beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eynəklərdən qurtulacaqsınız

ABŞ-ın Kaliforniya Universitetinin alimləri gözü zəif olan insanlara təsviri dəqiq görməyə və eynək taxmaqdan xilas olmağa imkan verəcək displey prototipi hazırlayıblar.

Məlumata görə, texnologiyanın mahiyyəti hər piksellə şüalandırılan işığın dəyişməsində və onun birbaşa gözün tor qişasına plastik filtrdəki kiçik dəlik vasitəsilə ötürülməsindədir. Şüalar buynuz qişaya çatanda göz üçün dəqiq təsvir yaradılır.

ICTnews bildirir ki, alqoritmlər əvvəlcədən gözün ekranda təsviri necə korlamasını müəyyənləşdirə bilir və onu insan gözünün itiliyinə uyğun korrektə edir.
Yeni texnologiya Massaçusets Texnoloji İnstitutu (MIT) və Microsoft korporasiyasının tədqiqatçıları ilə birgə ərsəyə gətirilib.
Alimlərin yeni texnologiya ilə bağlı məruzəni avqustda Vankuverdə keçiriləcək beynəlxalq konfransda təqdim edəcəyi gözlənilir.

Texnologiya eynək və kontakt linzalar vasitəsilə aradan qaldırılması mümkün olmayan fiziki qüsurla əlaqədar ağır xəstəliklərə tutulmuş insanlara kömək edəcək. Məsələn, bu xəstəliklər sırasına gözün işıq şüalarının qeyri-bərabər sınması ilə bağlı sferik aberrasiyasını aid etmək olar.

Alimlər Canon rəqəmli kamerası ilə yeni displeyi uğurla sınaqdan keçiriblər. Kameranın fokus məsafəsi məxsusi olaraq elə qurulub ki, gözün uzağı pis görmə kimi müxtəlif problemlərini imitasiya etmək mümkün olsun. Növbəti addım insanların real dünyada istifadə edəcəkləri yeni prototip yaratmaqdan ibarətdir.
Buna isə bir neçə il lazım olacaq. Odur ki, texnologiyanın kommersiya tətbiqinə hələ çox var.


Tarix: 16.01.2015 / 13:12 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Oftalmologiya