beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İSLAM QADINA NƏ VERMİŞDİR?

«… Doğrudanmı o yenə öz əllərilə öz qızını qətlə yetirəcəkdir? Doğrudanmı onun bu günahsız körpəyə əli qalxacaqdır?…». Artıq bir neçə il idi ki, yaxınları bu bədəvi ərəbdən qızının mövcudluğunu gizlədirdilər. O zaman uşaq dünyaya gələndə, bədəvini inandırmışdılar ki, körpə ölü doğulmuşdur. Üstündən 6 il keçmiş o, bu həqiqəti bilmişdir. Və cahiliyyət ənənələrinə sadiq olaraq, o canı canından, qanı qanından olan balasını, yalnız qız uşağı olması səbəbindən diri-diri torpağa basdırmaq qərarına gəlmişdir. O, bir anlıq da olsun, tərəddüd etmədi. Artıq dördüncü dəfə idi ki, bu bədəvi öz əli ilə balasını torpağa gömürdü. Öncəki üç qızı kimi. «Düzdür, - deyə o fikirləşirdi, - o biriləri basdırmaq daha asan idi – dilsiz-ağızsız idilər, ağılları heç şey kəsmirdi, bununsa 6 yaşı var, ah-naləsi göyə qalxıb. Amma nə etməli, dədə-babadan belə görmüşük, bir də ki, zəiflik etsəm, camaat mənə nə deyər? …».

Üstündən çox illər keçəndən sonra bu bədəvi ərəb Həzrət Peyğəmbərin (s) səhabəlrindən birinə rast gəldi. Və həqiqət nuru onun qübar bağlamış qəlbini işıqlandıra bildi. Amma ömrünün axırınadək günahsız balasının: «Ata, etmə bunu! Məni niyə öldürürsən?! Günahım nədir? Mənə rəhmin gəlsin!» nalələri Qiyamət təbili kimi onun qulaqlarında hayqıracaq və bir cüt məsum gözdə donub qalmış lal-dinməz irad cəhənnəm odundan betər onun bütün vücudunu əbədi olaraq yandıracaqdı.

Bu – islamdan öncəki Ərəbistan üçün sıradan bir tipik hadisə idi. Günahsız balalar islamdan öncəki cahiliyyə zülmətinə xas vəhşi ənənənin qurbanı olurdular. Bu ənənəyə əsasən, ailədə qız uşağı – bədbəxtliyin mənbəyi idi, kişini düşmən qarşısında zəiflədən amil idi. Və bu iblisi dəyərlər sistemində öz körpəsini öldürmək, onu diri-diri yerə basdırmaq şücaət və mətinlik əlaməti hesab olunurdu.

Elə təəssürat yaranırdı ki, bu dəhşətli reallığı sındırmağa qadir olan bir qüvvə mövcud deyildir. Amma, sanki, möcüzə baş verdi – pas bağlamış qəlblər, daşa dönmüş ürəklər, insanlara məhəbbət və gözəllik bəxş edən bir məlhəmin – müqəddəs İslam dininin şölələri altında əriməyə, yumşalmağa, pasdan təmizlənməyə başladı.

14 əsr bundan öncə bəşəriyyət yeni bir eraya daxil oldu. Bəndələrini sonzuz məhəbbət və rəhmətindən xəlq etmiş Mütəal Allah, onlara İlahi peyğəmbərlərdən sonuncusunu – Həzrət Muhəmmədi (s) Elçi olaraq göndərdi və onun vasitəsilə sonuncu və Qiyamətədək dəyişməz olan, insanlar üçün hidayət və həqiqət çırağı olan Müqəddəs Kitabını – Qurani-Kərimi nazil etdi. Bəşəriyyətə həqiqi nicatın mübarək yolu təqdim edildi.

Allahın Rəsulu (s) öz mübarək vəzifəsi ilə bəşəriyyətə göndərildiyi bir zaman idi ki, insanlar öz təkəbbür və cəhalətləri, insaniyyətə zidd durumları ilə özlərini vücudi uçurumun lap kənarına sürükləmişdilər. Bəşəriyyət sanki rəhmət və məhəbbət teşnəsi idi və onu bu ülvi hisslərlə sirab edən məhz xaliqatın səbəbi, xatirinə dünyaların yaradıldığı mübarək insan – Həzrət Rəsulullah (s) oldu. Öz ixlaslı, İlahi xidmətə həsr edilmiş, bütün məşəqqətlərə baxmayaraq, bir an da olsun İlahi vəzifəsini səngitməyən mübarək həyatı ilə, Həzrət Rəsulullah (s) bəşəriyyətə gerçək bir məhəbbət və rəhmət təlimini bəxş etdi.

Mübarək İslam dininin insanlara verdiyi töhfələrin içərisində bəlkə də ən mübarəki – qadına olan ədalətsiz və vəhşi münasibətin aradan aparılması oldu. Yəqin ki, qadının müqəddəratında heç zaman 14 əsr bundan öncəki qədər inqilabi dəyişikliklər olmamışdı. İslam dini dilsiz və müti alət, ev əşyası kimi münasibət göstərilən qadını yaranışın əşrəfinə çevirdi. Yaşanma məkanından asılı olmayaraq, qadın o zaman hər yerdə ikinci, üçüncü dərəcəli adam hesab edilirdi. Və İslam dini buna son qoydu – yeni era, qadına Allahın əmanəti kimi münasibət bəsləmə erasına başlanğıc verildi. Mübarək islamın qədəmləri haraya dəyirdisə, orada qadının istismar və həqarət obyektindən qayğı və mehribanlıq hədəfinə çevrilməsi baş verirdi. Mübarək dinimizin sayəsində, qadın ilk dəfə olaraq təsəvvüredilməz bir yüksəkliyə – kamillik misdaqına, nümunəsinə çevrilirdi.

Bu yeni eranın ən parlaq rəmzi – Peyğəmbərimizin (s) gözünün işığı, cisminin parçası, qəlbinin meyvəsi, Xanımlar Xanımı Həzrət Fatimeyi-Zəhra (s.ə.) olmuşdur. Həzrət Fatimə (s.ə.) – həqiqi kamilliyin ən mübarək təcəssümüdür. Xanım Zəhra (s.ə.) kamilliyin elə bir mərhələsinə yetişmişdir ki, Həzrət Rəsulullah (s) onun barəsində buyurmuşdur: «Fatimə – mənim bədənimin bir parçasıdır, gözümün işığıdır, qəlbimin meyvəsidir. O şey ki, onu qəzəbləndirir – məni qəzəbləndirmişdir; o şey ki, onu sevindirir – məni sevindirmişdir. O, Əhli-beytdən mənə qovuşacaq ilk şəxsdir».

İslam qadına olan münasibəti köklü surətdə dəyişir. Günahın, zəlalətin, küfrün mənbəyi hesab edilən bir qadın, islamın gəlişi ilə ani olaraq, xeyir və nemət mənbəyinə, İlahi mərhəmət səbəbinə çevrilir. Ailədə qız uşağının dünyaya gəlməsinə mənfi baxılan bir mühitdə, islamın gəlişindən sonra, qız uşağına görə Allaha şükürlər etməyə başlamışlar. Çünki, dinimiz qız uşağını İlahi mərhəmət və nemətin vasitəsi qərar vermişdir.

Allah Təbarəkə və Təalanın bəşəriyyət üçün nazil etdiyi sonuncu təlimdə müəyyən edilən dəyərlər sisteminə əsasən, insanların kamilliyi onların cinsinə, irqinə, millətinə görə deyil, fəqət ləyaqət və təqvasına görədir. Mübarək dinimiz insanın kamilliyini, onun fərd olaraq xeyir əməl müstəvisində həyata keçirdiyi vücudi inkişafına əsasən qiymətləndirir.

Və ictimai fəallıq, vətəndaş mövqeyinin nümayiş etdirilməsi kimi anlamlar hələ insanların əksəriyyətinə yad bir məfhum olduğu bir dövranda, əziz dinimiz qısa bir zaman kəsimində, əvvəl Həzrət Fatimənin (s.ə.), sonra da qızı xanım Zeynəbin (s.ə.) mübarək timsallarında kamil insan, kamil qadın təcəssümünü təqdim etmişdir. Elə bir kamil xanımların ki, zalımlara və zülmə qarşı barışmaz mübarizələri, istibdad saraylarını lərzəyə gətirən, qəsbkarların dincliyinə haram qatan qətiyyətli mövqeləri ilə hətta müasir dünyanın bu gün də gəlib çatdığı vətəndaş mövqeyi anlamını üstələmişlər.

Və bu günkü dünyada hüquqların pozulması, qadın ləyaqətinin «diri-diri basdırılması», qadının şəxsiyyət kimi deyil, istismar və varlanmaq vasitəsi kimi qəbul edilməsi hallarının hələ də mövcud olması xüsusilə acı təəssüf hissi oyadır.

Ən böyük ədalətsizlik isə ondadır ki, qadın hüquqlarının istər məişət, istər də ictimai müstəvidə pozulması, çox vaxt dinlə pərdələnərək həyata keçirilir. Guya ki, məhz din qadınla belə vicdansız münasibətə rəvac verir.

Dinin bu formada qəbulu ikimüstəvili bir məhsuldur: bir tərəfdən İslama qarşı aparılan məqsədyönlü əks-təbliğatın, digər tərəfdən cahil və qaragüruhçuların dəryalarca dərinliyi olan dini, öz primitiv anlamlarına uyğun «təqdim etmələrinin» sintezidir. Əfsus olsun ki, bir çoxlarında İslamın belə formada qəbulu, dinimiz barədə belə düşünməsi hələ də üstünlük təşkil edir.

Hələ də bir çox yerlərdə qadını əzmək, ona realizə olunmaq imkanı verməmək, Allah tərəfindən qadına əta edilmiş hüquq və azadlıqları pozmaq meyli çox güclüdür. Bu günün özündə də, İslamda qadının həqiqi rolu və yeri barədə cəmiyyətə dürüst məlumat verilmir, qadının bəzi hallarda kişidən də üstün olan hüquqları dəyərsizləşdirilir. Xanım Fatimeyi-Zəhradan (s.ə.) nəql edilən mübarək hədisdə qadının məqamına işarə olaraq, bildirilir: «Ananın xidmətində durunuz, çünki behişt anaların ayaqlarının altındadır».

İslamda qadın öz fəal vətəndaş mövqeyi ilə nəinki kişilərdən geri qalmır, hətta bəzi hallarda, xanım Zəhra və xanım Zeynəb təki, nümunə və örnək kimi çıxış edir. Məhz Həzrət Zəhra (s.ə.) ilk dəfə olaraq pozulmuş hüquqların müdafiəsinə qalxdı və məhz xanım Zeynəb (s.ə.) yezid istibdadını ifşa etdi, Kərbəla həqiqətlərini dünyaya çatdırdı.

Cəmiyyətdə müsbət dəyişikliklər üçün ictimai həyatda çalışan qadın, eyni zamanda digər məsuliyyəti də daşıyır – cəmiyyətin harmonik inkişafının, ilkin hüceyrəsinin – ailənin əsası olmaq kimi bir vəzifəni. Əri üçün – həyat yoldaşı, uşaqlar üçün – sevən ana, bütövlükdə ailə üçün – harmoniyanın daşıyıcısı olmaq kimi mübarək bir missiyanı daşıyır qadın!

Və Həzrət Fatimeyi-Zəhranın (s.ə.) bəşəriyyətə xitabən söylədiyi mübarək tövsiyə bu gün necə də aktual səslənir:

«Sizlərdən ən fəzilətlisi o kəsdir ki, insanlarla ünsiyyətdə daha yumşaq və daha mehribandır. Və ən qiymətliniz o kəsdir ki, xanımına qarşı mehriban və güzəştlidir».

Allahım! Bizləri cəhalət və qaraguruh bataqlığına qərq olunmaqdan Özün hifz et!

Allahım! Bizləri Həzrət Fatimənin (s.ə.) mübarək yolunu yaşadanlardan qərar ver!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı filosof, İçərişəhər «Cümə» məscidinin imam-camaatı


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 285 Bölmə: Maraqlı melumatlar