beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NAMAZA TƏLƏS

Namaz fars sözüdür. Quranı Kərimdə bu kəlmə “salat” olaraq keçir. Salat sözünün ərəb dilindən bir çox mənası var: ibadət, dua, dəstək və s. mənalarda işlənir.

Namaz salat olaraq bir çox məna verdiyi üçün və Quranda namaz daxili rükünlərlə də birgə işləndiyinə görə daha geniş mənada anlaşılmalıdır. Quranda Namaz - “nusx” olaraq cəmi 30 - a yaxın yerdə keçir. Bu sözlük bizim gündəlik 5 vaxt müəyyən rükünlərlə əda etdiyimiz namaz - ritual olaraq yerinə yetirilən ibadət kimi ifadə olunur. Yəni bizim fiziki olaraq müəyyən formalarda Allaha əda etdiyimiz ibadət forması. Və bu hər bir müsəlmanın boynunda ilk fərzlərdən biridir. Bu “salat” olan namazın CİSMİDİR. Bəs namazın ruhu nədir?

Salat - dəstək olaraq namaza daha böyük məna verir. Çünki, Rəsulullaha qədər Məkkədə nüsx olaraq namaz mövcud idi. Lakin bunu sırf Allah üçün edilən bir ritual halına gətirmişdilər. Namaz insanların həyatında heç bir rol oynamırdı - yəni DƏSTƏK deyildi. Buna görə Allah belə namazı və belə namaz qılanları Maun surəsində qınayır.
Rəsulullah bu namazın içini doldurmaq, ona ruh vermək üçün, namazı həyata daşıdı, onu həyata daşımaqla da diriltdi. Bu əsl İKAMƏ oldu. Quranda da çox yerdə - namazı ikamə edin - deyilir. Yəni namazı həyatınızla, əməllərinizlə dirildin. Namaz bir ibadət, dua və dəstəyə çevrilsin. Namazın bu hallarını anlayıb həyata daşıdıqca onun cismi olan nüsxdəki fərqlər, fiqhi görüşlər sadəcə zənginlik və müxtəliflikdən başqa bir şey kəsb eləmir. Əsas olan onu həyatda dirçəltməkdir.

Namaz həyatın kodlarıni özündə birləşdirən bir təhvil-təslim formasıdır. Necə?!
Qiyam - ikamə olaraq dik duruş, dirçəliş və oyanışdır. Qiyamət sözü ilə eyni kökdəndir. Bəs biz namazdakı Qiyami həyata necə daşıyaq?

Qiyamda olarkən qiraət edirik - Quran oxuyuruq. Quran sözlərin ən gözəlidir, nəsihətdir, dəvətdir, duadır. Siz də həyata çıxıb həqəqəti söyləyəcək, doğru olanları və Allahın yazılı və kainat ayələrini ikamə edəcəksiniz. İnsanlığa çatdıracaqsınız. Yalnız doğruları söyləyib gözəl söz deyəcək, insanlar arasında dik duruşu - Allaha qul olub digər köləliklərdən azad olmanı tərənnüm edəcəksiniz. Bu həyatda Qiyam və Qiraətdir!

Ruku edin... bir çox yerlərdə namaz qılın və ruku edin keçir. Nədən? Ruku Quran qavramı ilə toplumsal ibarədir: "ruku edənlərlə birlikdə siz də ruku edin". Deməli nüsx olaraq forma namazımızdakı rukumuzu həm də camaatla birlikdə də etməliyik. Yəni camaat olmalıyıq. “Əsr surəsini” həyatımıza daşımalıyıq. İnsanlara qarşısında əyiləcək yeganə güc sahibinin Allah olduğunu elə onlarla birlikdə "camaat olmaqla" çatdırmaq lazımdır. Və bu həm də toplumla birlikdə olmaq, BİR olmaq deməkdir. Toplumla birlikdə əyilərsənsə təkəbbürlük etməzsən, edə bilməzsən. Və bu təvazö ilə birlikdə Allaha ibadət etmiş olarsız.

Səcdə... bu insanın Allahla özəl halıdır. İnsanlıq içində qiyam və rukudan sonra bir də Allaha bunlar üçün şəxsi dua, təşəkkür və təkrar həyata qayıtma üçün izn var. Səcdə insanın Allaha ən yaxın olan halıdır. Səcdə haqda çox şey demək olar. Lakin bütün sözlər deyilməsi lazım olan hisslər qarşısında acizdir. Səcdə bir ruh halıdır və sözlərə sığmaz.

Bu yaxınlarda bir alimdən belə bir söz eşitdim:
"İbadət namazdan sonra başlayır. (salat nüsxdən sonra başlayır)"

Bu söz məni çox düşündürdü. Bu necə ola bilər? Bəs bizim namazlarımız nədir? Bunlar necə bir araya gələ bilər?

Və bu fikirlə işləyə işləyə düşünürdüm...
Mühəndisəm. Su xətlərinin çəkilməsi üzrə layihələrin iş həcmlərini hesablayıram. Həmin an əlimdə Zığ qəsəbəsinin böyük bir layihəsi var idi. Qəsəbəni tam əhatə edən böyük bir şəbəkə. O qədər böyük bir qəsəbə qarşımda A1 formatlı vərəqdə cizgi şəklində dayanırdı. Hər şeyi rahat görürdüm. Fikirlərimi daha kiçik vərəqdə - A4 formatlı kağızda çəkib işə başlayıram...

Bir vərəqdə torpaq işləri başlayır. Qələm və kalkulyatorla. Ekskavatorlar seçilir, fəhlələr gəlir. Qazıntı başlayır, qızğın iş gedir. Asfalt sökülür, xəndək qazılır, borular qaynaq olunur, izolyasiya olunur, xəndəyə qoyulur, əllə və sonra buldozerlə torpaq əks doldurulur, artıq qalan torpaq yüklənib daşınır, asfalt bərpa olunur, abadlaşma işləri görülür və s. Bütün bunlar görünən işin çox qısa bir izzahıdır. Və mən bütün bunları cəmi 1-2 günə 3 - 4 dənə A4 formatlı kağızda edirəm...

İndi düşünün...bu işlər hazır olub Ekspertizadan keçəndən sonra Zığ qəsəbəsində həqiqətən iş başlayır. Mənim vərəq üzərində etdiklərim işə düşür. Həyat başlayır. Traktorlar işləyir...səs-küy, toz-duman, fəhlə-mühəndis, qaynaq işləri... Və bütün bunlar aylarla, hətta bəzən illərlə davam edir. Halbuki mən bunu 1-2 gün ərzində kağız üzərində etmişdim.

Yəqin ki,artıq nə demək istədiyimi anladınız...

Bəli,mən rahat kreslomda oturub sərin otaqda vərəq üzərində işləyərkən orda əsl iş başlayacaq. Mən bunları düşünə-düşünə işimi görürdüm ki, Zöhr namazının vaxtı gəldi. Xalçamı sərib namaza başladığım anda birdən düşüncələr məni sarsıtdı!

Əcaba bu namaz elə mənim çertyoj və hesabatım olmasın? Bəlkə mən də namazdan sonra edəcəklərimin hesabatın, çertyojunu qısa olaraq təhvil-təslim edirəm. Qiyamımı, Rukumu, Səcdəmi necə edəcəyimi Rəbbimlə hesablaşıram, Ona təqdim edirəm... Əcaba mən indi bayıra çıxıb doğru şeylər söyləyib xoş sözlər deyəcəm? Sonra insanlarla birlikdə bu həqiqətin qaynağı olan Allahın qarşısında ruku edəcəm... Onlarla bir olacam ki, onlar da bir olsun. Sonra yenidən Allahıma dönəcəm...Səcdə edəcəm...

Bunları düşünə düşünə suallar gəldi ağlıma...
Bunları bir çox insan da edir. Heç namaz qılmadan. Qəlbim təmizdir deyib bəzən namaz qılanlardan da daha gözəl işləri daha gözəl şəkildə edirlər. Bəs onlar? Bəs biz? Nədir fərqimiz?

Həəə...bir şey gəldi ağlıma. Əgər bir nəfər çıxıb:
Qardaşım,sizin çəkdiyiniz çertyojlara mənim ehtiyacım yoxdur. İmkanım var, alıb tökərəm bütün material və qurğuları ora. Zığa elə bir su çəkərəm ki! - desə? Edər mi?

Bəli, edər. Onun dedikləri mümkündür. Bəs onda doğrudan da bizim çertyojlarımız nəyə yarayır? Sual verdim:- Bəs sonra? Bəs hesabatda gedən göstəricilər, istifadə olunan qaynaqlar, göstərişlər olmasa? Maillik düz olmasa, təzyiq düz hesablanmasa, borular doğru seçilməsə, qaynaq tikişləri qaydasınca yoxlanmasa...?!
Onda az bir zamanda bu deffektler özünü göstərəcək. Hətta qəza ola bilər. İnsanlar rahatsız olar, hətta təhlükə ilə qarşılaşarlar. Başlanğıcda xeyirli görünən bir iş qaydasınca olmadıqca sonra fəlakət ola bilər. Kimlə məsləhətləşdin, kimlə hesablaşdın, kimə dayandın, kimə isnad etdin- deməyəcəklər mi?!

Elə isə namazımız bizim qaydamız, təhvil-təslimimiz, sığortamız və toplum işimizdir. Namazı “mən”-dən çıxarıb “biz”-ə daşıyar. Anlamlı və məqsədli edər. Məna və məqsədsiz bir həyat anlamsız və kortəbii bir həyatdır. Bu üzdən namazı istiqamətlə qılırıq. Çünki həyatımızın istiqaməti var - Allaha doğru bir yolçuluq.

Namazı istiqamətlə qılaq. İstiqamətli namaz bizi məqsəd və mənalı bir həyata aparar ki, bu həyatın da təkrar dönüşü namazdır. Namaz həyatımız, həyatımız isə namaz olsun!"


Tarix: 05.01.2013 / 16:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 868 Bölmə: Maraqlı melumatlar