beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seytanin Agla Gelmez Hiyleleri

Şeytanı tanıyaq Ola bilsin ki, mövzunun adı ilk oxunuşdan bir az qəribə gəlsin. Amma gəlin həqiqətən də öz-özümüzə sual verək. Şeytanı dərk edək deyəndə nəyi nəzərdə tuturuq? Şeytanı əslində niyə dərk etməliyik? Həm də axı şeytanı dərk etmək mümkündürmu? Bu cür suallar verməklə bu suallara cavab axtarmaq da mümkündür. Birinci suala belə cavab vermək olar ki, şeytanı dərk etmək, onun insanlarla necə rəftar etməsini, onun hiylələrini, məqsəd və hədəflərini, strategiyasını və taktikasını anlamaq deməkdir. Təbii ki, bunları dərk edən insan da, şeytanın bütün əməllərinin qarşısını ala bilər və şeytandan özünü qoruyar.
*****
İlk öncə biz anlamalıyıq ki, şeytan, Allahu Təalanın yaratdığı milyonlarla məxluqatlardan bir məxluqdur. Allahu Təala bizə məlum olan və hətta bizə məlum olmayan məxluqatlar da yaradıb. “Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır.” (ən-Nəhl, 8). Allahu Təalanın yaratdığı məxluqatlar yalnız bizim gördüyümüz və tanış olduqlarımız deyil. Bizim bilmədiklərimiz, dərk etmədiklərimiz və ömründə görmədiklərimiz məxluqatlar da var. Şeytdan da Allahu Təalanın dərk edə bilinməz məxluqatlarındandır. Lakin Allahu Təala müqəddəs Qurani Kərim və Peyğəmbərimizin (s.a.s) sünnəti vasitəsilə bizlərə şeytan haqqında lazımi və faydalı məlumatlar çatdırıb. Ən əsası da bizə məlumdur ki, şeytan Allaha asi olan məxluqatlarındandır.
Bütün müsəlmanların bu həqiqəti bilməsinə baxmayaraq, çoxları bunu unutqanlıqla qarşılayır və sanki şeytanı adi bir şey kimi qəbul edirlər. Hətta bəziləri hər günah işlədəndən sonra çox sadə bir tonla “Lənət sənə kor şeytan” – deyir. Lakin heç kim inkar etmir ki, şeytan bizim düşmənimizdir, onunla mübarizəmiz ciddidir və bu mübarizə bizim sonumuzu dəqiqləşdirən bir mübarizədir. Şeytanı düşmən kimi qəbul etməyi Rəbbimiz bizə Qurani Kərimdə buyurur: “Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır.” (Fatir, 6)
*****
Əl-Buxari öz “Səhih”-ində Əz-Zuhəridən belə rəvayət edir ki, belə deyib; “Əli bin əl-Hüseyn (Allah ondan raz; olsun) mənə demişdi ki, Peyğəmbərin (SAV) yoldaşı Hz. Səfiyyə, ona deyib ki, Peyğəmbər (SAV) Ramazanın son 10 günündə etikafda (məsciddə qalanda) olanda, Onu (SAV) ziyarət üçün yanına gedib. Bir müddət Onun (SAV) yanında söhbət edib.Sonra qalxıb gedəndə, Peyğəmbər (SAV) onu ötürməyə çıxıb. Məscidin qapısında, Ummu Sələmənin qapısına yaxın yerdə, Ənsarlardan iki kişi Peyğəmbərə (SAV) salam verir və keçir. Peyğəmbər (SAV) onlara; “Tələsməyin (yavaş-yavaş keçin), bu, Heyiyin qızı mənim həyat yoldaşım Səfiyyədir.” Onların ikisi (təəccüblü halda): SübhanAllah ya RəsulAllah!! Bu onlara ağır gəldi. Peyğəmbər (SAV) isə; “Şeytan insana (damarında axan) qanı qədər yaxındır. Mən də qorxdum ki, sizin qəlbinizə (şübhəli) bir şey sala.” (Səhih Əl-Buxari).
*****
Səhabələr Peyğəmbərin (SAV) günah işlətməyəcəyinə o qədər əmin idilər ki, onlar Peyğəmbərin (SAV) belə deməsinə çox təəccübləndilər. Hətta Peyğəmbər (SAV) özü də Allaha o qədər yaxın bir insandır ki, günah işlətməsi belə yol verilməzdir, o da qaldı ki, Özünə bəraət qazandıra. Bununla belə, Peyğəmbərimizin (SAV) bu hədisindən biz çox qiymətli bir ibrət dərsi alırıq ki, şeytan insana o qədər yaxın və eyni zamanda o qədər təhlükəlidir ki, Allahın ən sevimli qulu, Ona (SAV) 100% inanan səhabələrinə belə şeytanın çirkin olduğunu xatırladır. Harda olsaq, necə olsaq şeytan öz hiylələri ilə bizə yaxınlaşır, hətta ibadətlərimizdə belə. Ancaq şeytan bizə heç bir şeyi məcbur etdirə bilməz. Bunu Allahu Təala şeytana xitab edərək belə bəyan edib; “Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə)
sənin heç bir hökmün olmaz!” (əl-Hicr, 42) Amma eyni zamanda Allahu Təala şeytan haqqında buyurur ki; “Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!” (ən-Nisa, 76). Deməli bizə, damarımızda axan qandan da yaxın olan şeytanı tanımayaqmı?! Allahu Təalanın və Rəsulunun (SAV) bizə bildirdiyi şəkildə şeytanın hiylələrini və zəif nöqtələrini öyrənməyəkmi?! Şübhə yoxdur ki, şeytan müsəlmana daha çox yaxınlaşır və daha çox müsəlmanı yoldan çıxarmağa çalışır. O, insana nifrət edir və Allahu Təalanın Adəmə baş əymə əmrini hələ də unuda bilmir. “Yenə yadına sal ki, bir zaman mələklərə: "Adəmə səcdə edin!" - deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etmişdi. (İblis: ) "Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!" - demişdi.” (əl-İsra, 61).
O, insanlara qarşı öz həsədində, kin və nifrətində davam etməyə başladı. Həmişə onları azdıracaq və Allahı qəzəbləndirə biləcək formada hiylələrə əl atdı. O, öz planlarını həyata keçirmək üçün Allahdan möhlət istədi. “(İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! Yalnız Sənin sadiq bəndələrindən başqa!” (əl-Hicr, 39-40).
*****
Dərk edilməz hiylələr Bizi yoldan çıxarmaq üçün, düzgün yolda yıxmaq üçün və bizi Cəhənnəmə aparan yollara çəkmək üçün şeytan cox diqqətli və dəqiq planlar qoyub. Həm də etiraf etməliyik ki, vaxt keçdikcə, illər ötdükcə şeytan daha da ağıllı planlar hazırlayır, yeni və fərqli üsullara əl atır ki, müsəlman bəndəni azdırsın, onu günahlara sürükləsin, ibadətlərində fikrini dağıtsın. Şeytanın diqqətli və ağıllı olması səni heç də təəccübləndirməsin. Unutma ki, o, eyni insan üçün istifadə etdiyi eyni hiyləni bircə dəfə işlədir, onu təkrarlamır.
Məsələn insan universitetdə oxuyarkən, şeytan onu bir yolla azdırmağa çalışır. İnsan bir az yaşlandıqca, şeytan başqa hiylələrə əl atır. İnsan ailə qurandan və iş sahibi olandan sonra şeytan tamam başqa üslublardan istifadə edir. Daha çox da ər-arvad arasında və ailədə problemlər yaranmasını istəyir. Buna görə də o iki insana elə hiylə ilə yanaşır ki, onlar arasında daim problemlər davam edir. Ailə həyatında müvəffəqiyyət qazana bilməyənlər və tez-tez problemlərlə üzləşənlərin çoxu şeytan məktəbinin məzunlarıdır.
Şeytanın qadına yaxınlaşmaq tərzi daha fərqlidir. O qadını, öz bədənini fitnə kimi istifadə etsin deyə azdırır. Şeytan qadınların çoxuna bu fikirlərlə yanaşır. Qadına, gözəlliyini Allahın neməti kimi göstərir, Allah gözəldir və gözəlliyi sevir və bu nemətdən istifadə etmək lazımdır. Əlbəttə eyni zamanda şeytan həm də kişiyə yaxınlaşır ki, qadına baxsın və Allahın qəzəbinə gəlsin. Hələ bir çoxları utanmadan qadınlara baxaraq deyirlər ki; “Gözələ baxmaq savabdır!” Şeytanın əsgərləri də müxtəlifdir və müxtəlif insanlara fərqli yollarla yanaşırlar. Məsələn, oxuma-yazma bilməyən biliksiz bir insanın yanında hərlənən şeytan, kompüterdə gözəl işləyə bilən birinin şeytanından fərqlənir.
Şeytan insanı azdırmaqdan və həmişə onunla olmaqdan bezmir, yorulmur və əl çəkmir. O, gecə-gündüz çalışır və bundan əl çəkə bilmir. İlk dəfə rüşvət almağa addım atan insana şeytan bu işi asanlaşdırır və daxilində inam yaradır ki, bu birinci və axırıncı dəfə olacaq. Bir daha təkrarlanmayacaq. Sonra onu yenə rüşvət almağa həvəsləndirir və bütün dünyanı onun gözündə rüşvət alanlar kimi göstərir. Əlbəttə, vicdanı bir azacıq oyanmaq istəyən insanı şeytan buraxmır, sadəcə rüşvətin adını onun beynində dəyişdirir və rüşvəti ona, hədiyyə və ya hörmət kimi qəbul etdirir.
Beləcə şeytan hər bir insanla müxtəlif üsullardan istifadə edir. Hər bir insanın günahını onun gözündə kiçildir və bəzən gözəlləşdirir. Buna görə də biz şeytanı yaxından anlamalıyıq ki, onun hiylələrindən qaça bilək. Bəs görəsən şeytanı yenmək olar? Əlbəttə olar. Yuxarıdakı ayələrin birində də qeyd olundu ki, şeytan insanlara hökm edə bilmir və onları heç bir zaman məcbur etmir.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 283 Bölmə: Maraqlı melumatlar