beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"İMANIN NECƏDİR, DOSTUM?

“Darıxıram, kimsəsizəm, özümü yalqız və tənha hiss edirəm…” Günümüzün əksər insanının dilindən düşməyən, tez‐tez eşitdiyimiz və ya etdiyimiz şikayətlərdəndir bunlar. Başqa sözlə depressiv duyğular. Təəccüblü deyil, çünki bu duyğuları yaşayan dünyanın, çox vaxt da insanların əli ilə icra edilən bu qədər maddi və manəvi sıxıntı qarşısında aciz, fəqir və fani insandır. Deyirlər, keçmişdə bir‐biriləri görüşən sələflərimiz soruşmazdılar “necəsən?”, soruşardılar “imanın necədir?” Çünki onlar üçün dünyəvi vücudun deyil, ruhun sağlığı önəmli idi. Çünki onlar işin sirrini bilirdilər…

İmanımız kiçildikcə dünya, dünyalıqlar gözümüzdə böyüyür. O qədər böyüyür ki, artıq bir yükə çevrilib altında əzməyə başlayır bizi. “Nə şirinliyindən yemək olmur, nə də əzizliyindən atmaq.” Hərçənd dünya bizim nə əzizimiz, nə vazkeçilməzimiz deyil, lakin çox zaman ona qarşı olan zəifliyimiz bizim üçün imanımızı kamilləşdirmə yolunda ən böyük maneəyə çevrilir.
Bütün bər‐bəzəyi ilə, cazibəli, çəkici gücləri ilə önümüzə sipər, gözümüzə pərdə çəkir sanki. Nəfsimizə hakim olmaq ‐ özümüzü idarə edə bilmək müşkülə dönür. Həə, o zaman yeridir kimsə gəlib gayğı ilə üzümüzə baxsın və soruşsun:
-İmanın necədir, dostum?
Yəqin utandığımızdan və ya verəcəyimiz cavabın qeyri‐səmimiliyini gizləmək üçün gözlərimizi hara qaçıracağımızı bilmərik.
Allah Rəsulunun xəbərdarlığı bu yerdə necə yadımıza düşməsin?

Deyir ki, “dünya sevgisi hər növ xətalı davranışların səbəbidir. Bu sevgi səni kor və kar edər.” [Əbu Davud, Ədəb 125]
Kor və kar…
Və bizə bunu düşmənimiz deyil, özümüz, öz sevgimiz edər. Həddini aşan, istiqamətini azan, bizi arxasınca sürükləyən sevgimiz…
Bizi nəsə incidirsə, bunu edən əslində o şey və ya o kəs deyil, onlara bizim verdiyimiz dəyərdir. Daha doğrusu dəyərin ölçüsüdür. O dəyər nə qədər böyükdürsə, incidə bilmə qabiliyyəti də bir o qədər güclüdür. Son ucu Allaha dayanmayan və həddini aşan sevginin, qayğının, istəklərin, arzuların, xəyalların ölçüsü kimi.
O zaman ətrafımıza bir göz gəzdirib bizi əhatə edənlərə verdiyimiz dəyərlərin ölçüsünə və dəyərverməmizin səbəbinə baxaq. İşimizə, evimizə, həyat yoldaşımıza, dostumuza, övladımıza, maşınımıza və s. Bir sözlə dünyalıq olan hər şeyə… Onda dərk edə bilərik bizi stresse, depressiyaya sürükləyən şeylərin kökündə nəyin durduğunu.
Gec də olsa “Mən kim, dünya kim? Dünya ilə mənim misalım bir ağacın altında kölgələnib, sonra tərk edib gedən yolçunun misalı kimidir” [Tirmizi, Zühd 44] ‐ deyən Sevimli Peyğəmbərimizin dünyaya baxışını həyatımıza tətbiq etməyi yoxlayaq bəlkə?
Təsəvvür edək, bir yolçuluğa çıxmışıq, hədəfimiz ülviyyət, əbədiyyət, məhəbbət və xoşbəxtlikdir.
Yolçuluğumuz uzun və məşəqqətlidir. Yarıyolda dincimizi almaq üçün rastımıza çıxan nəhəng ağacın altında kölgələnmək qərarına gəlirik. Ağac qollu‐budaqlı, kölgəli və gözəldir.
Yəqin heç birimiz yolçuluğumuzun əsas qayəsi olan niyyətimizi bu ağacın kölgəliyinə, möhtəşəmliyinə qurban vermərik. Onun budaqları altında dincəlmək nə qədər zövqlu gəlsə də, rahatlıq bəxş etsə də, bu cazibədarlıq bizi yolçusu olduğumuz yoldan edə bilməz, etməməlidir.
Çünki yolun başında bizi heç bir gözün görmədiyi, “ağacları altında çaylar axan” daha ecazkar bir gözəllik gözləyir
-----------------------

Hazırlayan: Abdurrəhim Abu Abdullah
Redaktə: Əkrəm Həsənov


Tarix: 08.04.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 359 Bölmə: Maraqlı melumatlar