beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Rüku” Halında Zəkat Vermək

Günümüzdə aktual məsələlərdən biri də təfsir və şərhlərdə bəzi xətalara yol verilməsidir.. Bu xətalardan biri də “əl-Maidə” surəsinin 55-ci ayəsinin şiə alimləri tərəfindən verilən təfsirində özünü göstərir.. Onlar hesab edirlər ki, məhz bu ayə Əli ibn Əbu Talibə (Allah ondan razı olsun) görə nazil olub. Bu ayə ətrafında kiçik bir araşdırma apardıq.
Məsələ belədir: Şiə alimləri deyirlər ki, Əli ibn Əbu Talib (Allah ondan razı olsun) məsciddə namaz qılarkən, bir yoxsulun məscidə daxil olub kömək istədiyini duyur, sonra namaz qıldığı yerdən rüku halında ikən əlini uzadır və barmağındakı üzüyü çıxararaq o yoxsula zəkat verir. Şiələr bundan bəzi nəticələr də çıxarırlar ki, ayə onun imamətliyinə də dəlalət edir. Bizdə möminlərin əmiri imam Əliyə (Allah ondan razı olsun) qarşı heç bir pis zənn ola bilməz, çünki o, əməli-saleh mömin, Peyğəmbərin xəbər verdiyi Raşidi xəliəflərindən biri və möminlərin əmiridir. Apardığımız araşdırmadan məqsəd həqiqəti ortaya çıxarmaqdır. Həqiqətən bu ayə Həzrəti Əliyə görə nazil olub, yoxsa yox?
Əli radiyallahu anhuya görə başqa ayələr nazil olub, lakin bu ayənin ona görə nazil olduğunu söyləmək xətadır. Bunu aşağıdakı şəkildə əsaslandırmaq olar:
Bu ayənin Həzrəti Əli barəsində nazil olması heç bir hədis toplusunda qeyd olunmayıb. Lakin Təbəri bu ayənin şərhində müxtəlif rəvayətlər gətirir və Əli (Allah ondan razı olsun) haqqında olduğuna dair iki rəvayət gətirir. İbn Kəsir həmin iki rəvayətin zəif olduğunu deyir. Rəvayət nəinki sənəd, həmçinin mətn baxımından da zəifdir. Çünki namazda artıq hərəkətlərə yol verilməməsi namazın üstünlüyündən sayılır. Əgər şiələrin bu iddiası doğru olsa idi, bu halda ən üstün zəkat rükuda verilən zəkat olardı. Bunu isə heç bir alim söyləməyib.
Rüku kəlməsi ərəb dilində müxtəlif mənalar verir. Məsələn, Allahdan qorxmaq, təvazökar olmaq, zəlil olmaq, həmçinin namazda ayağa durmaq və s. Cahilyyət (İslamdan əvvəlki) dövründə ərəblər bu sözü həniflərə deyirdilər, çünki onlar bütlərə ibadət etmirdilər. Bu barədə Quranda “əl-Bəqərə” surəsi 43-cü ayə, “Məryəm” surəsi 43-cü ayə, “Sad” surəsi 24-cü ayələrində bildirilir. “Əl-Maidə” surəsinin 55-ci ayəsinin axırında “hum rakiun” ifadəsi həmin mənadadır. Yəni: “O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.”. Burada söhbət namazdakı duruş növü sayılan rükudan getmir. Ayədəki rüku məhz ixlas və təvazökarlıq mənasındadır, çünki ayədə namaz artıq qeyd olunmuşdur və namazın ikinci dəfə təkrarlanmasına lüzum yoxdur. Göründüyü kimi, burada ayənin axırında rüku kəlməsi namazın və zəkatın nə cür yerinə yetirilməli olduğunu göstərir. Ayədəki sözlərə fikir versək bunların indiki zamanda işləndiyini görərik. Ayədə keçmiş zamandan bəhs olunmur, əksinə, davamlı əməldən söhbət gedir. Yəni, möminlərin keyfiyyətlərindən budur ki, onların namazı, zəkatı (Allahdan qorxaraq, ixlasla, riyasız) olmalıdır. Bu davamlı bir əməldir və zamana görə məhdudlaşmır.
Bəziləri deyirlər ki, bu əməl Həzrəti Əli ilə məhdudlaşmır, hətta bütün imamlar rükuda zəkat veriblər. Əgər doğrudan da belədirsə, onda niyə bu fəzilətli əməli Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) etməyib?
Həmçinin bu uydurma rəvayətə baxanda, görə bilərik ki, rükuda zəkat vermək üçün , elə bir zəruriyyət yox idi Məgər namaz qılanların namazı bitirdikdən sonra yoxsulun zəkatı istəməsi, yaxud namaz qılanlar namazı bitirdikdən sonra zəkatı ona özləri verməsi daha fəzilətli sayılmazmı? Axı namazda, rükuda zəkat verməyi zəruri edən nədir ki?
Bilmək lazımdır ki, ibrət ləfzin xüsusiliyində yox, ümumiliyindədir. Əgər doğrudan da bu ayə Həzrəti Əlinin iddia olunan bu əməlinə görə nazil olubsa, onda bu təkcə ona xas deyil. Yəni kim bu cür etsə, onlara da aid olur.
Vəli kəlməsinin mənaları : idarəçi, rəhbər, kömək edən, dost və s. Məhz bu ayə göstərir ki, ayədə qeyd olunan vəli sözünün mənası çox aydındır. Bunu bilmək üçün bu ayədən əvvəl və sonra gələn ayələri oxumaq lazımdır və məsələnin nəyə aid olduğu aydın olur. Məlum olur ki, söhbət kafirlə dostluq, sevgi əlaqəsindən gedir. Allah kafirlərə kömək, dostluq etməyi qadağan edir. Daha aydın olsun deyə “Tövbə” surəsinin 71-ci, “ən-Nisa” surəsinin 89 və 139-cu ayələrinə müraciət etməyi məsləhət bilirik. Vəlinin bu ayədə hansı mənada olduğu aydın olar. Çünki ayədə kimlərlə vəli olmağın (dostluq etmək) qadağan olunduğu və kimlərlə vəli olmağın (dostluq etmək) əmr olunduğu bildirilir. Məlum olur ki, öncə və sonra qadağan edilən vəlilik məhz dində olan sevgi haqqındadır. Ancaq başqa mənada olduğunu söyləmək üçün güclü dəlilə ehtiyac duyulur. Çünki dostluq və sevgi mənasında gələn ayələrdən sonra “vəlilik” sözünün dərhal bir ayədə rəhbərlik mənasında işlədilməsi və sonradan yenə “vəlilik” sözünün dostluq və sevgi mənasına qayıtması təfsir elminə və dilçiliyə görə (xüsusən Quranın dilinə görə) güclü səbəb tələb edir və ya düzgün deyil.
Başqa cəhətdən isə, burada imamət haqqında heç bir söhbət yox idi, əksinə sevmək və dost mənasında işlədilmişdir.
Sonra bu cür demək Əliyə (Allah ondan razı olsun) eyb nisbət etməkdir. Çünki Allah Təala “əl-Möminun” surəsinin 1-ci və 2-ci ayələrində buyurur: “Həqiqətən möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında [hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha] müti olub [Ona] boyun əyərlər!”. Şəkk yoxdur ki, Əli (Allah ondan razı olsun) namazı ayədə bildirildiyi kimi qılardı və şəkk yoxdur ki, biz Həzrəti Əlini ayədə vəsf olunan möminlər kimi namazı qılanlardan tanıyırıq. Əgər siz iddia edən kimi olsa, onda belə çıxır ki, o məscidə kimin daxil olduğuna, nə istədiyinə qulaq verirdi və hətta, bunu rüku halında eşidirdi,, hələ üzüyünü də çıxarıb verirdi.
Sizin iddianıza görə, Həzrəti Əli çox gözləyən idi və xilafəti 25 il gözlədi. Yaxşı, əgər belədirsə, onda niyə Həzrəti Əli (Allah ondan razı olsun) namazın bitməsini bir neçə dəqiqə gözləmədi?
Əgər bir adamın boynuna zəkat düşürsə, zəkatın şərtlərinə görə o, kimin istəyib-istəmədiyini gözləməməli zəkatı özü çıxartmalıdır.
Tarix göstərir ki, Həzrəti Əli Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) vaxtında yoxsul idi. Hətta Fatimə (Allah ondan razı olsun) ilə ailə quranda mehr (başlıq pulu) kimi qalxan vermişdi.
Əgər belə bir hadisə olubsa, onda nə üçün nə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) nə də Əli (Allah ondan razı olsun) ona nisbət edilən “Nəhcul Bəlağə” əsərində bunu deməyiblər?
Allah həmin ayədə namazı artıq qeyd etmişdir və namaz dedikdə qiyam, rüku, səcdə və s. nəzərdə tutulur. Siz deyən olsa, onda rükunun olduğu bir namazdan sonra təkrarən rükuya qayıtmağın nə mənası var? Bu onu göstərir ki, burada rüku başqa mənadadır.
O ki, qaldı ayənin nazil olma səbəbinə, bu səbəb tamamilə başqadır. O vaxt Bəni-Qəynuqə qəbiləsi Peyğəbərə (Allahın ona salavatı və salamı olsun) xəyanət etdilər və Übadə ibn Samitə qoşulmaq məqsədilə onun yanına getdilər. Lakin Übadə ibn Sabit onlardan üz çevirib Allah və Elçisinə itaət etdi. Elə bu vaxt ayə nazil oldu.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 165 Bölmə: Maraqlı melumatlar