Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CƏNAZƏNİN DAŞINMASI VƏ DƏFNİ

Cənazənin daşınması və dəfni onun qaydalarını bilən şəxslər üçün fardu-kifayədir. Ölən şəxsin dəfn olunması Quran və sünnə ilə təsbit olunmuşdur. Allah taala buyurur: «Məgər Biz yeri məskən etmədikmi Həm dirilərə, həm də ölülərə?!» ()al-Mursələt, 25-26) Başqa bir ayədə isə belə buyurur: «Sonra onu öldürüb qəbrə qoydu.»(Əbəsə,21)

Yəni dəfn etdi. Meyidin dəfn olunması bütün təfərrüatı ilə hədislərdə qeyd olunur. Bu xeyirxahlıq və itaətdir. Ölüyə hörmət və qayğıdır.
Cənazədə iştirak etmək və onu qəbrə kimi müşayət etmək "Səhih" kitablarda qeyd olunduğu kimi bəyənilən bir əməldir: "Cənazə namazı qılana kimi həmin cənazədə iştirak edən kəs üçün bir əcr var. Meyidin dəfn olunmasına kimi iştirak edən şəxs üçün isə iki əcr var". Peyğəmbərdən iki əcrin nə olduğu soruşulduqda o, (s) belə cavab verir: "Böyük dağ mislində". Buxarinin rəvayətində "Kim müşayiət edərsə", Müslimin rəvayətində isə "Kim cənazə ilə birgə çıxar və dəfninə kimi arxasınca gedərsə" kimi qeyd olunur. Bu hədis müxtəlif rəvayətlərlə olsa da cənazənin qəbrə kimi müşayiət olunmasına səsləyir.
Cənazəni müşayiət edənlərin imkan daxilində onun daşınmasında iştirak etmələri bəyənilən bir əməldir. Cənazənin maşınla və ya araba ilə daşınmasında heç bir qüsur yoxdur. Xüsusilə, basdırılacaq yerin uzaqda olduğu vaxt cənazəni tezləşdirmək şəriətə münasibdir. Rəsulullah (s) buyurur: "Cənazəni tezləşdirin! Cənazə yaxşı biridirsə, onu tez bir zamanda qəbrə endirməkdə xeyir var. Yox əgər belə biri deyilsə, onda zərər var". Bu hədisi Müslim və Buxari rəvayət etmişlər. Lakin, hər şeyi tələm-tələsik etmək olmaz. Cənazəni daşıyanlar və müşayiət edənlər sakit hərəkət etməlidirlər. Səslərini qaldırmamalı, nə isə oxumamalı, "lə ilahə illallah", "Allahım onu bağışla" deyərək getmək və buna oxşar digər şeyləri etməməlidir. Çünki bunların hamısı bidət və özünü əhli-kitaba bənzətməkdir. Ummu Atiyyənin hədisində qeyd olunduğu kimi qadınların cənazəyə qoşulması haramdır: "Cənazənin arxasınca getmək bizə qadağan edildi". Qadınlar da Rəsulullahın (s) sözlərinə uyğun olaraq ondan sonra cənazə ilə birlikdə çıxmadılar. Cənazənin müşayiət edilməsi yalnız kişilərə məxsusdur.
Rəsulullahın (s) buyurduğuna əsasən qəbir dərin və geniş qazılmalıdır: "Qazın! Geniş və dərin olsun!" Tirmizi bu hədisi həsən səhih adlandırmışdır. Qadını dəfn edərkən üstünü örtmək müstəhəbdir. Çünki, o, övrətdir.
Meyidi məzara qoyan şəxs belə deməlidir: "Bismilləh va alə milləti rəsulullah (Allahın adı ilə və rəsulullahın şəriətinə uyğun olaraq)" Rəsulullah buyurur: "Ölülərinizi məzara qoyarkən "bismilləh va alə milləti rəsulullah deyin!" Bu hədisi Nəsaidən başqa "'beşlik" rəvayət etmiş, Tirmizi isə bu hədisi həsən hədis hesab etmişdir.
Meyit qəbirdə qiblə istiqamətində sağ yanı üstə qoyulur. Rəsulullah (s) Kəbə barəsində buyurur: "O, sizin diri və ölüykən qiblənizdir." Bu hədisi Əbu Davud və başqaları rəvayət etmişdir.
Məzarın ön divarına yaxın yerdə meyidin başı altına kərpic və ya daş yaxınlaşdırılır. Kürəyinin arxasına torpaqdan söykənəcək bir şey bərkidilir ki, üzü və kürəyi üstə yerə çevrilməsin. Sonra qəbrə palçıqla suvağ vurulur ki, kərpiçlər yapışsın. Daha sonra qəbrə torpaq atılır. Qəbrə öz torpağından artıq torpaq tökmək olmaz. Qəbir yerdən bir qarış hündürlüyündə ola bilər. Yağıntı sularının onun üzərindən axması üçün sinə daşı dəvə hörgüsü kimi kümbəzvari edilir. Qəbir torpağının yayılmaması və onun bərk olması üçün üzərinə çay daşları düzülür və su səpilir. Bu ölçüdə onun qaldırılmasında isə hikmət odur ki, orada qəbir olduğu bilinsin, tapdalanmasın. Ölçüsünü bəyan etməkdən ötrü və tanınması üçün hər iki qırağıni haşiyəyə almaqda heç bir qüsur yoxdur. Qəbrin üzərində yazı yazmaq isə olmaz.
Ölünü dəfn etdikdən sonra müsəlmanların qəbrin yanında qalıb tək-tək onun üçün dua etmələri və bağışlanma diləmələri şəriətə uyğundur. Çünki, rəsulullah (s) ölünün dəfni qurtardıqdan sonra qəbrin önündə dayanıb deyərdi: "Qardaşınız üçün bağışlanma diləyin və möhkəmlik (sabitlik) istəyin! O, indi sorğu-sual edilir." Bu hədisi Əbu Davud rəvayət etmişdir. Qəbrin yanında Qurandan nə isə oxumağa gəlincə, bu dinə yenilikdir. Çünki, belə bir işi nə rəsulullah (s), nə də ki, onun əziz səhabələri etmişlər. "Hər bir yenilik zəlalətdir." Qəbirlərin üzərində kümbəz inşa etmək, mərmər tökmək və yazı yazmaq olmaz. Cabir buyurur: "Rəsulullah (s) qəbrin üstünü suvamağı, ona nəsə bağlamağı və üzərində bir şey inşa etməyi qadağan etmişdir." Bu hədisi Müslim rəvayət etmişdir. Həmçinin Tirmizinin rəvayət etdiyi və Cabirin hədisindən mərfu olaraq səhih adlandırdığı hədisdə buyurulur: "Qəbirlərin üstünü götürmək, üzərləində yazı yazmaq və taptalamaq qadağandır." Çünki, bu şirkə yol açır və qəbirləri mövzeleye çevirir. Cahillər qəbirlərin üzərində tikilmiş kümbəz və bər-bəzək gördükdə ora axışırlar.
Qəbirlərin işıqlandırılması haramdır. İstər elektrik cərəyanı, istərsə də digər şəkildə qəbri işıqlandırmaq olmaz. Həmçinin qəbirlərin üzərində məscid tikmək, orada namaz qılmaq və ya ora yönələrək namaz qılmaq haramdır. Qadınların da qəbirləri ziyarət etmələri qadağandır. Peyğəmbər (s) buyurur: "Allah qəbirləri ziyarət edən qadınlara, onların üstündə məscid tikənlərə və işıq yandıranlara lənət etsin!". Bu hədisi "Əhli Sünən" rəvayət etmişdir. "Səhih" əsərində rəvayət olunan hədisdə isə rəsulullah (s) buyurur: "Yəhudi və nəsranilərə Allah lənət etsin! Onlar peyğəmbərlərinin qəbirlərini məscidlərə çevirdilər." Çünki, qəbirlərin üzərində nə isə inşa etməklə təzim etmək və buna bənzər əməllər şirkin köküdür.
Qəbirlərin üzərində yerimək, oturmaq, onları taptalamaq, oranı toplantılar üçün yer təyin etmək, üzərindən su tökmək olmaz. Müslimin Əbu Hüreyrədən mərfu olaraq rəvayət etdiyi hədisdə rəsulullah (s) buyurur: "Sizlərdən birinizin bir közün üstündə oturması və həmin közün paltarı deşib dəriyə sirayət etməsi bir qəbrin üzərində oturmaqdan daha xeyirlidir." İmam İbn Qeyyim (Allah ona rəhmət etsin!) buyurur: "Qəbirlərin üzərində oturmaq, dayanmaq və ya addımlamaq qadağasını dərindən fikirləşən şəxs görər ki, bu qəbir sakinlərinin baş qoyduğu yerləri tapdalamamaqla onlara ehtiramın nümayişidir".

Saleh bin Fövzan bin Abdullah əl-Fövzan


Tarix: 17.04.2013 / 16:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 391 Bölmə: Maraqlı melumatlar
loading...