beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sürpriz..

Qapı döyüldü. Qarı bütün gücünü toplayıb oturduğu yerdən qalxdı və qapıya doğru yönəldi. Gələnlər oğlunun əsgər yoldaşları idi. Qarını unutmur, həftədə, ayda bir baş çəkib, onun dərd-səri ilə maraqlanır, bir ehtiyacı olub-olmadığını soruşurdular. Hər ikisi qarının əlini öpdü və uzun boylu:
— Anacan, vaxtını almayacağıq, gəldik ki, baş çəkək, öyrənək görək bir ehtiyacın varmı?- söylədi. Qadın qətiyyətli bir səslə:

— Heç elə şey yoxdur. Buyurun içəri keçin, bir şey yeyib-içməsəniz, sizi burdan buraxan deyiləm, — söylədi. Həm də o qədər amiranə, ərklə dedi ki, gənclərin içəri girməkdən başqa çarələri qalmadı. O həmişə belə olmuşdu, çünki ehtiyac görməmişdi. Evində başının tacı bildiyi əri, qarşısında nər kimi oğlu olmuşdu. Amma indi heç biri onun yanında deyildi, Haqq dünyasına köçmüşdülər.

Oğlu savaşda şəhid olmuş, əri də bir il keçmədən əbədiyyətə qovuşmuşdu. İndi o ərli, oğullu günlərin alışqanlığı ilə gəncləri içəri dəvət eləmişdi ki, süfrə açsın. Amma heç evdə nəyin olub-olmadığını düşünməmişdi belə. Gənclərdən birisi qapıda gəzişən toyuqları görüb:

— Yaxşı, anacan, bir halda ki, məsələ belədir, onda səndən bir xahış edim: Çox əziyyət çəkmə, hərəmizə iki yumurtanın qayğanağını elə, yeyib gedək. Özü də o vaxt bişirirdin haa, hər biri dən-dən, ayrı-ayrı dursun. Gənclər keçib oturdular, hal-əhval tutdular. Ötən günləri xatırlayıb kövrəldilər.

Ananın şəhid olan oğlu da yumurtanı belə yeməyi çox xoşlayırdı, hər dəfə də anasına deyirdi ki, tavanı qarışdırmasın, qaba necə çırpıbsa, eləcə də süfrəyə gətirsin. İndi bu gənclər də bu xahişlə əslində o dostluğa sadiq olduqlarını isbat etmək istəyirdilər. Bilirdilər ki, ananın bu cür ərkdən xoşu gəlir.

Qadın da mətbəxə getdi və birdən ağlına gəldi ki, toyuqlar üç gündür bir yumurta da verməyib, qabın dibində də cəmisi iki yumurta qalıb. Yumurtaları ovcunda tutub bir müddət eləcə qaldı, əlindən başqa bir şey gəlməyəcəyini düşünüb köksünü ötürdü. Daha neyləmək olardı ki… Yumurtaları bir-bir yağı dağ olmuş tavanın qırağına vurub qırdı və ortadan ayırıb yağın içinə çevirdi. Qarşısındakı mənzərədən özü də heyrətə gəldi: qazanda dörd yumurta sarısı vardı, sən demə hər yumurta cüt sarılı imiş.


Tarix: 03.12.2014 / 14:17 Müəllif: Aziza Baxılıb: 123 Bölmə: Maraqli Hekayeler