beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ULUHİYYƏT TÖVHİDİ

Bu da Allah – subhanəhu və təala – yə ibadət ilə olur. Buna həmçinin ibadətdə Tövhid də deyilir. Uluhiyyə – ilah sözündəndir. Yalnız Allaha ibadət edilməli, boyun əyilməli, mütləq olaraq sadəcə ona itaət olunmalıdır. Kim olursa olsun – rəsul, mələk, cin, övliya, seyyid, daş, ağac və s. ona ibadətdə ortaq (şərik) qoşulmamalıdır. Namaz, oruc, zəkat, həcc, dua, istianə (yardım diləmək) nəzir, qurban, təvəkkül, ümid, qorxu, sevgi və s. zahiri və batini ibadətlərdən heç biri ondan başqasına edilməməlidir. Allaha həm qorxu, həm ümid, həm də sevgi ilə ibadət olunmalıdır.

«Biz yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik». (əl-Fatihə 4). «Kim Allah ilə yanaşı başqa bir tanrıya ibadət edərsə, bunun üçün isə onun heç bir əsası yoxdur». (əl-Muminun 117). «Rəbbi yalnız ona ibadət etməyi buyurmuşdu». (əl-İsra 23). «Allaha ibadət edin və ona heç bir şeyi şərik qoşmayın». (ən-Nisa 36).
Bu Tövhidin gerçəkləşməsi üçün iki ünsür vardır.
1. İbadətləri qullardan hər hansı birinə deyil, yalnız Allaha xas qılmalı, Allaha məxsus olan isim və sifətləri qullara məxsus etməməlidir. Mömin yalnız Allaha ibadət edər. Allah- dan başqası üçün əsla namaz qılmaz, səcdə etməz, yalvarıb-yaxarmaz. Allahdan başqasına and içməz, nəzir verməz və Allahdan başqasına təvəkkül etməz.
2. İbadətin, Allahın əmrlərinə itaətə sövq etməsi, qadağalarından çəkinməsi və Nəbisi – səllAllahu aleyhi və səlləm – in Sünnətinə uyğun olması gərəkdir. Tövhidi – Uluhiyyətin ən vacib ünsürü, insanın tam mənada Kitab və Sünnətə təslim olmasıdır.
Allaha ibadət, itaət və əmrlərinə boyun əyməklə olur. Buna görə də Rəbb kimdirsə məbud da odur. Məbud isə ibadət olunmağa layiq olan kimsə deməkdir və ya ibadətə layiq olduğu üçün ona ibadət olunan deməkdir. Burada məqsəd ibadət olunan hər kəs Rəbbdir demək deyil. Allahdan başqa ibadət olunan ilahlar ilə o, ilahlara ibadət edənlərin, Allahdan başqa Rəbb etdikləri varlıqlar əslində Rəbb deyil, çünki Rəbb yaradan, hər şeyə mütləq məxsus olan və bütün işləri idarə edib, düzüb qoşandır. «O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız ona ibadət et və onun ibadətinə səbrli ol! Heç ona bənzərini görürsənmi?» (Məryəm 65).
Allahdan qeyri ibadət olunanlar heç bir xeyrin gəlməsinə və ya bəlanın uzaqlaşdırılmasına belə maneəçilik törədə bilməzlər. «De ki: «Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz onun zərərini aradan qaldıra bilərlərmi?» Yaxud: «Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar onun mərhəmətinə mane ola bilərlərmi?» De ki: «Mənə təkcə Allah kifayət edər». (əz-Zumər 38). «Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs onun nemətinə maneəçilik edə bilməz». (Yunus 107).
Onların ilah etdikləri bu varlıqlar Uluhiyyətdən heç bir xüsusiyyətə malik deyillər. Çünki onlar yaradılmış varlıqlardır. Özləri bir şey yaratmamışlar, onlara ibadət edənlərə zərrə qədər fayda verə və onlara gələn bəlanı aradan qaldıra bilməzlər. Həmçinin onlara həyat verməzlər, öldürməzlər. «Müşriklər isə onu qoyub heç bir şey yarada bilməyən, əksində özləri yaradılan, özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən, diriltməyə, öldürməyə və yenidən diriltməyə gücləri çatmayan bütləri özlərinə ilah qəbul etdilər». (əl-Furqan 3).
Uluhiyyət Tövhidi bütün Peyğəmbərlərin çağırdığı Tövhiddir. Əvvəlki ümmətlərin məhv olmasına səbəb də elə bu Tövhidin inkarı olmuşdur. Baxın, Allah Nuh – əleyhissəlam – ın qövmi haqqında belə buyurur: Və (öz tabeçiliyində olanlara) dedilər: «Öz tanrılarınızı tərk etməyin, (xüsusi ilə) Vəddi, Suvai, Yəğusu, Yəuqu və Nəsri atmayın». (Nuh 23). İbn Abbas – radıyAllahu anhu – rəvayət edir ki, bunlar Nuh – əleyhissəlam- ın qövmünün əməlisaleh insanları idilər. Onlar öldükdən sonra şeytan onların yaşadığı qövmün insanlarına vəsvəsə edir ki, onların qəbirləri üstündə onların heykəllərini ucaltsınlar və onların adlarını həmən heykəllərə versinlər. Uzun müddət keçdikdən və elm yaddan çıxdıqdan sonra o, heykəllərə ibadət etməyə başladılar.
Həqiqətən də bu belədir. Bu hadisələri biz indiki günümüzdə də görə bilərik. Nə qədər əməlisaleh insanlar var ki, öldükdən sonra onların qəbirləri üstündə pirlər, məscidlər, ibadətgahlar tikilir. Uzun zaman keçdikdən sonra insanların o, qəbirlərin üstünə gəlib onlardan kömək dilədiklərini görürük. Lakin insan bir şeyi unutmamalıdır ki, sıxıntı, kədər, bəla gələndə insan o ibadət etdiklərini unudaraq, əllərini göyə açıb Allaha dua edir. «İnsana bir sıxıntı üz verən zaman – uzananda da, oturanda da, ayaq üstə də bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü bizə heç dua etməmiş çıxıb gedər». (Yunus 12).
Bəli, Allah bu bəlaları uzaqlaşdırdıqdan, sovuşdurduqdan sonra onlar yenə də Allahı unudub ona şərik qoşarlar. «Müşriklər gəmiyə mindikləri zaman ancaq Allaha dua edərlər. Sağ-salamat quruya çıxdıqları zaman yenə də (Allaha) şərik qoşarlar». (əl-Ənkəbut 65).
Özünü müsəlman sayan hər bir kəs Allahın təkliyini qəbul edib, ondan qeyrisinə ibadət etməklə Allahın əzabından canını qurtaracağını zənn etməsin. Çünki İslam dininin başı, sonu, içi və çölü də Uluhiyyət Tövhididir. Peyğəmbərlərin ilk və son çağırışı da budur. Bunun üçün Peyğəmbərlər göndərilmiş, kitablar endirilmiş, cihad məqsədi ilə qılınclar çəkilmiş, möminlər ilə kafirlər, Cənnət ilə Cəhənnəm əhli bir-birindən ayrılmışdır. «Allahdan başqa ibadətə layiq heç bir ilah yoxdur» kəlməsinin mənası da elə budur. «Səndən əvvəl elə bir Peyğəmbər göndərmədik ki, ona Allahdan başqa heç bir ilah yoxdur. Buna görə də yalnız mənə ibadət edin!» deyə vəhy etməyək». (əl-Ənbiya 25). «Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım». (əz-Zariyat 56).
O, dövr ilə indiki dövr, Allahdan qeyrisinə ibadət edənlər bir və tək ilaha ibadət etmirdilər. Onlar birdən çox ilaha ibadət edib, bununla Allaha yaxınlaşdıqlarını irəli sürürdülər.
O, dövr ilə indiki dövr, Allahdan qeyrisinə ibadət edənlərin sözləri də eynidir. Biz Allahı qəbul edirik, sadəcə biz bu salehlərlə Allaha yaxınlaşmağa yol axtarırıq. Allah Qurani – Kərimdə Allaha belə bir yolla yaxınlaşmağı axtaranlar barəsində buyurur: «Allahı qoyub özlərinə dost tutanlar: «Biz onlara bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!» Deyirlər. (əz-Zumər 3). «Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: «Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!» deyirlər. De ki: «Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır». (Yunus 18).
O, halda ibadət Allaha edilərsə səhih olar. Allah Rububiyyəti qəbul edən müşriklərə bu Tövhidin fayda vermədiyini, əksinə Allah Qurani – Kərimdə onları mömin yox kafir olaraq adlandırmışdı. Əgər bir kimsə Rububiyyəti, İsim və Sifətlərin Tövhidini qəbul edib, lakin bununla bərabər qəbrə gedib o, qəbir sahibinə ibadət etsə və ya ona yaxınlaşmaq məqsədi ilə bir qurban kəssə, belə bir kimsə müşrik və kafirdir. Əbədi Cəhənnəmlikdir.
Həmçinin Rəsulullah – səllAllahu aleyhi və səlləm – də onlara qarşı qılınc qaldırmış, onların canlarını və mallarını halal qılmışdı. De ki: «Şübhəsiz Rəbbim məni doğru yola, həqiqi dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!» De ki: «Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür». (əl-Ənam 161-162).
Möhtərəm oxucularımız! Allaha ibadət edin, ona heç bir şeyi ortaq (şərik) qoşmayın, öz əməllərinizi, işlərinizi puça çıxarmayın. Allah öz qullarına ona ibadət, itaət etməyi əmr edir. Ona itaət etdiklərinə görə, bundan ötrü onlara bol qarşılıq verəcəyini vəd etmişdi. Ona üsyan edilməsini qadağan etmiş, bundan ötrü onları cəzalandıracağını xəbər vermişdi. «Bunlar Allahın sərhədləridir. (hökümləridir) Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan Cənnətlərə əbədi olaraq daxil edər ki, bu da böyük uğur və qurtuluşdur. Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib onun sərhəd-lərini aşarsa, Allah da onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir». (ən-Nisa 13-14).


Tarix: 08.05.2013 / 19:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 306 Bölmə: Maraqlı melumatlar