beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Keşişkənd

Keşişkənd — tarixi Azərbaycan torpaqlarında (Qərbi Azərbaycanda), keçmiş Naxçıvan xanlığının Dərələyəz mahalında, hazırda Ermənistan Respublikasında, Başkənd çayı yaxınlığında şəhər, Vayoc dzor mərzinin inzibati mərkəzi. Rəsmi olaraq 3 yanvar 1935-ci ilədək "Keşişkənd", 1935–1957-ci illərdə "Mikoyan", 1957-ci ildən (Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 6 dekabr, 1957-ci il tarixli fərmanı ilə) isə "Yeğeqnadzor" (erm. Եղեգնաձոր; erməni dilində mənası: "Qamışlı dərə") adlanır. 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən "Yeğeqnadzor bələdiyyəsi"ni təşkil edir. Bələdiyyənin ərazisi 2.642 hektar və ya 0.2642 km²-dir.
Etimalogiya
Dərələyəz mahalında heç kim bu qəsəbə adına Keşişkənd demirdi, hamı buna "Keşkənd" və ya "Keşkəndi" deyirdi. Toponim qədim türk dilində "keçid, bərə, körpü" mənasında işlənən keçiş (sözün birinci hecasındakı "ç" səsi, "ş" səsi ilə əvəzlənərək söz keşiş formasını alıb. Azərbaycan dilində ç→ş səs əvəzlənməsi qanunauyğun haldır) sözü ilə, türk dilində "şəhər", "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Tarixi
1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində toponim kimi qeyd edilmişdir. Erməni müəlliflərin iddiasına əsasən yaşayış məntəqəsinin adı ilk dəfə V əsrdə xatırlanır.

Coğrafiya
Keşişkənd İrəvan şəhərindən 120 km cənub-şərqdə, Başkənd çayının yaxınlığında, Şordərə dərəsinin 2.5 km-liyində, dəniz səviyyəsindən 1240 m (digər məlumata görə 1250 m) hündürlükdə yerləşir. Ətrafında ən yaxın yaşayış məntəqələri Ortakənd, Başkənd, Qoytul, Ayarlı və Malişka kəndləridir.

Əhali
Ermənistan Respublikası Milli Statistika Xidmətinin 1 iyul 2014-cü il tarixinə olan rəsmi məlumatına əsasən bələdiyyənin əhalisi 7.8 min nəfərdir.

Osmanlı İmperiyası tərəfindən 1727-ci ildə tərtib edilmiş "Naxçıvan sancağının müfəssəl dəftəri"nə görə (əlyazmada səh. 282) İrəvan əyalətinin tərkibinə daxil olan Naxçıvan sancağının Dərələyəz nahiyəsinə tabe olan "Keşiş kəndi"ndə 2 qeyri-müsəlman kişi vergi (illik toplam 3880 ağça) ödəyən var idi. Erməni əsilli əhalisi 1829–1830-cu illərdə Rusiya İmperiyası tərəfindən bura Xoy və Salmasdan köçürülmüşdürlər. İvan İvanoviç Şopenin rəhbərliyi ilə 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Dərələyəz mahalında (Şopenin siyahısında 78 kəndi əhatə edir) yerləşən "Keşişkəndi" adlanan yaşayış məntəqəsində 57 ailədə 170 nəfəri kişilər, 162 nəfəri isə qadınlar olmaqla 332 nəfər erməni yaşayırdı. Onlardan 331 nəfəri (169 nəfəri kişilər, 162 nəfəri qadınlar olmaqla 56 ailə) İrandan (rəsmi adı: Məmalik-i Məhrusə-yi İran), 1 nəfəri (1 nəfər kişi olmaqla 1 ailə) isə Osmanlıdan (rəsmi adı: Devlet-i Aliyye-i Osmaniye) köçürülmüşdü. 1869-cu il əhalinin kameral sayımına görə İrəvan quberniyasının, Naxçıvan qəzasına daxil olan Keşişkənddə 73 tüstüdən ibarət ermənilər məskunlaşmışdı. 1873-cü ilin kameral siyahıyaalınmasına əsasən İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Başkəndçay dərəsi yaxınlığında yerləşən və dövlət xəzinəsinə məxsus Keşişkənd kəndində 94 evdə 450 nəfəri kişilər, 349 nəfəri qadınlar olmaqla toplam 799 nəfər qriqoryan ermənilər yaşayırdılar. 14 may–17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən İrəvan quberniyası, Şərur-Dərələyəz qəzası, II şöbənin (Dərləyəz şöbəsi), Keşişkənd kənd cəmiyyəti tərkibinə daxil olan və onun iznibati-mərkəzi olan Keşişkənd kəndində 121 evdə (təsərrüfatda) ermənilərdən ibarət 1.034 nəfər (556 nəfəri kişilər, 478 nəfəri qadınlar) əhali yaşayırdı. Burada ermənilərlə yanaşı 1897-ci ildə 3 nəfər, 1922-ci ildə 11 nəfər, 1926-cı ildə 21 nəfər, 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə rayon mərkəzindən azərbaycanlılar qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır.

"Keşişkənd yaşayış məntəqəsi"ndə əhali sayının dəyişilməsi:


Tarix: 07.02.2015 / 13:30 Müəllif: Feriska Baxılıb: 253 Bölmə: Qərbi Azərbaycan