beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamda üzük Taxmaq

Bismilləhir Rahmənir Rəhim

Bu haqda nəql edilmiş hədis və rəvayətlərdə üzüyün sağ ələ taxılması tövsiyyə edilmişdir. İslam Peyğəmbərinin (s.ə.a.s.) Hz. Əliyə (ə.) etdiyi tövsiyyələrdən birində buyurur: “Bizə iman gətirmiş həqiqi müsəlmanlar üzüklərini sağ əllərinə taxarlar. Mikayıl və Cəbrayıl da (mələklər) bu sünnətə əməl edərlər. Bu işi sənə də tövsiyyə edirəm. Üzük qaşlarının ən fəzilətlisi isə qırmızı əqiqdir.”
Kişilərə qızıl haram olduğu üçün onlar gümüş üzüklərdən istifadə etməlidirlər. Adi dəmir, polad və bürüncdən düzəldilmiş üzüklərdən istifadə etmək (istər kişi olsun, istərsə də qadın) məkruhdur (bəyənilmir).
Peyğəmbərin (s.ə.a.s.) barmağına taxdığı üzüyün üzərində bu sözlər yazılmışdı: “Muhəmmədun Rəsulullah” – Məhəmməd Allahın elçisidir. Hz. Əli (ə.) adətən 4 üzük taxardı – bəla və düşmənlərdən qorunmaq üçün əqiq, bəzək üçün yaqut, qüvvət üçün Çin əqiqi, köməklik üçün isə firuzə qaşlı üzüklər taxardı. İmam Sadiq (ə.) bu barədə buyurur: “Barmaqlarına əqiq üzük taxan əməlisaleh möminlər hər zaman xoşagəlməz hadisələrdən və qəm-qüssədən uzaq olarlar.” Allah-Təala əqiq üzük taxılmış əlləri daha çox sevər və dualarını müstəcəb edər.
Hz. Əli (ə.) Peyğəmbərdən (s.ə.a.s.) soruşur: “Ya Rəsulallah! Əqiq daşları harada olur?” Peyğəmbər (s.ə.a.s.) cavabında buyurur: “Əqiq dağları Yəməndə yerləşir. Bu dağ Allahın birliyini, mənim sonuncu Peyğəmbər olduğumu, sənin və övladlarının imamətini iqrar etmişdir.” Başqa bir hədisdə Əli (ə.) buyurur: “Əlində əqiq üzük olan əməlisaleh bir müsəlmanın namazı bir dəstə camaatın namazından daha üstündür.” İmam Rza (ə.) buyurur: “Kədərləndiyiniz və pərişan olduğunuz zaman barmağınıza yaqut qaşlı üzük taxın. Bu, sizin işinizdə müvəffəq olmanıza kömək edər.” İmam Sadiq (ə.) buyurur: “Firuzə qaşlı üzük taxan şəxsin ruzisi bol, gəliri isə bərəkətli olar.”
Yaxşı olar ki, üzərində müqəddəs yazı, şəkil daş olan üzüklər ayaq yoluna gedərkən və ya cinsi əlaqədə olarkən barmaqdan çıxarılsın. Ələxsus da bu məsələyə üzüyün üzərində müqəddəs yazılar olarkən diqqət etmək lazımdır. İmam Sadiq (ə.) üzük üzərində yazı barədə buyurmuşdur: “Üzüyünün qaşında aşağıdakı kəlmələr yazılan şəxslər daim fəqirlikdən və xoşagəlməz hadisələrdən uzaq olarlar – Maşəallah la quvvətə illa billah əstəğfirullah” Tərcüməsi – O şeyi ki, Allah istəyir, olur və Allahdan başqa qüdrət sahibi yoxdur. Allaha pənah aparıram və Ondan bağışlanmağımı istəyirəm.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 129 Bölmə: Maraqlı melumatlar