Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseynin (r.a) şəhid edilməsi ( Hüseyn (r.a) bərabər şəhid olan övladları və siarə məsələlər )

Hüseynin Kərbəlaya çatması:

Bu yerə çatanda Hüseyn geri qayıtmaq fikrinə düşdü. İlk göndərilən dəstənin qalan hissəsi gəlib çatdı. Onların sayı dörd min idi. Qoşuna rəhbərliyi Ömər ibn Səd edirdi. Hüseyn artıq Kərbəla adlanan yerə çatmışdı.
Həmin yerə çatanda Hüseyn dedi: "Bura haradır?"
Dedilər: "Kərbəla".
Hüseyn dedi: "Kərb (kədər) və bəla (bəla)".
Ömər ibn Sədin qoşunu gəlib çatanda, o, Hüseynlə danışdı və onunla bərabər İraqa, Ubeydullah ibn Ziyadın yanına getməsini tələb etdi. Lakin Hüseyn bu təklifdən imtina etdi. Hüseyn işin ciddi olduğunu gördükdə Ömər ibn Sədə dedi: "Mən sənə üç şeydən birini seçməyi təklif edirəm".
Ömər ibn Səd dedi: "Təkliflərin hansıdır?"
İbn Cərir ət-Təbəri “Tarix” və İbn əl-Əsir “əl-Kamil fi-t-Tarix” kitabında (İbn əl-Əsir: 2/167; Təbəri: 3/212.)bu təklifin bunlar olduğunu söyləyir:
Hüseyn dedi: "Ya mənə icazə ver geri qayıdım, ya müsəlmanların döyüşdükləri cəbhələrin birinə, ya da Şama gedim." Ömər ibn Səd dedi: "Bəli, qoy mən Ubeydullah ibn Ziyada xəbər göndərim. Görək məsələ necə olacaq?" Ömər ibn Səd Ubeydullah ibn Ziyada xəbər göndərdi. Elçi Ubeydullah ibn Ziyadın yanına gəlib Hüseynin bu üç şeydən birini seçmək təklifini ona çatdırdı. Ubeydullah deyilən təkliflərlə razılaşdı və dedi: "Qoy Hüseyn istədiyi təklifi seçsin". Ubeydullah ibn Ziyadın yanında Şümür ibn Zil-Cövşən adlı bir nəfər var idi. O, Ubeydullahın ən yaxın adamlarından sayılırdı.
Şümür dedi: "Allaha and olsun, xeyr! Hüseyn mütləq sənin hakimiyyətinə tabe olmalıdır". Ubeydullah onun bu sözündən qürurlanıb dedi: "Bəli, Hüseyn ilk olaraq mənim hakimiyyətinə tabe olmalıdır (yəni, Hüseyn Kufəyə gəlməli və sonra mən özüm onu Şama, cəbhə xəttinə və ya Mədinə şəhərinə yollayaram)". Ubeydullah ibn Ziyad Şümür ibn Zil-Cövşəni hadisə yerinə göndərdi və dedi: "Sən get və qoy Hüseyn Ömər ibn Sədin razılığı ilə mənim hökmümə tabe olsun. Əgər Ömər ibn Səd deyilən təkliflə razılaşmasa, o zaman onun yerinə rəhbər sən olursan!"
Ubeydullah ibn Ziyad Ömər ibn Sədin Rey əyalətinə getməsi üçün ona hazırlanmış dörd min nəfərlik qoşun vermiş və demişdi: "Hüseynin məsələsini həll et, sonra Rey əyalətinə get!" Ubeydullah ona bu yerin valiliyini vəd etmişdi. Şümür ibn Zil-Cövşən, Hüseyn ibn Əlinin, Hurr ibn Yezidin və Ömər ibn Sədin olduğu yerə gəldi. Hüseyn, Ubeydullah ibn Ziyadın hakimiyyətinə tabe olmaq təklifini eşitdikdə, bundan imtina etdi və dedi: "Allaha and olsun, mən heç vaxt Ubeydullah ibn Ziyadın hökmünə tabe olmayacam".

Hüseyn (r.a) Kufə qoşununu Allahın adı ilə xəbərdar edir:
Hüseynin dəstəsi yetmiş iki süvaridən ibarət idi. Kufədən gələn dəstənin sayı isə beş min nəfər idi. Hər iki dəstə üz-üzə gəldikdə Hüseyn İbn Ziyadın qoşununa dedi: "Özünüzü mühakimə edin və düşünün! Sizə mənim kimi bir adamla döyüşmək yaraşarmı? Mən sizin Peyğəmbərinizin qızının oğluyam. Yer üzündə məndən başqa Peyğəmbərin qız nəvəsi yoxdur. Peyğəmbər  qardaşım və mənim haqqımda demişdir: "Bunlar ikisi cənnət cavanlarının ağalarıdır"." (Tirmizi: Kitab əl-Mənaqib, Bab Mənaqib əl-Həsən vəl Hüseyn, ? 3768. Hüseyndən nəql olunan bu hədisin rəvayəti zəifdir, lakin bu hədisin Huzeyfədən, Əbu Səiddən və digərlərindən nəql olunan rəvayətləri səhihdir.)
Hüseyn qoşunu Ubeydullah ibn Ziyadın əmrini tərk edib onun dəstəsinə qatılmağa təşviq edirdi. Nəticədə otuz nəfər onun dəstəsinə qatıldı və onların arasında Ubeydullah ibn Ziyadın göndərdiyi ilk dəstənin sərkərdəsi Hurr ibn Yezid də var idi. Hurr ibn Yezidə dedilər: "Sən bizimlə qoşun rəhbəri kimi gəlmisən, indi isə Hüseynin dəstəsinə keçirsən?!"
Hurr dedi: "Vay olsun sizə, Allaha and olsun, mən Cənnətlə Cəhənnəm arasında seçim edirəm. Allaha and olsun, məni doğrasalar da, yandırsalar da Cənnətdən imtina edən deyiləm".
Həftənin dördüncü günü Hüseyn həm özünün, həm də Ubeydullah ibn Ziyadın qoşununa namazda imamlıq edərək Zöhr və Əsr namazlarını qıldırdı. O, əvvəlcədən onlara demişdi ki, namazda bir nəfər bizdən bir nəfər də sizdən imam dayansın. Lakin hər iki tərəfin cavabı belə olmuşdu: "Biz sənin arxanda qılacağıq". Onlar Zöhr və Əsr namazlarını Hüseynin arxasında qıldılar. Məğrib vaxtı yaxınlaşdıqda bir göz yuxu vuran Hüseyn qılıncına söykənmiş halda dayanırdı və birdən qarşı tərəfin süvariləri ona tərəf gəldilər.
Hüseyn dedi: "Bu nədir?"
Dedilər: "Qarşı tərəfdir".
Hüseyn dedi: "Onlar tərəfə gedin və baxın görün nə istəyirlər?"
Hüseyn tərəfdən iyirmi nəfər atlı onların qarşısına çıxdı. Dəstə arasında Hüseynin qardaşı Abbas ibn Əli ibn Əbu Talib də var idi. Onlar qarşı tərəflə söhbət etdilər və istəklərini soruşdular?
Onlar dedilər: "Ya Hüseyn Ubeydullah ibn Ziyadın hökmünə tabe olmalıdır, ya da döyüş olacaqdır".
Hüseynin adamları dedilər: "Biz gərək bu haqda Əbu Abdullahla məsləhətləşək" deyib Hüseynin (Allah ondan razı olsun) yanına gəldilər və bu xəbəri ona çatdırdılar.
Hüseyn dedi: "Onlara deyin ki, bu gecə bizə möhlət versinlər. Namaz qılım, sabah onlara bir söz deyərik. Mən Uca və Pak Rəbbim üçün namaz qılmağı çox xoşlayıram. Hüseyn və onunla olanlar o gecəni Allaha ibadət, dua və bağışlanma diləməklə keçirtdilər. Allah onlardan razı olsun!"

Taff döyüşü (Hicri 61-ci il):

Hüseyn (r.a) Ubeydullah ibn Ziyada təslim olmaqdan imtina etdikdən sonra, cümə gününün səhəri iki tərəf arasında döyüş başladı. Tərəflərin qüvvələr nisbəti bərabər deyildi. Hüseynin tərafdarları malik olduqları qoşunla kifayət qədər dözüm göstərə bilməyəcəklərini anladılar. Buna görə də onların yeganə məqsədləri Hüseyn ibn Əlini (r.a) müdafiə edərək onunla bərabər şəhid olmaq oldu. Onlar Hüseyni (r.a) müdafiə edərək bir-birinin ardınca ölürdülər. Beləliklə, Hüseyndən (r.a) başqa onların hamısı öldülər. Allah onlardan razı olsun!

Bundan sonra Hüseyn (r.a) günün əksər hissəsini tənha qaldı. Heç kəs ona yaxınlaşmağa, onu öldürüb bu bəlaya düçar olmağa cürət etmirdi. Bu hal bir qədər davam etdi. Bir müddətdən sonra Şümür ibn Zul-Cövşən irəli atılıb camaata dedi: "Vay sizin halınıza, analarınız sizi itirsin, onu mühasirəyə alın və öldürün!" Bundan sonra onlar Hüseyn ibn Əlini (r.a) mühasirəyə aldılar. Hüseyn (r.a) əlində qılınc onların əhatəsində dövrə vurmağa başladı. Aslan şücaətli Hüseyn (r.a) hətta onlardan bir neçəsini öldürdü. Lakin yenə də, çoxluq şücaətə qalib gəlir.
Şümür ibn Zul-Cövşən haray çəkib dedi: "Vay sizin halınıza! Nə gözləyirsiniz? İrəli atılın, onu öldürün!"
Onlar irəli atılıb Hüseyni (Allah ondan razı olsun) qətlə yetirdilər. Hüseynin (r.a) qətlini icra edən və başını kəsən Hüseyn ibn Sinan ən-Nəxai idi. Digər rəvayətdə isə onu öldürənin Şümür ibn Zul-Cövşən olduğu bildirilir. Allah onun üzünü qara etsin!
Hüseyn qətlə yetirildikdən sonra onun başını Kufəyə Ubeydullah ibn Ziyadın yanına gətirdilər. Ziyad əlində olan çubuqla Hüseynin başına döyməyə başladı və çubuğu onun ağzına salıb dedi: "Bu idi gözəl danışan?!"

Bu vaxt Ənəs ibn Malik (Allah ondan razı olsun) oturmuşdu. O, ayağa qalxıb dedi: "Allaha and olsun, sən çox pis iş görürsən. Sənin o çubuqla qurdaladığın ağzın yerindən Peyğəmbərin (s.a.v) öpdüyünü görmüşəm".
( Təbərani: "Mucəmul Kəbir" 5/206. ? 5107. "Səhih əl-Buxari" Kitab Fədailus Səhabə, Bab mənaqib əl-Həsən vəl Hüseyn, ? 3748.)

İbrahim ən-Nəxai (Allah ondan razı olsun) dedi: "Əgər mən Hüseyni oldürən dəstədə iştirak edib sonra Cənnətə daxil olsaydım, Peyğəmbərin  üzünə baxmağa utanardım". ( Təbərani "Mucəmul Kəbir" 3/112. ? 2829. Hədisin isnadı səhihdir.)

Taff döyüşündə Hüseynlə (r.a) birlikdə qətlə yetirilən ailə üzvləri.

Hüseynlə bərabər onun ailəsinin çox üzvü qətlə yetirildi.
Bu döyüşdə Hüseynlə yanaşı Əlinin (r.a) digər övladları: Cəfər, Abbas, Əbu Bəkr, Məhəmməd və Osman – qətlə yetirildi.
Hüseynin (r.a) qətlə yetirilən övladları isə bunlar idi: Əli əl-Əkbər (bu, Əli Zeynəl Abidin deyil), Əli əl-Əsğər və Abdullah.

Həsənin (r.a) bu döyüşdə öldürülən övladları aşağıdakılardır: Abdullah, Qasim və Əbu-Bəkr.

Əqilin (r.a) bu döyüşdə öldürülən övladları isə bunlardır: Cəfər, Abdullah, Əbdürrəhman və Abdullah ibn Muslim ibn Əqil. Muslim ibn Əqilin özü isə Kufədə qətlə yetirilmişdi.

Abdullah ibn Cəfərin bu döyüşdə öldürülən övladları bunlardır: Ovn və Məhəmməd. ( Tarix Xəlifə ibn Xəyyat" 234.)

Adları sadalanan on səkkiz nəfər qüvvələr nisbətinin bərabər olmadığı bir döyüşdə qətlə yetirilənlərdir. Onlar Peyğəmbərin (s.a.v) Əhli-Beytinin üzvləri idilər.

(Çox təəccüblüdür ki, Hüseyn ibn Əli (r.a) ilə öldürünlər arasında Əbu Bəkr ibn Əli, Osman ibn Əli və Əbu Bəkr ibn əl-Həsən də var idi. Lakin bəzilərinin Hüseynin qətli haqda danışdıqları kasetlərdə və yazdıqları kitablarda bu adlara rastlamırıq. Bunun səbəbi odur ki, bu adları eşidən insanlar deməsinlər ki, Əli ibn Əbu Talib övladlarına Əbu Bəkr, Ömər və Osman adlarını vermişdi. Yaxud Hüseyn öz övladını Əbu Bəkr adı ilə adlandırmışdır. Həqiqətən də bu, çox qəribə bir işdir.Bəziləri isə nədənsə bu tarixi faktları gizlətməyə çalışırlar. Bu tarixi faktlar göstrir ki,sahabələrlə əhli beyt arasında o qədər sevgi çox olmuşdur ki,əhli beytin imamları öz övladlarına sahablərin adlarını qoymuşdurlar.)



Hüseynin qətli haqqında əvvəlcədən deyilən sözlər:

Ummu Sələmənin ) r.a) belə dediyi rəvayət olunur: "Cəbrail Peyğəmbərin (s.a.v) yanında idi. Hüseyn isə mənim qucağımdaydı. Hüseyn ağladı. Mən onu yerə qoydum. O, Peyğəmbərin (s.a.v) yanına daxil olub ona yaxınlaşdı. Cəbrail dedi: "Ey Məhəmməd, onu sevirsənmi?"
Peyğəmbər (s.a.v) dedi: "Bəli".
Cəbrail dedi: "Ümmətin onu öldürəcəkdir. Əgər istəyirsənsə, onun öldürüldüyü yerin torpağından sənə göstərim". Cəbrayil həmin torpağı ona göstərdi. Həmin yer Kərbəla adlanırdı"."
( Fədailus Səhabə: 2/782. ? 1391. Bu hədis məşhurdur, lakin Ummu Sələmədən nəql edilən bütün yolları etibarsızdır.)

Ummu Sələmə (r.a) deyir ki, Hüseyn (r.a) öldürülərkən cinlərin onun üçün ağı dediklərini eşitdim. ( Fədailus Səhabə: 2/766. ? 1373. Sənədi həsəndir (məqbuldur).

Hüseyn (r.a) öldürülən vaxt səmadan qan yağması, divarlarda qan izlərinin görünməsi, hər daşı qaldırdıqda altından qan çıxması, kəsilən hər heyvanın qana çevrilməsi və sairə bu kimi rəvayətlər uydurmadır. Bu haqda heç bir mötəbər, hətta zəif rəvayət belə mövcud deyil. Bunlar insanları coşdurmaq üçün istifadə olunan yalanlardır.

Əbu Rəca əl-Ətarədinin belə dediyi rəvayət olunur: "Bizim Bəlhuceyndən ( Bu, ərəb qəbilələrindən biridir.) olan bir qonşumuz var idi. O, Kufəyə gəlib demişdi: "Siz bu fasiq oğlu fasiq haqda nə fikirləşirsiniz? Allah onu öldürsün!" (. O," fasiq oğlu fasiq"- deməklə, Hüseyn ibn Əlini nəzərdə tuturdu). Əbu Rəca əl-Ətarədi deyir ki, Allah səmadan iki ulduz atıb onun gözlərini kor etdi". ( "Mucəmul Kəbir" 3/112. ? 2831. Sənədi səhihdir.)

İbn Abbas (r.a) deyir: "Mən gündüz vaxtı yatarkən Peyğəmbəri (s.a.v) üst-başı torpaq və saçı pırtlaşıq halda yuxuda gördüm. Onunla içi qanla dolu bir qab var idi.
Mən dedim: "Ey Allahın elçisi, bu nədir?"
O dedi: "Bu, Hüseyn və onun dostlarının qanıdır. Mən bu günə qədər onu təqib edirəm".
Hədisin rəvayətçisi Ammar deyir ki, "Biz İbn Abbasın (r.a) bu sözünü yadda saxladıq. Sonra Hüseynin (r.a) həmin gündə qətlə yetirildiyinin şahidi olduq". ( Fədailus Səhabə: 2/778. ? 1380. Sənədi səhihdir.)

Peyğəmbər (s.a.v) buyurmuşdur: "Kim məni (həqiqi simamda) yuxuda görərsə, həqiqətən də məni görmüş olar".
( Buxari: Kitabut Təbir, Bab Mən raə ən-nəbiyyə fil mənam, ? 6994. Müslim: Kitab ər-Ruyə, ? 2266.)

Bildiyimiz kimi, İbn Abbas (r.a) Peyğəmbərin (s.a.v) vəsflərinə ən yaxşı bələd olan adam idi.

Axirət əzabından öncə dünya cəzası:

Hüseyn ibn Əli (Allah ondan razı olsun) belə şəhid oldu. Onu öldürməyi əmr edən Ubeydullah ibn Ziyad idi. Lakin çox keçmədi ki, Muxtar ibn Əbu Ubeyd Hüseynin (r.a) intiqamını alaraq Ubeydullahı qətlə yetirdi. Muxtar (Hüseyn gəlmədən əvvəl) Muslim ibn Əqili tərk edənlərdən biri idi.
Kufə camaatı özlərindən qisas almaq istəyirdilər. Bunun bir neçə səbəbi var idi:
Birinci: Onlar (Ubeydullah ibn Ziyadın təklifindən və təhdidindən sonra) Muslim ibn Əqili tək buraxmışdılar. Muslim öldürülən vaxtadək Kufəlilərin heç birindən dəstək görmədi.

İkinci: Hüseyn ora gəldikdə, Hurr ibn Yezid və onunla olan bir neçə nəfərdən başqa, Kufə əhalisindən heç kəs onu müdafiə etməyə qalxmadı. Bütün bunlara görə də kufəlilər babalarının etdikləri günahı yumaq niyyəti ilə sinələrinə döyür və müxtəlif işlərə əl atırdılar.
( Hüseynin intiqamını alan Muxtarın dəstəsi özlərini "Təvvabin" yəni tövbə edənlər dəstəsi adlandırmışdılar. Bununla onlar özlərinin Hüseynin qarşısında təqsirkar olduqlarını etiraf edirdilər. Bu hərəkat şiələrin ilk dəfə siyasi bir qol kimi ayrılmasının ilkin mərhələsi idi. Şiə məzhəbinin etiqadi və fiqhi baxımdan ayrılması isə əməvilərin hakimiyyəti süqut etdikdən az bir müddət sonra başlamışdır.)

Umarə ibn Umeyr deyir: "Ubeydullah ibn Ziyad və onun dostlarının başı kəsib Məscidə gətirdilər və onları Rəhbə adlı yerə düzdülər". Rəvayətçi deyir: "Mən onların yanına çatdıqda onlar deyirdilər: "Gəldi, gəldi". Baxıb gördüm ki, bir ilan gəldi və kəsilmiş başların içində dolaşdı. Sonda gəlib Ubeydullah ibn Ziyadın burun dəliyinə daxil olub bir müddət orada dayandıqdan sonra yoxa çıxdı. Oradakılar yenə dedilər: "Gəldi, gəldi". İlan gələrək eyni hərəkəti iki və ya üç dəfə təkrarladı".
(Tirmizi: Kitabul Mənaqib, Bab Mənaqib əl-Həsən vəl-Hüseyn, ? 3780. İsnadı səhihdir.)
Bu, Hüseynin qətlində canfəşanlıq göstərən adamdan, Allahın aldığı intiqamdır. Allah Hüseyndən (r.a) razı olsun!


Tarix: 03.05.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 409 Bölmə: Maraqlı melumatlar
loading...