beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəlbimizin dünyası

Dünya görmüş qoca şəhərin girişində əyləşib, fikrə dalmışdı. Şəhər qapılarına yaxınlaşan gənc ondan soruşdu:

- Mən heç vaxt bu şəhərdə olmamışam. Buranın camaatı necədir?

Qoca suala sualla cavab verdi:

- Bəs sən sonuncu dəfə tərk etdiyin şəhərdə necə insanlar yaşayırdılar?

Gəncin sanki yarasına duz səpdilər:

- Heç soruşma, ay baba! Çox pis insanlar idi, hamısı əsəbi, kinli. Elə buna görə də köçmək qərarına gəldim.

Qoca dilləndi:

- Bilirsən, elə buranın camaatı da belədir.

Gənc artıq şəhərə daxil olmadı, kor-peşman yoluna davam etdi.

Bir qədər keçdikdən sonra şəhərin qapılarına başqa bir gənc yaxınlaşdı, o da ağsaqqala müraciət etdi:

- Bu yerlərin adamı deyiləm, baba. Mənə bir məsləhət verərdiniz. Bu necə şəhərdir, insanları necədir?

Qoca yenə suala sualla cavab verdi:

- Bəs sən sonuncu dəfə tərk etdiyin şəhərdə necə insanlar yaşayırdılar?

- Çox gözəl insanlar idi, baba. Alicənab, qonaqpərvər, mərd. Orda çox sayda dostum var. İnanın ki, onlardan heç ayrılmaq istəmirdim. O şəhərdə bir müddət yaşadığıma görə Allahıma çox şükür edirəm!

Qoca gülümsəyərək dedi:

- Bax, elə buranın camaatı da belədir.

Gənc şəhərin qapılarından daxil olub izdihama qarışdı. Baş verənləri izləyən yaxındakı karvanın rəhbəri olan tacir təəccüblə qocadan soruşdu:

- Axı iki insana eyni suala necə tam fərqli cavablar verə bilərsən?

- Oğul, hər kəs dünyasını öz ürəyində daşıyır. Gəldiyi yerlərdən özü ilə qəzəb, kin gətirən elə burda da eynisini tapacaq. Əksinə, qərib diyardan qəlbində sevinc, sevgi, Allaha şükür gətirən bəndə harada olursa olsun, yenə də xoşbəxt olacaq. İnsanlar ideal olmur. Onlar pis və yaxşı xasiyyətləri özlərində cəmləşdiriblər. Xoş yaxşını görüb, yaxşıdan yararlanıb, pisləri bağışlamağa bacaranların halına!


Tarix: 03.12.2014 / 13:30 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Maraqli Hekayeler