beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İt saxlamaq, itə toxunmaq və öpmək

Sual: İt saxlamaq natəmizlikdir. Müsəlman bir kəs sadəcə evi mühafizə etmək məqsədilə evin xaricində binanın bir kənarında saxlayırsa, itə toxunduqda və s. necə təmizlənməlidir? Əgər təmizləmək üçün torpaq və ya palçıq tapa bilmirsə bunun başqa yolu var? Bəzən, iti qaçmaq üçün götürür, sığallayır, öpür və s.

Cavab: Həmd Allaha məxsusdur.

Birincisi:

Saf şəriətimiz müsəlmanlara it saxlamağı qadağan edir və cəzası budur ki, kim it saxlayırsa onun yaxşı əməllərindən hər gün bir və yaxud iki qirat savab əksilir. Ovçuluq, mal-qaranı və əkini, kənd təsərrüfatını qorumaq məqsədi ilə it saxlamaq bundan istisnadır.

Əbu Hüreyradan (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim sürünün keşiyində durmaq, ov etmək və ya əkinçilik (kənd təsərrüfatı) xaric, bunlardan başqa məqsədlə it saxlayarsa, həmin insanın savabından hər gün bir qirat əksilər.” Müslim, 1575

Abdullah ibn Ömərin (Allah ondan razı olsun) belə söylədiyi rəvayət olunur. Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim mal-qaranı idarə emtək və yaxud ov məqsədləri üçün öyrədiləndən başqa məqsədlə it saxlayarsa onun savabından hər gün iki qirat azalar.” Buxari, 5163; Müslim, 1574

Evi qorumaq üçün it saxlamaq olarmı?

Ən-Nəvəvi, Allah ona rəhmət etsin, demişdir:
“(Yuxarıda qeyd olunan) bu üç məqsəddən başqa, evləri və yolları qorumaq məqsədilə it saxlamağın icazəli olub-olmaması barədə fikir ayrılığı mövcuddur. Tərcih olunan rəy budur ki, (evləri və yolları qorumaq üçün it saxlamaq) icazəlidir. (Əvvəlcə qeyd olunan) üç məqsədə qiyas (müqayisə) edilərək və hədisdən anlaşılan səbəbə əsaslanmaqla belə bir qənaətə gəlinib ki, bu zərurətdir. Sitatın sonu.

Müslimin şərhi, 10/236

“Bir qirat azalar”sözü zikr olunan hədislər ilə “iki qirat azalar” bildirən hədisləri cəm etmək ilə bağlı alimlər bir neçə rəyə varıblar.

Əl-Hafiz əl-Ayni, Allah ona rəhmət etsin, demişdir:

a. Ola bilsin ki, burada iki it növündən söhbət gedir, ola bilsin ki, bu (iki it növündən biri) digərinə nisbətən daha çox zərər vericidir.

b. Həmçinin deyilmişdir ki, hədisdə keçən “iki qirat” kəliməsi şəhər və kəndlərə, “bir qirat” isə şəhər ətrafına aiddir.

c. Həmçinin demişlər ki, bu hədislər müxtəlif vaxtlarda söylənilmişdir, “bir qirat” hədisi birinci zikr olunmuş, sonra isə xəbərdarlıq daha sərtləşmiş iki qirat zikr olunmuşdur.

Umdat əl-Qari, 12/158

İkinci: Sual verənin “İt saxlamaq natəmizlikdir” sözlərinə gəldikdə, bununla tam razılaşmaq doğru olmazdı. Çünki natəmizlik (nəcis olması) itin bütününə aid edilmir, daha doğrusu it qabdan içdiyi zaman onun ağız suyu ilə bağlıdır. Əgər kimsə itə toxunursa və yaxud it ona toxunursa, bu o demək deyil ki, o mütləq təmizlənməlidir, fərqi yoxdur istər təmizlənmə qum ilə və yaxud su ilə olsun. Lakin əgər it həmin adamın qabından içərsə, bu halda suyu kənara boşaltmaq lazımdır və qabı isə su ilə yeddi dəfə, əgər istəyərsə səkkizincisini qum ilə olmaqla təmizləməlidir.

Şeyx ibn Üseymin, Allah ona rəhmət etsin, demişdir:

Buna əsaslanaraq deyirik ki, ev şəhərin mərkəzində yerləşirsə evi qorumaq üçün it saxlamağa ehtiyac yoxdur, odur ki, bu məqsədlə belə hallarda it saxlamaq haramdır və icazəli deyil. Belə olduğu təqdirdə həmin insanın savablarından bir və yaxud iki qirat əksilir. İti başlarından eləməli və saxlamamalıdırlar. Lakin ev şəhərdən kənarda isə və ətrafda heç kəs yoxdursa, bu halda evi və evdə yaşayan insanları qorumaq üçün it saxlamaq olar; ailə üzvlərini qorumaq mal-qara və yaxud əkini qorumaqdan daha mühümdür.

Fətvalar Toplusu, 4/246

İbn Teymiyyə, Allah ona rəhmət etsin, demişdir:

İtlər ilə bağlı alimlər arasında üç rəy var:

1. İtlər, hətta ağız suyu daxil olmaqla təmizdir. Bu Malikin rəyidir.

2. İtlər saçları daxil olmaqla nəcisdir. Bu Şafeinin rəyidir və Əhməddən rəvayət olunan iki rəydən biridir.

3. İtin tükü təmiz, ağız suyu isə nəcisdir. Bu Əbu Hənifə və rəvayət olunan bir xəbərlərdən birində İmam Əhmədin rəyidir.

Axırıncı rəy ən doğrudur. Odur ki, əgər itin tükünün nəmliyi (yaşlığı) bir kəsin paltarına və yaxud bədəninə toxunarsa, həmin (paltarı və yaxud bədəni) natəmiz, nəcis etmir.
Fətvalar Məcmusu, 21/530

Digər bir yerdə belə demişdir:

Çünki, əsas qayda budur ki, əşyaların əsli təmizdir və dəlilsiz hər hansı bir şeyi nəcis, natəmiz və yaxud haram saymaq doğru deyil. Allah təala buyurur: “Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqlarını artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir.” [əl-Ənam 6:119]

“Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları (haqq yolundan) sapdırmaz! Həqiqətən, Allah hər şeyi (olduğu kimi, layiqincə) biləndir!” [ət-Tövbə 9:115]

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Sizlərdən birinin qabının təmizliyi, əgər it bunu yalayarsa, bunu yeddi dəfə yumaqla, bir dəfəsi torpaq ilə olmaqla, gerçəkləşir” və digər bir hədisdə deyilir: “Əgər it qabı yalasa…”.Bütün bu hədislər itin yalnız yalaması halına aiddir, hədislərdə itin başqa hissələrindən bəhs olunmur, onları nəcis sayanlar bu məsələdə qiyasa əsaslanırlar.

Bundan əlavə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) insanlara rüxsət vermişdir, ovçuluq, sürüyə baxmaq və kənd təsərrüfatı məqsədilə it saxlamaq olar. İt saxlayan kəsin itin tükünün nəmliyini hiss etməməsi qaçınılmazdır, necə ki qatır və uzunqulaqlarda və s. olduğu kimi. “İtin tükünə toxunduqda insan natəmiz olur” sözünə gəldikdə, qeyd etmək lazımdır ki, bundan qaçınmaq mümkün deyil və lüzumsuz yerə özü üçün çətinlik yarada bilər. Halbuki, Şəriət Sahibinin bu ümmət üçün istədiyi məqsəd (çətinlik) deyil (asanlaşdırmaqdır).
Şübhədən uzaq daha salamat mövqe tutmaq üçün məsləhət budur ki, əgər bir kəs itə toxunursa və əlində (itə toxunarkən) nəmlik hiss edirsə və yaxud itin üstündə nəm, yaş bir şey varsa, əlini yeddi dəfə yusun, birincisini isə torpaq ilə təmizləsin.

Şeyx ibn Üseymin demişdir:
İtə toxunmağa gəldikdə, əgər nəmlik yoxdursa bu halda əl natəmiz olmur, lakin toxunduqda nəm olarsa, bir çox alimlərin gəldiyi rəyə görə əl natəmiz olur və bundan sonra əli yeddi dəfə yumaq lazımdır, bunlardan biri isə torpaq ilə təmizlənməlidir.

Fətvalar Məcmusu, 11/246

Üçüncüsü: İtdən bulaşan nəcasəti, natəmizliyi aparmaq üçün həmin yeri yeddi dəfə yumaq lazımdır. Bunlardan biri isə torpaq ilə təmizlənməlidir. Əgər torpaq varsa bundan istifadə edilməlidir və başqa bir şey yaramır. Əgər torpaq yoxdursa, bu halda sabun kimi təmizləyici maddələrdən istifadə etməkdə bir xəta yoxdur.

Dördüncüsü:
Sual verənin iti öpmək barəsində sözlərinə gəldikdə, bilmək lazımdır ki, it bir çox xəstəliklərin yayılmasına səbəb olur. İti öpməklə və yaxud təmizləməmişdən öncə it içən qabdan istifadə etməklə Şəriətə müxalif hərəkət etmək nəticəsində insanların yoluxduğu bir çox xəstəliklər var. Bunlardan: pasturella-bakterial xəstəlikdir. Bunun səbəbi təbii olaraq insan və heyvanların tənəffüs sistemlərində mövcuddur. Lakin müəyyən vəziyyətlərdə bu mikrob bədəni işğal edə və xəstəliyə səbəb ola bilər.

Digər bir xəstəlik insanların və heyvanların bağırsaqlarına təsir edən parazit xəstəliyidir və adətən qara ciyər və ağ ciyərə, qarın boşluğu və bədənin digər üzvlərinə təsir edir.

Xəstəliyə lentşəkilli qurdlar səbəb olur. Bunlar kiçik soxulcan olub uzunluğu 2-9 mm-dir. Üç hissədən ibarətdirlər: baş, boyun; başda dörd ədəd sorucu var.

Yetişmiş qurdlar öz sahiblərinin, bunlardan it, pişik, qarğa və canavar, bağırsaqlarında məskən salırlar.

Bu xəstəlik itləri sevən, əzizləyən insanlara iti öpərkən və yaxud onların qabından içərkən keçir.

Bax: İnsanlara təsir edən heyvan xəstəlikləri, Dr. Əli İsmayıl Übeyd əl-Snafi.

Xülasə:

İti ancaq ov və yaxud mal-qaranı və əkini qorumaq məqsədilə saxlamaq olar və əgər ev şəhərin kənarında yerləşirsə və evi qorumaq üçün digər vasitələr yoxdursa bu məqsədlə it saxlamaq icazəlidir. Müsəlman bir kəs it ilə qaçmaq və yaxud itin ağzına toxunmaq və iti öpmək kimi əməllər etməklə kafirlərə oxşamamalıdır. Belə ki, bu zaman bir çox xəstəliklər keçir.

İnsanların mənəvi və dünyəvi işlərini qaydasına qoymaq üçün Allah Təalanın nazil etdiyi bu cur saf və kamil şəriətə görə Allaha həmdü-sənalar olsun. Lakin insanların əksəriyyəti bunu dərk etmirlər.


Tarix: 02.04.2013 / 20:03 Müəllif: *Beyaz_Gul* Baxılıb: 410 Bölmə: Maraqlı melumatlar