Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KƏB B. MƏLİK – radıyallahu anhu – : «DOĞRULUQ CƏNNƏTƏ APARAN YOLDUR

9.«Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun!» (ət-Tövbə 119). «Həqiqətən Allah… doğru-danışan kişilər və qadınlar…üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!» (əl-Əhzab 35).
İbn Şihab deyir ki, mənə Abdullah b. Kəb – radıyallahu anhu – xəbər verdi ki, atası (yəni Kəb b. Məlik) kor olduğu zaman onun oğulları içərisində Kəb b. Məlik – radıyallahu anhu – nun həyatda köməkçisi (yəni bələdçisi) o, olmuşdur və o, atasının ona danışmış olduğu Təbuk döyüşü ərəfəsində baş vermiş hadisəni belə xatırlayır.
Kəb: «Mən bu ana qədər Təbuk döyüşündən başqa Peyğəmbər – sallallahu aleyhi və səlləm – in iştirak etdiyi döyüşlərin birindən də geri qalmamışdım (1) Həmçinin Bədr döyüşündə də iştirak etməmişəm (2)Lakin bu döyüşdən geri qalan (iştirak etməyən) heç kimsə bu döyüşdə iştirak etmədiyinə görə qınanılmamışdı. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm - və müsəlmanların bu səfərə çıxmaqlarının səbəbi (Şamdan gələn) Qureyşin karvanını ələ keçirmək idi. Lakin Allah – subhənəhu və təalə – müsəlmanlarla düşmənlərini bir-biri ilə qarşılaşdırdı.
And olsun ki, mən Əqabə (3) gecəsi İslama kömək etmək üçün bizdən söz aldıqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə bir yerdə idim. Hər nə qədər insanlar Əqabədən çox Bədr döyüşünün fəzilətindən danışsalar da mən Əqabəni Bədrə heç nə ilə dəyişməzdim(4) Mənim Təbuk döyüşündə Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə iştirak etməməyimə gəlincə (o, da bu cür baş vermişdi).
«Həqiqətən mən o, vaxt Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən geri qalıb döyüşə getmədiyim an heç vaxt olmadığı kimi güclü və maddi cəhətdən təminatlı idim. Allaha and olsun ki, bu döyüşdən əvvəl heç bir vaxt iki dəvəm olmamışdır. Lakin bu döyüş ərəfəsində iki dəvəm vardı. O, ki qaldı Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə, döyüşə çıxmağı arzuladığı zaman getdiyi istiqamətin tam əksinə işarə edərdi (5)Döyüşə isə Peyğəmbər – sallallahu aleyhi və səlləm – havanın çox isti vaxtında çıxmışdı. Səfər uzaq və təhlükəli olmaqla yanaşı çox sayda olan düşmənin üzərinə yönəlmişdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu döyüşə hazırlaşsınlar deyə müsəlmanlara vəziyyəti bildirdi və onlara gedəcəkləri istiqaməti söylədi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə bu döyüşə çıxan müsəlmanların sayı çox idi. (Onların) adlarının yazıldığı bir siyahı da yox idi».
Kəb: «Döyüşə qatılmayanlar çox az sayda idilər. Onlar da elə zənn edirdilər ki, bu haqda heç kəs bilməyəcəkdir. Lakin bu Allah – subhənəhu və təalə – nin onlar haqqında ayə nazil etməsinə qədər davam etmişdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu döyüşə meyvələrin yetişdiyi və ağacların gözəl kölgə verdiyi vaxt çıxmışdı. Mən isə bunlara çox meylli idim». «Peyğəmbər – sallallahu aleyhi və səlləm – və döyüşə gedən müsəlmanlar öz hazırlıqları ilə məşğul olurdular. Mən də onlarla birlikdə yola hazırlaşmaq üçün evdən çıxar və heç bir iş (hazırlıq) görmədən evə qayıdardım. Öz-özümə: (Vaxta hələ var) istədiyim vaxt bunu edə bilərəm» deyirdim. Müsəlmanlar ciddi olaraq bu döyüşə hazırlaşdıqları zaman mən isə heç bir şey hazırlamayıb vaxtımı keçirir-dim. Nəhayət hamı hazır olduqdan sonra səhər tezdən Peyğəmbər – sallallahu aleyhi və səlləm – və müsəlmanlar səfərə çıxdılar. Mən isə hələ də heç bir şey hazırlamamışdım. (Döyüşə yollananlar) sürətlə irəliləyir və artıq çox uzaqlaşmışdılar. Mən isə qərara gəldim ki, hazırlaşıb onlara çataram. Kaş ki, mən bunu edə bilərdim! Lakin bu da mənə müyəssər olmadı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – və (müsəlmanlar) döyüşə çıxdıqdan sonra insanlar arasında dolaşdıqda məni üzən bir şey vardı. (Mən) özüm kimisini orada görmədim. Gördüklərim ya münafiqlik damğası vurulmuş kimsələr, ya da Allah – subhənəhu və təalə – nin bəraət qazandırdığı zəif kimsələr idi». Peyğəmbər – sallallahu aleyhi və səlləm – Təbuka çatıncaya qədər məndən heç danışmamışdı. Təbukda səhabələrin əhatəsində oturarkən məni xatırlayaraq: «Kəb b. Məlik nə edir?» deyə buyurmuşdu. Bəni Səlimə qəbiləsindən olan biri: «Ya Rəsulullah! Onu iki paltarı və təkəbbürlüyü (döyüşə gəlməyə) qoymadı!» dedi. Muaz b. Cəbəl: «Vallahi Ya Rəsulullah! Biz Kəb b. Məlik haqqında xeyirdən başqa bir şey bilmirik!» dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – heç bir şey deməyib susdu. Bu an düm ağ paltarda bir adam göründü. Peyğəmbər: «Bu Əbu Heysəmə olmalıdır?» deyə buyurdu. Həqiqətən baxdıq ki, gələn Əbu Heysəmə əl-Ənsaridir. Bu kimsəni münafiqlər döyüşə bir sa (6) xurma verdiyi üçün ələ salırdılar.
Kəb: «Artıq Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Təbukdan Mədinəyə doğru yönələrək gəldiyi xəbəri mənə çatdıqda şiddətli hüzn və dərin kədər məni bürüdü. Artıq yalan bəhanələr düşünməyə başladım və öz-özümə: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – in qəzəbindən nə ilə qurtula bilərəm?» deyirdim. Hətta ailə üzvlərimin içərisindən ağıllı və ağ saqqal insanlardan məsləhətlər almaq üçün kömək tələb edirdim. Mənə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in (Mədinəyə) yaxınlaşması xəbəri verilincə batil və yalan fikirlər məndən uzaqlaşdı. Artıq başa düşdüm ki, yalan və (boş-boş) sözlərlə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in qəzəbindən qurtara bilməyəcəyəm və düzünü söyləməyi qərara aldım. Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhəri Mədinəyə gəldi. Bir səfərdən qayıtdıqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ilk olaraq etdiyi iş məscidə gedib orada iki rükət namaz qılar və cəmaatla oturub söhbət edərdi. Bu dəfə də adəti üzrə bunları yerinə yetirib məsciddə otururkən Təbuk döyüşünə getməyənlər (bir-bir) gəlib üzrxahlıqlarını bildirir və bu üzrxahlıqlarını and içməklə doğrulayırdılar. (Təbuk döyüşünə) getməyənlərin sayı səksən nəfər idi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onların zahirinə baxaraq üzrxahlıqlarını qəbul edib, iç üzlərini Allaha həvalə edərək onlar üçün bağışlanma diləyirdi. Nəhayət (növbə) mənə gəlib çatdı. Yaxınlaşıb salam verdim. Qəzəbli bir gülüşlə təbəssüm etdi. Sonra mənə: «Yaxınlaş!» buyurdu. Mən də yaxınlaşıb onun yanında oturdum. Mənə: «Nə üçün bizimlə getmədin? Məgər sən beyət etməmişdin?» deyə buyurdu. Kəb: «Ya Rəsulallah! Allaha and olsun ki, səndən başqa bir kimsənin yanında oturmuş olsaydım üzrxahlıq gətirərək qəzəbindən qurtarardım. Mən gözəl danışmaq qabiliyyətinə malikəm. Lakin mən Allaha and olsun ki, qətiyyətlə bilirəm ki, bu gün sənin qəlbini ala biləcək bir yalan uydurub desəm çox keçməz ki, Allah (yalanımın üstünü açaraq) səni mənə daha da qəzəbləndirər. Lakin sənə düzünü desəm yenə də mənə qəzəblənəcəksən. Lakin doğru söyləməklə Uca Allahdan xeyirli sonluq ümüd edirəm. Allaha and olsun ki, mənim döyüşdən geri qalmağımda heç bir üzr yoxdur. Vallahi bu günki gün kimi heç bir zaman bu qədər güclü və bu qədər geniş imkanlara sahib deyildim!». Kəb dedi: «Peyğəmbər: «Bu kimsə həqiqəti söylədi. Ey Kəb! Qalx, Allah sənin haqqında hökmünü verənə qədər gözlə!» deyə buyurdu. Mən də qalxdım. Bəni Səlimə qəbiləsindən olan kimsələr də qalxdılar. Arxadan mənə yaxınlaşaraq: «Vallahi biz bundan əvvəl sənin bir günah etmiş olduğunun şahidi olmamışıq. Sən də digərləri kimi bir üzr gətirib canını qurtarardın. Peyğəmbər – sallallahu aleyhi və səlləm – də sənin üçün Allaha dua edərək bağışlanma diləyərdi və onun duası da sənə kifayət edərdi». Kəb: «Allaha and olsun ki, (Bəni Səlimə) qəbiləsindən olanlar mənim üstümə o, qədər düşdülər ki, bir anlığa geri dönüb dediklərimi geri götürmək istədim. (Bu an) mən onlara: «Mənimlə bərabər bu vəziyyətdə olan bir kimsə varmı?» dedim. Onlar: «Bəli, iki nəfər sənin söylədiyin kimi söylədilər və sənə söylənilən sözlərin eynisi onlara da söyləndi» dedilər. Kəb dedi: «Onlar kimlərdir?» Onlar: «Murra b. Rabia əl-Əşari və Hilal b. Umeyyə əl-Vəqifi» dedilər. Kəb dedi: «Mənə Bədr döyüşündə iştirak etmiş iki saleh kimsənin adlarını çəkdilər. Bunlar mənə söyləndikdə mən də öz (fikirlərimdən) vaz keçib onlardan nümunə götürmək qərarına gəldim».
Kəb: «Bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – döyüşə getməyənlər içərisindən yalnız bizim üçümüzlə danışmağı qadağan etdi. Cəmaat da bizdən uzaq durmağa başladılar. Elə bir vəziyyət yarandı ki, hətta yaşadığım torpaq da mənə qəribə gəlirdi. Artıq bu mənim tanıdığım torpaq deyildi. Bu hal əlli gün davam etdi. Mənim iki dostuma gəlincə isə onlar cəmaatdan ayrılaraq evlərinə çəkilib günlərini ağlamaqla keçirirdilər. Mən daha gənc və qüvvətli olduğum üçün evimdən çıxar, cəmaat namazında iştirak edər və bazarları dolaşardım. Lakin heç kimsə mənimlə danışmırdı. Namazdan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəlib salam verdim. Qəlbimdə: «Görəsən salamıma cavab olaraq dodağını tərpətdimi? Yoxsa yox?» Namazlarımı Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında qılardım və gizlincə ona baxardım. Namazı qıldıqda o, mənə tərəf baxardı. Lakin mən ona tərəf baxdıqda üzünü dərhal məndən çevirərdi. Bu hal üzərə bir müddət davam etdikdən sonra bir gün evdən çıxıb insanlar içərsində ən çox sevdiyim əmim oğlu Əbu Qatadənin yanına yollandım. Onun bağçasının divarına yaxınlaşıb hasarın üstüna çıxdım. Salam verdim. Allaha and olsun ki, salamımı almadı. Mən: «Ey Əbu Qatadə Allah xatirinə de: «Mənim Allah və Rəsulunu sevdiyimi bilirsənmi?» deyə soruşdum. O, susub cavab vermədi. Mən yenə də: «Allah xatirinə soruşdum!». Yenə də susdu. Üçüncü dəfə yenə də: «Allah xatirinə soruşdum!». Bu dəfə: «Allah və Rəsulu bu haqda daha yaxşı bilir!» deyə cavab verdi. Gözlərim yaşla doldu. Hasardan enib geri qayıtdım.
Bir gün Mədinə bazarlarını dolaşırdım. Bu vaxt Şamdan Mədinəyə ticarət üçün gələn xristian əkinçilərdən biri: «Mənə Kəb b. Məliki göstərin?» deyə soruşurdu. Cəmaatda ona işarə ilə məni göstərməyə başladılar. Əkinçi mənə yaxınlaşıb Qassani məlikindən bir məktub verdi. Mən də yazıb-oxumağı bacardığım üçün məktubu oxudum. Məktubda bunlar yazılmışdır: «Bizə xəbər çatıb ki, dostun səni tərk edib. Lakin Allah sənin təhqir olunmağına və sənə qarşı haqsızlıq edilməsinə imkan verməz. Bizə qoşul sənə qarşı gözəl rəftar edərik!». Məktubu oxuyub: «Bu da bir imtahan deyib, oda atıb yandırdım».
Beləcə (izdirablı) əlli gündən qırx gün keçmişdi. Allahın hökmü isə hələ də gəlməmişdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in elçisi (Xuzeymə b. Sabit) yanıma gəlib dedi: «Allahın Rəsulu, sənə zövcəndən (yoldaşından) ayrı durmağı (ona yaxınlaşmamağı) əmr edir». Mən də: «Qadını boşamalıyam, yoxsa?» dedim. O, da: «Xeyr! Boşama. Sadəcə ondan uzaq dur və ona yaxınlaşma!» dedi. Bu əmr eyni ilə iki dostuma da verilmişdi. Mən də zövcəmə: «Allah bu haqda hökm verincəyə qədər ata evinə get və orada gözlə!» dedim. Hilal b. Umeyyənin zövcəsi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək: «Ya Rəsulullah! Hilal b. Umeyyə qocalmış, ixtiyar çağına çatmışdır. Gücü və qüvvəti qalmamışdır. Xidmətçisi də yoxdur. Ona xidmət etməyimi pis görürsən?» deyə soruşdu. Peyğəmbər: «Xeyr, sən ona xidmət edə bilərsən. Lakin o, sənə yaxınlaşmamalıdır!» deyə buyurdu. Qadın: «Ya Rəsulallah! Allaha and olsun ki, heç bu haqda düşünmür. Bu imtahan (bəla) başlayan gündən bu günə qədər ağlamağdan başqa bir şey bilmir» dedi. Bu hadisədən sonra yaxınlarımdan (qohum-əqraba) bəziləri mənə: «Sən də yoldaşın haqqında Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən izn istə. Axı Peyğəmbər – sallallahu aleyhi və səlləm – Hilal b. Umeyyənin yoldaşına ona xidmət etməsinə icazə vermişdir» dedilər. Mən də: «Vallahi mən buna görə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən izn istəməyəcəyəm. Nə bilim Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə nə deyəcəkdir. Axı mən cavanam» dedim. Beləcə on gün də gözlədim. Tam əlli gün gəlib keçdi. Səhəri sübh namazını evimin damında qıldıqdan sonra Allah haqqımda buyurduğu kimi: «Belə ki, gen dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı». (ət-Tövbə 118). Nəfsim sıxılmış, yer üzü geniş olmağına baxmayaraq mənə dar gəlirdi. Bu an Səl dağı üzərindən: «Ey Kəb b. Məlik müjdə!» deyə qışqıran birisinin səsini eşitdim. Dərhal səcdəyə qapandım və başa düşdüm ki, artıq rahatlıq gəlmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazından sonra Allahın tövbələrini qəbul etmiş üç nəfərin xəbərini cəmaata bildirmişdir. İnsanlar da bu xəbəri bizə çatdırmaq üçün gəlirdilər. Məni müjdələmək üçün iki nəfər, biri atla (Zubeyr b. Əvvam), digəri isə Səl dağından qışqıran Əsləm qəbiləsindən olan (Həmzə b. Amr) adında bir nəfər idi. Səsini eşitdiyim müjdəçi mənim yanıma gəlincə əynimdə olan paltarı çıxardıb ona verdim. Allaha and olsun ki, o gün bundan başqa paltarım yox idi. Əmanət olaraq (Əbu Qatadədən) iki paltar aldım. Geyinib Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına yollandım. Yolda insanlar axın-axın məni qarşılayır və tövbəmin qəbul olunmasından ötrü məni təbrik edirdilər. Allahın tövbəmi qəbul buyurduğuna görə «Mübarək olsun sənə!» deyirdilər. Nəhayət məscidə girdim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələrin əhatəsində oturmuşdu. Təlhə b. Ubeydullah – radıyallahu anhu – məni görcək dərhal yerindən qalxaraq mənə tərəf yürüyüb əlimi sıxdı, təbrik etdi. Vallahi mühacirlərdən Təlhə – radıyallahu anhu – dan başqa heç kəs ayağa qalxmadı. Mən onun bu əməlini heç vaxt unutmadım».
Kəb: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə salam verdim. Onun üzü sevincdən parıldayırdı. O, buyurdu: «Anan səni doğduğu gündən bəri (bu günə kimi) sənin üçün bu gün ən xeyirli gündür! Müjdə sənə!». Mən: «Ya Rəsulullah! Bu müjdə sən tərəfindəndir, yoxsa Allah tərəfindən!» dedim. Peyğəmbər: «Xeyr, bu Uca Allah tərəfindəndir!» deyə buyurdu. Sevindirici bir hadisə baş verdikdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in mübarək üzü ay parçası kimi parlayırdı və biz də onun mübarək üzünə baxdıqda bu (sevinci) hiss edirdik. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına yaxınlaşıb oturdum. Ya Rəsulallah! Tövbəmin qəbul olunmasına görə malımın hamısını Allah və Rəsulu üçün kasıblara paylamaq istəyirəm. Peyğəmbər: «Yaxşı olar ki, bir hissəsini özün üçün saxlayasan. Bu sənin üçün daha xeyirli olar» deyə byurdu. Mən: «Xeybərdəki payıma düşən hissəmi özümə saxladım». «Ya Rəsulullah! Allah məni yalnız doğru söylədiyim üçün bu imtahandan qurtardı. Həyatım boyu doğru olmayan başqa bir söz söyləmərəm» dedim. Mən: «Vallahi bunu Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə söylədikdən sonra müsəlmanlardan elə bir kimsə tanımıram ki, doğru danışdığına görə Allahın mənə göstərdiyi imtahandan daha yaxşısını ona göstərmiş olsun. Vallahi mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə bu sözləri söylədikdən sonra bu günə qədər bilərək yalan danışmamışam. Ümüd edirəm ki, nə qədər ömrüm qalıbsa Allah məni (yalan danışmaq-dan) qoruyacaqdır».
Kəb: «Allah çətin saatda bir qisminin ürəyi (şəkk-şübhəyə düşüb peyğəmbərdən və cihaddan) dönmək üzrə ikən Peyğəmbərə, onun ardınca gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra Allah onlara qarşı şəfqətli və mərhəmətli olduğu üçün tövbələrini qəbul buyurdu. Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, gen dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız onun özünə sığınmağın mümkün olduğunu başa düşdüler. Allah onlara tövbə etmək üçün tövbə nəsib etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir və rəhimlidir. Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun!». (ət-Tövbə 117-119).
Kəb: «Vallahi Allahın mənə ehsan buyurduğu nemətlər içərisində məni İslama hidayətindən sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə doğru söyləməyim və məni yalan söyləyib yalanları nəticəsində həlak olanlardan etməməsidir. Həqiqətən Allah yalan söyləyənlər haqqında vəhy endirəndə hər hansı bir kimsəyə söylənəbiləcək ən pis şeyi söyləmişdir. «Yanlarına qayıtdığınız zaman onlardan üz döndərməməniz, onları məzəmmət etməməniz üçün (yalandan) Allaha and içəcəklər. Siz də onları məzəmmət etməyin. Çünki onlar murdardırlar və qazandıqları günahlara görə düşəcəkləri yer də cəhənnəmdir. Onlardan razı olsınız deyə, qarşınızda (Allaha) and içəcəklər. Siz onlardan razı olsanız da, Allah fasiq bir tayfadan razı olmaz!». (ət-Tövbə 95-96).
Kəb: «Biz üçümüz o, biriləri kimi Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə and içdikləri və Peyğəmbər – sallallahu aleyhi və səlləm – də onların andlarını qəbul edib (onlar) üçün bağışlanma dilədiyi vaxt onlardan geri qaldıq. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizim bu işimizi Allahın bu haqda hökmü gəlincəyə qədər təxirə saldı. Allah buyurdu: «…Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). (ət-Tövbə 118). Bu ayədə qeyd olunan «Geri qalanlar» ifadəsi heç də bizim Təbuk döyüşündə geri qalmağımız deyildir. Əksinə Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizi və bizim tövbələrmizin, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə and içərək üzrxahlıq gətirənlərin hökmündən sonraya buraxılması mənasındadır». Başqa rəvayətdə - Peyğəmbər – sallallahu aleyhi və səlləm – Təbuk döyüşünə dördüncü günü çıxmış və (ümumən) dördüncü günü səfərə çıxmağı xoşlayardı. Başqa rəvayətdə - Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz səfərlərində səhər Duha namazı vaxtı qayıtmağı xoşlayardı

----------------
(1)Peyğəmbər – sallallahu aleyhi və səlləm – 27 bəzi mənbələrə görə 29 döyüşdə iştirak etmişdir. Bunlardan yalnız doqquzunda özü şəxsən döyüşmüşdür. 1. Bədr, 2. Uhud, 3. Xəndək, 4. Bəni Qureyzə, 5. Bəni Mustələq, 6. Xeybər, 7. Fəth, 8. Huneyn, 9. Taif, Təbuk. Bu döyüşlərin dördündə müsəlmanlara Mələklər kömək ediblər. Bədr-Hicri 2-ci il, Uhud-Hicri 3-cü il, Xəndək-Hicri 5-ci il (Bu döyüşə həmçinin Əhzab döyüşü də deyillər), Huneyn-Hicri 8-ci ili Şəvvalın 6-sı Məkkənin fəthindən 16-ı gün sonra.
(2)Mədinədən 150 km aralıda yerləşən quyuların adı idi. Bəzi rəvayətlərə görə o, ərazinin sahibi Bədr b. Kəlbə olduğu üçün onun adından götrülmüşdür. Hicri 2-ci ili 624-cü il Ramazan ayının 27-si Cümə günündə olmuşdur. Müsəlmanlar 319 mücahid ilə 950-1000 nəfərlik düşmənə qarşı vuruşub qalib gəlmişlər.
(3)Məkkə yaxınlığında bir yerin adıdır. 620-ci ildə birinci Əqabə beyəti, 621-ci ildə isə ikinci Əqabə beyəti olmuşdu
(4)Kəb b. Məlik – radıyallahu anhu – Əqabə beyətini Bədr döyüşündən üstün tutur. Çünki Əqabə beyəti Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Məkkədən Mədinəyə hicrətindən əvvəl olmuşdur.
(5) Düşmənlərə, münafiqlərə bildirməmək üçün. Onlardan gizli saxlamaq üçün belə edərdi
(6)Bir sa – 4,2125 litrə bərabərdir.


Tarix: 25.04.2013 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 461 Bölmə: Maraqlı melumatlar
loading...