çevrildiyi təsvirlər buna sübutdur. Bu xristian-bütpərəst kompozisiyalar bir xalq içərisində müxtəlif dinlərin mövcud olması nəticəsində yaranmışdır. Cənubi Qafqazda yeganə belə xalq Qafqaz albanları idi. Bununla belə ermənilər Azərbaycan xalqına məxsus olan və onun bədii təfəkkür dünyasını əks etdirən Cuğa xaç daşlarının guya onlara məxsus olmasını və Azərbaycan əsgərləri tərəfindən dağıdılmasını bəyan edirlər.

Yenivəng xaç daşları əsasən Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisindəki Yenivəng alban monastırının ərazisində və Azərbaycan Respublikasının qərb rayonlarından aşkarlanmışdır. Yenivəng xaçdaşları da kompozisiya həll baxımından Cuğa xaçdaşlarına oxşayır. Bu daşların əksərində birinci planda tanrı fiquru yerləşir.

Yenivəng (ermənilər hazırda bu məbədi Noravəng adı ilə dünyaya qədim erməni məbədi kimi təqdim edirlər) xaçdaşlarının əsas səciyyəvi və fərqləndirici cəhəti xaçın təpəsində və əsasında kişi (güman ki İsa) sifətinin təsviridir. Bu təsvirlərin başı üzərində ay, çox güman ki, mitraist haçalar yerləşir. Xristian simvolikası baxımından ən son və kamil Yenivəng xaç daşları XIII əsrə aiddir. Əksərinin üzərində alban yazıları olan bu xaçdaşları əraziyə ermənilərin köçürülməsindən sonra ya tamamilə məhv edilmiş, ya da alban yazıları sındırılaraq daşların tarixi əhəmiyyəti öldürülmüşdür. Bu xaç daşlarından görünür ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasında səcdə edilən xristian tanrısı və Mitra vahid dini-bədii obrazda birləşən eyni bir tanrının törəmələridir. Qeyd edilməlidir ki, haqqında bəhs etdiyimiz bu alban stelalarının mühüm bədii sənət nümunəsi və tarixi əhəmiyyəti olanları hələ SSRİ dövründə xüsusi canfəşanlıqla Ermənistana daşınmışdı.

Alban memarlığı
Əsas məqalə: Alban memarlığı
Alban memarlığınn nümunələri Azərbaycan Respublikası, Ermənistan Respublikası və Dağıstan ərazilərində aşkarlanmış və tədqiq edilmişdir. Alban memarlıq nümunələrinin dövrümüzə çatan ən maraqlı nümunələri müdafiə tipli qala və istehkamlar və dini xarakterli tikililər olan kilsə və monastırlardır. Türk tayfalarının alban dövlətinin idarə olunmasında, onun mədəniyyətinin və memarlığının inkişafında danılmaz rolu olmuşdur. Ona görə də bir çox tarixçilər alban memarlığından danışarkən "Alban-türk memarlığı" ifadəsini işlədirlər ki, bu da o dövrlə tam qanunauyğunluq təşkil edir. Albaniya ərazisində yaşayan bu tayfaların bir qismi xristianlığı qəbul edərək xristianlaşmış, bir hissəsi isə sonradan İslamı qəbul etmişdi. Alban mədəni irsinə məxsus müdafiə tikililərindən öz möhtəşəmliyi ilə bu gün də seçilən Dərbənd qalası, Cavanşir qalası, Çıraqqala və başqalarını göstərmək mümkündür.

Azərbaycanda Qafqaz Albaniyası dövrü abidələrinin əksəriyyəti öz ilkin formasını qoruyaraq dövrümüzə çatmışdır. Bu abidələr içərisində Kəlbəcər rayonunda Xudavəng məbəd kompleksi (XIII əsr), Laçın rayonu Kosalar kəndindəki Ağoğlan məbədi (IX əsr), Xocavənd rayonu Sos kəndindəki Amaras monastrı (IV əsr), Şəki (II əsr) və Ağdərə (IV əsr) rayonlarındakı Müqəddəs Yelisey məbədləri, Ağdərə rayonu Vəng kəndində Qandzasar məbədi (XIV əsr), Qax rayonunda Ləkit məbədi (V əsr), Qum məbədi (VI əsr), Yeddi kilsə məbədi (IV əsr), Kürmüx məbədi (XII əsr),Qərbi Azərbaycan (Hazırda Ermənistan respublikasının yerləşdiyi ərazi) ərazisində Haqapat məbədi, Qoşavəng məbədi, Ağtala məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi alban məbəd memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir.

Alban memarlıq sənəti özünəməxsus mürəkkəb koloriti, texnikası, təkrarolunmaz gözəlliyi və üslubu ilə həmişə maraq doğurmuş və seçilmişdir. Həmişə diqqət çəkən yenilik öz məzmununa görə maraq doğurduğundan digər Qafqaz xalqları da qədim alban mdəniyyətindən faydalanaraq özlərinin memarlıq və mədəniyyətləini inkişaf etdirmişlər.

Albaniyada şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi. Alban xristianlığının ilk dövrü üçün xarakterik olan kilsə tikililəri idi. Bu kilsələr uzunsov ibadət zalı olan birnefli məbədlərdən ibarət olmuşdur. Bu növ məbədlərin üstü ikiqatlı sadə daşla örtülürdü. Albaniyada xristianlığın memarlığı üslubunda dairəvi məbədlər deyilən xüsusi memarlıq da yayılmışdı və bu üslub yalnız albanlara aiddir. Bunun da öz səbəbi var. Belə ki, Albaniyada dairəvi məbədlərin tikilməsi erkən xristianlıq dövrünə aiddir və tədqiqatçıların fikrincə bu məbədlər günəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cismlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib. Bu cəhət erkən xristianlıq dövrü alban xaçlarında da özünü göstərir. Albaniyada xristian memarlığının ən kütləvi forması isə sovmələrdir. Sovmələr karvan yolları kənarında kiçik ibadətgah rolunu oynasalar da, onlar əslində memorial tikililərdir. Albanlarda həm mehrablı, həm də mehrabsız sovmələrə rast gəlinir. Sovmələrin divarı bir qayda olaraq zərif naxışlara malik nişan daşları ilə bəzədilirdi. Alban dövrünün ən mürəkkəb tikililəri isə bazillikalar və monastırlar hesab olunur. Bir çox tədqiqatçılar hesab edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız albanlara məxsusdur. Çünki alban dövrü memarlıq abidələrinin divarları üzərindəki elementlər yalnız bu dövr abidələrinin özünəməxsus xüsusiyyətləri kimi dəyərləndirilir.


Tarix: 02.02.2015 / 14:05 Müəllif: Feriska Baxılıb: 205 Bölmə: Qafqaz Albaniyası