beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmməd Sadıq Aran

Mirzə Məmmədsadıq Axundzadə (Məmmədsadıq Aran) (Zəngəzur, keçmiş Qarakilsə, indiki Sisiyan, Urud 1895; İstanbul, 1971) - Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, yazıçı.

Həyatı
Həyatının böyük hissəsini Türkiyədə türklüyə və Azərbaycana xidmətdə keçirən, lakin təəssüf ki, şəxsiyyəti, fəaliyyəti və yaradıcılığı hələ də diqqətdən kənarda qalan siyasi-ədəbi mühacirlərdən biri də Mehmet (Məhəmməd) Sadıq Aran olub.

Siyasi mühacirət nümayəndələrinin bir çoxu kimi onun da 1920-ci ildə İran üzərindən keçərək Türkiyəyə üz tutmasının əsas səbəbi Azərbaycanın müstəqilliyi uğrunda mübarizlərin sıralarına qoşulması, qısa ömürlü Azərbaycan Cümhuriyyətinin fəal tərəfdarlarından biri olması idi.

Xatirələrdən də göründüyü kimi, Mehmet Sadıq Türkiyəyə gələnə qədər artıq ziyalı və siyasətçi olaraq bəlli təcrübə qazanmış, əqidə və məslək adamı kimi müəyyən yol keçmişdi. Rus, fars və ərəb dillərini bilməsi, Azərbaycan Cümhuriyyətinin Parlamentində təmsil olunması, türkçülüyün qızğın tərəfdarlarından biri kimi tanınması tezliklə onu Türkiyədəki Azərbaycan mühacirətinin ön sıralarına çıxarmışdı.

Mehmet Sadıq Aran 1924-1931-ci illərdə Ankarada fəaliyyət göstərən və öz ətrafında Cümhuriyyətin Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, X.Xasməmmədli, Ş.Rüstəmbəyli, N.Şeyxzamanlı, C.Hacıbəyli, Mir Yaqub Mehdizadə və s. görkəmli nümayəndələrini birləşdirən Azərbaycan Milli Mərkəzi İdarə Heyətinin üzvü olmuşdu. O, eyni zamanda mühacirət mətbuatının fəal xadimlərindən biri kimi tanınmış, müxtəlif qəzet və məcmuələrdə çoxsaylı məqalələr çap etdirməklə yanaşı "Azəri türk", "Yeşil yaprak", "Türk yolu", "Erkenekon" dərgilərinin naşiri, yaxud redaktoru olmuşdu. Sonralar jurnalistlik fəaliyyətini Türkiyənin nüfuzlu "Ulus" və "Cümhuriyyət" qəzetlərində davam etdirmiş, hətta II Dünya müharibəsindən əvvəl bu qəzetlərin İran müxbiri işləmişdir. M.S.Aran uzun müddət həm də Ankaradakı Türk Kültürlərini Araşdırma İnstitutunun əməkdaşı kimi çalışmış, Sənan təxəllüsü ilə milli ruhlu şeirlər yazmışdı.

O, 1942-ci ildə İstanbulda Sənan Azər təxəllüsü ilə "İran türkləri" kitabını çap etdirmişdi. Kitabın birinci hissəsi İran əhalisinin yarısını təşkil edən Azərbaycan türklərinin tarixinə, ictimai-siyasi həyatlarına, ikinci hissəsi isə dil, ədəbiyyat və mədəniyyət məsələlərinə həsr olunmuşdu. Maraqlıdır ki, həmin kitab Türkiyənin yürütdüyü rəsmi siyasətə zidd sayılaraq İsmət İnönünün göstərişi ilə qadağan edilmişdi.

Mehmet Sadıq Aran 1945-1946-cı ildə Cənubi Azərbaycanda başlayan milli-azadlıq mübarizəsini obyektiv şəkildə işıqlandıran və bu məsələdə keçmiş SSRİ-nin, Böyük Britaniyanın və Pəhləvi rejiminin Azərbaycan xalqına qarşı çevrilmiş siyasətini açıqlayan silsilə məqalələrin də müəllifidir.

Haqqında yazılanlar
Hacı Nərimanoğlu, "Urudda doğuldu, İstanbulda əbədiyyətə qovuşdu". Bütöv Azərbaycan qəzeti, №36(168), 17-23 oktyabr 2012-ci il.


Tarix: 06.02.2015 / 17:12 Müəllif: Feriska Baxılıb: 126 Bölmə: Qərbi Azərbaycan