beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hz.Ayiwenin Gunahsizliqina Aid Quranda

Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir. (ən-Nur 11)
Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!"– demədilər? (ən-Nur 12)

Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar. (ən-Nur 13)

Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı. (ən-Nur 14)

O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır. (ən-Nur 15)

Nə üçün siz onu eşitdiyiniz zaman: "Bizə bunu danışmaq yaraşmaz. Allahım! Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!"– demədiniz? (ən-Nur 16)

Əgər möminsinizsə, bilin ki, Allah sizə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir. (ən-Nur 17)

Allah Öz ayələrini sizə belə izah edir. Allah Biləndir, Müdrikdir. (ən-Nur 18)

Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz. (ən-Nur 19)

Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah Şəfqətli və Rəhmli olmasaydı yaydığınız şayiələrə görə sizi məhv edərdi. (ən-Nur 20)

Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, bilsin ki, o şeytan iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir. (ən-Nur 21)

Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir. (ən-Nur 22)

Murdar əməldən xəbəri olmayan ismətli mömin qadınları zinada günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir – (ən-Nur 23)

o gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. (ən-Nur 24)

O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək və onlar Allahın Aydın Haqq olduğunu biləcəklər. (ən-Nur 25)

Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. Bunlar iftiraçıların söylədiklərindən uzaqdırlar. Onları bağışlanma və bolluca ruzi gözləyir. (ən-Nur 26)


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 71 Bölmə: Maraqlı melumatlar