Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hikməti bilinməyən işə Peyğəmbərlər də dözə bilmir

Hikməti bilinməyən işə Peyğəmbərlər də dözə bilmir

Həzrəti Musa (ə) Allahın böyük və əzəmətli peyğəmbərlərində olub. O, yalnız beş peyğəmbərin çata bildiyi "Ulul Əzm" məqamına yetişmiş şəriət sahibi olan peyğəmbərlərdəndir.Peyğəmbərlərin içərisində özünə məxsus yeri ilə seçilir. Üstün məqamı, çoxlu elmi və bəlalar müqabilində səbri ilə tanınır. Musa (ə) bütün bu məqamlara yetişəndən sonra Allah onu Həzrət Xızır (ə) ilə qarşılaşdırır. Hədislərə görə Musa (ə) uca məqamlara nail olandan sonra elə fikirləşir ki, bütün elmlərə sahibdir və ondan üstün biri yoxdur. Həzrəti Xızırla qarşılaşmaqla Allah-Taala ona bəzi məsələləri başa salmaq istəyir. Xızır (ə) batin elminə sahib olan biri olmuşdur. Hələ də həyatda olan Allah dostlarındandır. Musa (ə) onunla qarşılaşan zaman Xızırın (ə) sahib olduğu elmi öyrənmək istəyir. Buna görə ona deyir:

"Musa ona dedi: Sənə öyrədilən elmi mənə də öyrətməyin üçün sənə tabe olum? (Kəhf sürəsi-66 cı ayə)"


Həzrəti Musa (ə) onun elminə sahib olmaq istəyir. Eyni zamanda da, həqiqi elmə gedən yolun o elm sahibinə itaətdən keçdiyini bildiyinə görə Xızıra (ə) tabe olmağa hazır olduğunu bildirir.

Həzrəti Xızır(ə) ona cavab verir: "Dedi: "Həqiqətən, sən mənimlə bir yerdə olmağa səbir edə bilməyəcəksən? (Kəhf sürəsi-67-ci ayə)".
Bu nəfslər müəllimi, batin və gizli həqiqətlərin alimi Musanın (ə) ona tabe ola bilməyəcəyini deyir. Bunun da səbəbini bu cür izah edir:

"(Sirrinə və həqiqətinə) Elmin olmadığı şeyə necə səbir edə biləcəksən?(Kəhf sürəsi-68 ci ayə)".


Həzrət Xızır bilir ki, özü bütün işlərin həqiqətini bildiyi halda, Musa (ə) onlardan bixəbərdir. Xəbərsiz olduğuna görə də o işləri qəbul edə və onların qarşısında tab gətirə bilməyəcəkdir. Çünki insan faydasını və hikmətini bilmədiyi işlərə səbir edib dözə bilmir. Allah rəsulu buyurmuşdur: "Hər kim bəlanın həqiqətini tanısa,ona səbir edər. Kim də tanımasa,o bəlanı çirkin hesab edər".İmam Əli (ə) buyurub: "Haqqa yalnız onun üstünlük və fəzilətini bilən səbir edə bilər".


Bu hədislərdə eyni ilə Həzrəti Xızırın Musaya (ə) dediyi sözlər bəyan olunur:

Musa (ə) və Xızırın (ə) sərgüzəştlərinin sonunda, Həzrəti Musa onun etdiyi qəribə işlər qaşısında tab gətirə bilmir. Daim Xızıra (ə) etiraz edir. Musa (ə) kimi Allahın böyük məqam sahibi olan bir peyğəmbəri hikmətini bilmədiyi işlər qarşısında tab gətirə bilmir. Həmçinin insanların da bəlalar və müsibətlərə tab gətirməkləri çox çətindir. Bəlalar qarşısında səbirli olmaqları üçün onun hikmət və faydaları üzərində çox düşünməlidirlər. Axirəvi savabı fikirləşərək, özlərinə ürək-dirək verməlidirlər.


Tarix: 03.12.2014 / 15:50 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Maraqlı melumatlar
loading...