beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmam Həsən Əsgərinin (ə) Hədislərindən Nümunələr

Dünən, Rəbiyül-əvvəl ayının 8-də, müsəlmanların 11-ci imamı Həsən Əsgərinin (ə) şəhadət günü idi. Bu münasibətlə imamdan bir neçə hədisi diqqətinizə çatdırırıq.

“İbadət namazın və orucun çoxluğu ilə ölçülməz. Əslində ibadət Allahın işləri (yəni qüdrəti) barəsində düşünməkdədir”.

“Bütün pisliklər bir evdə toplanıb ki, onun da qapısının açarı yalandır”.

“Ədəbli olmağın üçün bu yetər ki, başqalarında görüb bəyənmədiyin işləri özün etməkdən uzaq durasan”.

“Allaha doğru gedən yol elə bir səfərdir ki, bunu yalnız gecələr oyaq qalıb ibadət etməklə qət etmək mümkündür”.

“Mömin mömin üçün bərəkətdir, kafir üçün isə höccətin tamam olmasıdır” (yəni onun axirətdə bəhanə gətirə bilməməsi üçün haqqı göstərən vasitədir).

“Höcətkənlik etmə ki, dəyərdən düşməyəsən. Zarafat etmə ki, səni təhqir etməyə cəsarət tapmasınlar”.

“Ən çox narahatçılıq içində olan adam kin-küdurətli (paxıl) adamdır”.

“Hər kim öz din qardaşına gizlində (təklikdə) nəsihət versə, onu gözəl əxlaqla bəzəmiş kimidir. Amma kim ona aşkarda (hamının gözü qarşısında) nəsihət versə, onu rüsvay etmiş kimidir”.

“Allahı zikr etməyi, ölümü xatırlamağı, Quran oxumağı və Peyğəmbərə salavat söyləməyi artırın”.

“Başqasının sirrini yaymaqdan və vəzifəyə can atmaqdan çəkinin. Bu iki xüsusiyyət insanı fəlakətə aparar”.

“Bağışlanmayan günahlardan biri də budur ki, onu etmiş adam belə desin: “Kaş elə yalnız bu əməlimə görə mənə cəza versinlər” (burada günahı kiçik saymaq məzəmmət edilir).

“Hər kim məclisin aşağı başında oturmağa razı olsa, yerindən qalxana kimi Allah və mələkləri ona rəhmət (mərhəmət) göndərərlər”.

“Bismillahir-Rəhmanir-Rəhim cümləsinin ismi-əzəmə yaxınlığı gözün qarasının ağına yaxınlığından daha artıqdır”.

“Təvazökarlığın əlamətlərindəndir ki, görüşdüyün hər kəsə birinci salam verəsən və məclisin aşağı başında oturmağa razı olasan”.

“Elə bir bəla yoxdur ki, Allahın hər hansı bir neməti onu əhatə etməmiş olsun”.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 62 Bölmə: Maraqlı melumatlar