beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəifgörmə və çəplik

İlk baxışda çox sadə görünən göz əslində çox mürəkkəb quruluşa malikdir. İnsan gözü o qədər mükəmməldir ki, hətta ən müasir kameralarda belə bu prosses bu qədər ani və dəqiq olmur.
Məlumdur ki, görmədə iştirak edən əsas hissə gözün torlu qişasıdır ki, bu qişa da əslində beyində yerləşən görmə mərkəzinin periferik hissəsidir.
Yəni biz əslində gözümüzlə deyil, beynimizlə görürük. Gözün optik sistemi isə gözə düşən işıq şüalarını sındıraraq torlu qişaya çatdırır. Bu da optik sistem tərəfindən həyata keçirilir. Normada yığılan şüalar torlu qişanın üzərinə düşməlidir. Əgər şüalar torlu qişadan öndə və ya arxada yığılırsa zəif görmə əmələ gəlir. Optik sistemin işığı düzgün sındırmaması miopiya, hipermetropiya və ya astiqmatizmin əmələ gəlməsinə səbəb olur. Belə insanlar bir çox görmə problemlərindən şikayət edirlər. Həmin problemlərin olmaması üçün erkən vaxtlarda tədbir görmək lazımdır.
Gözlərdə olan çəplik isə adətən hər hansı bir baxış istiqamətində iki gözün görmə funksiyalarında paralelliyin pozulmasıdır. Çəpgözlüyün müalicəsində məqsəd, görmə kəskinliyinin artırılması, əgər varsa anormal baş pozisiyasının, ikili görmənin düzəldilməsi, sərbəst göz hərəkətlərinin təmin edilməsi və kosmetik effekt əldə edilməsidir.
Bu xəstəlikdən əziyyət çəkən insanların təxminən yarısında göz tənbəlliyi mövcuddur. Göz çəpliyini aradan qaldırmaq üçün ilk öncə refraktiv qüsur düzəldilməlidir, göz tənbəlliyi varsa müalicə olunmalıdır, göz məşqələləri tətbiq olunmalı, ehtiyac duyulduqda isə cərrahi müalicə edilməlidir.
Çəpgözlüyün səbəbləri müxtəlifdir. Bura eynəyə ehtiyac olduğu halda ondan istifadə olunmaması, gözü hərəkət etdirən əzələlərdə anomaliyaların olması, nevroloji problemlər (Daun Sindromu və ya beyin iflici kimi hallar) aiddir. Bundan əlavə həmin səbəblərə mütəxəssislər irsiyyətlə keçməni də daxil edirlər.
Çəpgözlüyün əlamətlərinə isə bir gözün qaçması (ən tipik əlamət) və ya şəxsin hər iki gözüylə birgə görmək üçün başını bir tərəfə əyməsi, işığa qarşı həssaslıq, oxuyan zaman bir gözünü yumma, ikili görmə, baş ağrısı və yorğunluq kimi simptomlar aiddir. Əgər həmin əlamətlər olarsa mütləq mütəxəssisə görünmək lazımdır.


Tarix: 16.01.2015 / 13:26 Müəllif: Aziza Baxılıb: 159 Bölmə: Oftalmologiya